Azərbaycan Çindən 4 yeni sərnişin qatarı alır – Bakıdan Xankəndi, Astara, Yalama və Mincivana qatarlar hərəkət edəcək
ADY yeni qatarların parka daxil edilməsi ilə 2030-cu ilədək 4 istiqamət üzrə sərnişindaşıma marşrutlarını istifadəyə verəcək.AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir.
27 oktyabr tarixində ADY ilə Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb.
Sənədi ADY sədri Rövşən Rüstəmov və “CRRC Zhuzhou Locomotive” şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.
ADY sədri bildirib ki, yeni sərnişin qatarlarının alınması Azərbaycan Dəmir Yollarının hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır:
“Yeni elektrik qatarları müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq. Bu hərəkət tərkiblərinin alınması ilə qatar sayının artırılması nəticəsində xidmət coğrafiyamızı daha da genişləndirərək 2030-cu ilə qədər mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarını bərpa edəcəyik. Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı–Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək”.
Bu marşrutlar üzrə sərnişin daşımalarının bərpası paytaxtla regionlar arasında nəqliyyat əlaqələrini gücləndirməklə əhalinin mobilliyinin artırılmasına, təhsil, səhiyyə və məşğulluq imkanlarına çıxışın asanlaşdırılmasına dəstək olacaq. Dəmir yolu əlaqələrinin genişləndirilməsi, həmçinin daxili turizmin inkişafı, yerli sahibkarlığın canlanması və regionlarda iqtisadi fəallığın artması üçün əlavə imkanlar yaradacaq.
Qeyd edilib ki, Xankəndi və Mincivan istiqamətlərində sərnişin daşımalarının təşkili Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirəcək, doğma yurdlarına qayıdan sakinlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və bölgədə sosial-iqtisadi həyatın canlanmasına töhfə verəcək. Yalama və Astara istiqamətlərində sərnişin əlaqələrinin bərpası isə ölkənin şimal və cənub bölgələrinin turizm və iqtisadi potensialından daha geniş istifadə olunmasına şərait yaradacaq.
Yeni qatarlar sərnişinlərə daha rahat, əlçatan və müasir səyahət imkanları təqdim edəcək. Qatarların hər biri 7 vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğa malik qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.
Hər bir qatar 434 oturacaqla təchiz ediləcək. Sərnişinlərə üç sinif – birinci, biznes və standart siniflər təqdim olunacaq.
Müqaviləyə əsasən, qatarların 2 il müddətində təvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qatarların istehsalçısı olan “CRRC Zhuzhou Locomotive” Çinin dəmir yolu nəqliyyatı sənayesində fəaliyyət göstərən nüfuzlu şirkətlərindən biridir.
Yeni qatarların alınması ADY-nin sərnişin və yük daşımaları üzrə hərəkət tərkibinin mərhələli yenilənməsi istiqamətində həyata keçirdiyi daha geniş tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, ADY bu ilin iyununda Çinin “CRRC Ziyang” şirkəti ilə 4 ədəd magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının, həmçinin rayonlararası istiqamətlərdə istifadə üçün 50 ədəd yataq tipli sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri müzakirə olunur, xarici şirkətlərin təklifləri dəyərləndirilir.
Eyni zamanda, ötən ay Çindən 7 ədəd yük lokomotivi təhvil alınıb. Növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması nəzərdə tutulur.
ADY-nin qatar parkının yenilənməsi və sərnişindaşıma şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkə üzrə dəmir yolu nəqliyyatının əlçatanlığının artırılmasına, regionlararası əlaqələrin gücləndirilməsinə və daha çox sərnişinin müasir dəmir yolu xidmətlərindən yararlanmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 d. əvvəl
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil edib - FOTOLAR
-
30 d. əvvəl
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
- 37 d. əvvəl
- 46 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Crystal Group of Companies” vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycan Çindən 4 yeni sərnişin qatarı alır – Bakıdan Xankəndi, Astara, Yalama və Mincivana qatarlar hərəkət edəcək
İrandan dünyanın ən böyük neft tankeri şirkətlərindən birinə xəbərdarlıq – 1 noyabrdan hüquqi tədbirlər görüləcək
Ən çox oxunanlar
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
Bakıda 14 günlük bal yarmarkası təşkil olunacaq, 123 tona qədər bal satışa çıxarılacaq – Ünvan və tarix açıqlandı
Ağdam Sənaye Parkında yeni şirkət - 11 milyon investisiya yatıracaq, yem istehsalı müəssisəsini yaradacaq
4,8 milyon manatlıq əmlak qalmaqalı - Tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb
























