Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BP-Azərbaycandan Biznes əməliyatları hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-Azərbaycandan Biznes əməliyatları hesabatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin ilk üç rübünün yekunları


 

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2019-cu ilin birinci üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1034 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

 

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

 

Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmışdır. Tikinti işləri iyul ayında başlanmış və ilin üçüncü rübü ərzində genişlənməyə davam etmişdir.

 

Hasilat

 

2019-cu ilin üçüncü rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (41 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (121 000), Şərqi Azəri (92 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub.

 

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb.

 

Səmt qazı

 

2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən artıq, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

 

2019-cu ilin ilk üç rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

 

Üç rüb ərzində terminal 198 milyon bareldən çox neft və kondensat, o cümlədən 178 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

2019-cu ilin üç rübü ərzində terminaldan həmçinin gündəlik orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 95 milyon dollar, əsaslı xərclərə isə təqribən 25 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 milyon ton (3,3 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Birinci üç rüb ərzində isə BTC vasitəsilə təqribən 24 milyon ton (177 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

2019-cu ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat xərcləri və 818 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Üçüncü rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

Doqquz ay ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat hasil edilmişdir.

 

Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

 

2019-cu ilin birinci yarısında Şahdəniz Alfa platformasından quyu qazılmamışdır, bundan sonra isə qazma qurğusunda profilaktik işlər aparılmağa başlanmışdır.

 

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. Maersk Explorer qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək,  digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hal hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.

 

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu və şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2019-cu ilin üç rübü ərzində CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat xərcləri və 28 milyon dollar əsaslı xərclər sərf edilib.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 

 

2019-cu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olmuşdur.

 

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

Geoloji kəşfiyyat

 

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur. 

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin 2020-ci ilin birinci yarısında başlanması nəzərdə tutulur. 

 

D230 blokunda 2019-cu ilin noyabr ayında 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına da 2020-ci ildə başlanacaq.

 

İşçi heyətimiz

 

2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

 

Sosial sərmayələr

 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2019-cu ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,2 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


 

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə press-relizdir.

05.11.2019 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ