Tələb edilən sənədlər minimuma endirilir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmətləri elektronlaşdığından tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanıb

 

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ hüquqi akt layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub”,- “Marja” xəbər verir ki, bu gün Komitənin yaydığı məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, Dövlət Xidmətlərinin Elektron Reyestrinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14 xidməti daxil edilib. Bu xidmətlərdən 12-si Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanına əsasən elektronlaşdırılıb və “Elektron hökumət” portalına inteqrasiya olunub. Bunlar uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, standartlaşdırma sahəsində normativ sənədin qeydiyyatı və digər sahələri əhatə edir.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-ci il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndi elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsini nəzərdə tutur.

 

3 Fevral 2017, 11:08   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin