Görüşdən sonra Mişelin açıqlaması
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Marja xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:
- Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.
Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.
Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.
Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.
Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq.
Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.
Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq.
Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik.
Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Əliyev Pezeşkiana zəng edib
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Ən çox oxunanlar
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı


























