İsi Mustafayev: “PAŞA Kapital”ın ambisiyası yalnız böyümək deyil, bazarın inkişafına töhfə verməkdir - MÜSAHİBƏ
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2027–2029-cu illəri əhatə edən yeni strateji mərhələyə hazırlaşır. Şirkət idarəetmə strukturunu yeniləyərək fəaliyyətini daha çevik, rəqəmsal və müştəriyönümlü model əsasında inkişaf etdirməyi, ənənəvi broker xidmətləri ilə yanaşı, istiqraz və səhm emissiyaları, IPO, aktivlərin və sərvətin idarə edilməsi sahələrində mövqeyini gücləndirməyi hədəfləyir.
“PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev Marja.az-a müsahibəsində şirkətin yeni strategiyası, Azərbaycan kapital bazarının inkişaf perspektivləri, dövlət istiqrazlarının ticarət və repo bazarına gözlənilən təsiri, zəmanətli korporativ istiqrazların potensialı və fərdi investorlar üçün nəzərdə tutulan rəqəmsal yeniliklər barədə danışıb.
İsi Mustafayev bildirib ki, şirkətin əsas məqsədi yalnız əməliyyat həcmlərini və bazar payını artırmaq deyil, Azərbaycan kapital bazarına daha çox emitent və investor cəlb edən dayanıqlı biznes modeli formalaşdırmaqdır.
“PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayevin Marja.az-a müsahibəsini təqdim edirik:
- İsi müəllim,“PAŞA Kapital”da yeni idarəetmə strukturuna keçidi zəruri edən əsas səbəblər nə idi? Əvvəlki modeldə hansı məqamların dəyişdirilməsinə ehtiyac görürdünüz?
- “PAŞA Kapital” son illərdə həm fəaliyyət miqyası, həm məhsul çeşidi, həm də əhatə etdiyi müştəri seqmentləri baxımından əhəmiyyətli dərəcədə böyüyüb. Bu inkişaf təbii olaraq idarəetmə modelinin də yeni strateji mərhələnin tələblərinə uyğunlaşdırılmasını zəruri edirdi. Əvvəlki struktur öz dövrünün tələblərinə cavab verirdi, yeni strateji mərhələdə isə daha çevik və sürətli qərarvermə, funksiyalar arasında aydın məsuliyyət bölgüsü, eləcə də biznes və nəzarət funksiyaları arasında optimal balansın təmin edilməsi bizim üçün əsas prioritetlər arasındadır.
Yeni idarəetmə modelinin mahiyyəti sadəcə təşkilati strukturun yenilənməsindən ibarət deyil. Məqsədimiz strategiya, kommersiya, əməliyyatlar, texnologiya, insan kapitalı və risk idarəetməsi kimi əsas istiqamətləri vahid idarəetmə sistemi daxilində daha effektiv şəkildə əlaqələndirməkdir.
Strukturun formalaşdırılması zamanı üç əsas prioriteti nəzərə almışıq: müştəri təcrübəsinin yaxşılaşdırılması, qərarvermə proseslərinin sürətləndirilməsi və şirkətin böyüməsinə uyğun olaraq korporativ idarəetmə, risklərin idarə edilməsi və komplayens mexanizmlərinin gücləndirilməsi. İnanırıq ki, bu model “PAŞA Kapital”ın strateji hədəflərinə daha effektiv çatmasına, dəyişən bazar şərtlərinə çevik uyğunlaşmasına və uzunmüddətli, dayanıqlı inkişafının təmin edilməsinə imkan yaradacaq.

- Yeni idarəetmə strukturu 5 əsas istiqamət üzərində qurulub. Bu bölgünün məntiqi nədən ibarətdir və hər bir istiqamətin yeni strategiyanın həyata keçirilməsində rolu nə olacaq?
- Bəli, qeyd etdiyiniz kimi yeni idarəetmə strukturu beş əsas blok üzərində qurulub: Strategiya, Kommersiya və Biznesin İnkişafı; Maliyyə, İnvestisiya və Əməliyyatlar; İnformasiya Texnologiyaları və Rəqəmsal Həllər; Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək; Korporativ İdarəetmə, Risk və Komplayens.
Bu bölgünü formalaşdırarkən məqsədimiz hər bir funksiyanın məsuliyyətini dəqiq müəyyənləşdirmək, liderlik və hesabatlılığı gücləndirmək, bütün bölmələrin vahid strateji hədəflər ətrafında fəaliyyətini təmin etmək olub.
Yeni strukturun əsas məntiqi funksiyaların məsuliyyətini və nəticəyə görə cavabdehliyini daha aydın müəyyən etməkdir. Bir blok biznes imkanlarını və yeni gəlir mənbələrini inkişaf etdirir, digəri maliyyə və əməliyyat dayanıqlığını təmin edir, texnologiya bloku rəqəmsal transformasiyanı sürətləndirir, insan kapitalı və biznesə dəstək funksiyaları təşkilati inkişafı təmin edir, risk və komplayens isə bütün bu böyümənin sağlam və tənzimləyici tələblərə uyğun çərçivədə həyata keçirilməsinə nəzarət edir.
Bu modelin əsas üstünlüyü bir-biri ilə qarşılıqlı əlaqədə olan funksiyaların vahid məqsəd ətrafında əlaqələndirilməsidir. Hər bir istiqamət öz nəticələrinə görə məsuliyyət daşıyır, eyni zamanda ümumi biznes nəticəsinə töhfə verir. Beləliklə, biz daha çevik, hesabatlı və nəticəyönümlü idarəetmə modeli formalaşdırırıq.
- Yeni idarəetmə modelinin müştəri üçün konkret nəticəsi nə olacaq? Müştərilər bu dəyişikliyi hansı xidmət və proseslərdə hiss edəcəklər?
- Müştəri üçün düşünürəm ki, təşkilati strukturun özü deyil, onun üçün şirkətin ona hansı dəyəri qatacağı maraqlıdır. Yeni idarəetmə modelinin uğurunu da ilk növbədə müştəri təcrübəsindəki real dəyişikliklərlə ölçəcəyik.
Prioritetimiz müştəriyə daha sürətli və rahat xidmət göstərmək, qeydiyyat və hesab açılışı proseslərini sadələşdirmək, müraciətlərə operativ cavab vermək və investisiya imkanlarına çıxışı genişləndirməkdir. Məqsədimiz müştərilərimizin “PAŞA Kapital” ilə hər təmas nöqtəsində daha rahat, şəffaf və keyfiyyətli təcrübə yaşamasıdır.
Korporativ müştərilər üçün hədəfimiz ənənəvi broker xidmətlərindən daha böyük dəyər yaratmaqdır. Şirkətlərin maliyyələşmə ehtiyaclarını və strateji məqsədlərini nəzərə alaraq istiqraz və səhm emissiyaları, IPO, qapalı yerləşdirmə və digər kapital bazarı həlləri üzrə kompleks yanaşma təqdim etməyi hədəfləyirik. Beləliklə, “PAŞA Kapital” olaraq əsas məqsədimiz korporativ müştərilər üçün “kapital bazarları üzrə strateji tərəfdaş” olmaqdır.
Pərakəndə investorlar üçün isə əsas istiqamət investisiyanı daha əlçatan və rahat etməkdir. Mövcud rəqəmsal platformamız vasitəsilə qlobal maliyyə alətlərinə çıxış imkanlarını inkişaf etdirməklə yanaşı, istifadə rahatlığını və müştəri təcrübəsini də davamlı təkmilləşdirməyi hədəfləyirik.
Nəticədə, yeni idarəetmə modelindən gözləntimiz aydındır: daha çevik xidmət, daha geniş investisiya imkanları və müştərinin uzunmüddətli ehtiyaclarına daha uyğun həllər.
- 2025-ci ildə “PAŞA Kapital”ın anderrayterliyi ilə İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti əsasında “Azərmaş”ın 10 milyon manatlıq zəmanətli korporativ istiqrazları bazara çıxarılıb. Zəmanətli korporativ istiqrazların Azərbaycanda ayrıca böyük bazara çevrilməsi mümkündürmü?
- Bəli, hesab edirəm ki, zəmanətli korporativ istiqrazların Azərbaycanda ayrıca və əhəmiyyətli bazar seqmentinə çevrilməsi üçün real potensial var, amma bunun üçün hazırkı pilot modelin miqyaslandırılması lazımdır.
“PAŞA Kapital”ın anderrayterliyi ilə “Azərmaş Group”un 10 milyon manatlıq, 3 illik, illik 13% kuponlu istiqrazlarının bazara çıxarılması bu baxımdan mühüm presedent oldu. İpoteka və Kredit Zəmanət Fondu həmin emissiya üzrə 6 milyon manat, yəni maksimum 60% həcmində zəmanət təqdim edib. Bu, Azərbaycanda korporativ emitentin kredit riskinin dövlət dəstək mexanizmi ilə qismən bölüşdürülərək kapital bazarı vasitəsilə maliyyələşdirilməsinin praktik olaraq işləyə bildiyini göstərdi.
Bu mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, bank krediti ilə klassik təminatsız korporativ istiqraz arasında yeni maliyyələşmə kateqoriyası yaradır. Orta ölçülü və kapital bazarında əvvəlki emissiya tarixçəsi olmayan şirkətlər üçün zəmanət investorun kredit riskini azaldır, istiqrazın yerləşdirilməsini asanlaşdırır və potensial olaraq emitentin borclanma faizini aşağı sala bilər. Eyni zamanda institusional və fərdi investorlar üçün dövlət istiqrazlarından daha yüksək gəlirli, tam təminatsız korporativ istiqrazlardan isə nisbətən aşağı riskli yeni investisiya aləti yaranır.
Yekun olaraq, mən bu aləti Azərbaycan kapital bazarının inkişafı üçün perspektivli istiqamətlərdən biri hesab edirəm. Əgər “Azərmaş” nümunəsindən sonra istehsal, aqrar, logistika, qida sənayesi və digər qeyri-neft sektorlarından yeni emitentlər kapital bazarlarına cəlb olunarsa, zəmanətli korporativ istiqrazlar yaxın illərdə ayrıca bazar seqmentinə çevrilə bilər. “PAŞA Kapital” üçün isə burada imkan yalnız anderraytinqdə deyil, həm də potensial emitentlərin seçilməsi, kredit təhlili, emissiyanın strukturlaşdırılması və investor bazasının formalaşdırılması üzrə bu seqmentdə aparıcı mövqe tutmaqdır.

- Emitentin banka gedib kredit götürmək əvəzinə “PAŞA Kapital”a gəlib istiqraz buraxmasının konkret üstünlüyü nədir?
- Mən istiqrazı bank kreditinin əvəzi kimi deyil, ona alternativ və ya tamamlayıcı maliyyələşmə aləti kimi görürəm. Hansı alətin daha uyğun olması şirkətin ölçüsündən, maliyyə vəziyyətindən, maliyyələşmə məqsədindən və bazar şərtlərindən asılıdır.
İstiqrazın əsas üstünlüyü ondan ibarətdir ki, istiqraz emitentə bank kreditindən fərqli, alternativ və daha çevik maliyyələşmə kanalı yaradır. Şirkət bir bankın kredit limiti ilə məhdudlaşmır, daha geniş investor bazasından vəsait cəlb edir, maliyyələşmə mənbələrini diversifikasiya edir və borcun müddətini, kupon ödənişlərini, eləcə də əsas borcun qaytarılma qrafikini biznesinin pul axınlarına uyğun strukturlaşdıra bilir.
Bundan əlavə, uğurlu istiqraz buraxılışı şirkət üçün kapital bazarında kredit tarixçəsi və müsbət reputasiya formalaşdırır. Bu da gələcəkdə daha böyük həcmdə və potensial olaraq daha əlverişli şərtlərlə maliyyə cəlb etməyə imkan yarada bilər.
“PAŞA Kapital”ın rolu isə sadəcə istiqrazın bazara çıxarılması deyil. Biz emitentin maliyyə ehtiyaclarını və inkişaf planlarını təhlil edir, uyğun emissiya strukturunun formalaşdırılmasına, investor tələbinin qiymətləndirilməsinə və maliyyələşmənin kapital bazarı vasitəsilə həyata keçirilməsinə dəstək veririk. Məqsədimiz şirkətlər üçün alternativ maliyyələşmə imkanları yaratmaqla yanaşı, Azərbaycan kapital bazarının dərinləşməsinə də töhfə verməkdir.
- Avqustun sonundan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yeni buraxılışlarını aktivləşdirib. Təkcə 1–22 sentyabrda “PAŞA Kapital”ın anderrayterliyi ilə təxminən 837 milyon manatlıq dövlət istiqrazı yerləşdirilib. Bu emissiyaların həm dövlət istiqrazları üzrə ticarəti, həm də repo bazarını yenidən böyüdəcəyini gözləyirsinizmi? “PAŞA Kapital”ın dövriyyəsində bunun effektini hansı müddətdə görəcəyik?
- Bəli, dövlət istiqrazlarının yeni buraxılışlarının aktivləşməsinin həm ikinci bazarda ticarətə, həm də repo əməliyyatlarına müsbət təsir göstərəcəyini gözləyirik. Yeni emissiyalar dövriyyədə olan qiymətli kağızların həcmini artırır, investorlar üçün əlavə investisiya imkanları yaradır və bazar iştirakçılarının əməliyyat aktivliyini dəstəkləyir. Bu istiqamətdə dövlət istiqrazları repo əməliyyatları üçün də mühüm alət rolunu oynaya bilər.
Hazırda bank sektorunda yüksək likvidlik də bu proses üçün əlverişli zəmin yaradır. Mərkəzi Bank avqustun sonuna struktur likvidlik profisitinin 6,3 milyard manata çatdığını və pul bazarında banklararası əməliyyatların təşviqini hədəflədiyini bildirib.
“PAŞA Kapital” baxımından dəyərləndirsək, bunun ilkin müsbət təsirini artıq yerləşdirmələrin həcmində müşahidə etdiyimizi deyə bilərik. İkinci bazar və repo əməliyyatlarında daha nəzərəçarpan dinamikanın isə növbəti 1–3 ay ərzində formalaşmasını gözləyirik.
Uzunmüddətli perspektivdə Maliyyə Nazirliyinin emissiyaları ardıcıl davam edərsə, dövlət istiqrazları bazarında likvidliyin artmasına, gəlirlilik əyrisinin daha effektiv formalaşmasına və repo bazarının dərinləşməsinə töhfə verəcəyini düşünürük. Dövlət istiqrazlarının yerləşdirilməsi fond birjası vasitəsilə hərraclarla həyata keçirilir ki, bu da ilkin emissiyaların sonradan tədavül üçün bazaya çevrilməsinə imkan yaradır.
- Dövlət şirkətlərinin və dövlət payı olan iri müəssisələrin səhmlərinin bir hissəsinin fond birjasında yerləşdirilməsi Azərbaycan kapital bazarında dönüş nöqtəsi ola bilərmi? Belə bir addım özəl şirkətləri də IPO-ya təşviq edə bilərmi? Ümumiyyətlə, investisiya şirkətinin performansını BFB-dəki dövriyyə ilə ölçmək nə qədər doğrudur? “PAŞA Kapital” öz uğurunu hansı KPI-larla ölçür?
- Dövlət şirkətlərinin və dövlət payı olan iri müəssisələrin səhmlərinin bir hissəsinin birjada yerləşdirilməsi kapital bazarı üçün ciddi katalizator ola bilər. Belə emissiyalar bazara iri və tanınmış emitentlər gətirir, investor bazasını genişləndirir, ikinci bazarda likvidliyi artırır və şirkətlər üçün bazar qiymətləndirilməsinin formalaşmasına şərait yaradır. Bu istiqamət həm də dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi və kapital bazarının dərinləşdirilməsi ilə bağlı mövcud strateji yanaşmalarla uzlaşır.
Bu addımın digər mühüm təsiri özəl sektor üçün nümayiş effekti yaratmasıdır. İri şirkətlərin uğurlu IPO təcrübəsi göstərir ki, kapital bazarı bank kreditinə alternativ olaraq həm kapital, həm də uzunmüddətli maliyyələşmə mənbəyi yarada bilər. Mərkəzi Bankın 2024–2026-cı illər üzrə strategiyasında real sektorun kapital bazarı vasitəsilə maliyyələşdirilməsinin və IPO-ların artırılması ayrıca hədəf kimi müəyyən edilib.
İnvestisiya şirkətinin performansını isə yalnız BFB-dəki ticarət dövriyyəsi ilə qiymətləndirmək düzgün olmaz. Dövriyyə vacib göstəricidir, amma biznesin yalnız bir hissəsini əks etdirir. “PAŞA Kapital”da uğuru daha geniş KPI-larla qiymətləndiririk: bazar payı və ticarət dövriyyəsi ilə yanaşı, istiqraz və səhm emissiyalarının həcmi, anderraytinq və korporativ maliyyə əməliyyatlarının genişliyi, gəlirlilik və rentabellik göstəriciləri, müştəri bazasının və məhsul portfelinin inkişafı, rəqəmsal xidmətlərdən istifadə, eləcə də risklərin effektiv idarə olunması.
Məqsədimiz sadəcə daha çox əməliyyat həyata keçirmək deyil, kapital bazarına daha çox emitent və investor gətirən dayanıqlı biznes modeli qurmaqdır.
-Azərbaycan şirkətlərinin maliyyələşməsində kapital bazarının payının artması üçün nə dəyişməlidir? Şirkətlərin istiqraz və digər bazar alətlərinə daha çox yönəlməsi üçün hansı şərtlər formalaşmalıdır?
Burada həm təklif, həm də tələb tərəfinin paralel inkişafı lazımdır. Hesab edirəm ki, ilk növbədə şirkətlərin kapital bazarına yanaşması dəyişməlidir. İstiqraz emissiyası və IPO yalnız bank kreditinə alternativ deyil, həm də biznesin böyüməsi, maliyyə mənbələrinin şaxələndirilməsi və uzunmüddətli inkişafı üçün strateji imkandır. Şirkətlər bu imkanları daha yaxşı tanımalı, kapital bazarını öz inkişaf planlarının bir hissəsi kimi nəzərdən keçirməlidirlər.
Eyni zamanda emitent üçün bazara çıxış prosesi mümkün qədər proqnozlaşdırılan, sürətli və iqtisadi baxımdan səmərəli olmalıdır. Prospekt, qiymətləndirmə, investor kommunikasiyası, KYC, yerləşdirmə və yerləşdirmədən sonrakı öhdəliklər vahid ekosistem kimi işləməlidir.
Tələb tərəfində isə institusional və fərdi investor bazasının genişləndirilməsi vacibdir. İnvestisiya fondları, pensiya və uzunmüddətli əmanət mexanizmləri, sığorta şirkətləri və xarici investorlar bazarda daha aktiv olduqca, emitent üçün də istiqraz və səhm buraxılışı daha cəlbedici olur.
Mən hesab edirəm ki, növbəti mərhələdə bazarın inkişafını yalnız istiqraz emissiyalarının ilə məhdudlaşdırmamalıyıq. IPO-ların, investisiya fondlarının, öhdəliklərin sekuritizasiyası və digər maliyyə alətlərinin inkişafı bazarı daha cəlbedici və dayanıqlı edə bilər. “PAŞA Kapital” olaraq biz də şirkətlərin kapital bazarına çıxışını asanlaşdırmağa, onların ehtiyaclarına uyğun həllər təqdim etməyə və bazarın ümumi inkişafına töhfə verməyə fokuslanırıq.
- Azərbaycanda fərdi investorların kapital bazarına marağı artır. “PAŞA Kapital” bu auditoriya ilə işi necə genişləndirməyi və investisiya xidmətlərini daha əlçatan etməyi planlaşdırır?
- Fərdi investor bazasının böyüməsi, digər sözlə kapital bazarına marağının artması ümumi sektorun gələcək inkişafı üçün fundamental məsələdir. Bizim üçün əsas məsələ bu marağı davamlı iştiraka çevirmək və investisiyanı daha geniş auditoriya üçün əlçatan etməkdir.
Burada üç istiqamət əsasdır: rəqəmsal əlçatanlıq, məhsul çeşidi və maliyyə savadlılığı.
İnvestorun hesab açılışından investisiya qərarına və portfelinin idarə olunmasına qədər bütün prosesin rahat və çevik olmasını hədəfləyirik.
Bu il icra etdiyimiz müxtəlif korporativ istiqraz emissiyaları, həmçinin “PAŞA Bank”ın IPO-su zamanı rəqəmsal platformalar üzərindən onlayn iştirak imkanlarının təmin edilməsi bu yanaşmanın əhəmiyyətini bir daha göstərdi. Bu təcrübə investisiyaya marağı olan daha geniş auditoriyanın kapital bazarına cəlb edilməsi üçün rəqəmsal həllərin nə qədər vacib olduğunu nümayiş etdirdi.
Növbəti mərhələdə məqsədimiz investisiyanı bank tətbiqindən ödəniş etmək qədər daha intuitiv, sürətli və əlçatan prosesə çevirməkdir. Təbii ki, investorun risk profilinin düzgün qiymətləndirilməsi və bütün tənzimləyici tələblərin qorunması bu prosesin icrasında mütləq nəzərə alınmalıdır.
- “PAŞA Kapital”ın ticarət platformasında növbəti böyük yenilik nə olacaq?
- Detalları hələ tam açıqlamaq istəmirəm, amma istiqaməti deyə bilərəm: məqsədimiz investorun yerli və beynəlxalq maliyyə alətlərinə çıxışını, portfelinin idarə olunmasını və analitik imkanlarını mümkün qədər vahid rəqəmsal mühitdə birləşdirməkdir.
Yəni platformanı yalnız əməliyyat aparılan kanal kimi deyil, investora qərar vermək, portfelini izləmək və investisiya imkanlarını müqayisə etmək üçün daha geniş funksionallıq təqdim edən investisiya alətinə çevirmək istəyirik.

- Rəqəmsallaşma yeni strategiyada hansı yeri tutur? Qarşıdakı üç ildə müştərilərin istifadə edə biləcəyi hansı yeni rəqəmsal həllərin təqdim olunması nəzərdə tutulur?
- Rəqəmsallaşma bizim üçün ayrıca texnoloji istiqamət deyil, “PAŞA Kapital”ın biznes modelinin və müştəri təcrübəsinin transformasiyasının əsas hərəkətverici qüvvələrindən biridir.
Qarşıdakı üç il üçün yanaşmamız konkret olaraq üç mərhələyə əsaslanır: müştəri təcrübəsinin rəqəmsallaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və vahid rəqəmsal investisiya ekosisteminin formalaşdırılması.
Birinci mərhələdə əsas diqqət müştəri yolunun sadələşdirilməsinə yönələcək. Hesab açılışı və müştərinin tanınması proseslərindən investisiya sifarişlərinin verilməsinə, portfelin izlənməsinə və hesabatların əldə edilməsinə qədər xidmətlərin vahid rəqəmsal mühitdə təqdim olunmasını hədəfləyirik.
İkinci mərhələdə investisiya məhsullarının və analitik imkanların genişləndirilməsinə fokuslanacağıq. Yerli və beynəlxalq maliyyə alətlərinə çıxışın artırılması, portfelin izlənməsi və təhlili üçün alətlərin təkmilləşdirilməsi, həmçinin müştərilərin ehtiyaclarına uyğun fərdiləşdirilmiş həllərin inkişafı prioritetlərimiz arasında olacaq.
Üçüncü mərhələdə məqsədimiz ticarət platformasını investisiya və sərvət idarəetməsi xidmətlərini birləşdirən vahid rəqəmsal ekosistemə çevirməkdir. Bu çərçivədə investisiya fondlarına çıxışın yaradılması, aktivlərin idarə edilməsi həllərinin rəqəmsal kanallara inteqrasiyası və müştərinin maliyyə məqsədlərinə uyğun xidmətlərin inkişafı nəzərdə tutulur.
Yekun hədəfimiz müştərinin hesab açılışından investisiya seçiminə, əməliyyatların icrasından portfelin idarə edilməsinə qədər bütün əsas mərhələləri vahid platformada birləşdirməkdir. Bu transformasiyanın nəticəsini yalnız təqdim etdiyimiz yeni funksiyalarla deyil, xidmətin operativliyi, istifadə rahatlığı, rəqəmsallaşma sürəti və müştəri məmnuniyyəti kimi göstəricilərlə qiymətləndirəcəyik.
- Yeni strateji mərhələdə “PAŞA Kapital”ın regional bazarlara çıxması və xarici investorlarla əməkdaşlığını genişləndirməsi gündəmdədirmi?
- Regional inkişaf və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi yeni strateji mərhələdə nəzərdən keçirdiyimiz istiqamətlərdəndir. Lakin bizim üçün bu, ilk növbədə başqa ölkələrdə fiziki ofisin açılmasından deyil, Azərbaycan kapital bazarını beynəlxalq investorlar üçün daha əlçatan etməkdən və müştərilərimizə daha geniş investisiya imkanları yaratmaqdan başlayır.
İlk prioritetimiz xarici investorların Azərbaycan bazarına çıxışını asanlaşdırmaqdır. Xarici investorun müştəri kimi tanınması, KYC prosesi, hesablaşmalar, dividendlərin ödənilməsi və vəsaitlərin repatriasiyası nə qədər sadə və beynəlxalq praktikaya uyğun olsa, Azərbaycan emitentlərinə xarici investorların marağı da bir o qədər artar.
Digər tərəfdən, “PAŞA Kapital”ın beynəlxalq brokerlər, banklar, investisiya şirkətləri və regional birjalarla əməkdaşlığını genişləndirməyi hədəfləyirik.
Regional ambisiyamızı əsas iki istiqamət üzrə ümumiləşdirə bilərik: Azərbaycan şirkətlərini beynəlxalq kapitalla əlaqələndirmək və Azərbaycan investorları üçün daha geniş xarici investisiya imkanları yaratmaq. Bu inkişafı mərhələli şəkildə, bazar imkanlarını, müştəri tələbatını və iqtisadi səmərəliliyi nəzərə alaraq həyata keçirməyi planlaşdırırıq. Əsas məqsədimiz coğrafi genişlənmənin özündən daha çox, müştərilərimiz və Azərbaycan kapital bazarı üçün real dəyər yaratmaqdır.
- “PAŞA Kapital”da struktur dəyişikliyi fonunda komandaya yüksək təcrübə və peşəkarlığa malik bir sıra yeni mütəxəssislər də qoşulub. Rəqabətli əmək bazarında belə peşəkarları “PAŞA Kapital”a cəlb edən əsas amillər nələrdir? Şirkət onların peşəkar inkişafı və uzunmüddətli motivasiyası üçün hansı imkanları yaradır?
- Məncə, yüksək peşəkarlığa malik mütəxəssisləri cəlb etmək və onları komandada uzunmüddətli saxlamaq təkcə rəqabətədavamlı əməkhaqqı kifayət etmir.
Peşəkar insan üçün düşünürəm ki, bu üç məqam xüsusilə vacibdir: real məsuliyyət, inkişaf imkanı və gördüyü işin nəticəsini hiss etmək.
Yeni idarəetmə modeli də məhz buna xidmət edir. Əsas məqsədlərimizdən biri qərarvermədə aydınlığı, səlahiyyət və məsuliyyət balansını, eləcə də nəticəyönümlü iş prinsiplərini gücləndirməkdir. Biz istəyirik ki, əməkdaş öz rolunu, ondan gözlənilən nəticələri və şirkətin ümumi uğuruna verdiyi töhfəni aydın görsün.
“PAŞA Kapital”ın üstünlüyü ondadır ki, əməkdaşlar yalnız mövcud biznesi idarə etmir, eyni zamanda şirkətin transformasiyasında və Azərbaycan kapital bazarının inkişafında iştirak edirlər. Yeni investisiya məhsulları, IPO layihələri, rəqəmsal həllər, aktivlərin və sərvətin idarə edilməsi kimi istiqamətlər mütəxəssislərə yeni kompetensiyalar qazanmaq, daha geniş məsuliyyət götürmək və konkret biznes nəticələrinə töhfə vermək imkanı yaradır.
Uzunmüddətli motivasiyanı isə peşəkar inkişaf, karyera imkanları, liderlik məsuliyyəti, beynəlxalq təcrübə və nəticələrə əsaslanan ədalətli mükafatlandırmanın birgə təsiri ilə formalaşdırmağı hədəfləyirik. Mənim üçün əsas məsələ güclü mütəxəssisləri sadəcə komandaya cəlb etmək deyil, onların potensialını reallaşdıra, təşəbbüs göstərə və şirkətlə birlikdə inkişaf edə biləcəyi mühit yaratmaqdır.

- “PAŞA Kapital” 2027–2029-cu illərdə yeni strateji mərhələyə daxil olacaq. Üç ilin sonunda necə bir “PAŞA Kapital” görmək istəyirsiniz?
- Üç ilin sonunda “PAŞA Kapital”ı bu gün olduğundan daha güclü, daha çevik və müştərilər üçün daha böyük dəyər yaradan bir şirkət kimi görmək istəyirəm. Məqsədimiz yalnız bazar payımızı və əməliyyat həcmlərimizi artırmaq deyil, həm də müştərilərə təqdim etdiyimiz imkanları genişləndirmək və şirkətin bazardakı rolunu yeni səviyyəyə qaldırmaqdır.
Biz “PAŞA Kapital”ı daha diversifikasiya olunmuş biznes modelinə malik şirkət kimi görmək istəyirik. Bu o deməkdir ki, ənənəvi broker və ticarət fəaliyyətləri ilə yanaşı, istiqraz buraxılışları, IPO-lar, kapitalın strukturlaşdırılması, aktivlərin idarə edilməsi və digər investisiya məhsulları üzrə imkanlarımızı genişləndirməliyik. Korporativ müştərilər üçün əsas hədəfimiz onların maliyyələşmə ehtiyaclarında kapital bazarını real və rəqabətqabiliyyətli alternativə çevirməkdir.
Digər mühüm istiqamət fərdi investorların bazara çıxışının sadələşdirilməsidir. Üç ilin sonunda müştərinin hesab açılışından investisiya qərarına, sifarişin verilməsindən portfelin izlənməsinə qədər əsas proseslərin maksimum dərəcədə rəqəmsal və rahat olmasını hədəfləyirik. Məqsəd kapital bazarını daha geniş auditoriya üçün əlçatan etməkdir.
Bütün bunların əsasında isə güclü komanda, effektiv korporativ idarəetmə və sağlam risk mədəniyyəti dayanmalıdır. Yəni 2029-cu ildə görmək istədiyimiz “PAŞA Kapital” daha rəqəmsal, daha müştəriyönümlü, daha diversifikasiya olunmuş və Azərbaycanın kapital bazarının inkişafında əvəzsiz xidmətləri ilə daha böyük rol oynayan və davamlı yeniliklərə imza atan investisiya şirkətidir.
Bir sözlə, istəyimiz odur ki, üç ilin sonunda “PAŞA Kapital” yalnız həcm olaraq böyüyən deyil, həm də Azərbaycan kapital bazarının inkişafına daha böyük töhfə verən, müştəriləri və tərəfdaşları üçün daha çox imkan yaradan strateji tərəfdaşdır.
-Müsahibəyə görə, təşəkkür edirəm.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
3 saat əvvəl
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
-
6 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Ən çox oxunanlar
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®























