Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hökumət Dollar kreditləri barədə qərarını açıqladı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumət Dollar kreditləri barədə qərarını açıqladı - YENİLƏNİB

Fiziki şəxslərin problemli kreditləri həlli edilir, şirkətlərə şamil edilmir.


 

Reklam_3_11

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.


"Marja"nın məlumatına görə,Fərmanda deyilir:

 

Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

 

Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.

 

Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

 

Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alıram:

 

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

 

1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

 

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

 

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

 

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

 

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

 

3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;

 

3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

 

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

 

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

 

5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

 

5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;

 

5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

6. Banklara tövsiyə edilsin ki:

 

6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;

 

6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;

 

6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

 

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

 

7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;

 

7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin;

 

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:

 

8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

 

8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;

 

8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

 

8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

 

8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

 

8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

 

8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;

 

8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;

 

8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

 

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

 

9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;

 

9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.

 

10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

 

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


 

14:20 XXX

 

“Kredit borclarının artan hissəsi silinir” - DEPUTAT ŞƏRH ETDİ

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub:


“Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib.


Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər”.

 

Parlamentarinin sözlərinə görə, eyni zamanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib:


“Bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin. Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq”.


 

14:25 XXX

 

Dollar kreditlərinin artmış hissəsinə dövlət kömək edir- NÜMUNƏLƏR

 

Xəbər verdiymiz kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

 

Fərmana əsasən fiziki şəxslərin problemli kreditlərinə kömək göstərilir, şirkətlərə şamil edilmir. Həmçinin 10 min dollardək olan dollar kreditlərində güzəştlər edilir.

 

Fərmana görə, devalvasiya nəticəsində artan borcun ödənilməsinə dövlət büdcəsi hesabına yardım ediləcəkdir.

 

1-ci devalvasiyaya qədər götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ Dolları əsas borc üzrə 25 qəpik, 1-ci və 2-ci devalvasiya arasındakı müddətdə götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ Dolları əsas borc üzrə 60 qəpik dəstək veriləcəkdir.

 

Tutaq ki, müşətəri 2015-ci il fevralın 21-dək olan dövrdə bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarisində devalvasiya nəticəsində Dollar/Manat məzənnəsi 1.05-ə yüksəldiyindən müştərinin banka borcu Manat ilə ifadədə 1050 manata yüksəlmişdi. Həmin borc uzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcəkdir (1 dollar borca görə 25 qəpik yardım).

 

Tutaq ki, müşətəri 2015-ci ilin 21 Fevral tarixindən sonra (Amma 21 Dekabr 2015-ci il tarixinədək) 1000 dollar (1050 manat) kredit götürmüşdür. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlmiş və müştərinin borc yükü 650 manat artmışdır. Artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcəkdir (1 dollar borca görə 60 qəpik yardım).   

 

Hər iki tarixdə mövcud olmuş borclar üzrə isə hər iki qayda tətbiq ediləcəkdir.

 

Dövlət büdcəsindən ayrılan yardım ilə ilk növbədə artan borc bağlanacaq, qalan hissə vətəndaşa ödəniləcəkdir. 


 

15:50 XX

 

KİMLƏR GÜZŞƏTDƏN İSTİFADƏ EDƏ BİLƏCƏK

 

Tanınmış iqtisadçı Vüqar Bayramov problemli kreditlərinin həlli ilə bağlı Prezidentin bu gün imzaladığı Fərmanını şərh edib.

 

"Marja" xəbər verir ki, iqtisadçı Facebook səhifəsində yazıb. 


Nəhayət xarici valyutada olan kreditlərə güzəşt tətbiq olundu. Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?

 

Qeyd edək ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir. 

 

Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dək 2015-ci il dekbarın 21-dək, yəni birinci devalvasiyadək olan dövr üçün hər 1 dollar 0.25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzət əldə edə bilər.


Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir.

 

Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə olunur. Bu faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.

 

Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.

 

Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək".


16:20 XXX

 

"Vətəndaş krediti bağlayıbsa, ödədiyi artıq məbləğ ona qaytarılacaq"

 

"Azərbaycanda ABŞ dolları ilə götürülmüş kreditlərlə bağlı güzəşt 550-600 min insanı əhatə edə bilər. Onların ailə üzvlərini də saysaq bu güzəşt təxminən 2 mln. insana rahat nəfəs almağa imkan verəcək". 

 

Bunu açıqlamasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib. 

 

"Həmin dövrdə götürülmüş kreditlərin müəyyən bir qismi artıq ödənilib. Ancaq bir məsələ var. Fərmanda deyilmir ki, bu, problemli kreditlərə şamil edilsin, deyilir ki, 10 min dollara kreditlərə tətbiq edilsin. Yəni, hamıya aid olacaq. Dollarla borcu olan vətəndaşlarının sayının azalmasından söhbət getmir. Ən son 2 min və 5 min dollaradək olan kreditlərə güzəşt tətbiqi ilə bağlı məsələ müzakirə olunurdu. Məbləğin 10 min dollara qədər lması miqyası genişləndirir", - deyə o, qeyd edib. 

 

"Dollar kreditləri 2 kateqoriyaya bölünür. Bunlar 2015-ci il fevralın 21-nə qədər götürülmüş və həmin tarixdən 2015-ci il dekabrın 21-nə qədər götürülmüş borclardır. Ümumi güzəşt devalvasiya nəticəsində borcun manatla ifadəsində yaranmış fərqin ödənilməsinə hesablanıb. Yəni, 1-ci devalvasiyadan əvvəl götürülmüş hər dollara görə 25 qəpik, 1-ci və 2-ci devalvasiyalar arasında götürülmüş hər dollara görə 60 qəpik, 2-ci devalvasiyadan sonra götürülmüş hər dollara görə isə hər iki güzəşt - yəni, 85 qəpik ödənilir. Vətəndaşın bu günə borcu yoxdursa, ödədiyi artıq məbləğ ona qaytarılır. Bu məsələ fərmanda konkret göstərilməsə də, ola bilsin ki, banklar vətəndaşın adına əmanət hesabı açacaq orada yerləşdiriləcək. Çünki 2015-2019-cu illərdə insanlar borclarını müxtəlif yollarla ödəməyə çalışıblar. Onların bu günə borcları az ola bilər", - deyə R.Həsənov bildirib. 

 

"Banklar 45 gün ərzində hər bir şəxs üçün detallı məlumatları-nə qədər güzəşt olunmalıdır, həmin dövrə krediti nə qədər olub, güzəştdən sonra qalıq məbləğ nə qədər olacaq və s. təhvil verməlidirlər.  Bankların digər öhdəliyi bu günə qədər gecikməyə görə məhkəmələrə göndərilən işlərin geri çağırılmasıdır. Bunun üçün də 1 ay müddət verilib. Eyni zamanda hesablanmış faiz və dəbbə borcları silinməlidirlər. Bu məqsədlə banklara 682 mln. manat güzəştli kredit verilməsi nəzərə tutulub. Həmçinin 215 mln. dollarlıq qiymətli kağızın banklarda yerləşdirilməsi ilə bankların valyuta balansının qorunması planlaşdırılır. Düşünürəm ki, adekvat bir qərardır", - deyə iqtisadçı fikrini tamamlayıb. 


 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

16:24 XXX

 

Vaxtı 1 ildən çox keçmiş kreditlər üzrə faizlər illik 1%-ə endiriləcək

 

“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın ikinci hissəsi bütövlükdə bu gün əhalinin banklar qarşısında mövcud olan borclarının həllinə yönəlib”.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Rəşad Orucov “Real Tv”yə müsahibəsində bildirib.

 

“Bu gün banklar qarşısında vaxtı bir ildən çox, yəni 365 gündən çox keçmiş kreditlər varsa və bu kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdisə, bunun üçün də fərmanda mexanizm nəzərdə tutulub. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Kreditlərin müddəti 5 ilə qədər uzadılacaq. Fiziki şəxslərə 1 il güzəştli dövr veriləcək. Bu o deməkdir ki, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərini güzəşt alacaqlar, onlar öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda, bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək, yəni sıfırlanacaq. Eyni zamanda, yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1%-ə endiriləcək. Görürsünüz ki, bu faizlər çox aşağıdır. Bu gün banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərindı olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Əhali növbəti 5 ilə çox aşağı faizlə, silinmiş faizlə öz öhdəliklərini icra edə biləcəklər”, -deyə R.Orucov vurğulayıb.

 

AMB rəsmisi əlavə edib ki, problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq: “Yəni, məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq. Yəni, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək”.

 

R.Orucov qeyd edib ki, ilkin hesablamalara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən ümumilikdə 900 minə yaxın vətəndaş faydalanacaq: “İlkin məlumata görə, məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan təqribən 450 minə yaxın insan bu fərmanın birinci hissəindən faydalanacaq. Fərmanın ikinci hissəsindən isə vaxtı keçmiş kreditlərə görə isə 400 min borcalan faydalanacaq”.

28.02.2019 10:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ