"Ötən il gəlirimiz 9,8 milyard dollar olub" - MÜSAHİBƏ

Dövlət Neft Fondunun 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb, fondun aktivləri 38,5 milyard dollara çatıb


 

“Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb. Fondun aktivləri təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara yüksəlib. Keçən il ARDNF-in daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə 5 yeni yatırım edilib, özəl səhm investisiyaları çərçivəsində isə 5 yeni fonda investisiyalarla bağlı müqavilələr imzalanıb. Fondun mənfəət nefti və qazın satışı ilə bağlı ötənilki gəlirləri 9,8 milyard dollar olub. Bu ilin yanvarında “Azəri-Çıraq-Günəşli” üzrə yeni saziş çərçivəsində Neft Fonduna 450 milyon dollarlıq ikinci bonus ödənişi həyata keçirilib. Cari ildə dövlət büdcəsinin gəlirlərinin 49 faizinin Dövlət Neft Fondundan edilən transfertlər hesabına formalaşacağı gözlənilir. Keçən il Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 9,9 faiz təşkil edib və bu il bir sıra inkişaf etmiş ölkələrdə daşınmaz əmlak obyektlərinə investisiyalar nəzərdə tutulur”, – bu faktları müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov səsləndirib.

 

Həmin müsahibəni təqdim edirik.

 

- Dövlət Neft Fondunun 2018-ci ildəki fəaliyyətinin nəticələri necə olub?

 

- Ötən il ən mühüm məsələ ilin profisitlə başa çatdırılması olub. Belə ki, Neft Fondunun 2018-ci il büdcəsində gəlirlər 15,3 milyard manat, xərclər 11,5 milyard manat, profisitin 3,8 milyard manat nəzərdə tutulmasına baxmayaraq, xam neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulan 55 ABŞ dolları ilə müqayisədə daha yüksək olması nəticəsində ARDNF-in büdcəsində 6,2 milyard manat profisit yaranıb. Beləliklə, 2018-ci ilin əvvəlinə 35,8 milyard dollar səviyyəsində olan Dövlət Neft Fondunun aktivlərinin həcmi ilin sonuna təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara çatıb.

 

2018-ci ildə layihələrin maliyyələşdirilməsi istiqamətində Neft Fondu bir çox nailiyyətlərə imza atıb. 2001-ci ildən etibarən ARDNF bir çox strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsində iştirak edir. Bunlardan dünyanın ən iri enerji layihələri sırasında mühüm yer tutan TANAP, “Şahdəniz 2”, eləcə də Bakı-Tbilisi-Qars yeni dəmir yolu kimi layihələr uğurla icra edilib, Türkiyənin ən nüfuzlu layihəsi sırasına daxil olmuş “Star” neft emalı zavodu kompleksi ötən il Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

 

ARDNF-in maliyyələşdirdiyi bir sıra layihələrin, o cümlədən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrası artıq başa çatmaq üzrədir. Belə ki, 2021-ci ildə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan son tələbənin məzun olması nəzərdə tutulur. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlər isə tamamlanıb, 2019-cu ildə bu layihə çərçivəsində son obyekt olaraq Şabran rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə gəldikdə, cari ildə Neft Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsi davam etdiriləcək ki, bu məqsədlə ARDNF-in 2019-cu il büdcəsində 200 milyon manat vəsait ayrılıb.

 

Vurğulamaq istərdim ki, 2018-ci il ərzində Dövlət Neft Fondu özünün uzunmüddətli investisiya strategiyasının icrasına davam edib. Bununla belə, 2018-ci ildə səhmlər, özəl səhmlər, daşınmaz əmlak və qızıl kimi aktivlər üzrə yeni investisiyalar həyata keçirilib.

 

Belə ki, daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib. Əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə 2018-ci ildə 5 yeni fonda investisiyalar ilə bağlı müqavilələr imzalanıb.

 

- Maliyyə Sabitliyi Şurasının üzvü kimi sizdən öyrənmək istərdik, ölkədə maliyyə sabitliyinin təmin edilməsi və fiskal dayanıqlılığın qorunması istiqamətində hansı işlər görülüb və görülən bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə necə təsir edir?

 

- Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar son nəticə olaraq ölkənin iqtisadi inkişafının sürətlənməsinə və əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına yönəldilib. Belə ki, son illər ərzində ölkədə maliyyə və bank sisteminin sağlamlaşdırılması, fiskal dayanıqlılığın gücləndirilməsi, institusional struktur islahatları istiqamətlərində mühüm qanunvericilik aktları və normativ sənədlər hazırlanaraq qəbul edilib. Eyni zamanda, son illərdə vergi və gömrük sistemlərində də dərin struktur islahatları aparılıb ki, bu islahatlar da ilk növbədə ölkədə fiskal intizamın və maliyyə potensialının gücləndirilməsinə xidmət edir.

 

Yuxarıda qeyd edilən bütün bu tədbirlər sayəsində əhalinin maddi-rifah halının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə imkan yaranıb. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması bu sahədə həyata keçirilən əsas tədbirlərdən olub. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkədə aparılan iqtisadi islahatların, şəffaflıqla bağlı görülən işlərin müsbət nəticələri və bu nəticələrin ilk növbədə büdcə daxilolmalarının artmasına müsbət təsiri xüsusi vurğulanıb. Məhz bu uğurlu nəticələrə əsaslanaraq ölkə başçısı tərəfindən fevralın 25-26-də əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox mühüm sərəncamlar imzalanıb. Bu sənədlər sırasında Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı xüsusi olaraq qeyd edilməlidir. Bu Sərəncam 600 minədək vətəndaşa yönələn sosial müavinətlərin və Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, habelə təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədi daşıyır. Qeyd olunan müavinət və təqaüdlər ilə bağlı artımlar üçün cari ildə əlavə olaraq 400 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, ölkə başçısının 2019-cu il 26 fevral tarixli digər Sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

 

Ölkə başçısı tərəfindən imzalanmış bu fərman və sərəncamlar dövlətin ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi Dövlət Neft Fondunun gəlirlərinin artması, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması bu cür sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm və davamlı addımların atılmasına imkan yaradır.

 

- 2018-ci ildə Neft Fondunun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirlər, eləcə də neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı bonus ödənişləri nə qədər olub?

 

- Bildiyiniz kimi, ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub. Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib. Bundan başqa “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Eyni zamanda nəzərinizə çatdırıram ki, bonusun ikinci hissəsi - 450 milyon dollar cari ilin yanvarında ödənilib.

 

- 2019-cu ildən gözləntiləriniz nələrdir?

 

- ARDNF-in 2019-cu il üzrə büdcə layihəsi hazırlanarkən neftin bir barrelinin satış qiyməti dövlət büdcəsində olduğu kimi 60 dollara bərabər götürülüb. Proqnozlaşdırılan qiymət səviyyəsinə uyğun olaraq, cari ildə Neft Fondunun büdcə gəlirləri 15,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Fondun 2019-cu il üzrə proqnozlaşdırılan xərcləri 11,6 milyard manat təşkil edir ki, bunun 11,4 milyard manatını (98 faiz) dövlət büdcəsinə transfert, 200 milyon manatını (1,7 faiz) məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, 30,9 milyon manatını (0,3 faiz) isə ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təşkil edir.

 

Dövlət büdcəsinin 2019-cu ildə ümumi gəlirlərinin 23,2 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, onun tərkibində neft sektorundan daxilolmaların 13,7 milyard manat təşkil edəcəyi gözlənilir. Beləliklə, dövlət büdcəsi gəlirlərinin 49 faizinin Neft Fondundan edilən transfertlər hesabına formalaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, ARDNF-in transfertlərinin dövlət büdcəsinin neft gəlirlərində payının təqribən 83 faiz təşkil edəcəyi gözlənilir.

 

- 2018-ci il səhm bazarları üçün bir qədər çətin il oldu. Mövcud vəziyyət bir sıra maliyyə qurumlarına öz mənfi təsirini göstərdi. Dövlət Neft Fonduna səhm bazarlarındakı vəziyyətin təsiri necə olub?

 

- Məlum olduğu kimi, ötən il beynəlxalq səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institutsional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fonunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub. 2018-ci il ərzində qlobal səviyyədə səhmlər üzrə qeydə alınmış mənfi gəlirlilik şəraitində ARDNF-in səhm altportfelinin fərdi gəlirliliyi -6,57 faiz təşkil edib (nəticədə, birjalarda alınıb-satılan səhm investisiyalarında yatırımlara başlanılan dövrdən ötən ilin sonuna qədər olan toplam gəlirlilik 67,65 faiz olub). Belə ki, ötən ilin ilk 9 ayında qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunsa da, sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınıb. Bununla yanaşı, beynəlxalq ticarət əlaqələrində və “Brexit” ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də sözügedən səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərib.

 

Lakin daha əvvəllər də qeyd edildiyi kimi, ARDNF-in investisiya portfelində səhm, daşınmaz əmlak kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Təbii ki, belə bir portfelin qurulması Dövlət Neft Fondunun əsas məqsədlərindən biri olan neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsi istiqamətində olduqca mühüm bir addımdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Əlbəttə, belə bir investisiya aktivinin portfeldə optimal həcmdə yer alması ARDNF-in vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, burada səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir.

 

- ARDNF-in xarici ölkələrdəki daşınmaz əmlakları üzrə gəlirləri nə qədərdir? Gələn il bu sahədə yeni investisiyalar nəzərdə tutulurmu?

 

- İlk öncə qeyd etmək istərdim ki, 2012-ci ildən etibarən qüvvəyə minmiş yeni investisiya siyasətinə əsasən Neft Fondunun investisiya portfelinə daşınmaz əmlak da daxil olmaqla yeni aktivlər daxil edilməyə başlanılıb. Sözügedən strategiyanın həyata keçirilməsində əsas hədəf ARDNF-in investisiya portfelinin müxtəlif maliyyə alətləri üzrə şaxələndirilməsi və gəlirliliyinin artırılmasıdır.

 

Nəzərinizə çatdırıram ki, Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən 2018-ci il ərzində də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub.

 

Daşınmaz əmlak bazarının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq hər ilin sonunda ARDNF-in daşınmaz əmlaka investisiyaları ilə bağlı strategiyası yenilənərək təsdiqlənir. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən növbəti ildə Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur.

 

- ARDNF 2018-ci ildə hansı həcmdə qızıl alıb, investisiya portfelində qızılın miqdarı və dəyəri nə qədərdir?

 

- Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib. Ötən il ərzində isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb ki, nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib.

 

- Neft Fondunun 2019-cu il üzrə investisiya siyasətində investisiya portfelində qızıla investisiyaların artırılması məsələsi öz əksini tapıb. Bu sahədə planlarınız nədən ibarətdir?

 

- Qızılın investisiya portfelinə daxil edilməsi ümumi portfel səviyyəsində qismən şaxələndirmənin və inflyasiyaya qarşı hedcinqin təmin edilməsi məqsədləri ilə yanaşı, başlıca olaraq ölkə iqtisadiyyatı səviyyəsində strateji hədəflərə xidmət etməkdir ki, son zamanlarda qlobal və regional miqyasda artan geosiyasi gərginlik fonunda, eləcə də qeyri-müəyyən maliyyə bazarları şəraitində bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır. ARDNF-in 2019-cu il üzrə qəbul edilmiş İnvestisiya Siyasətinə əsasən fondun investisiya portfelində qızıla olan investisiyaların həcmi 5 faizdən 10 faizədək artırılıb. Həmçinin qeyd etmək istərdim ki, cari il ərzində Dövlət Neft Fondunun investisiya portfelinin həcmi və qızılın qiyməti kimi amillər nəzərə alınmaqla İnvestisiya Siyasəti ilə müəyyən edilən qızıl portfeli üzrə hədəf dəyəri çərçivəsində qızılın alınması planlaşdırılır.

 

- Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya hasilat sənayesində şəffaflığı və hesabatların beynəlxalq standartlara uyğunluğunu təşkil edə bilirmi?

 

- Bildiyiniz kimi, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb. Komissiyanın başlıca məqsədi ölkəmizin hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsidir, komissiya fəaliyyətini beynəlxalq şəffaflıq prinsiplərinə əsasən icra edir. Qısa zamanda komissiya ölkənin hasilat şirkətləri, vətəndaş cəmiyyəti və müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlıq formalaşdırmağa nail oldu, komissiyanın bütün iclaslarında sözügedən maraqlı tərəflərin iştirakı hər zaman təmin edilir. Komissiyanın 2016-cı və 2017-ci illəri əhatə edən Hasilat Sənayesində Şəffaflıq üzrə iki ümumiləşdirilmiş hesabatı (HSŞ hesabatı) dərc olunub. Həmin hesabatlar beynəlxalq şəffaflıq prinsiplərini əsas tutaraq hazırlanır və ötən illərdə də bu sahədə beynəlxalq standartlara tam uyğun şəkildə dərc olunmuş hesabatlarla açıqlanmış məlumatlar eyni ilə HSŞ hesabatlarında öz əksini tapıb, bəzi hissələrdə daha təfərrüatlı şəkildə hesabata daxil edilib.

 

Xüsusi vurğulamaq istərdim ki, hesabatların hazırlanması prosesində bütün tərəflər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri HSŞ hesabatlarının hazırlanması üzrə maraqlı tərəflərdən ibarət İşçi Qrupun üzvləri olub və hesabatların tərtibatında birbaşa iştirak edərək öz töhfələrini veriblər. Bununla yanaşı, hesabat ilində əsas olan göstəriciləri daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə İcmal hesabatlar (HSŞ hesabatlarının qısa versiyası) da dərc olunur və paylanılır. Odur ki, qeyd olunmuş faktlar sözügedən fərmandan irəli gələn tapşırıqların icra edilməsinin və komissiyanın öz fəaliyyətinin uğurla həyata keçirilməsinin göstəricisidir. Bundan əlavə qeyd etmək istərdim ki, illər boyu əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutları və digər qurumlar tərəfindən bu günə kimi Azərbaycan tərəfindən HSŞ üzrə görülmüş işlər alqışlanıb və ölkəmizin hasilat sənayesində şəffaflıq üzrə yoluna davam edərək beynəlxalq şəffaflıq standartlarına sadiq qalması yüksək qiymətləndirilib.

 

- Bu il ARDNF üçün əlamətdar ildir, belə ki, fond 20 illiyini qeyd edir. Fəaliyyət göstərdiyi dövr ərzində Neft Fondunun qlobal miqyasda uğurları və nüfuzu barədə məlumat verərdiniz.

 

- Fəaliyyətə başladığı gündən şəffaflıq və hesabatlılıq əsas prinsiplərindən biri olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ARDNF-ə BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.

 

Bildiyiniz kimi, ARDNF Santyaqo Prinsipləri əsasında fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə əsası 2009-cu ildə qoyulan və tərkibində dünyanın əksər suveren fondlarını birləşdirən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) aktiv üzvüdür, ARDNF-in bu forumda aktiv iştirakı onun digər suveren fondlarla əməkdaşlığının gücləndirilməsinə, müvafiq beynəlxalq təcrübənin bölüşdürülməsinə və bu fondlar arasında nüfuzunun artırılmasına mühüm təsir göstərir.

 

Qeyd etmək istərdim ki, SFBF-nin 2009-cu ildə dünyanın 20-dən çox ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi ilk illik görüşü Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakıda keçirilib.

 

Əlavə olaraq bildirmək istərdim ki, Suveren Fondların Beynəlxalq Forumunun Mərakeş şəhərində keçirilən 10-cu illik görüşündə SFBF-nin 5 nəfərdən ibarət idarə heyətinin yeni tərkibinə keçirilən seçkilərin nəticəsində ARDNF-in icraçı direktoru idarə heyətinə üzv seçilib. Eyni zamanda, tədbirdə SFBF-nin 2020-ci ildə 12-ci illik yığıncağının Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakıda keçirilməsi qərara alınıb.

 

Yuxarıda deyilənlərə əlavə olaraq qeyd etmək istərdim ki, suveren fondların şəffaflıq və hesabatlılığının qiymətləndirilməsi sahəsində Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış, struktur, idarəetmə, şəffaflıq və hesabatlılıq, maliyyə bazarlarında fəaliyyət kateqoriyalarından ibarət olan suveren fondların qiymətləndirmə cədvəlində ARDNF 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə qərarlaşıb.

 

Suveren fondların şəffaflıq səviyyəsini ölçmək və qeyri-şəffaf fəaliyyətlərini müəyyən etməklə şəffaflıq, hesabatlılığın artırılmasına dəstək vermək məqsədilə Suveren fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən tərtib edilən “Linaburq-Maduel indeksi”ndə 48 suveren fond arasında Dövlət Neft Fondu ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan 12 fonddan biridir.

 

Onu da qeyd etmək lazımdır ki, ARDNF cari ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilən, qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait və həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilən renkinqdə dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb. Nəzərinizə çatdırım ki, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, və sair təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib. Düşünürəm ki, qeyd edilən bütün bu göstəricilər ARDNF-in beynəlxalq arenada yeri və nüfuzunu göstərən mühüm amillərdir.

 

- 20 illiyini qeyd edən Dövlət Neft Fondu tərəfindən yubileyi münasibətilə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

 

- Qeyd etdiyiniz kimi, bu il ARDNF-in yaradılmasının 20-ci ili tamam olur. Yubiley ilinin qeyd edilməsi məqsədilə bir sıra tədbirlər nəzərdə tutulub. Bu tədbirlərdən biri Azərbaycanda “Impact Investing” (“Müsbət təsir gücünə malik investisiyalar”) mövzusuna həsr olunmuş beynəlxalq konfransın təşkil edilməsidir. Son 10 ildə institusional investorlar arasında bu kimi investisiyalara olan maraq yüksək sürətlə artır. Bu da onunla əlaqədardır ki, bu cür investisiyalar institusional investorlar üçün idarə edilə bilən risklərlə yüksək gəlirlilik qazanmaqla yanaşı, bu investisiyalar vasitəsi ilə sosial və ətraf mühitə müsbət təsir etmə imkanının mövcudluğudur. Qeyd edilən konfransda bu cür investisiyalar sahəsində mövcud trendlər, bu sahədə gələcək planlar, mövcud bazarlar və maliyyə alətləri, müsbət təsirli investisiyaların institutional investorların investisiya strategiyalarında tətbiqi təcrübələri, bu kimi investisiyaların ölçülməsi və hesabatlılığı məsələlərinin müzakirəsi planlaşdırılır. Tədbirdə suveren və pensiya fondları kimi institusional investorların, beynəlxalq maliyyə təşkilatlarının, beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.

 

Bu mühüm tədbirlə yanaşı, tələbələr üçün “Stock Pitch” (“Uğurlu səhm seçimi”) adlı müsabiqənin, jurnalistlər arasında analitik yazı müsabiqəsinin təşkili də nəzərdə tutulur.

 

Eyni zamanda Dövlət Neft Fondunun 20 illik fəaliyyətini əks etdirən filmin hazırlanması da tədbirlər planın tərkib hissəsidir.

 

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

 

© Azərtac

 

28 Fevral 2019 , 12:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin