Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Masallı sənaye məhəlləsinin hazır olacağı tarix açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Masallı sənaye məhəlləsinin hazır olacağı tarix açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabr ayının 22-də Balaxanı Sənaye Parkının, 24-də isə Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başladı.   Hazırda respublikamızda Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır.

  

Reklam_3_11

Sahibkarların böyük maraq göstərdikləri Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri davam edir. Qeyd edək ki, 2014-cü ilin oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib.


Cənub bölgəsində kiçik və orta sahibkarlar üçün geniş imkanlar açacaq bu sənaye məhəlləsində aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq üçün “Azərbaycan İnvestisiya Şirkəti”nə etdiyimiz müraciət müsbət cavablandırıldı və jurnalist marağı ilə Masallıya üz tutduq.

 

Cənub bölgəsində sənayenin inkişafına böyük töhfə

 

Rayonun Dadva yaşayış massivində ayrılmış 10 hektar torpaq sahəsində böyük tikinti-quruculuq işləri aparılır. Hava şəraitinin dumanlı-çiskinli olmasına baxmayaraq işlər səngimir. Müşayiətçimiz “Azərbaycan İnvestisiya Şirkəti”nin sənaye məhəllələri şöbəsinin müdiri Eldəniz Novruzov deyir ki, Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamına əsasən, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallıda yeni sənaye məhəlləsinin tikintisinə başlanılıb. 


Sənaye məhəllələrinin təyinatı və üstünlüklərindən də söz açan E.Novruzov deyir ki, ümumiyyətlə, sənaye məhəllələri üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi, hazır istehsalat sahələri idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.


Sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sadəcə olaraq, sahibkar öz avadanlığını icarəyə götürdüyü ərazidə quraşdırmaqla fəaliyyətə başlayır. 


Bir sözlə, sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

 

200 nəfər işçi qüvvəsi, 70-dən artıq texnika

 

Kənardan müşahidələr apardıqdan sonra tikinti işlərini həyata keçirən “M-NAF” MMC-nin layihə rəhbəri Qurban Burcəliyevlə ərazini gəzərək görülən işlərlə yaxından maraqlanırıq. Layihə rəhbəri deyir ki, tikintiyə 200 nəfər işçi qüvvəsi, 70-dən artıq texnika cəlb olunub. Çalışanların 160 nəfəri yerli əhalidir. 


Ərazidə tikinti materiallarının saxlanması məqsədi ilə müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq inşa edilib.


Artıq daxili kommunikasiya xətləri - məişət, texniki, yağış suları kanalizasiyaları, yanğın əleyhinə, suvarma və texniki su xətləri, elektrik kabelləri, rabitə və qaz xətləri çəkilib. Xarici kommunikasiya xətlərinin çəkilişi isə tikinti başa çatdıqdan sonra həyata keçiriləcək. Texniki sahədə 2 nasosxana, 2 içməli və yanğın əleyhinə su çəni, 2 texniki və məişət su anbarı, 1 elektrik yarımstansiyası tikilib. İnşaat başa çatdıqdan sonra 4 sutəmizləyici qurğu da quraşdırılacaq.

 

Çoxfunksiyalı istehsalat sahələri, sahibkar üçün lazım olan bütün xidmətlər yaradılıb

 

Ərazidə ikimərtəbəli bir inzibati bina, hər biri 2536 kvadratmetrdən ibarət olan ikimərtəbəli üç çoxfunksiyalı istehsalat sahəsi tikilir. Hər bir istehsalat sahəsi 6 boksdan ibarətdir. 


İnzibati binada müxtəlif xidmət sahələri yerləşəcək. Burada bank, sığorta, audit xidməti, hüquq məsləhətxanası və mühasibatlıq, poçt, logistik mərkəz, tibb məntəqəsi, həmçinin məhsulların nümayişi üçün sərgi salonu, konfrans zalı və kitabxana mövcud olacaq. 


Yəni, məhəllədə fəaliyyət göstərəcək sahibkarlara hər cür imkanlar yaradılacaq. İnvestorlar vaxt itkisi olmadan öz məhsullarının satışını həyata keçirmək üçün bu xidmətlərdən yararlanacaqlar. İstehsal olunan məhsullarla bağlı bütün sənədləşmə prosesi məhəllədə həll olunacaq.

 

Sənaye məhəlləsi 2018-ci ilin mayında tam hazır olacaq

 

Layihə rəhbəri onu da bildirdi ki, yaxın günlərdə inzibati binanın tikintisi başa çatacaq və daxili konstruksiyaların quraşdırılmasına başlanılacaq. Ərazidə ümumi tikinti işləri isə gələn ilin may ayında yekunlaşacaq və Masallı Sənaye Məhəlləsi tam hazır vəziyyətə gətiriləcək.


Bir sözlə, Masallı Sənaye Məhəlləsində yaradılacaq müasir infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur və əminliklə söyləmək olar ki, burada yaradılacaq şərait investorların ürəyincə olacaq və bölgədə sənayenin inkişafına öz böyük töhfəsini verəcək.


Ümumiyyətlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.


Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında vurğulamışdır ki, bu gün ölkəmizdə uğurlu sənayeləşmə siyasəti aparılır. Dövlət sənaye məhəllələrinin yaradılması ilə iş adamlarına dəstək göstərir və əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Tezliklə bütün rayonlarda sənaye məhəllələri yaradılacaq.

 

Artıq Azərbaycan İnvestisiya Şirkətinə 33 layihə təqdim olunub

 

Azərbaycan İnvestisiya Şirkətinin sənaye məhəllələri şöbəsinin müdiri Eldəniz Novruzov deyir ki, artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edəcək.


Bir sözlə, bu sənaye məhəlləsi Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, ən başlıcası, əhalinin işlə təmin edilməsinə kömək göstərəcək. Eləcə də sahibkarlığa, iş adamlarına xüsusi diqqətin verilməsinə, onların fəaliyyət dairəsinin genişləndirilməsinə də xidmət edəcək.
Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin iqtisadi inkişaf konsepsiyası əsasında yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanda modern sənayeləşmə uğurla reallaşır. Bu istiqamətdə həyata keçirilən hər bir layihə isə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır. 


Dövlət başçısının yeni iqtisadi strategiyasının uğurla reallaşdırılması, regionların inkişafının daha da sürətləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər tezliklə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin sürətli inkişafına səbəb olacaq.


© “Azərbaycan”

29.09.2017 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ