Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Ələt azad iqtisadi zonası haqqında” qanun – investisiyanın cəlb edilməsi üçün yeni hüquqi baza

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ələt azad iqtisadi zonası haqqında” qanun – investisiyanın cəlb edilməsi üçün yeni hüquqi baza

18 may 2018-ci il tarixdə qəbul edilmiş və 04 iyul 2018-ci il tarixdə dərc edilmiş “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanunu son dövrlər xüsusi iqtisadi zonalarla bağlı qəbul edilmiş bir sıra qanunların, fərmanların, yol xəritələrinin davamı kimi qəbul edilməlidir.

 

Reklam_3_11

Düzdür, bu qanun dərc edildiyi vaxtdan deyil, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı müvafiq hüquqi tənzimləmə təsbit edildikdən sonra, bir sıra maddələr isə daxili qaydalar qəbul edildikdən sonra qüvvəyə minəcəkdir, lakin indidən demək olar ki, artıq ölkəmizdə azad iqtisadi zonanın çərçivə qanunu – ilkin hüquqi bazası yaradılmışdır.

 

Azad iqtisadi zona nədir?

 

Azad iqtisadi zona xüsusi iqtisadi zonaların bir növüdür (xüsusi iqtisadi zonalarla bağlı bax məqaləyə: Xüsusi iqtisadi zonalar – investisiyaların cəlb edilməsi vasitəsi kimi http://marja.az/news/11939).

 

18 may 1973-cü il tarixdə qəbul edilən “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında” Kioto Konvensiyasına əsasən azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır, buna görə də onlar gömrük nəzarətindən keçirilmir və vergiyə cəlb edilmirlər.

 

Ələt azad iqtisadi zonasının anlayışı, subyektləri və qanunvericiliyi

 

Qanun Ələt azad iqtisadi zonasına sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılan zona (Azad Zona) kimi anlayış verir. Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı Azad Zona ərazisini müəyyən edir.

 

Azad Zonanın subyektlərinə Azad Zonanın səlahiyyətli qurumu (Qanuna uyğun yaradılan Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurum), Azad Zona inzibati müəssisələri (developer, mübahisələrin həlli qurumları, Azad Zonada fəaliyyət göstərən hər hansı digər inzibati qurum, habelə Azad Zona səlahiyyətli qurumu tərəfindən təsis olunmuş hüquqi şəxs və ya Azad Zona səlahiyyətli qurumunun tərəfdaş olduğu hər hansı digər hüquqi şəxs) və Azad Zona hüquqi şəxsi (Azad Zona inzibati müəssisələri istisna olmaqla, Azad Zonada Azad Zona qanunvericiliyinə uyğun təsis edilən və fəaliyyət göstərən hər hansı hüquqi şəxs) aiddir.

 

Azad Zona qanunvericiliyində digər hallar nəzərdə tutulmadıqda, əsas iqtisadiyyat orqanları (Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələri və hüquqi şəxsləri) Azad Zonada hər hansı yurisdiksiyaya sahib olmaq, Azad Zona hüquqi şəxslərinin, Azad Zona inzibati müəssisələrinin və ya Azad Zona rezidentlərinin fəaliyyətini tənzimləmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətlərə malik deyildir.

 

Azad Zonada Azad Zona qanunvericiliyi (bu Qanun və bunun əsasında, Azad Zonanın fəaliyyəti ilə bağlı olan münasibətlərin tənzimlənməsi məqsədi ilə Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən daxili qaydalar) tədbiq edilir.

 

Lakin cinayət məsələlərində, Azərbaycan Respublikasının normativ hüquqi aktları (əsas iqtisadiyyat qanunvericiliyi) qüvvədə olur.

 

Azad Zona səlahiyyətli qurumunun hüquq və vəzifələri

 

Azad Zona səlahiyyətli qurumunun bir sıra hüquqları və vəzifələri vardır. Qanun qurumun hüquqlarına geniş təşkilati, inzibati, normativ səlahiyyətlərlə yanaşı, mənşə sertifikatlarını vermək, Azad Zona qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini müəyyən etmək, o cümlədən cərimələri tətbiq etmək və toplamaq kimi hüquqları aid etmişdir.

 

Azad Zona səlahiyyətli qurumunun vəzifələrinə isə Azad Zonaya yerli və xarici investisiyaları cəlb etmək, əlverişli investisiya, biznes və sahibkarlıq mühitinin formalaşdırılması, investorun etimadının artırılması, bürokratiyanın maksimum dərəcədə aradan qaldırılması və istənilən yerdə onlayn və texnoloji həllərin tətbiq edilməsi məqsədi ilə şəffaf, səmərəli və mükəmməl tənzimləyici çərçivə yaratmaq kimi vəzifələr aid edilmişdir. Eyni zamanda, bu qurum qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn, Azad Zonada sadalanan sahələrdə tətbiq olunan məcburi xarakterli daxili qaydaları qəbul etməlidir: Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti, maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı, müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət, ətraf mühit, rəqabət, mənşə sertifikatları, mübahisələrin həlli, çirkli pulların yuyulması, "öz müştərini tanı" yoxlaması və zəruri hesab etdiyi digər sahələr.

 

Azad Zona səlahiyyətli qurumunun idarə olunması

 

Qanuna əsasən Azad Zona səlahiyyətli qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır. İdarə Heyəti Azad Zona səlahiyyətli qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri qəbul edir. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti  tərəfindən təyin olunmuş sədr rəhbərlik edir.

 

Developer

 

Azad Zona səlahiyyətli qurumu bir və ya bir neçə developer təsis edir. Developer ərazisinin istifadəsinə və inkişafına görə məsuliyyəti developer daşıyır.

 

Developerin vəzifələrinə Azad Zona ərazisinin və (və ya) developer ərazisinin baş planını tərtib etmək; developer ərazisində infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılmasını və inkişafını təmin etmək; developer ərazisində infrastrukturdan, daşınmaz əmlakdan və digər aktivlərdən istifadə etmək və onların saxlanmasını təmin etmək; developer ərazisində kommunal və digər təchizatçıların fəaliyyətini əlaqələndirmək; developer ərazisində qabaqcıl texnoloji vasitələrdən istifadə etmək və digər vəzifələr aiddir.

 

Developer ərazisinin idarə olunması, istifadəsi və saxlanması ilə əlaqədar idarəetmə, əməliyyat və təminat müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq; developer ərazisini icarəyə vermək və ya üzərində başqa şəkildə sərəncam vermək; hüquqi şəxslər təsis etmək və ya hüquqi şəxslərdə iştirak etmək (payçı, səhmdar və s. kimi), birgə inkişaf razılaşmaları, konsessiya müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq; Azad Zona daxilində və ya xaricində hüquqi şəxslər təsis etmək, onlara investisiya qoymaq və digər investisiya fəaliyyətlərini həyata keçirmək; və digər bu kimi hüquqlara malikdir. Developer Azad Zona səlahiyyətli qurumu tərəfindən kapitallaşdırılır və maliyyələşdirilir.

 

Lisenziyalaşdırma və icazə

 

Qanuna əsasən, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədi ilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qaydaları qəbul edir.

 

Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə "bir pəncərə" qaydasında işləyən Biznes Xidmətləri Mərkəzi məsuldur.

 

Azad Zonada vergi tənzimlənməsi

 

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

 

Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

 

Əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

 

Azad Zonada gömrük işi

 

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.

 

Bununla yanaşı, nəzərə alınmalıdır ki, mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

 

Azad Zona səlahiyyətli qurumu Azad Zonaya və Azad Zonadan idxal və ixrac olunan mallar, işlər, xidmətlər ilə bağlı tənzimləməni təmin etmək üçün gömrük tələblərini əhatə edən daxili qaydalar qəbul edir.

 

Azad Zona ərazisi

 

Azərbaycan Respublikasının Prezidenti Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.

 

Azad Zona səlahiyyətli qurumunun Azad Zona ərazisinin istənilən hissəsini istifadəyə, icarəyə vermək və ya barəsində başqa şəkildə sərəncam vermək hüququ vardır.

 

Azad Zona səlahiyyətli qurumu Azad Zonada torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında torpaq qaydaları qəbul edir.

 

Developerə, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və Azad Zona rezidentlərinə Azad Zona ərazisində əmlak, icarə və digər hüquqlara malik olmağa icazə verilir.

 

Azad Zonada investorların hüquqlarının qorunması

 

Qanunla verilən əsasə təminatlardan biri də Azad Zonada investorların hüquqlarının qorunmasıdır. Belə ki, Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

 

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

 

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır.

 

Mübahisələrin həlli qurumları

 

Qanunda xüsusi əhəmiyyətli normalardan biri mübahisələrin həlli qurumları və onların yurisdiksiyasıdır.

 

Qanuna əsasən Azad Zona səlahiyyətli qurumu Arbitraj mərkəzinin və ya mübahisələrin digər həlli qurumunun yaradılmasını təmin edir.

 

Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində mübahisələrin həlli qurumlarının fəaliyyətinin təmin edilməsi, onlar tərəfindən mübahisələrə baxılması və mübahisələrin həlli ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında mübahisələrin həlli qaydalarını qəbul edir.

 

Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, mübahisələrin həlli qurumları Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin mülki, iqtisadi, əmək və inzibati mübahisələrinin və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisənin həlli və təfsiri üçün müstəsna yurisdiksiyaya malikdirlər.

 

Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə əsas iqtisadiyyatın məhkəmə orqanları və mübahisələrin digər həlli qurumları tərəfindən baxıla bilməz. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apellyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.

 

Mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir.

 

Yekun mülahizə

 

Qanun əsas etibarı ilə ümumi çərçivələri müəyyən etmişdir. Ələt azad iqtisadi zonasının effektiv fəaliyyət göstərən, cəlbedici zona olması üçün Azad Zona səlahiyyətli qurumu tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan əmək, miqrasiya, torpaq, gömrük, vergi, maliyyə, sığorta, valyuta və bir çox digər sahələrə aid çoxsaylı daxili qaydalar qəbul edilməli, yəni daxili qanunvericilik formalaşdırılmalı, institusional işlər görülməli, o cümlədən, müstəqil, peşəkar arbitraj qurumu yaradılmalıdır.

 

İnanırıq ki, bu tədbirlər yüksək səviyyədə həyata keçiriləcək və Ələt azad iqtisadi zonası ən cəlbedici azad iqtizadi zonalardan birinə çevriləcəkdir.

 

Müəllif: Allahverən Oruclu, vəkil

05.06.2018 04:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ