Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə ilə müsahibə.

- Cəmil müəllim, “Azərbaycan Hava Yolları” özünü klassik aviaşirkət kimi təqdim edir. Sizin aşağıbüdcəli (loukoster) aviaşirkətlərdən əsas fərqiniz nədir?

- AZAL-da bu fərqlər qabaqcıl beynəlxalq təcrübəyə mümkün qədər yaxındır. Biz sərnişinlərə rahat uçuşlar və aviabiletə daxil olan geniş çeşidli xidmətlər, o cümlədən ödənişsiz baqaj, qeydiyyat, təyyarədə yemək, uçuş zamanı əyləncə və s. təklif edirik. Biz “Azərbaycan Hava Yolları” ilə həyata keçirilən hər bir uçuşun xoş və yaddaqalan olmasına çalışırıq.

Aşağıbüdcəli aviaşirkət modeli isə əksinə, aviabiletlərin qiymətini maksimum endirmək üçün xidmətlər çeşidini məhdudlaşdırır. Demək olar ki, bütün əlavə xidmətləri(“ancillaries”) xaric edərək aşağıbüdcəli aviaşirkətlərin siyasəti əsasən həmin xidmətlərin maksimum təşviqi və satışına əsaslanır. Dünyanın bəzi aparıcı aşağıbüdcəli şirkətlərində əlavə xidmətlərdən əldə olunan gəlirin ümumi gəlir portfelində payı 40-50 % təşkil edə bilər. Bu, klassik aviaşirkətlərlə müqayisədə daha yaxşı və ya pis deyil – sadəcə, biznesə fərqli yanaşmadır.

- Bununla belə, bir çox sərnişinlər biletlərin baha olmasından şikayətlənirlər. Bunu necə izah edə bilərsiniz?

- Məqsədimiz münasib qiymətlərlə sərnişinlərimizin dəyər verdiyi yüksək xidmət arasında balans tapmaqdır. Biz çalışırıq ki, hər bir sərnişinə ödənilən vəsait müqabilində maksimum rahatlıq və yülsək xidmət təqdim edilsin, bu zaman aviabiletlərin dəyərinin də yüksək hesab edilə biləcəyini anlayırıq.

Biletin qiyməti bir çox amillərlə əlaqəlidir və heç də hər zaman aviaşirkətin istəklərindən birbaşa asılı deyil. Anlamaq lazımdır ki, biz təkcə hava gəmiləri parkımıza xidmət göstərilməsinə və onun təkmilləşdirilməsinə sərmayə qoymuruq, həm də biletlərin son dəyərinə təsir edən dəyişkən yanacaq qiymətləri və digər istismar xərcləri ilə üzləşirik.

Təəssüf ki, COVID-19 pandemiyası və onun məlum nəticələri bütün aviasiya sənayesinə mənfi təsir göstərərək aviaşirkətlərin xərclərini və nəticədə bilet qiymətlərini artırmışdır. Xərcləri optimallaşdırmaq üçün tərəfimizdən fəal iş aparılır, lakin xidmət keyfiyyəti baxımından qənaət etmək istəmirik.

Artıq sərnişinlərə daha münasib uçuşların təqdim olunması istiqamətində müvafiq tədbirlər görülüb. Aşağıbüdcəli aviaşirkətlər ilə klassik şirkətlər arasındakı fərq sürətlə azalır, bu, müasir tendensiyadır. Demək olar ki, AZAL-ın bütün reyslərində ödənişsiz baqaj xidməti təqdim edilmədən və biletin qaytarılması və yenidən təxsis edilməsi ilə bağlı ciddi şərtlər irəli sürülməklə xüsusi büdcə tarifi tətbiq edilib ki, bu da onu digər tariflər sinfi ilə müqayisədə daha ucuz edir.

Endirim kampaniyaları haqqında da unutmayaq. Son iki il ərzində tərəfimizdən müxtəlif endirim kampaniyaları fəal şəkildə keçirilir.

Belə kampaniyalar həm müştərilər, həm də aviaşirkət üçün əlverişlidir və qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırır. Sərnişinlər daha münasib qiymətə bilet almaq imkanı əldə edirlər, aviaşirkət üçün isə onun haqqında məlumatlılıq səviyyəsinin və reyslərdə sərnişin oturacaqlarının tutulma faizinin artmasına şərait yaranır.

Uğurlu kampaniyalar haqqında nümunə gətirmək istərdim. Belə ki, 23 noyabr 2023-cü il tarixində “qara cüməyə” həsr olunmuş “Uçuran kampaniya” adlanan aksiya zamanı AZAL ənənəvi endirimləri yenilənmiş mobil tətbiqinin təşviqi ilə birləşdirdi. Bir gün ərzində minlərlə insan 40 istiqamət üzrə endirimli qiymətlərlə bilet əldə etdi. Həmin gün AZAL-ın onlayn satış platformasına 100 mindən çox insan keçid aldı. Nəticələr inanılmaz oldu: “Android” və iOS platformalarında tətbiqin yüklənməsinə görə aviaşirkətimiz regionda birinci yerə yüksəldi və kampaniyanın bir günü ərzində 11 min bilet satıldı.

Bu tədbirlər nəticəsində 2024-cü ilin ilk altı ayı ərzində AZAL-ın aviabiletlərinin orta qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 % aşağı düşüb.

Biz sərnişinlərimiz üçün daha cəlbedici təkliflərin təqdim edilməsinə yönəlmiş bənzər kampaniyaları və digər tədbirləri davam etdirəcəyik.

- Pandemiya haqqında danışdınız – pandemiya və post-pandemiya dövrü aviaşirkətə necə təsir etdi?

- Pandemiya, şübhəsiz ki, aviasiya sahəsi üçün ciddi sınaq oldu. Hava gəmilərimizin əksəriyyətinin istismarı dayandırılmış, marşrut şəbəkəsi gündə bir neçə reysədək azaldılmışdı.

2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ilk yumşalma mərhələsindən sonra uçuşlar tədricən bərpa olunmağa başladı.

2022-ci ili post-pandemiya dövrünün başlanğıcı adlandırmaq olar. Aviaşirkətin daxili transformasiyasının başlaması ilə üst-üstə düşərək bərpa prosesi sürətləndi. Uzunmüddətli qadağalardan sonra səyahətə olan tələbatın artması ailə büdcəsini səyahətə sərf etməyə hazır olan müştərilərin sayının artmasına səbəb oldu. Lakin pilotların, texniki heyətin və təyyarələrin çatışmazlığı səbəbindən aviaşirkətlər tələbatı tam təmin edə bilmirdi və bu da bütün dünyada uçuşların bahalaşmasına gətirib çıxardı.

2023-cü və 2024-cü illərdə aviadaşımaların həcminin artması və əlverişli bazar şəraiti aviaşirkətin uğurla Inkişaf etməsinə təkan verdi.

Hazırda bazarın tədricən sakitləşməsi, pandemiyadan əvvəlki mövsümi tələbat və qiymət təklifinin formalaşması prosesi müşahidə olunur. Bu, AZAL üçün əlavə imkanlar yaradır.

- Artımı nümayiş etdirən konkret rəqəmlər söyləyə bilərsinizmi?

- 2023-cü il və 2024-cü ilin birinci yarısı AZAL aviaşirkəti üçün həm sərnişinlərin sayı, həm də marşrut şəbəkəsinin genişləndirilməsi üzrə göstəricilərin artması ilə əlamətdar olub.

2023-cü ildə AZAL Avropa və Asiyaya 31 yeni istiqamət açaraq aktiv mövqe nümayiş etdirib və bu, aviaşirkətin tarixində rekord göstərici kimi qeydə alınıb. Rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər kompleksi çərçivəsində qiymət siyasətinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi həyata keçirilib.

Nəticədə 2022-ci illə müqayisədə 2023-cü ildə sərnişin dövriyyəsi 30 % artaraq rekord həddə – 2,9 milyon nəfərə çatıb. Beynəlxalq reyslərdə xüsusilə əhəmiyyətli artım müşahidə olunub, sərnişinlərin ümumi sayı 46 % artaraq 2,2 milyon təşkil edib.

2024-cü ilin ilk 6 ayında reyslərin yüklənmə əmsalı 80 %-ə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Eyni zamanda, qeyd etdiyim kimi, aviabiletin orta qiyməti ötən illə müqayisədə 18 % azalıb. 2024-cü ilin birinci yarımilliyində AZAL-ın satışa çıxardığı sərnişin oturacaqlarının ümumi həcmi ötən illə müqayisədə təxminən 50 % çox olub.

- Yeni istiqamətlərin açılması və təklif edilən oturacaqların sayının kəskin artması ilə əlaqədar hansı çətinliklərlə qarşılaşdınız?

- Belə sürətli artım istənilən aviaşirkət üçün çətinlik yarada bilər və AZAL da istisna deyil.

Əsas çətinliklərdən biri təyyarə çatışmazlığı idi. Biz bu məsələni “wet lease” (“yaş lizinq”) vasitəsilə – təyyarələri ekipaj üzvləri, texniki xidmət və sığorta ilə birlikdə icarəyə götürməklə həll etdik. Bu addım xidmət və təhlükəsizlik standartlarını qoruyub saxlamaqla operativ şəkildə donanmanı genişləndirməyə və tələbatı ödəməyə imkan verdi. Qeyd olunan üsul ucuz başa gəlməsə də və bəzi sərnişinlər tərəfindən qınansa da, 2025-2026-cı illərdə hava gəmiləri parkına yeni “Boeing”və “Airbus” tipli hava gəmiləri daxil edilənədək biz artımı təmin edə və bir çox mühüm strateji istiqamətlərdə bazar payını artıra bildik.

Cari çətinliklərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunun məhdud buraxılış qabiliyyətinin olmasıdır. Hazırda bu problemin aradan qaldırılması ilə bağlı fəal iş gedir. Hava limanının birinci terminalının layihələndirilməsi zamanı mövcud daşıma həcmi barədə proqnoz vermək çətin idi. Yaxın bir neçə il ərzində mövcud infrastrukturla çalışa biləcəyik, lakin orta və uzunmüddətli inkişaf üçün infrastrukturun modernləşdirilməsi zəruridir.

Biz, eyni zamanda, ciddi rəqabətlə üzləşirik. Azərbaycanın beynəlxalq daşımalarında payımız yarıdan az təşkil edir. Bazara çoxsaylı aşağıbüdcəli aviaşirkət, daha dəqiq desək, 17 loukoster daxil olub ki, onların da təzyiqini öz üzərimizdə hiss edirik. Bu gün AZAL-ın marşrut şəbəkəsinə daxil olan istiqamətlərin demək olar ki, 90 %-də digər ölkələrdən rəqib aviadaşıyıcılar uçuşlar yerinə yetirir. Sərnişinlərin həmişə seçim etmək hüququ var və aviaşirkətlər bunu yaxşı anlayaraq hər bir müştəri üçün mübarizə aparır. Rəqabətqabiliyyətli qalmaq üçün daha rahat xidmət və cəlbedici qiymət təklifləri təqdim etməliyik.

- Azərbaycanın əlverişli coğrafi mövqeyi strategiyanızda hansı rolu oynayır?

- Bu sualı verdiyinizə görə təşəkkür edirəm. Qeyd etdiyiniz məqam əsas amillərdən biridir. Azərbaycan zəngin təbii ehtiyatlara malikdir, lakin əlverişli coğrafi mövqenin aviasiya sənayesi üçün əhəmiyyəti çox vaxt unudulur. Ölkəmiz Avropa və Asiyanın kəsişməsində yerləşir və bu qitələr arasında yerinə yetirilən uçuşlar məntiq etibarı ilə əsas rəqib qovşaqlarımız olan İstanbul və Dubay ilə müqayisədə Bakını transfer marşrutları üçün daha cəlbedici edir. Bu, imkanlarımızı xeyli genişləndirməyə zəmin yaradır.

“Digər reysə keçid etməklə iki məntəqə arasında uçuş zamanı sərf olunan vaxt” deyilən bir göstərici var. Bakıdan keçməklə yerinə yetirilən marşrut, bir qayda olaraq, alternativ məntəqələrlə müqayisədə daha qısa və sərfəlidir.

Bu gün Azərbaycandan keçən transfer sərnişinlərinin payı 20 %-ə çatıb. Buna həm geosiyasi amillər, həm də satış komandamızın böyük bazarlara çıxmaq məqsədilə həyata keçirdiyi fəal iş öz təsirini göstərib.

Qeyd etmək vacibdir ki, geniş yayılmış fikrin əksinə olaraq, göstəricilər üzrə transferin payının çox olması məqsəd deyil. Bu, AZAL üçün zəruri vasitədir, çünki daxili bazarımız nisbətən kiçikdir – 10 milyon nəfər təşkil edir. Hətta gəlmə turizmin artımını nəzərə alsaq, aviaşirkətin sürətli inkişafı üçün xarici bazarlara çıxması və öz payını qazanması lazımdır. Bununla belə, sabit, iqtisadi cəhətdən dayanıqlı Azərbaycanla müqayisədə xarici bazarlarda qiymət dəyişkənliyi səbəbindən bu bazarlardan həddindən artıq asılılıq riskli ola bilər.

AZAL-ın uğuru yaxın 5-10 il ərzində məhz birbaşa və transfer sərnişin axını arasında düzgün balansın tapılmasından ibarət olacaqdır.

- AZAL-ın inkişaf planları haqqında danışa bilərsiniz?

- Biz qarşımıza iddialı hədəflər qoyuruq: 2030-cu ilədək sərnişin axınını 2 dəfədən çox artırmağı, marşrut şəbəkəsini 80 istiqamətədək genişləndirməyi və regionda aviasiya sahəsi üzrə lider mövqeyini möhkəmləndirməyi planlaşdırırıq.

Hazırda AZAL müntəzəm sərnişindaşımalar üçün özünün müxtəlif tipli 25 hava gəmisindən istifadə edir ki, onların da orta yaşı 11 il təşkil edir. Bundan əlavə, qeyd etdiyim kimi, sərnişin axınını artırmaq üçün 3 “Airbus A320” tipli təyyarə müvəqqəti olaraq icarəyə götürülüb.

Strateji inkişaf planına əsasən, 2030-cu ilədək aviaşirkətin hava gəmiləri parkında orta yaşı 5-6 ilə qədər olan yalnız 2-3 tip təyyarə olacaq ki, bu da aviasiya sənayesi üçün yaxşı göstəricidir. Bu yanaşma təyyarələrə xidmət göstərilməsi və personalın hazırlığı ilə əlaqəli xərcləri əhəmiyyətli dərəcədə azaldacaqdır.

Bu məqsədlə “Neo” ailəsinə məxsus yeni “Airbus” və geniş gövdəli “Boeing 787 Dreamliner” tipli təyyarələrin tədarükünə dair müqavilələr imzalanıb.

Marşrut şəbəkəsi Asiya, xüsusilə Çin, Qazaxıstan və Özbəkistan istiqamətində fəal şəkildə inkişaf edəcəkdir.

- Bu məqsədlərə çatmaq üçün hansı mühüm addımları atırsınız?

- Mən ölkənin əlverişli coğrafi mövqeyi barədə suala cavab verərkən bu mövzuya bir qədər toxundum. Aviaşirkət “hub-and-spoke”, sadə dildə desək, xüsusi “qovşaq” modelini təqdim edir ki, bu da transfer sərnişinləri üçün reyslər arasında rahat bağlantının həyata keçirilməsində istifadə olunur.

Gün ərzində iki dəfə – səhər və axşam əlaqələndirmə “dalğasını” təşkil edərək transfer sərnişinlərinin axını hesabına daşıma həcmini artırırıq, eyni zamanda, birbaşa Bakıdan gedən və Bakıya gələn sərnişinlərin səyahətləri üçün daha çox seçim təklif edirik. Əminəm ki, yerli aviasiya həvəskarları artıq uçuş cədvəlimizi təhlil edərək belə “dalğaların” quruluşuna diqqət yetiriblər. Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında və reyslərdə xarici sərnişinlərin sayı bunu sübut edir.

“Qovşaq” modeli marşrutları optimallaşdırmağa, xərcləri azaltmağa və sərnişin axınını artıraraq bütün uçuşlar üzrə bərabər paylamağa və boş oturacaqların sayını azaltmağa imkan yaradır. Eyni zamanda, reyslər bir-biri ilə elə uzlaşdırılmalıdır ki, sərnişinlər baza hava limanında birləşmə reyslərindən tez istifadə edə bilsinlər.

“Qovşaq” modelinin tətbiqi prosesi mürəkkəb olsa da, hava gəmilərinin istifadəsini optimallaşdırmaqla və uçuşların yüklənməsini yaxşılaşdırmaqla məhz qeyd olunan modelin AZAL-ın dünya aviadaşımalar bazarında uğurunun əsas amili olduğunu hesab edirik.

- Bütün bu inkişaf istiqamətlərini dəstəkləmək üçün hava gəmiləri parkını yeniləmək və genişləndirmək məqsədilə hansı tədbirləri həyata keçirirsiniz?

- Təbii ki, aviaşirkətin sürətli inkişafı donanmanın yenilənməsi və genişləndirilməsi üçün əhəmiyyətli investisiyalar tələb edir. Aviaşirkət 2023-cü ilin aprel ayında “Airbus” və “Boeing” şirkətləri ilə hava gəmilərinin təchizatına dair müqavilələr imzalayıb. Təyyarələr yaxın bir neçə il ərzində ölkəyə çatdırılacaq. Xüsusilə vurğulamaq istərdim ki, bu razılaşmanın maliyyələşdirilməsinin aviadaşıyıcının öz vəsaiti hesabına təmin edilməsi planlaşdırılır.

Şirkətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq yeni təyyarələr sərnişinlərin rahatlığını yaxşılaşdırmaq və karbon qazı emissiyalarını azaltmaq üçün müasir texnologiyalarla təchiz ediləcəkdir.

Eyni zamanda, hava gəmiləri parkımızı daha səmərəli və ekoloji cəhətdən təhlükəsiz etmək üçün köhnə təyyarələri tədricən istismardan çıxarırıq.

- Rəqabət qabiliyyətini saxlamaq və yeni müştəriləri cəlb etmək üçün hansı strategiyalardan istifadə edirsiniz?

- Dinamik hava daşımaları mühitində AZAL öz fəaliyyətini bir neçə əsas strategiya üzərində qurur. Biz sərnişinlərə xidmət keyfiyyətini və müştəri təcrübəsini artırmaq üçün daim işləyir, onların ehtiyac və gözləntilərini maksimum dərəcədə təmin etməyə çalışırıq. Buraya hava limanlarında xidmətlərin təkmilləşdirilməsi, uçuş zamanı qida, loyallıq proqramlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi daxildir.

Fəaliyyətini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün şirkət müasir texnologiyalardan və innovativ həllərdən fəal şəkildə istifadə edir ki, bu da xərcləri azaltmağa, xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa və sərnişinlərə daha sərfəli tariflər təklif etməyə imkan yaradır.

Bundan əlavə, qeyd etdiyim kimi, biz müasir və səmərəli təyyarələr almaqla parkımızı mütəmadi olaraq yeniləyirik. Bununla da yanacaq xərclərini və CO2 emissiyalarını azaltmağa (bu, Bakıda keçiriləcək COP29 kontekstində xüsusilə vacibdir), həmçinin sərnişinlərə daha rahat uçuşlar təqdim etməyə nail oluruq.

Sərnişinlərə uçuş milləri toplamaq, aviabilet alışı zamanı endirimlər əldə etmək və digər imtiyazlardan yararlanmaq imkanı verən loyallıq proqramımızı xüsusilə qeyd etmək istərdim. Bu proqram da, öz növbəsində, AZAL-ın sərnişinlər üçün cəlbediciliyini artırır və onları aviaşirkətin xidmətlərindən təkrar istifadə etməyə həvəsləndirir. Yeri gəlmişkən, yaxın gələcəkdə tez-tez uçan sərnişinlərimiz üçün yenilənmiş loyallıq proqramını təqdim etməyi planlaşdırırıq. AZAL bazarda mövcud olan ən yaxşı proqram təminatlarından birini əldə edərək mükafatlar və xal toplama sistemini tamamilə yeniləyib. İndi veb-saytdakı şəxsi kabinet vasitəsilə sərnişinlər uçuş millərini idarə edə, həmçinin ofisə getmədən aviabiletləri uçuş milləri hesabına onlayn ala biləcəklər.

AZAL-da biletlərin təxsis edilməsi prosesi xeyli asan və sürətli olub. AZAL-ın mobil tətbiqi vasitəsilə sərnişinlər istənilən vaxt və istənilən yerdə uçuşlara qeydiyyatdan keçə və təxsisini idarə edə bilərlər. Yeni onlayn qeydiyyat sistemi sərnişinlərə uçuşdan 48 saat əvvəl qeydiyyatdan keçməyə və təyyarədə yer seçməyə imkan verir. Sayt vasitəsilə aviabiletin avtomatik qaytarılması funksiyası artıq tətbiq edilib, yaxın gələcəkdə isə biz gediş tarixinin avtomatik dəyişdirilməsi funksiyasını tətbiq edəcəyik.

Ümumiyyətlə, biz yeni texnologiyaların və rəqəmsallaşmanın tətbiq edilməsinə fokuslanmaq qərarına gəldik. Və burada birbaşa satış kanallarının – veb-saytımızın və mobil tətbiqin rolunu qiymətləndirməmək olmaz. Bu gün sərnişin dövriyyəsinin öncə qeyd olunan sürətli artımına paralel olaraq, onlayn satışın payı da fəal şəkildə artır və artıq 39 % təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, əsas istiqaməti Bakı-Naxçıvan-Bakı marşrutu olan daxili reyslər üçün bu rəqəm 50 %-ə çatır.

Bununla belə, bizim əsas üstünlüyümüz həmişə AZAL-da çalışan insanlar olub və qalır. Bugünkü aviaşirkət öz işini sevən, nəticələrə və qarşıda duran inkişaf yoluna görə məsuliyyəti dərk edən peşəkarlardan ibarət həmrəy komandadır. Biz dünyanın aparıcı aviaşirkətlərinin ən yaxşı təcrübələrini öyrənib tətbiq etməyə, məlumatların təhlili əsasında qərarlar qəbul etməyə və insan potensialına sərmayə qoymağa çalışırıq.

- Bəs AZAL brendinin beynəlxalq səviyyədə tanınması barədə nə deyə bilərsiniz?

- Təbii ki, brendin daha yaxşı tanınması üçün təkcə əhəmiyyətli investisiyalar deyil, həm də beynəlxalq bazarı dərindən dərk etməyi tələb edən kompleks yanaşma olmalıdır.

AZAL xaricdə tanınan azsaylı Azərbaycan brendlərindən biridir. Bir çox qonaqların ölkəmizlə tanışlığı məhz bizdən başlayır və biz bu missiyaya məsuliyyətlə yanaşırıq. Ona görə də biz milli koloriti təyyarə göyərtəsində xidmətə daxil etməyə istiqamətlənmişik.

Aviaşirkətimizin beynəlxalq mükafatlara layiq görülməsi ilə bağlı da bir neçə nümunə mövcuddur. Belə ki, 2024-cü ilin iyun ayında “Skytrax” reytinq təşkilatına görə “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı regional aviaşirkəti” statusunu təsdiqləmişik. Bununla belə, hazırda AZAL brendinin xarici ölkələrdə yaxşı tanınması üçün hələ də təkmilləşdirmələrin həyata keçirilməsi tələb olunur. Biz aviaşirkətin nüfuzuna fəal şəkildə sərmayə qoymalıyıq.

Eyni zamanda, səyahətçilərin müsbət rəyləri və tövsiyələri brendin nüfuzunun artmasına kömək edəcəkdir.

- Müsahibəyə görə, təşəkkür edirik.

©  “Report”

Cəmil Manizadə azal
21.08.2024 09:52

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ