970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan dağ-mədən və metallurgiyaya 5,3 milyard manat yatıracaq – İxrac 3,4 milyard manata çatdırılacaq

Azərbaycan 5,3 milyard manatlıq nəhəng sənaye proqramına başlayır – İxrac 3,4 milyarda çatdırılacaq
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan dağ-mədən və metallurgiyaya 5,3 milyard manat yatıracaq – İxrac 3,4 milyard manata çatdırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Marja xəbər verir ki, müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Proqramının layihəsini təqdim edib.

Reklam_3_11

İqtisadiyyat naziri bildirib ki, son illərdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Yeni istehsal sahələri yaradılır, mövcud müəssisələr genişləndirilir, bunun nəticəsində investisiya və ixrac imkanları artır, yeni iş yerləri yaranır.

Əsas məqsəd xammalı ölkə daxilində emal etməkdir

Mikayıl Cabbarov bildirib ki, bu istiqamətlərdən biri də ölkənin mineral xammal potensialından daha səmərəli istifadə etmək və metallurgiya sənayesini inkişaf etdirməkdir.

“Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”.

Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir.

Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

Burada dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.

Sektorun ÜDM-ə töhfəsi 1,8 milyard manata çatdırılacaq

Proqramın əsas hədəfləri kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.

2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur.

Daha yüksək əlavə dəyərli məhsullar istehsal ediləcək

Proqramın layihəsində daha yüksək əlavə dəyər yaratmaq potensialına xüsusi diqqət yetirilir. Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var. Bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir.

Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Yeni ehtiyatların müəyyənləşdirilməsi və iqtisadi cəhətdən səmərəli olan yataqların mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur.

Metala və strateji minerallara tələbat artır

Mikayıl Cabbarov bildirib ki, dünyada metala və strateji minerallara tələbat sürətlə artır. Bunun əsas səbəbləri enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır.

Bu səbəbdən ölkələr artıq yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər.

Nazir bildirib ki, Azərbaycanın bu dəyişikliklərdən istifadə etmək üçün imkanları var. Burada resurs bazası, enerji imkanları və nəqliyyat infrastrukturu mövcuddur.

Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsinin və açar rolunu oynamasının da bu istiqamətdə böyük əhəmiyyəti olduğu bildirilib.

“Yerin təki haqqında” yeni qanun hazırlanacaq

Əsas məsələlərdən biri hüquqi və institusional bazanın müasirləşdirilməsidir. Bu məqsədlə “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur.

Digər mühüm məsələ maliyyələşmədir. Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir.

Buna görə dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır.

İri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqlərinin də təkmilləşdirilməsi nəzərdə tutulur. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi, sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi planlaşdırılır.

Filizdən son məhsuladək dəyər zənciri ölkədə qurulacaq

Proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. “Kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməliyik”.

İlk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur.

“Dəmirli”, “Söyüdlü”, “Filizçay”, Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi nəzərdə tutulur.

Alüminium üzrə də mövcud istehsal zəncirinin genişləndirilməsi və yeni güclərin yaradılması planlaşdırılır.

Naxçıvanda BƏƏ şirkəti ilə birgə geoloji kəşfiyyat aparılacaq

Növbəti mərhələdə məqsəd daha yüksək əlavə dəyərli polad və alüminium məhsulları istehsal etməkdir.

Bu məhsullar həm daxili sənayedə istifadə olunacaq, həm də ixrac ediləcək.

Mikayıl Cabbarov bildirib ki, bu istiqamətdə xarici tərəfdaşlarla əməkdaşlıq da həyata keçirilir.

Bu qəbildən olan son müqavilə bir həftə əvvəl “AzerGold” dövlət şirkəti ilə Birləşmiş Ərəb Əmirlikləri şirkəti arasında bağlanıb.

Həmin sazişin şərtlərinə əsasən, Naxçıvanda yerləşən ehtiyatların birgə geoloji kəşfiyyatı həyata keçiriləcək.

“Daşkəsən”də yeni istehsal zənciri yaradılacaq

“Daşkəsən” dəmir filizi layihəsinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır.

Əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir.

Paralel olaraq, ixrac imkanlarının da artacağı gözlənilir.

Beləliklə, dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq.

Elektroliz zavodunun gücü iki dəfə artırılacaq

Alüminium üzrə əsas məqsəd mövcud istehsal zəncirini genişləndirmək və daha yüksək əlavə dəyərli məhsullara keçməkdir.

Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır.

Bu hədəflər Prezidentin 1 aprel 2026-cı il tarixli sərəncamında da nəzərdə tutulub.

“Azəralüminium”un ixracı 510 milyon manata çatdırılacaq

“Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək. Məqsəd əlavə xammal bazasının iqtisadi potensialını müəyyənləşdirməkdir.

Nəticədə “Azəralüminium”un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması nəzərdə tutulur.

Mis, qızıl və gümüş ixracının 1,6 milyard manata çatması gözlənilir

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır.

Mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək.

Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir.

Bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur.

Dövlət qurumlarının və özəl sektorun vəzifələri müəyyənləşdirilir

Dövlət Proqramının layihəsində uğurlu icra üçün mühüm şərtlərdən biri əsas icraçı qurumların koordinasiyalı fəaliyyətidir.

Proqramın layihəsinə əsasən, ümumi tənzimləmə, əlaqələndirmə və nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi investisiya təşviqi, dövlət dəstəyi, sənaye siyasəti və sənaye infrastrukturunun inkişafını təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yerin təki üzrə hüquqi bazanın, geoloji standartların və hesabatlılıq sisteminin təkmilləşdirilməsinə, həmçinin geoloji kəşfiyyatın həyata keçirilməsinə dəstək verəcək.

SOCAR “Daşkəsən” dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin etməlidir.

“AzerGold” “Daşkəsən” dəmir filizi, qızıl, mis və digər layihələrin inkişafını həyata keçirəcək.

Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq.

Özəl sektorun əsas rolu isə yeni istehsal və emal güclərinə investisiyaların qoyulmasından ibarət olacaq.

10 il və daha uzunmüddətli kreditlərin genişləndirilməsi təklif olunur

Maliyyələşmə imkanlarının genişləndirilməsi ən aktual məsələlərdən biri kimi göstərilib. Dağ-mədən və metallurgiya layihələrində qərar qəbulundan və layihənin icrasına başlanmasından istehsala qədər ötən müddətin 5 il və daha çox davam etdiyi bildirilib.

Belə layihələr üçün uzunmüddətli maliyyələşmə imkanlarının olması xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacib hesab olunur.

Hazırda bu sahədə uzunmüddətli və güzəştli kreditləşmə imkanlarının kifayət qədər məhdud olduğu qeyd edilib.

Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirlərinin hazırlanması və müvafiq maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi təklif edilib.

5,3 milyard manatın 80 faizə yaxını büdcədən kənar mənbələrdən gələcək

2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq.

Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək.

Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur.

“Dəmirli”də əlavə 470 min ton mis ehtiyatının potensialına baxılacaq

Proqram yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir.

“Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları qiymətləndiriləcək və yekunlaşdırılacaq.

“Dəmirli” yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılacaq.

“Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanına dair yekun rəy formalaşdırılacaq.

Bundan əlavə, xarici investorların ifadə etdiyi marağa əsasən, illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanı hazırda araşdırılır.

Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur.

Azərbaycan regional emal mərkəzinə çevrilə bilər

Uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir.

Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir.

Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır.

Azərbaycanın Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşməsi, Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu mühüm logistika imkanları yaradır.

Ələt Azad İqtisadi Zonası və digər sənaye zonaları əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkənin üstünlüklərindən biri kimi göstərilir.

Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanlarının Azərbaycanın regional emal imkanlarını genişləndirə biləcəyi bildirilir.

Proqram logistika və digər sənaye sahələrinə də təsir edəcək

Dövlət Proqramının təsirinin təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacağı bildirilir.

İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq.

Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq.

İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensiala töhfə verəcək.

Regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq.

Mikayıl Cabbarov bildirib ki, təqdim olunan Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır.

“Əsas yanaşmamız xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”.

Proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün imkanların yaranacağı bildirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan dağ-mədən sənayesi metallurgiya sənayesi Mikayıl Cabbarov İlham Əliyev Dövlət Proqramı 2027-2030 Dövlət Proqramı 5 3 milyard manat investisiya 3 4 milyard manat ixrac 1 8 milyard manat ÜDM dağ-mədən sektoru AzerGold Azəralüminium Daşkəsən dəmir filizi Dəmirli yatağı Filizçay yatağı Söyüdlü yatağı Zəylik alunit yatağı qızıl hasilatı mis istehsalı gümüş istehsalı alüminium istehsalı Elektroliz zavodu 100 min ton alüminium 200 min ton alüminium 470 min ton mis metallurgiya ixracı mineral resurslar strateji minerallar uzunmüddətli kreditlər investisiya qeyri-neft sənayesi Orta Dəhliz Qarabağ Şərqi Zəngəzur.
22.09.2026 14:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19