"Wall Street Journal"ın adını açıqlamadığı mənbələrə istinadən yaydığı xəbərinə görə, Çin ABŞ ilə ticarət danışıqlarından imtina edib və Baş nazirin köməkçisi Liu He gələn həftə Vaşinqtona göndərilməyəcək.
Liu-nun ABŞ səfəri ərəfəsində Çindən orta səviyyəli bir nümayəndə heyətinin paytaxt Vaşinqtona səfər etməsi planlaşdırılırdı. Sözügedən xəbərə görə, həmin nümayəndə heyətinin səfəri də ləğv edilib.
ABŞ Prezidenti Donald Tramp, 200 milyard dollarlıq Çin mallarına əlavə idxal tarif tətbiq edərək, Çinin cavab verməsi vəziyyətində rəqəmin artacağı xəbərdarlığını etmişdi. Çindən Çərşənbə günü verilən açıqlamada, 24 Sentyabrdan etibarən 60 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq olunacağı bildirildi.
Çin Ticarət Nazirliyinin sözçüsü Gao Feng, yeni gömrük tariflərinin Çin - ABŞ danışıqlarına "yeni qeyri-müəyyənliklər" gətirdiyini bildirmişdi.