Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Beynəlxalq Bank sahibkarlara güzəştli kredit fürsəti yaradıb” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Beynəlxalq Bank sahibkarlara güzəştli kredit fürsəti yaradıb” - MÜSAHİBƏ

Bankdan sərfəli şərtlərlə kredit alıb, öz biznesini böyütmək hər bir kiçik və orta sahibkarın (KOS) istəyidir. Azərbaycan Beynəlxalq Bankı bunu nəzərə alaraq KOS layihələrinin maliyyələşdirilməsi siyasətini gücləndirməkdədir. Bəs sahibkarlar, bankın yaratdığı yeni imkanlardan necə istifadə edə bilərlər. Bunun yolları, şərtləri necədir?

 

Suallarımıza Azərbaycan Beynəlxalq Bankının Kiçik və Orta Sahibkarlığın kreditləşdirilməsi şöbəsinin müdiri Pərviz Qurbanov cavab verir…

 

-Pərviz müəllim, kiçik və orta sahibkarlar kimlərdir və bu müştəri seqmenti Azərbaycan Beynəlxalq Bankı üçün hansı əhəmiyyəti daşıyır?

 

-Kiçik və orta sahibkarlıq subyektləri dedikdə, əsasən, illik dövriyyəsi 1 milyon 250 min AZN ekvivalentində olan, yaxud 125-ə yaxın işçisi olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Əlbəttə, bu yanaşmanın ayrı-ayrı banklara görə dəyişməsi mümkündür. Ümumilikdə, hər bir sahibkar dövriyyəsindən, işçilərinin sayından asılı olmayaraq kredit üçün banka müraciət edə bilər.

 

Kiçik və orta sahibkarlıq subyektlərinin Azərbaycan Beynəlxalq Bankı üçün əhəmiyyətinə gəlincə, bilirsiniz ki, onların ölkə iqtisadiyyatındakı rolu çox böyükdür. Son illər kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun, rəqabət qabiliyyətinin daha da artırılması istiqamətində ardıcıl tədbirlər görülür. KOS-lara institusional dəstək mexanizmləri formalaşdırılır. Sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması üçün addımlar atılır. Bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə işlər görülür. Bütün bunlar isə KOS-ların bank üçün önəmini artırır. Yeni tərəfdaşlıq imkanları yaradır. Biz də təbii ki, bu imkanları dəyərləndiririk. Xüsusilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinə dəstək olaraq biz də bu sahədə kreditləşməni gücləndiririk. Qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradırıq. Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının müasir dövlət bankı olaraq geniş xidmət şəbəkəsi ilə yaratdığı bu imkanlar qeyri-neft sektorunda çalışan sahibkarların öz biznes layihələrini reallaşdırmaq üçün maliyyə resurslarına çıxışını asanlaşdıracaq və inkişaf proseslərini daha da sürətləndirəcək.

 

-Azərbaycan Beynəlxalq Bankında KOS kreditləri hansı şərtlərlə - nə qədər məbləğdə, neçə illik müddətə və hansı faiz dərəcələri ilə verilir?

 

- Burada standart bir yanaşma yoxdur. KOS kreditlərinin istehlak kreditlərindən bir fərqi də elə budur. Ümumilikdə isə Azərbaycan Beynəlxalq Bankında KOS kreditləri 3 ildən 5 ilədək müddətə, 14% dərəcəsindən başlanan faizlərlə verilir. Əlbəttə, layihə xüsusilə cəlbedici olarsa, çox perspektivli görünərsə, bu halda Azərbaycan Beynəlxalq Bankı sahibkarlara daha əlverişli şərtlərlə kreditlər təklif edir. Bank sahibkarlarla tərəfdaşlığın qeyri-kredit gəlirlərini də diqqətdən kənarda qoymur. Məsələn, ola bilər ki, sahibkarlıq müəssisəsinin geniş əməkhaqqı layihəsi olsun, biz bu sahədə də ona öz xidmətimizi təklif edə bilək, yaxud əməliyyat gəlirləri cəlbedici görünsün. Ona görə, bu cür məqamları da nəzərə almaqla, kreditin illik faiz dərəcəsi 12 faizədək enə bilər.

 

-Bank güzəştli kreditlər də verirmi?

 

-Azərbaycan Beynəlxalq Bankı Sahibkarlığın İnkişafı Fondunun müvəkkil bankıdır. Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin də müvəkkil bankıdır. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara bu Xidmət xətti ilə illik 7 faizlə, 200 000 manata qədər kreditlər veririk. Bu kreditlərin şərtləri çox sərfəlidir. Ən yaxşı cəhətlərdən biri də budur ki, iki ilədək, bəzən Fondun imkanlarından asılı olaraq 3 ilədək müddətdə sahibkarın ancaq faiz ödənişlərini ödəməsinə şərait yaradılır ki, o öz işini qursun, ayağa qalxın, sonra əsas borcun ödənişlərinə başlasın.

 

Azərbaycan Beynəlxalq Bankı İpoteka və Kredit Zəmanət Fondunun da müvəkkil bankıdır. Bu da sahibkarların milli valyutada olan kreditləri üzrə hesablanmış faizlərə görə illik faiz dərəcəsinin 8-10% bəndi miqdarında subsidiyadan yararlanmaq imkanı yaradır. Məsələn, borcalanın manatla illik 20% dərəcəsi ilə 5 illik krediti olarsa, kredit müqaviləsinin ilk 3 ili ərzində hesablanmış və vaxtında ödənilmiş faizlərin 10% bəndi miqdarında hissəsi borcalana növbəti ay geri qaytarılacaq. Yekunda borcalan manatla 10%-lik kreditdən bəhrələnmiş və hesablanmış faiz məbləğinin 50%-ni subsidiya formasında geri almış olacaq. Bunları deməkdə məqsədimiz sahibkarları məlumatlandırmaqdır ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara güzəştli kredit fürsəti yaradıb. Onlar bu fürsətdən faydalanıb öz biznes layihələrini uğurla reallaşdıra bilərlər.   

 

-Bəs sahibkarlar bankda mövcud olan kredit imkanları barədə ətraflı necə öyrənsinlər?

 

-Azərbaycan Beynəlxalq Bankının ölkə üzrə 36 filialı, 38 şöbəsi var. Geniş xidmət şəbəkəmizlə biz müştərilərimiz üçün çox əlçatanıq. Bankımızın istənilən filial və şöbəsinə yaxınlaşaraq KOS kreditləri barədə ətraflı məlumat alıb, sonra uyğun vaxtda kredit üçün tam rəsmi müraciət etmək olar. Bundan başqa, 937 nömrəli Məlumat Mərkəzimizlə əlaqə saxlayaraq, yaxud müxtəlif sosial şəbəkələrdəki korporativ səhifələrimizə, eləcə də bankın ünvanına yazaraq öyrənmək olar ki, KOS kreditləri üçün hara müraciət etmək lazımdır? Şərtlər necədir? İlkin müraciət prosedurları nədən ibarətdir və s. Müştərilərimiz buna uyğun işlərini qura bilərlər.

 

-KOS layihələrinin kreditləşməsi necə baş verir? Sahibkar Azərbaycan Beynəlxalq Bankından kredit almaqdan ötrü nədən başlamalıdır?

 

-Sahibkar öz müəssisəsinin qeydiyyat sənədlərini, yaxud fərdi sahibkar kimi fəaliyyət göstərirsə, biznes sahəsinin qeydiyyat sənədlərini götürüb Azərbaycan Beynəlxalq Bankının istənilən filialına yaxınlaşır. Bu sənədlər ondan ötrü lazımdır ki, ilkin kredit sifarişi üçün lazımi sənədləri doldurmaq asan olsun. Beləliklə, sahibkarın müraciəti qeydiyyata alınır və uyğun qərar qəbul edilir.

 

-Bildiyimiz qədər sahibkarlar kredit almaq üçün banka biznes-planlar da təqdim etməlidirlər. Biznes-planları hazırlayarkən əsas nələrə diqqət yetirmək lazımdır?

 

- Azərbaycan Beynəlxalq Bankında kiçik və orta sahibkarlara kreditlərin verilməsi üçün biznes-plan tələbi yoxdur. Sadəcə sahibkarlar öz biznes ideyalarını, planlaşdırdıqları layihələri, hesablamalarını bizimlə bölüşməlidirlər ki, bütün bunların nə qədər real və perspektivli olduğunu araşdıraq. Müştəri fikirlərini bölüşür, biz də əvvəlki təcrübələrə əsasən, hesablayırıq ki, bu biznes ideyası nə qədər özünü doğrulda bilər. Hətta bəzən sahibkarlara müəyyən tövsiyələrimiz də olur ki, məsələn, oxşar layihələr təqdim edən müştərilərimiz gözlədikləri nəticəni ala bilməyiblər, ona görə bəzi məqamları bir daha düşünməyiniz məsləhətdir. Çünki hər kəs yeni biznesə optimist əhval-ruhiyyə ilə başlayır. Amma biz təkcə sahibkarların optimist hesablamalarına arxayın ola bilmərik. Biz özümüz də, alternativ hesablamalar aparırıq. Digər sahibkarların oxşar təcrübələrinə baxırıq ki, onlar nə dərəcədə uğurlu olublar? Sahibkarları dinlədikdən sonra layihənin bank üçün əsaslandırılması sənədini, yəni, biznes-planı bizim kredit mütəxəssisləri özləri hazırlayırlar. Ona görə də müştərilər daha çox ideyalar, düzgün hesablamalar haqqında düşünsələr, yaxşı olar. Biznes-planın hazırlanması kimi texniki məsələlərə isə vaxt sərf etmək lazım deyil. 

 

-Azərbaycan Beynəlxalq Bankından kredit götürmək üçün bir sahibkar ən azı nə qədər fəaliyyət göstərməlidir? Onun bazardakı mövqeyi, dayanıqlığı necə olmalıdır?

 

-Əslində, belə bir qəti tələb yoxdur ki, kredit üçün müraciət edən sahibkar mütləq uzunmüddətli təcrübəyə malik sahibkar olmalıdır. Biznesini yenicə quran şəxslər də bizə müraciət edir və müsbət cavablandırdığımız çox belə layihələr olur. Əsas məsələ odur ki, bank olaraq biz layihənin reallığına inanaq. Əmin olaq ki, kreditləşdiriləcək layihə üzrə maksimal risklər bankın risk iştahasına və risk profilinə uyğundur. Onda təqdim edilmiş layihəyə vəsait ayırırıq.

 

-Sahibkarlıq subyektlərinə kredit ayrılan zaman zamin, girov tələb olunur?

 

-Zaminlik məsələsi biznesin strukturundan asılıdır. Əgər krediti götürən fərdi sahibkar işi şəriki ilə birgə görəcəksə, biz digər tərəfi də zamin qismində dəvət edirik. Şərtlər qarşılıqlı qaydada razılaşdırılır. Amma bu, standart tələb deyil. Ümumiyyətlə, biz hər bir müştəri ilə fərdi iş prinsipinə üstünlük veririk. Fərdi yanaşmadan asılı olaraq şərtlər dəyişə bilər. Girov məsələsinə gəlincə, belə təsəvvür yaranmasın ki, əgər girov varsa, istənilən layihəyə kredit almaq olar. Qətiyyən. Biz yalnız girova görə kredit vermirik. Mütləq layihənin rentabelliliyi, real perspektivləri əsaslandırılmalıdır ki, ona baxıb qiymətləndirmə aparaq. Müştəridən girov tələb edilə də bilər, edilməyə də bilər. Yaxud ola bilər ki, müştəriyə girov təminatının bazar dəyərindən daha yüksək məbləğdə kredit verilsin. Bəzən sahibkarın ciddi biznes məramını təsdiqləməsindən ötrü girov tələbi qoyulur. Amma sahibkarlıq kreditlərinin girov təminatı ilə bağlı bir məntiqi məqam da var ki, heç bir sahibkar öz biznesinin inkişafını dayandırıb bütün sərbəst vəsaitlərini ancaq əmlak alışına yönəltmir.  Ona görə də biz çox sahibkarların girovunun olmaması normal haldır. Bu məsələdə də fərdi yanaşmalara üstünlük veririk.

 

-Bank KOS kreditlərini hansı valyutada təklif edir?

 

-Valyuta məhdudiyyəti yoxdur. KOS kreditləri əsasən üç valyutada - manat, dollar və avro ilə təklif edilir.

 

-Bu kreditlər hansı formada - nağd yoxsa, köçümə yolu ilə verilir?

 

-Əksər hallarda biz krediti müştərinin cari hesabına köçürürük. Sahibkar da vəsaitdən öz ehtiyacına uyğun istifadə edir.

 

-Bank KOS kreditlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilir?

 

-Bəli. Bu, kredit müqaviləsinin ən vacib şərtlərindən  biridir. Belə bir nəzarət həm bankın, həm də krediti almış sahibkarın faydasınadır. Biz öz layihəmizin risk altında qalmaması üçün nəzarət edirik. Həm xərcləmələr nəzarətdə saxlanır, həm də yerində baxış keçirməklə biznesə nəzarət təmin olunur. Mütəmadi yerində baxıb izləyirik ki, layihədə elan olunan istehsalat müəssisəsi qurulurmu, hansısa aqrar layihə əsaslandırıldığı kimi həyata keçirilirmi və s. Bu baxımdan, nağdsız hesablaşmlar haqqında qanunvericiliyin tələblərinin sərtləşdirilməsi həm bankın xeyrinə işləyir, həm də sahibkarın özünü qoruyur ki, aldığı krediti qeyri-biznes məqsədlərinə xərcləyib özünü çətin vəziyyətə salmasın.

 

-Kiçik və orta sahibkarlar üçün kredit ayrılanda regional fərqlər nəzərə alınır?

 

-Bu, bizim üçün prinsipial əhəmiyyət daşımır. Yəni, biznesin Bakı və Abşeron bölgəsində, yaxud ölkəmizin ucqarlarında olması o qədər də önəmli deyil. Əsas onun real və perspektivliliyidir. Aşağı riskli olmasıdır. Biz layihəni araşdırarkən bu kimi məqamlara diqqət yetiririk. Məsələn, hansısa kənd təsərrüfatı layihəsidirsə, mərkəzdə və ya əyalətdə olmasını deyil, iqlim və ya mövsümi faktorların doğurduğu risk ehtimallarını nəzərə alırıq.

02.10.2018 10:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ