Daha 250 ailə üçün intensiv meyvə bağları salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində 32 rayonda daha 250 ailə üçün intensiv meyvə bağları salınıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, layihəyə cəlb olunmuş iştirakçılardan 178-i aztəminatlı, 52-i əlilliyi olan şəxs, 20-i isə şəhid ailəsi üzvləridir.

 

İştirakçılar ilk növbədə müvafiq təlimlərə cəlb olunub. Daha sonra müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 hektar torpaq sahəsi şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib, sahələrdə müasir damlama suvarma sistemləri quraşdırılıb. 30 hektardan çox ərazi köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənib, suvarma sistemlərinin istismarı üçün sahələrə elektrik xətləri çəkilib və digər texniki işlər həyata keçirilib.

 

Beləliklə, bağçılıq üçün yararlı hala salınmış sahələrə gavalı, gilas, alma, xurma, nar, badam, qoz, fındıq, ərik, heyva və digər ağac tingləri əkilib.

 

Eyni zamanda layihə iştirakçılarına sahələrə aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Sosial bağlar” layihəsinin ilk mərhələsi kimi, 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınmışdı.

16 Yanvar 2020 , 10:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin