Nazirlikdən doğum evlərində süni qida qanunsuzluğu iddialarına xəbərdarlıqla reaksiya

Səhiyyə Nazirliyi pediatr Aytən İsmayılzadənin doğum evlərində süni qida qanunsuzluğu iddialarına cavab verməyib. Ancaq Nazirlik, süni qidaların verilməsinin körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərdiyi barədə pediatrın dediklərini təsdiq edib.


 

“Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə ("smes") qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur”.

 

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyivə UNİCEF-inbirgə açıqlamasında bildirilib.

 

Açıqlamada vurğulanıb ki, əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur:

 

“Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir.

 

"NORMATİV SƏNƏDLƏRƏ ƏLAVƏLƏR HAZIRLANIR"

 

Diqqətə çatdırmaq lazımdır ki, yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Bu məqsədlə UNİCEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istiraki ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb. Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Lahiyənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, lahiyənin mərhələləri işlənib. İşin I mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də keysəriyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin”.

 

Açıqlamada bildirilib ki, hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır:

 

"Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur.

 

Ana olmağa hazırlaşan əziz qadınlarımız, doğum evlərində olarkən körpənizi yalnız ana südü ilə qidalandıracağınızı qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizi həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin.

 

Əziz analar, unutmayın ki, ən effektiv südgətirici vasitə – sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!”

 

PEDİATR HƏRƏKƏTƏ KEÇİB

 

Süni qida məhsullarının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində reklamı qadağan edilsə də, bu qadağaya məhəl qoyulmur. Vicdanlı pediatrlar həyacan təbili çalırlar.

 

Tanınmış pediatr Aytən İsmayılzadə cürətli addım ataraq əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsinə qarşı mübarizəyə başlayıb.

 

Pediatr iddia edir ki, doğum evlərində, süni qidalar satan şirkətlərin sponsorluğu ilə yeni doğulan körpələrə “smes” verilir. Müxtəlif bəhanələr ilə gənc analar inandırılır, körpələrinə ana südü dadızdırılmır, onlara ilk gündən süni qidalar yedizdirilir. Çünki ilk gündən süni qida ilə tanış olan körpələrin çoxu sonradan ana südünü istəmirlər. 

 

Valideynlər körpə müəyyən yaşa çatanadək süni qidalar almağa məcbur olur. Beləliklə, ailələrin xərclədiyi milyonlarla manat bir neçə şirkətin kassasına daxil olur.

 

Soaial şəbəkələrdə paylaşdığı məlumatlar ilə qadınları məlumatlandıran pediatr Aytən İsmayılzadə doğum evlərində süni qida qanunsuzluğu ilə bağlı Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət hazırlayıb, eyni zamanda imza toplama kampaniyasını başladıb.

 

“MADİYYAT QARŞILIĞINDA VALİDEYNLƏRƏ SÜNİ QİDALAR ALDIRIRLAR”

Pediatrın 1-ci Vitse Prezidentə müraciəti “Doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Sizə bir pediatr olaraq müraciət edirəm”, - ifadələri ilə başlayır.

 

“Dəhşətli faktlar ondan ibarətdir ki, istər dövlət, istər özəl  doğum evlərində demək olar ki, əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilir. Analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Əmizdirmə üzrə məsləhətçilər şöbəyə buraxılmır,onların analarla görüşü təmin edilmir. Neonotoloqlar başda şöbə müdirləri olmaqla maddiyyat qarşılığında uşağın həyatının ilk günündən valideynlərə süni yemək aldırırlar”.

 

“ANANIN SÜDÜ OLDUĞU HALDA KÖRPƏYƏ AZI 3 GÜN SÜNİ QİDA VERİLİR”

 

Müraciətdə qeyd edilib ki, yeni doğulmuş körpənin ilk olaraq ana südü alması çox vacibdir?

 

“Hər kəsə məlumdur ki, əsasən də həkimlər çox gözəl bilir ki,yeni doğulmuş körpənin ilk olaraq ana südü alması, ilk saatlarda əmizdirilməsi onun sağlamlığı üçün nə dərəcədə vacibdir. Bu, danılmaz faktdır. İstər özəl, istər dövlət xəstəxanalarının doğum şöbələrində isə bunun tam əksi baş verir. Ana südü olduğu halda körpəyə ən azı 3 gün süni qida verilir. Bunun sonrakı fəsadlarını isə biz pediatrlar görürük. Uşaqlar ana südündən imtina edir, həzm problemləri yaşayır, allergik vəziyyətlərlə tez-tez rastlaşırlar. Ana tərəfdən də bir sıra həm psixoloji, həm fiziki narahatlıqlar baş verir”.

 

“Uşaqlar bizim gələcəyimizdir” qeyd edən pediatr müraciətinə belə davam edib:

 

“Onların sağlamlıqları ilə ilk gündən bu cür oynanılmasına icazə veməyəcəyinizə inanıram. Bu məsələ ilə şəxsən özünüzün maraqlanmanızı çox istərdik, əks halda bu vəziyyət hələ çox davam edəcək”.

 

“DOĞUM ŞÖBƏLƏRİNƏ SÜNİ QİDANIN GİRİŞİ QADAĞAN OLUNMALIDIR”


Aytən İsmayılzadə hesab edir ki, doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer ayrılması, süd banklarının yaradılması, donor südünün gündəmə gətirilməsi  daha məqsədə uyğun olardı.


“Doğum evində həkimlərin  səhvindən ana südündən məhrum qalmış körpələr, Azərbaycan  anaları və gələcəyimiz adından məktubumuza tezliklə müsbət cavab alacağımıza ümid edirəm”,- müraciət bu sözlər ilə yekunlaşır.

27 Avqust 2019 , 10:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin