Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir – FOTO - VİDEO

Avropa Şurasının Parlament Assambleyasının iclası ilə yanaşı, cari ilin iyun ayının 27-29 tarixlərində Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) növbəti plenar iclası keçirilib.

 

"Marja.az"ın Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadla xəbər verir ki, plenar iclas Avropa məkanında əlamətdar hadisə sayılan – Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunmasına həsr olunmuş təntənəli mərasimə təsadüf edib.

 

Son dövrlər Avropa Şurasının ölkəmizlə münasibətinin gərginləşməsinə baxmayaraq, təqdirəlayiq haldır ki, həmin təltifetmə mərasimi zamanı Azərbaycan nümayəndəsi – həmin komissiyanın vitse-presidenti, hakim Ramin Qurbanova Avropa Şurası adından Almaniya və Finlandiya nümayəndələrinin mükafatla təltif edilməsi həvalə olunub.

Fotoda: Vitse-prezident Ramin Qurbanov və Almaniyanın Federal Ədliyyə Nazirliyinin Departament rəhbəri Matthias Heger

 

Fotoda: Vitse-prezident Ramin Qurbanov və Finlandiyanın Ədliyyə nazirinin müavini Kari Samuli Kiesilainen

 

Tədbirdə 15 il ərzində Avropada ədliyyənin inkişafı işində səmərəli və fasiləsiz fəaliyyət göstərmiş cəmi beş ölkənin – Almaniya, Finlandiya, Andorra, Macarıstan və Latviyanın nümayəndələri təltif olunmağa layiq görülüblər.

 

İclasda Avropa Şurasının 47 üzv dövlətini təmsil edən nümayəndələr və ədalət mühakiməsi sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Təntənəli keçirilən iclasın açılışına Avropa Şurasının və Avropa İttifaqının rəsmiləri dəvət olunublar. Avropa Şurasının Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni iclası açıq elan edərək CEPEJ-in 15 il ərzində əldə etdiyi nailiyyətlər münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Ədliyyə, məhkəmə, prokurorluq və vəkillik üzrə Avropa Şurasının nüfuzlu və ixtisaslaşmış qurumu olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası 2002-ci ildə yaradılıb. CEPEJ-in əsas məqsədi Avropa məkanında ədalət mühakiməsi sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması, onların Avropa Şurası tərəfindən tətbiq edilən standart və normalara uyğunlaşdırılması işində üzv dövlətlərə köməklik göstərilməsindən ibarətdir.

 

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

2 İyul 2018 , 11:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin