Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"271-ci gün idxal edilən mala görə cərimə qanunidir, amma ədalətsizdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"271-ci gün idxal edilən mala görə cərimə qanunidir, amma ədalətsizdir"

Ölkədə aparılan geniş spektrli iqtisadi islahatlar nəticəsində sahibkarlıq sahəsində əlverişli biznes şəraiti yaradılır, institusional dəyişiklər edilir, istehsalat və ixrac yönümlü fəaliyyətə xüsusi diqqət göstərilir.

 

Reklam_3_11

Bununla yanaşı, normativ aktların bəzi müddəaları və onların tətbiqi təcrübəsi bu gün sahibkarlığın inkişafı, daxili istehsalın və ixracın təşviqi istiqamətində aparılan siyasətin məqsədlərinə və ruhuna uyğun  gəlmir.

 

Belə müddəalardan biri də Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndidir ki, həmin bəndin pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cazalandırılır. Bu bəndə əsasən, avans ödənişinin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

 

Bu bənddə qeyd edilən 270 gün tələbi Azərbaycan Respublikasına idxal olunan malların ödənilməsi üzrə bütün şəxslər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlara aid edilmişdir.

 

Halbuki, avans ödənişi edən şəxslərin arasında hazır mallar alıb idxal edənlərlə yanaşı, istehsalat üçün mürəkkəb, gec hazırlanan (qurulan) avadanlıq kompleksləri alan istehsalçılar da var.

 

Belə ki, istehsal sahələri, və ya yeni istehsalat xətlərilə istehsalatını genişləndirən, böyük həcmli investisiya qoyararaq xaricdən mürəkkəb avadanlıq kompleksləri idxal edən sahibkarlıq subyektləri bəzi hallarda həmin 270 gün ərzində bütün avadanlıqları tam şəkildə idxal edə bilmirlər. Buna xaricdəki avadanlıq istehsalçıların öz istehsal planlamaları, sifarişlərin növbəliliyi, sifariş olunan avadanlıqların hazırlanmasının böyük və mürəkkəb texnoloji proses olması, hazırlıq prosesində müəyyən texniki dəyişikliklərin edilməsi və maliyyə məsələləri, o cümlədən, növbəti ödənişlərin edilməsində maddi problemlərin, gecikmələrin olması, xaricdən malların daşınmasında problemlər, xarici istehsalçıların müqavilə öhdəliklərini vaxtında yerinə yetriməməsi, mübahisələrin, o cümlədən məhkəmə çəkişmələrinin olması və digər obyektiv səbəblər ola bilər.

 

Məsələn, geniş istehsalat sahəsi quran və ya yeni istehsalat xətlərilə istehsalatını genişləndirən bir sahibkarlıq subyekti xarici avadanlıq istehsalçılarından dəyəri milyonlarla avro ilə ölçülən avadanlıqlar sifariş edir və müqavilə şərtlərinə əsasən ümumi dəyərin 30-50% həcmində avans ödənişi həyata keçirir, sifarişi növbəyə qoyulur, müəyyən müddətdən sonra xarici istehsalçı öz istehsalat planlamasına əsasən sifariş üzrə avadanlıqların qurulmasına başlayır. Müqavilə şərtlərinə əsasən növbəti ödənişlər edilir. Bir neçə aydan sonra ilk testlər, texnoloji dəyişikliklər edilir, parametrlər dəqiqləşdirilir. Daha bir neçə aydan sonra avadanlıqlar tam hazır olur, sonuncu testlər edilir və mallar Azərbaycan sifarişçisinə hissələrlə göndərilir. Bundan bir müddət sonra mallar Azərbaycana idxal edilir. Lakin avadanlıqların tam şəkildə Azərbaycana idxalı və gömrük rəsmiləşdirilməsi 270 gündən daha gec baş verir. Belə olduğu halda, hazırkı qanunvericiliyin tələbinə əsasən istehsalçı ödədiyi avans məbləğin (məsələn, 1 000 000 avro dəyərində olan avadanlığa görə ödədiyi 300 000 avro avans ödənişin) 20 %-indən 30%-nədək (60 000 avrodan 90 000 avroyadək) inzibati qaydada cərimə olunur. Nə İXM, nə Mərkəzi Bankın yuxarıda qeyd edilən Qaydaları, nə də ki, digər normativ aktlar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya məhkəmələrə yuxarıda qeyd edilən halları və ya bu kimi istisnaları nəzərə almağa və avans məbləği ödəmiş şirkəti inzibati cərimədən azad etməyə səlahiyyət vermir. Çünki, İXM-nin və Mərkəzi Bankın Qaydalarının tələbləri istisnasız olaraq hamı üçün eynidir.

 

Hesab edirəm ki, bu mövzuda İXM-nin və Mərkəzi Bankın Qaydalarının qeyd edilən müddəalarına yenidən baxılmalıdır.

 

Valyuta qanunvericiliyin, o cümlədən, yuxarıda qeyd edilən müddəaların məqsədi valyuta nəzarətinin effektivliyini artırmaq, ölkədən qanunsuz valyuta axınının və ödənişlərin qarşısını almaqdır. Bu olduqca vacib məsələdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Lakin yuxarıda qeyd edilən halda, və bu kimi bir sıra hallarda ödənişlər qanuni sahibkarlıq məqsədlərinə xidmət edir, istehsalatın genişləndirilməsi, ixrac potensialının artırılması məqsədi ilə istehsalat avadanlıqlarının alınmasına yönəlir. Belə olduğu təqdirdə, avadanlıqların və ya digər halların obyektiv səbəblərdən müəyyən edilmiş müddətdən gec ölkəyə idxal edilməsini yüksək məbləğlərdə cərimələnməklə nəticələnməsi bəzən ədalətli olmur və sahibkarı ruhdan salır.

 

Bununla əlaqədar olaraq, bu mövzuda qanunvericiliyə və onun tətbiqinə yenidən baxılması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində mürəkkəb, gec hazırlanan (qurulan) avadanlıqlar və digər malların idxalı zamanı şərtlərin və müddətlərin tətbiqində istisnaların və imtiyazların müəyyən edilməsinin, sənədlərlə sübut edilən üzürlü səbəblərin nəzərə alınmasının, ümumiyyətlə 270 günlük müddət tələbinin uzadılmasının mümkünlüyünün araşdırılması və təmin edilməsi məqsədəmüvafiq olardı.

 

Müəllif: Vəkil, Allahverən Oruclu

07.05.2019 11:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ