Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesi qəbul edilib
Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin görüşündə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, o cümlədən “yaşıl” enerjinin ixracı sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutan Birgə Kommünike qəbul edilib.14 noyabr 2023-cü il tarixində Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.
Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.
Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının müvafiq nazirliklərinin rəhbərlərinin BİRGƏ KOMMÜNİKESİ
Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə;
Bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq;
Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq;
Azərbaycan Respublikasının region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq;
Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq;
Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək;
“Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığını nəzərə alaraq;
Nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstan Respublikasının Energetika Nazirliyi;
Nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının Energetika Nazirliyi;
Nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi;
Nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
Nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Energetika Nazirliyi
14 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində iclas keçiriblər.
Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.
Nazirlər təsdiqləyiblər ki, “yaşıl” enerjinin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, həmçinin milli enerji sənayelərinə yeni təkan verəcək.
1) İclasda iştirak edən tərəflər (bundan sonra “Tərəflər”) aşağıdakı istiqamətlər üzrə texniki tapşırığı hazırlamaq üçün Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəldilər:
- bərpa olunan enerji mənbələrinə fokuslanaraq enerji mübadiləsi sahəsində əməkdaşlıq;
- “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı imkanları sahəsində əməkdaşlıq;
- müvafiq infrastrukturun yaradılmasında əməkdaşlıq.
2) Tərəflərin təsdiq etdiyi texniki tapşırıq əsasında ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan ediləcək;
3) Tərəflər qısa müddət ərzində layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini nəzərdən keçirəcəklər;
4) Tərəflər regionda üçüncü ölkələrin iştirakına imkan verən layihə formatından istifadə etmək niyyətlərini təsdiq edirlər.
Tərəflər üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildiriblər.
Layihənin təşviqi üzrə sistemli işin təşkili məqsədilə Tərəflər razılığa gəliblər:
- həftəlik əsasda, o cümlədən onlayn formatda ekspertlər səviyyəsində Birgə İşçi Qrupun iclaslarını keçirmək;
- hər ay onlayn rejimdə energetika nazirləri səviyyəsində danışıqları təşkil etmək;
- rübdə bir dəfə müvafiq nazirliklərin rəhbərləri səviyyəsində üzbəüz görüşlər keçirmək.
Tərəflər müvafiq nazirliklərin rəhbərləri səviyyəsində növbəti görüşün Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilməsi barədə razılığa gəliblər.
Qazaxıstan Respublikasının energetika naziri A.Satkaliyev
Özbəkistan Respublikasının energetika naziri J.Mirzamahmudov
Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri L.Kudratov
Azərbaycan Respublikasının iqtisadiyyat naziri M.Cabbarov
Azərbaycan Respublikasının energetika naziri P.Şahbazov
Bakı ş., 14 noyabr 2023-cü il
(Qeyri-rəsmi tərcümə)
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
20 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO

























