Yanğın təhlükəsizliyinə dair tələblər sərtləşdirilir

 

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

 

Məcəllənin 60.1-ci (Yanğın təhlükəsizliyinə dair ümumi tələblər) yeni redaksiyada verilir.

 

Dəyişiklik layihəsinə əsasən, bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar əsasında müəyyən ediləcək.

 

Hazırda qüvvədə olan maddəyə əsasən isə tikinti obyektinin bütün hissələri, xüsusilə divarları, tavanları və sütunları onların yeri və funksiyaları nəzərə alınmaqla odadavamlılıq baxımından yanğından mühafizə tələblərinə uyğun olaraq tikilməlidir. Divarların, tavanların, asma tavanların və izolyasiya olunmuş səthlərin üzlənməsi zamanı da bu tələblərə əməl edilməlidir. Bu maddədə nəzərdə tutulan tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

"Yanğın təhlükəsizliyi haqqında" qanununun 25-ci maddəsinə əsasən, dövlət yanğın nəzarəti (tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət) layihə sənədlərinin ayrı-ayrı hissələrində, o cümlədən baş plan üzrə yanğına ara məsafələrinin, yanğın avtomobillərinin tikiliyə və yanğın su mənbəyinə sərbəst yaxınlaşmasının mümkünlüyünün, memarlıq həlləri üzrə təxliyə, təyinatından asılı olaraq otaqların və digər yerləşgələrin yerləşdirilməsi, yanğının digər sahələrə yayılmaması və operativ yanğınsöndürmənin maneəsizliyinin, konstruksiya üzrə tikilinin yanğına qarşı dayanıqlığının, elektrik təchizatı üzrə-naqillərin obyektin spesifik xüsusiyyətlərinə uyğun seçilməməsi, izolyasiya qatlarının digər təsirlərə davamlılığının və dielektrik xüsusiyyətlərinin yanğına səbəb olma ehtimallarının minimumlaşdırılmasının, qaz təchizatı üzrə-boruların trayektoriyasının, birləşmələrinin, əyilmələrin, avtomat nəzarətin və digər normativ tələblərin, su təchizatı üzrə-yanğın zamanı istifadə edilməsi üçündaimi su ehtiyatının və zəruri yanğın su kəmərlərinin, kranlarının, hidrantlarının və dayaqlarının norma və standartlara uyğunluluğunun, digər kommunikasiya hissələri üzrə-yanğın barədə avtomatlaşdırılmış xəbərvermə, söndürmə, tüstüxaricetmə sistemlərinin hesabi həllininvə digəryanğına və partlayışa səbəb ola bilən subyektlərin qüvvədə olan norma və qaydalar əsasında layihələr üzrə araşdırılmasından və tikinti zamanı layihə üzrə yerinə yetirilməsinə nəzarətdən ibarətdir.

 

Layihədə qeyd olunub ki, göstərilən funksiyalar layihələrə baxış zamanı çoxsaylı hesabi parametrlərlə xarakterizə olunan tələblər doğurur.

 

Buna görə də məcəllənin 60.1-ci maddəsinin yeni redaksiyasında yanğın təhlükəsizliyinə dair tələblərin daha da geniş və tam əhatə olunması zəruri hesab olunur.

 

Layihə Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

8 May 2017, 13:16   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin