Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Duz Muzeyi istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Duz Muzeyi istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülüb, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat Xidmətindən bildirilib ki, aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək deyib ki, müstəqillik illərində Naxçıvan tarixinin hərtərəfli öyrənilməsinə başlanıb, 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi bu sahədə əhəmiyyətli addım olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və digər beynəlxalq konfranslar Naxçıvan tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində mühüm rol oynayıb. Muxtar respublikanın digər ərazilərində olduğu kimi, Duzdağda da aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı xeyli sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb, mühüm elmi nəticələr əldə edilib. Tədqiqatlar zamanı müəyyən olunub ki, Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarılıb. Bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir. Duzun çıxarılması müəyyən əmək alətlərinin hazırlanmasını tələb edir ki, bu da sənətkarlığın inkişafına səbəb olub. Duz istehsalının ən böyük təsirlərindən biri də duz ticarətinin inkişafına təsir göstərməsidir.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib, bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək deyib: Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir. Belə ki, II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd etmişlər.

 

Qeyd olunub ki, bu gün də öz əhəmiyyətini itirməyən Naxçıvan duzu hazırda məişətdə, sənayedə, təbiətdə, insan sağlamlığının qorunmasında geniş istifadə olunur, ondan müxtəlif əl işləri hazırlanır.

 

Hər il minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Bütün bunlar bir daha Naxçıvan duzunun bu gün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Qarşıda duran əsas vəzifə isə Naxçıvanın duz tarixini öyrənərək gələcək nəsillərə çatdırmaqdır. Ona görə də Naxçıvan tarixi bundan sonra da dərindən öyrənilməli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, müvafiq dövlət qurumları və ziyalılar Naxçıvan şəhərinin yaranmasının duzun çıxarılması ilə bağlılığı sahəsində tədqiqatları genişləndirməli, arxiv sənədləri toplanmalı, yeni kitablar və elmi məqalələr yazılmalıdır.

 

Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə gələcək işlərində uğurlar arzulayıb.

 

Sonra muzeyə baxış olub. Məlumat verilib ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.

 

Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.

 

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daş duzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.

 

Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.

 

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Duzdağ mədəniyyəti ilə bağlı beynəlxalq konfransların keçirilməsi, Naxçıvan duzunun tərkibi haqqında məlumatın muzeydə nümayiş olunması və naxçıvanlı sənətkarların duzdan hazırladıqları əl işlərinin satışının təşkili barədə müvafiq tapşırıqlar verib.

26.04.2018 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ