Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Diplomun tanınmaması onun qanunsuz olması demək deyil” - Anadolu Universitetinin Azərbaycandakı tərəfdaşı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diplomun tanınmaması onun qanunsuz olması demək deyil” - Anadolu Universitetinin Azərbaycandakı tərəfdaşı

Distant (məsafədən) təhsil-tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.3 maddəsinə əsasən, distant təhsil də əyani, qiyabi və sərbəst kimi təhsilalma formalarından biridir. Yəni, distant təhsilalma forması Azərbaycan Qanunvericiliyinə də tam uyğun bir təhsilalma formasıdır. Bu təhsilalma forması dünyanın qabaqcıl ölkələrində tətbiq olunur və qardaş Türkiyə Respublikasında da Anadolu Dövlət Universitetinin Açıqöyrətim Sisteminin imkanları sayəsində tətbiq olunmaqdadır. Bu təhsilalma formasının imkanlarından yararlanaraq, Türkiyədə Anadolu Universitetindən sayı milyonlarla ölçülən şəxs təhsil alaraq məzun olmuşdur.

 

Azərbaycan Təhsil Nazirliyi dünyanın bütün universitetlərindən distant üsulla alınan diplomları hələki tanımır.

 

Anadolu Universitetinin Azərbaycan Proqramları Koordinatoru, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin üzvi Azər Hətəmov "Marja"ya bildirdi ki, diplomun tanınmaması və  nostrifikasiya edilməməsi  bütün hallarda  onun qanunsuz olması demək deyil:

 

“Əlbəttə ki, hər birimiz Azərbaycan Respublikasının təhsil siyasətinə hörmət və sayğı ilə yanaşırıq. Lakin 1996-cı ildə  Azərbaycan parlamenti tərəfindən də ratifikasiya olunmuş Beynəlxalq  Konvensiyanın  tələblərinə görə təhsilalma formasından asılı olmayaraq diplomlar tanınmalıdır. Həmin Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, diplomu təqdim edən ali təhsil müəsissəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu əldə etməsidir. Bu barədə 2012-ci ildə Azərbaycan Respublikası Təhsil naziri müavininin mətbuata açıqlaması da olmuşdur.

 

Anadolu Universiteti Türkiyənin qanuni əsaslarla qurulan və ən böyük dövlət universitetidir və diplomları istər əyani, istərsə də distant təhsil üzrə dünyanın əksəriyyət ölkələrində tanınır və uyğunluq sertifikatı alır.

 

2013-cü ildə bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən verilmiş cavab məktubunda da hüquqi cəhətdən vurğulanır ki, diplomlara  təhsilalama formasına görə fərq qoyulmamalıdır və tanınmalıdır. Beynəlxalq Konvensiyasının tələblərinə görə də  diplomlar təhsilalma formasından asılı olmayaraq tanınmalı və nostrifikasiya edilməlidir. Yəni, xarici universitetlərdən alınan diplomların nostrifikasiya edilməməsinə səbəb kimi təhsilalma forması göstərilməməlidir. Diplomun nostrifikasiya edilməməsinə yalnız fərdi qaydada yanaşılmalıdır. Tutaq ki, bir Azərbaycan vətəndaşı Rusiyanın ucqar bir şəhərində yerləşən və Rusiya dövləti tərəfindən xüsusi razılıq-lisenziya verilməyən, yəni Rusiya dövləti tərəfindən qanuni hesab edilməyən bir universitetdən istənilən təhsilalma forması üzrə məzun olmuşdur, yaxud hər hansı bir qanuni universitetdə təhsili almadığı halda saxtalaşdırılmış diplom təqdim etmişdir. Əlbəttə ki, hər iki halda həmin diplomlar tanına və nostrifikasiya edilə bilməz”.

 

DİSTANT TƏHSİL HƏM DƏ VALYUTANIN ÖLKƏDƏN ÇIXMASINA AZALDICI TƏSİR GÖSTƏRİR

 

Azər Hətəmov  qeyd etdi ki, distant təhsil tələbənin işdən ayrılmamasına, vaxtını səmərəli istifadə etməsinə və həm də valyutanın ölkəmizdə qalmasına köməkdir:

 

"Mən xaricdə əyani təhsil almağa da müsbət yanaşıram, lakin bir çox ölkələrdə əyani təhsil alanlardan başqa  qiyabi təhsil alan vətəndaşlarımız  da varki onların ildə təxminən 2 aya yaxın həmin ölkədə olmaq məcburiyyətləri var. Bu zaman onlar həmin ölkədə qalmağa, qidalanmaya, nəqliyyata və s. digər xərclər çəkməli olurlar. Distant təhsildə isə tələbənin əyani və qiyabi təhsildən fərqli olaraq, universitetə getmək məcburiyyəti olmadığı üçün, onlar Azərbaycanı tərk etmədən "online" formada təhsil ala bilirlər. Yəni, bugün Anadolu Universitetində "online", distant təhsil alanların Türkiyəyə, Liverpul Universitetində distant təhsil alanların İngiltərəyə getmələrinə ehtiyac yoxdur”.

 

Azər Hətəmov bildirdi ki, Anadolu Universitetində distant təhsil forması üzrə bakalavr tibb və hüquq təhsili yoxdur. Bu ixtisaslar yalnız əyani formada olur. Təcrübə tələb edən tibb kimi ixtisaslar məsafədən (distant) tətbiq edilmir. Distant üsul ilə əsasən iqtisadi, idarəetmə və turizm ixtisasları üzrə təhsil almaq mümkündür ki, tələbələrimiz daha çox Biznesin təşkili və idarə edilməsi (İşletme), İqtisadiyyat (İktisat), Maliyyə (Maliye), Beynəlxalq münasibətlər (Uluslararası ilişkiler), Otel işinin təşkili və idarə edilməsi (Konaklama işletmeciliği) və sair ixtisaslara üstünlük verirlər. Turizm ixtisası üzrə təhsil alanlara isə otellərdə təcrübə keçmələri üçün lazımi dəstək göstərilir.

 

MƏZUNLAR 1 İL ƏSGƏRLİK ÇƏKİRLƏR

 

Azər Hətəmov  vurğuladı ki, Türkiyənin Anadolu  Dövlət Universitetində Azərbaycandan məzun olanlar 1 il hərbi xidmət keçirlər. 

 

Anadolu Universitetində Azərbaycandan yalnız Azərbaycan vətəndaşları deyil, həm də Azərbaycandakı Türkiyə vətəndaşları da təhsil alırlar. Həm də onların bir çoxu yalnız birinci ali təhsil deyil, ikinci və hətta  üçüncü ali təhsil alan şəxslərdirlər.

 

“Anadolu Universitetində təhsil alan Azərbaycan vətəndaşları olan tələbələrin  hərbi xidmətə çağırılması və ya möhlət hüququnun verilməsi  Azərbaycan hərbi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının  hərbi qanunvericiliyinə görə, təhsil müddətində hərbi xidmətdən möhlət yalnız əyani təhsil alanlara verilir. Yəni Azərbaycanın da bütün universitetlərində möhlət yalnız əyani təhsilə verilir, qiyabi təhsilə isə verilmir. Lakin qeyd etdiyim kimi, Anadolu Universitetində Azərbaycandan məzun olanların diplomları apostil olunub, təsdiq edildiyi üçün onlar  1 il 6 ay deyil, ali təhsilli kimi 1 il hərbi xidmət keçirlər”.

 

Azər Hətəmov, “Təhsil Nazirliyi dünyanın bütün universitetlərindən distant üsulla alınan diplomları hələki tanımadığını bildirir, bəs reallıqda tələbələr çətinliklə qarşılaşırlarmı?” sualına, “Tələbələrin bir çoxunun ikinci ali təhsil aldıqlarını, bir çoxunun Türkiyə vətəndaşı olduğunu və distant təhsil alanların bir çoxunun isə  universitetə qəbul olunarkən artıq işlədiklərini nəzərə alsaq bu məsələdə ciddi çətinliklə rastlaşdıqlarını düşünmürəm. Məzunlarımızdan bəziləri ola bilsinki dövlət qulluğu kateqoriyasında işə qəbul zamanı belə bir çətinliklə üzləşsinlər. Dövlət qulluğu kateqoriyasında olmayan digər qurumlarda, özəl sektorda isə bilik və bacarığı olan gənclərə hər zaman iş tapılır. Həmçinin ATİB  də onların Azərbaycandakı Türk şirkətlərində işə düzəlmələrinə mümkün köməklik göstərir. Anadolu Universitetinin diplomunu əldə edən məzunlar yalnız Azərbaycanda deyil, həm də Türkiyədə problemsiz işə qəbul oluna bilirlər, Türkiyədə hətta dövlət vəzifələrinə də işə qəbul olunmaları mümkündür”, - şəkilində cavab verdi.

 

Anadolu Universitetində distant  təhsil haqqı illik maksimum 960 avrodur. Təhsil haqqı ildə iki dəfəyə ödənilir. Qiymətə kitablar, elektron vəsaitlər və imtahanlar daxildir. Anadolu Universitetinə qəbul üçün türk dili və məntiqdən imtahanlar verilir.  

24.09.2019 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ