"2020-də tam təhvil veriləcək, burada 10 mindən çox insan yaşayacaq"

“2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikilməsi və həmin binalardan müxtəlif sosial təbəqələrdən olan aztəminatlı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün imkanların yaradılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır”.

 

Marja” xəbər verir ki, bu sözləri aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev bildirib.

 

“Bu vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə, ilk növbədə, Agentliyin yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırıldı, zəruri inzibati məsələlər həll olundu. Agentlik tərəfindən güzəştli mənzillərin tikintisi sahəsində mövcud olan dünya praktikası öyrənildi, Türkiyə, Sinqapur, Almaniya, Rusiya və bir çox digər ölkələrin bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlarının strukturu və iş prinsipləri təhlil edildi. Bu təcrübə nəzərə alınaraq Azərbaycanda sosial mənzillərin tikintisi işinin təşkil olunmasına başlanıldı.

 

Bununla paralel olaraq, ilk layihələrin qısa müddət ərzində reallaşdırılmasını təmin etmək məqsədilə Zati-alilərinizin tapşırığına əsasən Agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrıldı. Ayrılmış torpaq sahələrində, 2016-cı il dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu”.

 

Samir Nuriyev qeyd edib ki, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır:

 

“Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir.

 

Güzəştli mənzil komplekslərində sakinlərin rahat yaşayışı üçün tələb olunan bütün şərait yaradılır. Hər bir layihədə yaşayış binaları ilə yanaşı, orta təhsil məktəbi, uşaq bağçası, ticarət, məişət və ictimai-iaşə obyektlərinin yerləşdirilməsi öncədən planlaşdırılır. Beynəlxalq təcrübə göstərir ki, sosial mənzil layihələrinin düşünülmüş şəkildə mövcud yol-nəqliyyat infrastrukturuna inteqrasiyası onların uğurlu olmasını şərtləndirir. Zati-alilərinizin təşəbbüsü ilə Bakı dairəvi avtomobil yolunu və Şərifzadə küçəsini birləşdirəcək yeni dördzolaqlı yolun çəkilməsi Yasamal Yaşayış Kompleksinin gələcək sakinləri üçün çox önəmli rol oynayacaq. Həmin yol paytaxtın hər bir istiqamətinə nəqliyyatın çıxışının asanlaşdırılmasını və ictimai nəqliyyatın marşrutlarının optimallaşdırılmasını təmin edəcək!.

 

Samir Nuriyev bildirib ki,  dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə Yasamal Yaşayış Kompleksi layihəsi çərçivəsində 3 investisiya müsabiqəsi keçirilib: “Müsabiqələrdə qalib gəlmiş şirkətlərlə təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının inşasına, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin tikintisinə yönəldiləcək. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.

 

Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır”.

 

Qeyd olunan yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır:

 

“Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır.

 

Bununla yanaşı, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir.

 

Möhtərəm Prezident, Sizin qarşımızda qoyduğunuz məqsədlərdən biri də Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb.

 

Ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

 

Bununla yanaşı, vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasına kömək göstərmək məqsədilə müvafiq “ASAN xidmət” mərkəzlərində əməkdaşlarımız tərəfindən xidmət göstərilir.

 

Bir neçə gün bundan əvvəl kütləvi informasiya vasitələrində Agentlik tərəfindən ilk 260 mənzilin satışı ilə bağlı elan yerləşdirilib. Təsdiqlənmiş qaydalara uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edəcək.

 

Satışa çıxarılacaq güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb”.

9 Aprel 2018 , 23:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin