Dünyada ilk ağ camış sürüsünü yaradan azərbaycanlı

Akademik Eyyub Bəşirov Azərbaycanda heyvandarlığın inkişafına özünəməxsus töhfələr vermiş alimlərimizdən biridir. Onun bir çox elmi əsərləri və tədqiqatları təkcə Azərbaycanda deyil, həm də dünyada geniş tanınır.

 

Azərbaycanda camışçılığın ləğvinə qarşı çıxan alimlərimizin

Heydər Əliyevə müraciəti cavabsız qalmadı

 

Bu il 90 yaşı tamam olan qocaman akademikin heyvandarlığın inkişafındakı xidmətlərinə qısaca nəzər salaq. Hələ ötən əsrin yetmişinci illərində respublikamızda heyvandarlıq sahəsində heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı. Yerli inək cinsləri bəyənilmir, Rusiyadan və Pribaltikadan cins mal-qara gətirilirdi. Bu cinslər yerli şəraitə çətin uyğunlaşırdı: xəstəlik, xüsusən də qızdırma ilə bağlı tələfat halları çoxalır, məhsuldarlıq və balavermə aşağı düşürdü. Camışçılığa münasibət daha pis idi. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, az məhsul verir. Hətta, o vaxtlar başda Azərbaycan KP MK-nın ikinci katibi Kozlov başda olmaqla, bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu, yanlış fikir, düşünülməmiş addım deyildi, əslində, xalqımızın bineyi-qədimdən yaradılmış heyvandarlıq ənənələrinə yönəlmiş bir qəsd idi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaş mövqeyi tutaraq, iradə və qətiyyət göstərdilər.

 

Eyyub müəllim öz həmfikirləri, mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışçılığın yerini və çəkisini yaxşı bilən mütəxəssislərlə birgə bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər. Bundan sonra qərar layihəsinin büroda müzakirəsi məsləhət bilinmədi və məsələ birdəfəlik bağlandı.

 

Kəl toxumu ilə süni mayalanma metodologiyası hələ 

1956-1957-ci illərdə Azərbaycanda hazırlanmışdı

 

1947-ci ildə biologiya elmində böyük əhəmiyyətə malik elmi kəşf baş verdi. Akademik V.K.Milovanovun elmi rəhbərliyi ilə professor İrina İvanovna Sokolovskaya və İqor Smirnov dovşan, buğa, qoç toxumlarının dondurulması və uzun müddət saxlanılması metodunu işləyib hazırladılar. Akademik Eyyub Bəşirov isə təqribən on il sonra, 1956-1957-ci illərdə camış (kəl) toxumunun dondurulub uzun illər saxlanılması metodunu işlədi. Bu metod heyvanların daha sağlam və məhsuldar nəslinin alınmasına şərait yaratdı.

 

1959-cu ilin dekabrında Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev və Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik Firuz Məlikov Eyyub Bəşirovun laboratoriyasına gələrək, alimin tədqiqatları və kəl toxumunun dondurulması metodologiyası ilə tanış olmuş, alınan nəticələri möcüzə adlandırmışdılar.

 

Eyyub Bəşirovun elmi yaradıcılığının əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı heyvanlarının yeni məhsuldar cinslərinin, hər cins üzrə damazlıq təsərrüfatlarının yaradılması, naxırların, sürülərin cins tərkibinin yaxşılaşdırılması, ölkəmizin təbii şəraitinə uyğun hibridlərin alınması və bölgələrimizdə yayılmasının təmin olunmasıdır. Buna ən bariz nümunə kimi, 1976-1978-ci illərdə Lerik rayonunun “Sosialist Kubası” sovxozunda Kubadan yarımvəhşi zebuların gətirilib yerli şəraitə uyğunlaşdırılmasını, yerli zebu və digər qaramal cinsləri ilə çarpazlaşdırılaraq hibridlərin alınmasını, bunların respublikamızın 16 dağ rayonuna yayılmasını misal gətirmək olar. Bunun da əsasında yerlərdə hibridləşmə gedirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, erkək hibridlərin diri çəkisi 1500 kiloqrama çatırdı.

 

Dünyada ilk ağ camış sürüsünü azərbaycanlı alimlər yaradıb

 

1961-ci ildə Hindistanda, Heydərabad şəhərində Eyyub Bəşirovun təklifi ilə “Ümumhindistan heyvandarlıq sərgisi” təşkil edilir. Azərbaycanlı alim orada Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə “Mürrəh” cinsindən olan damazlıq camış kəllərini və düyələrini seçir. Azərbaycana gətirilməli olan cins heyvanlar son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə “Bolqar mürrəhi” cinsini yaradır. “Bolqar mürrəhi” öz yüksək məhsuldarlığı ilə dünyada bu gün də tanınır.

Eyyub Bəşirov daha sonra görkəmli alimlərimiz, professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov, Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaradıb.

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistan, Əlcəzair, Çili və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Təsadüfi deyil ki, həmin dövlətlərin başçıları bununla bağlı sovet rəhbərliyinə minnətdarlıq etmişdilər.

 

Salvador Alyende: Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli

elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir

İstər Çilinin o vaxtkı prezidenti Salvador Alyendenin, istərsə də Əlcəzair prezidenti Huarı Bumedyanın minnətdarlıq məktublarının arxasında Azərbaycan aliminin gərgin əməyi, bu ölkələrin kənd təsərrüfatı sisteminin dirçəlməsinə, möhkəmləndirilməsinə yönəlmiş elmi tədqiqatları, gördüyü praktiki işlər dayanırdı. Salvador Alyendenin bu sözləri azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir: “Cənab Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir”.

 

Roma Papası öz portretini azərbaycanlı akademik Eyyub Bəşirova hədiyyə edib

 

1964-cü il sentyabrın 6-dan 13-dək İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirilirdi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov “Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması” mövzusunda elmi məruzə ilə çıxış etdi. Onun böyük maraq doğuran məruzəsi bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü. Roma Papası VI Pavel azərbaycanlı alimi böyük uğur münasibətilə şəxsən təbrik etdi və öz portretini ona hədiyyə verdi.

 

“Bəşirov metodu” Fransada da tətbiq edilib

 

Eyyub Bəşirov 1946-1966-cı və 1968-1970-ci illərdə Əlcəzairdə çalışıb, bu ölkədə heyvandarlığın inkişafında mühüm işlər görüb. Orada damazlıq heyvandarlıq sistemi qurub, süni mayalama stansiyaları təşkil edib. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verirdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. 1966-cı ilin yayında Fransanın kənd təsərrüfatı naziri Əlcəzairə gələrək Eyyub Bəşirovla görüşüb, onun apardığı təcrübələr və əldə etdiyi elmi nailiyyətlərlə maraqlanıb. Nazirin azərbaycanlı alimdən aldığı məsləhət və tövsiyələr əsasında Fransada yeni bir texnologiya - fransız süni mayalanma texnologiyası yaradılır. Hazırda ən mütərəqqi, proqressiv texnologiya kimi “Bəşirov metodu”ndan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

 

Kubalı diplomat: Axı, necə ola bilər ki, Kuba çöllərində gəzən yarımvəhşi

zebular tövlə-otlaq şəraitində bəslənilir, insanla mehriban davranır,

sağılır və süni mayalandırılır?!

 

1976-cı ildə Kubadan ölkəmizə 121 baş yarımvəhşi zebu gətirilir. Zebular Lerikdə yerli şəraitə uyğunlaşdırılmalı, yerli heyvanlarla hibridləşdirilməli və respublikanın rayonlarında yayılmalı idi. Bu çətin, məsuliyyətli işin elmi rəhbərliyi Eyyub Bəşirova tapşırılır. Təkcə iki ölkə arasında iqlim şəraitini nəzərə alsaq, bu işin nə qədər problemli, çətin olduğu aydın görünər. Belə ki, oktyabr ayından aprelin sonunadək Lerikdə havanın temperaturu bəzən mənfi 13-dək aşağı enir. Kubada isə bu dövrdə havalar çox isti keçir. Zebuların bu kəskin iqlim dəyişikliyinə uyğunlaşdırılması ağlasığmaz görünürdü. Lakin buna baxmayaraq, heyvanların gətirilməsindən 15 ay sonra 108 zebudan 78 bala alındı. Buğaların çəkisi 1000-1500 kiloqrama çatdırıldı. Hər zebudan gündə 10 kiloqram süd sağılırdı. Genişmiqyaslı hibridləşmə məqsədilə Kuba zebularının buğaları respublikanın 16 dağlıq rayonuna yayıldı.

 

1978-ci il aprelin 26-30-da Lerikə gedən Kuba diplomatı - o dövrdə bu ölkənin SSRİ-dəki səfiri Antonio Korsedo gördüklərinə inanmır. Təəccüblə deyir: Axı, necə ola bilər, bütün günü Kubada çöllərdə gəzən bu yarımvəhşi zebular tövlə-otlaq şəraitində bəslənilir, insandan qaçmır, sağılır və süni mayalandırılır?!

 

Eyyub Bəşirov: Ölkəmizdə düzgün aqrar siyasət yürüdülür

 

Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil edib və onun rəhbəri olub. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir. Eyni zamanda, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir.

 

Hazırda Eyyub Bəşirov Türkiyədə müalicə olunur. Səhhətində yaranmış problemlərə baxmayaraq, bu gün də Azərbaycanda heyvandarlığın inkişaf yolları barədə düşünür. O, bununla bağlı fikirlərini bölüşərək deyib: “Hər zaman istəmişəm ki, Azərbaycanda heyvandarlıq inkişaf etsin, yeni cins heyvanlar alınsın, damazlıq təsərrüfatları yaradılsın. Bu arzum ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün aqrar siyasət sayəsində uğurla reallaşır. Respublika Süni Mayalanma Mərkəzinin yaradılması çox təqdirəlayiqdir və məni sevindirir. Axı, nəyə görə vaxtilə Avropanın bizdən öyrəndiyi metodu özümüz tətbiq etməyək?! Bu metodla alınan cins heyvanlar həm məhsuldarlığına, həm də xəstəliyə davamlılığına görə yerli mal-qaradan qat-qat üstündür”.

 

Prezident İlham Əliyevin aqrar sektorun inkişafına xüsusi diqqət yetirməsini təqdir edən akademik bu günlərdə təsdiq olunan Strateji Yol Xəritəsindən də danışıb. “Əminəm ki, kənd təsərrüfatına dair Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə vaxtında çata biləcəyik. Çünki bizdə bu sahəyə dövlət tərəfindən hər cür dəstək göstərilir. Həm təcrübə var, həm də möhkəm baza yaradılıb. Bütün bunlar heyvandarlığın inkişafında xüsusi rol oynayır. İnanıram ki, Prezident İlham Əliyevin məqsədyönlü aqrar siyasəti ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edəcək, xalqımızı daha firavan həyata qovuşduracaq”, - deyə akademik Eyyub Bəşirov vurğulayıb.

 

Qeyd edək ki, dekabrın 20-də dünya şöhrətli alim, “Şərəf nişanı” ordenli, fərdi təqaüdçü Eyyub Bəşirovun 90 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən ona ünvanlanmış təbrik plaketi akademikin oğlu, Əməkdar İdman Ustası, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirova təqdim olunub.

 

Telefon danışığı zamanı göstərilən diqqət və qayğıya görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirən Eyyub müəllim deyib ki, aqrar elmin inkişafındakı xidmətlərinin unudulmamasına çox sevinir.

 

©Azərtac

21 Dekabr 2017, 08:55   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]