Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Səhiyyə Menecmenti Zirvəsində bizi hansı yeniliklər gözləyir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhiyyə Menecmenti Zirvəsində bizi hansı yeniliklər gözləyir?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)“, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaqdır. 

Facemark.az tədbirin təşkilatçılarından olan “Sağlam Ailə” Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli və “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay ilə Səhiyyə Menecmenti Zirvəsi haqqında müsahibəni təqdim edir.

Reklam_3_11

“Sağlam Ailə” Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli

-Səhiyyə menecmenti, idarəetməsi haqqında tədbir təşkil etmək ideyası necə yaranıb?

Nəzər salsaq görərik ki, bu gün ölkədə müxtəlif sahələrin idarə edilməsi üzrə sahəvi konfransların, tədbirlərin keçirilməsi aktual xarakter daşıyır. 

Səhiyyə sahəsində də bir çox ixtisas sahələri üzrə tibbi tədbirlər keçirilsə də səhiyyənin idarə edilməsi ilə bağlı bugünədək hər hansı bir tədbir gerçəkləşdirilməyib. 

Adətən səhiyyənin idarə edilməsi deyəndə baş həkimlərin tibb müəssisəsini idarəetməsini düşünürük. Düşünürəm ki, səhiyyə idarəetməsi bununla çərçivələnməməlidir. Çünki səhiyyə idarəetməsi sadəcə tibb müəssisəsinin idarəedilməsi deyil, müxtəlif və geniş şaxəlidir. 

Bu və bu kimi digər məqamları nəzərə alaraq Səhiyyə Menecmenti Zirvəsini keçirmək ideyası formalaşdı.

-Nigar xanım, Səhiyyə Menecmenti Zirvəsinin yerli şirkətlərə və ümumillikdə ölkə səhiyyə sisteminə nə kimi faydaları olacaq? 

Səhiyyə Menecmenti Zirvəsi məlumat mübadiləsi xarakteri daşıyır. Zirvədə həm özəl, həm də dövlət sektorunda fəaliyyət göstərən peşəkarlar müsbət və mənfiləri paylaşacaqlar. Tədbir iştirakçıları fəaliyyətlərində tətbiq edə biləcəkləri resurslara çıxış imkanı, real hadisə və problemlərin həlli yollarını öyrənəcək, səhiyyə sahəsində olan yeni trendlərlə tanış olacaqlar. 

Ümid edirəm ki, 16 noyabr 2023-cü il tarixində gerçəkləşəcək Zirvədə biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatacağıq.  

-Tədbir zamanı neçə panel və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?

Səhiyyə Menecmenti Zirvəsi öz işini 3 panel üzrə aparacaq. Bu panellər üzrə 11 mövzuya toxunulacaq. Panellərdə həm yerli, həm də xarici spikerlər çıxış edəcək. Panelləri idarə edəcək moderatorlar və spikerlər səhiyyə sahəsində və panel mövzuları üzrə tanınmış peşəkar mütəxəssislər olacaq. Dövlət qurumlarının nümayəndələrini və xaricdə fəliyyət göstərən peşəsinin peşəkarlarını spikerlər sırasında görmək və onların çıxışlarını dinləmək hər kəs üçün çox faydalı olacaq.

-Ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. Səhiyyə Menecmenti Zirvəsinə maraq nə dərəcədədir?

Daha öncə də qeyd etdiyim kimi səhiyyənin idarəetməsi istiqamətində belə böyük miqyasda tədbir ölkədə ilk dəfə keçiriləcək. Bu səbəbdən hələ Zirvənin ilk elanları gedən zaman biz çox gözəl geri dönüşlər aldıq. Bunlar arasında həm iştirakçı olmaq istəyənlər, həm spikerlər, həm də tədbirdə tərəfdaş qismində iştirak etmək istəyənlər var idi. 

Biletlərimiz satışa çıxmazdan öncə belə hər gün sosial media kanallarından onlarla biletləri əldə etmək üçün müraciətlər gəlirdi. Bunları görmək bizim üçün  çox qürurvericidir. Düşünürəm ki, bu, doğru yolda olmağımızın bariz nümunəsidir. 

-Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?

Zirvədə bir çox özəl və dövlət tibb müəssisəsinin rəhbərləri, baş həkimləri, həkimləri, menecerləri, səhiyyə xidmətləri və onun təşkili üzrə cavabdeh şəxslər iştirak edəcək. Bu, həm yeni əlaqələrin qurulması, məlumat mübadiləsi imkanı, həm də beynəlxalq sferada tətbiq oluna idarəetmə bacarıqlarının aşılanmasına dəstək olacaq platformadır. Əminəm ki, zirvə bütün iştirakçılar üçün onları maraqlandıran hər hansı bir mövzu üzrə faydalı olacaq, bir çox suallara cavab tapa, həmkarların, spiker və moderatorların bu sahədə təcrübəsindən öz fəaliyyətləri üçün faydalana biləcəklər. 

“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay

-Artıq uzun illərdir ki, komandanız ilə birlikdə müxtəlif forum və konfransların təşkilatçılığını uğurla həyata keçirirsiniz. Bu il ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi nələr vəd edir? 

Biz “Facemark” şirkəti olaraq indiyədək adətən ümumi mövzuları əhatə edən tədbirlər təşkil etmişik. Bu ildən etibarən daha tematik, eyni zamanda, ölkəmiz üçün yeni və çox önəmli sahələrə də diqqət ayırmağa başladıq. Səhiyyə Menecmenti Zirvəsi bu qəbildən olan ilk tədbirimiz olacaq, inşallah. Uzun illərin formalaşmış tibb müəssisələrini idarəetmə formatına yeni baxış gətirəcəyimizə inanırıq. Bu yolda “Sağlam Ailə” xeyli yol qət etdiyinə görə zirvəni də onlarla bərabər təşkil etməyə qərar verdik. Digər bir özəllik isə ondan ibarətdir ki, bu tədbirdə əsas məqsədimiz həm də dövlət – özəl tərəfdaşlığına diqqət çəkmək, bunu elə tədbir təşkilatçılığında da göstərməkdir. İnanıram ki, bu Zirvə elə dövlət özəl tərəfdaşlığına əsl nümunə ola biləcək. 

-Zirvənin konsepti “Fərq yaradır” mesajıdır. Sizcə, tədbir fərq yaratmağı bacara biləcəkmi? Ümumiyyətlə, hansı sahələrdə fərq yaratmağa ehtiyac var?

Hər bir sahədə fərq yaratmaq mümkündür, hətta vacibdir. Səhiyyə sistemində isə fərq yaradacaq işlər çoxdur. Bir sözlə, bu sahə bizdə elə də köhnə deyil, yenidir. Yeni olduğu üçün də gediləsi yolumuz hələ uzundur. Bizim tədbirimiz səhiyyə idarəetməsinə fərqli baxış gətirməyə çalışacaq, bu sahədə yeni trendləri və strategiyaları müzakirə edəcək deyə düşünürəm ki, gün sonuna iştirakçılar yaratmağa çalışdığımız fərqi hiss edə və daha sonra tətbiq edə biləcəklər.

- Hazırda təşkilati işlər hansı mərhələdədir? 

Bilirsiniz ki, “Facemark” komandası olaraq illik 10 müxtəlif istiqamətdə davamlı tədbirlər təşkil edirik. Bizim hazırda oturuşmuş tədbir idarəetmə sistemimiz, hazır həllərimiz, avtomatlaşdırılmış tapşırıq idarəetmə və satış modelimiz mövcuddur. Adətən tədbirlərimizə hazırlıqları 3 mərhələyə bölürük. İlk mərhələdə tədbirə qədərki işlər üzrə ümumi tapşırıqların demək olar ki, 30%-ni icra etmişik. Düşünürəm ki, TƏBİB-in də yaxından iştirakı ilə yaxın günlərdə spikerlərimizi tam seçərək kontentimizi maksimum gücləndirə biləcəyik. Hazırkı satış göstəriciləri də bizə gedişatın gözlədiyimizdən də yaxşı olacağını göstərir.

-“Facemark” şirkəti olaraq il sonunadək hansı forum/konfransları həyata keçirməyi planlaşdırırsınız? Sizcə, SMZ2023 digər tədbirlərdən hansı amillərə görə fərqlənəcək?

Bizim üçün hər yeni tədbir yeni həyəcandır. Baxmayaraq ki, artıq təşkil etdiyimiz tədbirlər 40-a yaxındır. Amma hər dəfə yeni mövzuda tədbir təşkil edəndə, komanda olaraq proseslərdə 4-5 ay içində olduqca, sanki ilk dəfə bu işi görürmüşcəsinə həyəcan və həvəslə yanaşırıq. İl sonuna qədər bizim Təhsil Menecmenti Zirvəsi, Sənaye-Universitet işbirliyinə dair forum, Sənayedə Təhlükəsizlik Zirvəsi və hələ ki, prosesdə olan, müqavilə mərhələsində olduğu üçün adını çəkə bilmədiyim 2 böyük layihəmiz var. 

-Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?

İştirakçılara əslində həmişə demək istədiyim, dediyim sözü təkrar bildirmək istərdim. Bu tip tədbirlər öyrənmək, bilikləri paylaşmaq, sektordan olan insanlarla iş və dostluq münasibətləri qurmaq üçün əvəzsizdir. Ümumiyyətlə, bütün sektorlar üzrə bu cür müzakirə platformalarının təşkil edilməsi ancaq və ancaq sektorunun özünün böyüməsinə, ekosistem iştirakçılarının daha da maariflənməsinə xidmət edir və bununla da ölkəmiz üçün ciddi dəyər yaradır. Biz də komanda olaraq belə bir faydalı işin bir parçası olmaqdan böyük məmnunluq duyuruq. Gəlin, bərabər öyrənək, fikir və düşüncələrimizi paylaşaq, faydalı olaq.

Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/hmsbaku

İnstaqram: https://www.instagram.com/hmsbaku

LinkedIn: https://www.linkedin.com/company/98313581

SəhiyyəMenecmentiZirvəsi Nigar Rüstəmli SağlamAilə RafiqHunaltay
04.10.2023 15:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ