Ən yuxarı statik reklam-3_3

İxracatçılara 4 saata sertifikat verilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracatçılara 4 saata sertifikat verilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyevin 20 aprel 2016-cı ildə imzaladığı fərmana əsasən yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etməyə imkan yaratdı. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 

Reklam_3_11

İslam və türk dünyasında ilk Rəqəmsal Ticarət Qovşağı

 

Prezident İlham Əliyevin 2016-cı il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncamına əsasən mərkəzin nəzdində yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədilə ölkəmizdə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları əks etdirən “Azexport.az” internet portalı yaradıldı.


Portalın real vaxt rejimində fəaliyyəti təmin olundu. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiyası əsasında Azərbaycan mallarını dünyaya sərgiləyir. 


Bu ilin fevral ayının 23-də isə Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmanda göstərilirdi ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını təmin etməlidir. 


Qısa müddət ərzində dövlət başçısının tapşırıqları yerinə yetirildi və iyun ayının 30-da mərkəz tərəfindən Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirildi. Bu, İslam və türk dünyasında ilk rəqəmsal ticarət qovşağını təqdim edən Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni üstün mövqeyini müəyyənləşdirdi.

 

İxracatçı sahibkarlara yaradılan unikal imkan

 

Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə bağlı imzalanan fərmanın bir müddəasına əsasən sahibkarlara, ixracatçılara göstərilən dövlət qayğısının daha da genişləndirilməsi məqsədi ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi də yaradıldı. “Azexport.az” portalının nəzdində fəaliyyət göstərən bu qurumun yaradılmasında məqsəd sahibkarların, ixracatçıların az resurs sərf etməklə ixrac prosedurlarının daha sürətlə və asan şəkildə həll edilməsi idi. 


Artıq 2 aya yaxındır ki, adıçəkilən mərkəz sahibkarların xidmətindədir. Az bir zamanda qurum 300 sahibkarla görüş keçirib və Azərbaycana təşrif buyuran beynəlxalq iqtisadçı ekspertlərin böyük marağına səbəb olub. Elə biz də göstərdiyi xidmətlər, sertifikatların alınması ilə bağlı prosedur qaydaları ilə tanış olmaq üçün mərkəzə üz tutduq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılar üçün bütün müvafiq şərait yaradılıb. Hazırda mərkəzə inteqrasiya olunan dövlət orqanlarının nümayəndələri xidmət mərkəzində fəaliyyət göstərərək informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. Burada İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri fəaliyyət göstərirlər. Adıçəkilən hər qurum ixracatçılara sertifikatların verilməsi ilə bağlı mərkəzə nümayəndə göndərib. 


“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin koordinatoru Nicat Hacızadə öncə bizə yeni yaradılmış qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, burada sahibkarlar ixrac etdikləri məhsullara keyfiyyət, mənşə (İqtisadiyyat Nazirliyi), baytarlıq və fitosanitar (Kənd Təsərrüfatı Nazirliyi), vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) asanlıqla əldə edə bilirlər. Eyni zamanda mədəni sərvətin mühafizəsi şəhadətnaməsini (Mədəniyyət və Turizm Nazirliyi) və dini ədəbiyyatın ixracına (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) razılığı da buradan almaq olar. Yəni ixrac fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər mərkəzin xidmətlərindən heç bir rüsum ödəmədən faydalana bilərlər.

 

Cəmi 4 saata ixrac məhsulu üçün tələb olunan sertifikatlar verilir

 

Nicat Hacızadə deyir ki, sahibkarlar həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, “Azexport.az” portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.


Mərkəz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Mərkəzə müraciət edən ixracatçının bütün sənədləri doğru olarsa, cəmi 4 saat müddətində ixrac etmək istədiyi məhsula aid bütün sertifikatları əldə edə bilir. Yəni heç bir dövlət qurumuna üz tutmadan sahibkar bir gün ərzində rahat şəkildə burada istədiyi sertifikatı ala bilir. 
Bununla yanaşı, sahibkarlar mərkəzə gəlmədən də istədiyi sertifikatı əldə edə bilər: “Biz regionlarda fəaliyyət göstərən sahibkarlara vaxt itkisi olmasın deyə imkanlar yaratmışıq. Onlar Bakıya gəlmədən elektron qaydada bizə müraciət edə bilərlər. Sənədlərə baxıldıqdan sonra sertifikatlar elektron formada sahibkara təqdim edilir”.
Nicat Hacızadənin sözlərinə görə, mərkəzin yaradılması Azərbaycanda ixracın stimullaşdırılmasında çox böyük rol oynayacaq. Çünki Prezident  İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi islahat konsepsiyasına uyğun olaraq yaradılan bu qurumlar ölkəmizin dayanıqlı iqtisadi inkişafının təminatında müsbət rol oynayır. Azərbaycan nəinki regionda, dünyada ilk ölkələrdən biridir ki, ixracın vahid pəncərəsini yaradır və bu, onlayn rejimdə fəaliyyət göstərir. Bu, sahibkarlar üçün yaradılan unikal imkandır.

 

Biznes planların yazılması, gömrük bəyannamələrinin doldurulması da ödənişsizdir

 

Mərkəzin digər fəaliyyət istiqaməti isə ixracatçı sahibkarlara məsləhətlərin verilməsi prosesidir. Bu, həm ödənişli, həm də ödənişsiz ola bilər. Mərkəzin koordinatoru deyir ki, hazırda göstərilən bütün xidmətlər ödənişsizdir. 


Bununla yanaşı, mərkəzdə ixracatçılarla görüşlərə də start verilib. Bu görüşlərin keçirilməsində məqsəd “Bir Pəncərə”nin xidmətləri barədə ixracatçıları məlumatlandırmaq, həmçinin ixrac prosedurlarının sadələşdirilməsi sahəsində aparılan islahatlarla sahibkarları tanış etməkdən ibarətdir: “Elə sahibkarlar var ki, onların əllərində müəyyən qədər məhsul var, ancaq məhsulunu xarici bazara çıxarmaq üçün ixracla bağlı hər hansı məlumatları yoxdur. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə sahibkarlıq düşüncə tərzinin təşviqi ilə bağlı müddəa mövcuddur. Biz də ilkin olaraq sahibkarlara bu istiqamətdə yardımlar göstəririk. Pulsuz məsləhətlər veririk, istiqamət göstəririk və mallarını xarici bazarlara çıxarmaq üçün real imkanlar yaradırıq. Eyni zamanda hansı bazarlarda hansı sertifikatların tələb olunduğu barədə məlumat verir və onları həmin sertifikatla təmin edirik. Çünki xarici ölkələrdə məhsullara tələb olunan sertifikatlar müxtəlifdir. Avropa ölkələri, ABŞ-da məhsullara görə tələblər daha sərtdir. Ona görə də daim maarifləndirmə işləri aparırıq və biznes planların yazılmasına dəstək göstəririk”. 


Bundan başqa, mərkəzdə gömrük bəyannamələrinin doldurulması istiqamətində də sahibkarlara yardımlar edilir. Sahibkarlar sertifikatları əldə etdikdən sonra gömrük bəyannamələri doldurulmalıdır. Mərkəz bu işi də ödənişsiz həyata keçirir. 


Nicat Hacızadənin sözlərinə görə, əgər sahibkarın logistik problemi olarsa, mərkəz bu istiqamətdə də öz köməyini göstərməyə çalışır: “Həqiqətən ixracatçı sahibkarın logistik probleminin olduğunu gördükdə biz öz yaxın tərəfdaşlarımızla onlara yardım edirik. Bu da mərkəz tərəfindən sahibkara məhsulun daşınması prosedurunda göstərilən nəqliyyat xidməti dəstəyidir. Bununla bağlı heç bir ödəniş tələb etmirik”.

 

İxracat subsidiyaları ilə bağlı sahibkarlara göstərilən dəstək

 

Mərkəzin qarşıdakı planlarına gəldikdə isə N.Hacızadə bildirdi ki, hazırda standartlaşdırma ilə bağlı məsələlər müzakirə edilir. Çünki Avropa ölkələrinin şirkətləri qida təhlükəsizliyi, İslam ölkələri isə “halal” standartları ilə bağlı tələblər irəli sürürlər. “Mərkəz qarşıdakı müddətdə standartlaşdırma şirkətləri ilə bağlı təlimlər, seminarlar keçirməyi planlaşdırır. Belə olacağı halda sahibkarlar artıq öz şirkətləri, məhsullarını beynəlxalq standartlara uyğunlaşdıracaqlar”, - deyən N.Hacızadə vurğuladı ki, mərkəzdə həm də ixracat subsidiyaları ilə bağlı sahibkarlara dəstək göstərilir. Bütün bunlar isə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilir və məqsəd bütün ixracatçı sahibkarlara hərtərəfli dəstəyin göstərilməsidir. 
Artıq bir neçə sahibkara müxtəlif çeşidli qeyri-neft məhsullarının ixracı ilə bağlı sertifikatlar da verilib. Mərkəzin fəaliyyətindən məmnun qalan sahibkarlar hesab edirlər ki, mərkəz sözün əsl mənasında onlar üçün böyük bir dəstək olaraq ixrac prosesini xeyli asanlaşdırıb. Onlar mərkəz vasitəsilə sənədləri almaq üçün vaxta qənaət edərək daha məhsuldar fəaliyyətə nail ola bilirlər.

 

Mərkəzdə gənclər üçün könüllülük proqramı da mövcuddur

 

Mərkəzin koordinatoru ilə söhbət zamanı o da bəlli oldu ki, burada könüllülük proqramı da mövcuddur. Könüllülər öncə təcrübə proqramı və maarifləndirici təlimlər keçirlər. Sonra onlar mərkəzə gələn sahibkarların uçota alınması, gömrük bəyannamələrinin doldurulması, ixracatçılara maarifləndirici məlumatların verilməsi proseslərini öyrənirlər. 


Bununla da könüllülər həm özləri üçün təcrübə toplayır, həm də gələcək üçün potensial işçi qüvvəsi kimi formalaşırlar.

 

Vəzifəmiz Azərbaycan sahibkarlarına təmənnasız xidmət və dəstəkdir

 

Nicat Hacızadədən ətraflı məlumat aldıqdan sonra burada sahibkarlara xidmət proseduru və beş dövlət qurumunun nümayəndələrinin, həmçinin könüllülərin iş fəaliyyəti ilə də maraqlandıq. 


İlk söhbətləşdiyimiz şəxs məlumat mərkəzində əyləşən könüllü Lalə Qarayeva oldu. O, 3 ay təcrübə proqramı keçib və 2 aydır ki, burada sahibkarların sənədlərinin yoxlanılması, gömrük bəyannamələrinin doldurulması prosesində onlara dəstək olur. Lalə Qarayeva keçdiyi təcrübədən məmnundur və inanır ki, burada öyrəndikləri gələcəkdə karyera qurmasına kömək edəcək.


Dövlət qurumlarının nümayəndələri ilə söhbət zamanı bəlli oldu ki, mərkəzə daxil olan sahibkarların əksəriyyəti kənd təsərrüfatı məhsullarının ixrac prosesini həyata keçirdikləri üçün onlara daha çox keyfiyyət, mənşə, baytarlıq və fitosanitar sertifikatlar lazım olur. Ona görə də burada daha çox İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrinə müraciətlər olur. 


İqtisadiyyat Nazirliyinin nümayəndəsi Kənan Hacızadə deyir ki, nazirlik tərəfindən qeyri-neft məhsullarının ixracı üçün sahibkarlara mənşə və Avropa Birliyi ölkələri üçün ixrac olunan məhsullara isə keyfiyyət sertifikatları verilir. Sahibkarlar tələb olunan sənədləri təqdim etdikdən sonra onlar ekspertizaya yönləndirilir. Əgər müsbət rəy verilərsə tez bir zamanda sertifikatlar hazırlanır. 


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Aida Məmmədova isə bildirdi ki, nazirlik tərəfindən ixracatçılara bitki və bitkiçilik məhsullarının ixracı üçün fitosanitar, heyvan və heyvan mənşəli xammalın ixracı üçün beynəlxalq baytarlıq sertifikatları verilir. Aida Məmmədovanın sözlərinə görə, hazırda ölkəmizdə ən çox ixrac olunan qeyri-neft məhsulları sırasında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.

 

İxraca Dəstək Mərkəzinin yaradılması islahatlar silsiləsində ən önəmli addımdır

 

Qurumda yerli sahibkarlarla yanaşı, beynəlxalq iqtisadçı ekspertlərlə də görüşlər keçirilib. Görüşlərin birində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen qeyd edib ki, istənilən ölkənin inkişafında əsas aparıcı vasitə özəl sektordur. Azərbaycan yoxsulluğun azaldılmasında, əldə edilən gəlirlərin əhali arasında bölüşdürülməsində uğurlar qazanıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi önəmli məsələdir. Azərbaycanın beynəlxalq ticarət baxımından zəngin tarixi var. Qonaq bu mərkəzin açılmasını ölkəmizdə icra olunan islahatlar silsiləsində ən önəmli addımlardan biri adlandırıb. 


Nicat Hacızadə də hesab edir ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yeni yaransa da, gələcəkdə ixracın stimullaşdırılmasında çox böyük rol oynayacaq: “Hələ mərkəz yenidir və bunun üçün də qarşımızda qoyulan vəzifələrin icrası üçün çox çalışmalıyıq. Çünki qeyri-neft ixracının genişləndirilməsi ümumilikdə ixracın şaxələndirilməsi baxımından bu gün təqdim olunan imkanlar yeni bir stimul yaradır. Düşünürəm ki, sahibkarlarımız üçün bu imkanlardan yararlanmaq çox mənfəətli olacaq”.

 

Qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər uğurlu nəticələr verir

 

Mərkəzin koordinatoru deyir ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən ixracın genişləndirilməsi, qeyri-neft ixracının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində həm ixracla bağlı prosedurların sayının azaldılması, həm ixracın stimullaşdırılması tədbirləri, eyni zamanda ixracla bağlı müxtəlif alətlər vasitəsilə sahibkarlara yeni imkanlar yaradılır. “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, ixrac missiyalarının və vahid ölkə stendlərinin təşkili, xaricdə patent və sertifikatların alınması ilə bağlı dəstək və digər mexanizmlər həyata keçirilir. 


“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin yaradılması isə ixracatçılarımızın işinin daha da asanlaşmasına imkan yaradacaq. Bu cür layihələrin icra olunmasının elektron hökumətin formalaşdırılması ilə yanaşı, ölkəmizin modern inkişaf istiqamətində verilmiş bir töhfədir. Zaman keçdikcə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin nə qədər faydalı və vacib mərkəz olduğunun şahidi olacağıq.

 
 
© “Azərbaycan”

19.09.2017 06:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ