Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hər pətəyə 10 manat yardımın verilməsi qaydası təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər pətəyə 10 manat yardımın verilməsi qaydası təsdiq edildi

Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədədir.

 

Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir. Subsidiyanın verilməsi üçün  arı ailələrinin (pətəklərin) identikləşdirilməsi aparılacaq. İdentikləşdirməni hər rayonda yaradılacaq komissiya aparacaq.

 

Arıçılar müvafiq məlumatları və sənədləri hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməli olacaqlar. Rayon (şəhər) komissiyaları arıçıların sənədlərini hər il iyun ayının 15-dək Kənd Təsərrüfatı Nazirliyinə göndərəcəkdir. Sənədlərə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir. Qısası, arıçılar Subsidiyanı İyul ayında ala biləcəklər.


Daha ətraflı aşağıdakı qərardan tanış ola bilərsiniz.

 


Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə (bundan sonra - arıçılar) saxladıqları hər arı ailəsinə (pətəyə) görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

 

1.2. Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır.

 

1.3. Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.

         

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

2.0.1. arıçılıq - bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

 

2.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

 

2.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

 

2.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

 

2.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

 

2.0.6. identikləşdirmə - arı ailəsinin (pətəyin) uçota alınması (kodlaşdırılması).

 

3. Arı ailələrinin (pətəklərinin) identikləşdirilməsi və dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi

 

3.1. Arıçıların saxladıqları arı ailələrinin (pətəklərinin) identikləşdirilməsı və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır:

 

3.1.1. komissiyanın sədri - Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin rəisi;

 

3.1.2. komissiyanın üzvləri - rayon (şəhər) icra hakimiyyətinin nümayəndəsi, Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi, Nazirliyin yanında Dövlət Baytarlıq Xidmətinin  rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsi.

 

3.2. Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər.

 

3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Nazirliyin loqosu, ölkə kodu (AZ), “Arı ailəsi” sözlərinin baş hərfləri (AA), arıçının və arıxananın qeydiyyatda olduğu ərazi barədə məlumatları özündə əks etdirən ştrix-koddan və mətbəə üsulu ilə səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edirlər.

 

3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır.

 

3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir.

 

3.6. Arı ailələri (pətəkləri) özgəninkiləşdirildikdə, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçılar tərəfindən 5 (beş) gün müddətində rayon (şəhər) komissiyalarına məlumat verilir və həmin arı ailələri (pətəkləri) üzrə aparılmış identikləşdirilmə ləğv edilir. 

 

3.7. Rayon (şəhər) komissiyaları hər il iyun ayının 15-dək inzibati ərazi dairəsi üzrə subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatları “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunması üçün bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hazırlanmış icmal siyahını, habelə hesablanmış subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün onların bank hesabına dair məlumatları Nazirliyə göndərirlər.

 

3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir.

 

3.9. Nazirlik ödəniləcək subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün müvafiq sifarişi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.

 

3.10. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların vəsaiti hesabına həyata keçirilir.

 

4. Yekun müddəalar

 

4.1. Arıçılar  əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərirlər.

 

4.2. Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Nazirliyə təqdim edirlər.

 

4.3. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

 

4.4. Arıçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

20.09.2018 06:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ