Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

1274 metr yüksəklikdə çıxan müalicəvi su üçün yeni zavod tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
1274 metr yüksəklikdə çıxan müalicəvi su üçün yeni zavod tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özünəməxsus təbiəti, fauna və florası ilə əsrarəngiz gözəlliyə, heyranedici füsunkarlığa malik olan Naxçıvanımız, ümumilikdə, bənzərsiz bir təbiət muzeyidir. Burada torpaqdan boy verən hər bir bitki min bir dərdə dərmandır. Dağlarımızın-dərələrimizin yetirib-bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır. Bağ-bağatlarımızın bu yerlərin bol oksigenli təmiz havasından, saf suyundan ərsəyə gələn yüz çeşidli meyvəsi keyfiyyət və görünüşcə bənzərsizdir. “Şişpapaqlı” dağlarımızın uca zirvəsindən daşların bağrını yara-yara süzülən, torpağın altından qaynayıb çağlayan 230-dək buz bulaqlarımız, su mənbələrimiz isə süfrələrimizin yaraşığı, şəfa ocaqlarımız kimi, həm də bu qədim diyarımızın təbii və mineral sular muzeyidir. Ölkə-ölkə, diyar-diyar, şəhər­-şəhər gəzib Naxçıvanımızın adını dillər əzbəri edən belə təbii və mineral sularımızdan biri – “Badamlı” haqqında söhbət açacağam. 

 

Reklam_3_11

Bir aforizmdə deyilir ki, daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır. Bu aforizm Şahbuz rayonunun Badamlı kəndi ərazisində dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yer qatının çatlaması nəticəsində beş mənbədən üzə çıxan Badamlı bulaqlarının yaranmasını xatırladır. Həmin mineral mənbədəki bol suyun davamlı damlaları bu qədər yüksəklikdə olan yerin kim bilir, neçə qatının bağrını yarıb öz “varlığını” göstərmişdi. Badamlı qəsəbə sakini, 38 il “Badamlı” mineral sular zavodunda çalışan 73 yaşlı Allahverdi Məmmədov deyir ki, 1945-1947-ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında ərazidə elmi-tədqiqat işləri aparılaraq burada mineral su yatağı olduğu aşkarlanmış, müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunmuşdur. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. “Badamlı” iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicədə xeyirlidir. Onun tərkibi Rusiyanın Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eynidir.

 

1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanmışdır. Bu şəfqətli suyun sorağına gələnlər müəssisədə çalışmış, eyni zamanda iş yerlərinə yaxın olsun deyə, ərazidə özlərinə evlər də tikməyə başlamışlar. Müəssisənin fəaliyyəti ­genişləndikcə burada yaşayanların da sayı artmış, məskunlaşan insanlar həmin evləri genişləndirmiş, bağ-bağat salmışlar. 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası da inşa olunmuşdur. 2003-cü ilədək bura “Badamlısu” deyirdilər. Beləliklə, ötən əsrdə aşkarlanan mineral süfrə suyu və həmin suyun sorağı ilə əraziyə üz tutanlar “Badamlı”sı ilə tanınan bugünkü Badamlı qəsəbəsinin yaranmasına səbəb olmuşlar.


Onlarla fabrik, zavod, kombinat, məktəb, məktəbəqədər müəssisələr, kənd təsərrüfatı təyinatlı obyektlər, ticarət, məişət, sosial-mədəni müəssisələr kimi “Sirab” mineral sular və “Badamlı” mineral suyunun doldurulması zavodları da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə muxtar respublikanın möhtəşəm inkişaf mənzərəsinin nümunələrindəndir. Bu, bir faktdır ki, ötən əsrin 80-ci illərində “Badamlı”, “Sirab”, “Vayxır”, “Darıdağ”, “Nəhəcir”, “Gülüstan” mineral suları ölkəmizin tələbatını ödəməklə yanaşı, bu məhsulların 60 faizi yaxın-uzaq ölkələrə ixrac edilirdi. 1980-ci ildə istehsal olunmuş 134 milyon butulka suyun 80 milyonu SSRİ-nin 150-dən çox şəhərinə göndərilmişdi. 1970-1980-ci illərdə “Badamlı” istehsalı müəssisəsi tamamilə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90 faizi respublikamızdan kənara aparılırdı.
1988-1990-cı illərdən başlayaraq ermənilərin torpaqlarımıza qarşı ərazi iddiaları, sovet sisteminin süquta uğraması, Azərbaycanın səriştəsiz idarəçilərin əlinə keçməsi, ermənilərin xalqımıza qarşı başlatdıqları qanlı müharibə ölkədə bütün sahələrdə bir durğunluq yaratmışdı. 1990-cı ildən Naxçıvanın ermənilər tərəfindən blokadaya salınması muxtar respublikamızın iqtisadiyyatına ağır zərbə oldu. Elektrik enerjisinin, təbii qazın kəsilməsi, Naxçıvanı ölkə ilə birləşdirən quru yolunun olmaması onlarla fabrik-zavodların, istehsal müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə nəticələndi. Təbii ki, sadaladığım məsələlər “Badamlı” istehsalı müəssisəsinə də təsirsiz ötüşmədi. 


1991-1993-cü illərdə – blokadanın ilk və ağır dövründə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşaması, burada rəhbər vəzifədə çalışması ilə muxtar respublikamızın iflasa uğramış sosial­-iqtisadi həyatında dirçəliş başlandı. Ulu öndərin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə yarımçıq qalan və burada görmək istədiyi işlər – 1995-ci ildən başlanan və bu gün də böyük uğurla görülən tədbirlər Naxçıvanın inkişaf mərhələsinin əsas leytmotivini təşkil etdi. Muxtar respublikamız blokada şəraitində yaşamasına baxmayaraq, burada bütün sahələr sürətlə inkişaf etməyə başladı. Elə ötən illər uzun fasilədən sonra “Badamlı” suyunun da əvvəlki şöhrətini özünə qaytardı. 2004-cü ildə “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən fəaliyyətə başladı. 2009-cu il avqustun 3-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən, binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan “Badamlı” mineral sular zavodu istifadəyə verildi. Müəssisəyə qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından 35 kilometrlik iki boru xətti çəkildi. Zavodda mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısı olan Fransanın məşhur “SİDEL” şirkətinin avadanlığı quraşdırıldı. Burada Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyalar məhsulun keyfiyyətinə tam zəmanət verir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqlənən “Badamlı” suyuna həmin ildə rəy verdi. “Badamlı” mineral suyunun ixrac olunduğu ölkələr sırasında Rusiya Federasiyası, Qazaxıstan, İraq, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digərləri yer alır. 

 

Budur, on il sonra… “Badamlı” mineral sular zavodunun istifadəyə verilməsindən ötən dövr ərzində muxtar respublikamızın iqtisadiyyatının ildən-ilə hərtərəfli inkişafı təbii sərvətlərimizdən daha səmərəli istifadəyə imkan verir. Artıq muxtar respublika ölkəmizin əsas mineral su istehsalçısına çevrilmişdir. Elə “Badamlı” mineral suyuna tələbatın artmasının nəticəsidir ki, hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində ümumi sahəsi 10 min 590 kvadratmetr olan yeni zavod inşa edilir. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaqdır. Burada əsas tikinti işləri başa çatdırılmış, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilmişdir. Müəssisədə qazlı və qazsız olmaqla, müxtəlifölçülü qablaşdırmada “Badamlı” suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcəkdir. Həmçinin zavodda müasir avadanlıqlarla təmin edilmiş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcəkdir. İkimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınaraq iş və texniki otaqlar istifadəyə veriləcəkdir.


Aprel ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanmış, istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar vermişdir.


Bəli, yaxın gələcəkdə istifadəyə veriləcək “Badamlı” mineral sular zavodunun fəaliyyəti ilə bu möcüzəli suyun şöhrəti, sözsüz ki, dünyanın daha neçə-neçə ölkəsinə yayılacaq. Ulu Yaradanın Naxçıvanımıza bəxş etdiyi bu təbii nemət muxtar respublikamızın iqtisadiyyatına xeyli gəlir gətirəcəkdir. 


Mütəxəssislərin maraqlı bir qənaətinə də toxunaraq demək istəyirəm ki, mineral suların tərkibi bioloji fəal ünsürlərin çoxluğu, zənginliyi ilə səciyyələnir və insan orqanizmini müalicə edən qeyri-adi fiziki-kütləvi xassələrə malikdir. Elə bu səbəbdən də mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur. Həm süfrə, həm də müalicəvi su olan “Badamlı”nın sorağı ilə diyarımıza gələnlər arasında onlarla şəfa tapanlar olub. Hətta eşitdiyimə görə, ölkəmizin digər şəhərlərində yaşayan insanlar var ki, buradakı qohumlarının onlara müalicə məqsədilə hər həftə “Badamlı”nın mənbəyindən götürüb göndərdikləri suyu qəbul etməklə sağlamlıqlarına qovuşublar. Və yaxud hər yay bu qəsəbədə yaşayan qohumlarının evində 15-20 gün qalıb həkimlərin süni dərmanlardan ibarət reseptini bir kənara qoyaraq yüz metrlərlə yüksəklikdən çağlayan bu təbii su ilə öd, qaraciyər xəstəliklərinə əlvida deyənlər də var. Badamlı qəsəbəsinin sakinləri şahiddirlər ki, indiyədək istirahət üçün Naxçıvanı seçən onlarla turist buradakı bənzərsiz su haqqında eşidib onun təbii mənbəyini görmək üçün 1274 metr yüksəkliyə qalxıb, bu dağlar gözəlindən doyumsuz təəssüratlarla ayrılıb və bir ovuc suyun sehri ilə hər il bura üz tuturlar. Kim bilir, gündən-günə yeniliklərə imza atan, hərtərəfli inkişafın zirvəsinə doğru inamla addımlayan Naxçıvanımızın məmləkətləri gəzən “Badamlı”sı­nın vətəni Badamlı qəsəbəsi, nə vaxtsa elə o məmləkətlərin insanla­­rını cəlb edən kurort bölgəsinə də ­çevrilməyəcək?..

 

 © Mətanət MƏMMƏDOVA

07.07.2019 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ