Mobil manşet üstü reklam_21

Gecikmiş kredit borcunu 1 faizlə qaytarmaq imkanında son ay

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gecikmiş kredit borcunu 1 faizlə qaytarmaq imkanında son ay

2019-cu ilin Dekabr ayı ödəmə vaxtı keçmiş kredit borcunu illik 1 faizlə və uzun müddətə qaytarmaq imkanından (restrukturizasiyadan) faydalanmaq üçün sonuncu aydır.  


 

Reklam_3_11

Mövzu barədə "Bank of Baku" ASC-nin sahə direktoru Tural Məmmədovun "Marja"ya müsahibəsi

 

-Tural bəy, ola bilsin ki, məlumatsız vətəndaşlar var. Qısa və sadə şəkildə deyərdiniz, problemli kreditlərin restrukturizasiyası nə deməkdir? Bu restrukturizasiya hansı kreditlərə şamil edilir?

 

-Bildiyiniz kimi, Respublika Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borcu olan bəzi vətəndaşların kreditləri üzrə güzəştli şərtlərlə restrukturizasiyaların edilməsi də nəzərdə tutulmuşdur. Problemli kreditlərin restruktruzasiyası sadə dildə desək gecikmədə olan kreditlər üzrə cari kredit şərtlərindən daha əlverişli və güzəştli şərtlərlə yeni kreditin rəsmiləşdirilməsidir. Hazırki restrukturizasiyada əsas kredit borclarının ödənilməsi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Dövlət başçısının Fərmanına əsasən restruktrizasiyalar o kreditlərə şamil edilir ki, həmin kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin mart ayının 1-dək olan müddətdə rəsmiləşdirilmiş olsun, 01 mart 2019-cu il tarixinə bütün kredit təşkilatlarında (banklarda) həmçinin ləğvetmə prossesində olan kredit təşkilatları da daxil olmaqla müştəri ilə bağlanmış kredit müqavilələri üzrə əsas kredit borcunun qalıq məbləğlərinin cəmi 17000 manatdan və ya 10000 ABŞ dollarından artıq olmasın və eyni zamanda 01 mart 2019-cu il tarixinə kredit müqavilələri üzrə əsas və faiz borcunun ödənilməsi 360 gündən çox gecikdirilmiş olsun.

 

- Restruktrizasiyalarda güzəştlər nədən ibarətdir və restrukturizasiyadan sonra müştərinin aylıq kredit ödənişi neçə dəfə azalır?

 

-Restrukturizasiya şərtləri ilə bağlı ilk olaraq onu deyə bilərəm ki, Fərmanda vətəndaşlar üçün kifayət qədər böyük həcmdə güzəştlər nəzərdə tutulub. Belə ki, vətəndaşın banka olan və hazırki vaxtadək hesablanmış, faiz və cərimələri eyni zamanda məhkəmə xərcləri də daxil olmaqla bütün məbləğlər bağışlanır, heç bir komissiya və rəsmiləşmə xərci tutulmadan 5 il müddətinə,  illik 1%-lə və ilk 12 ay isə yalnız faiz borcunu ödəmə şərtləri ilə kredit yenidən rəsmiləşdirilir. Məsələn müştəri 1000 manat əsas məbləğdə olan kredit borcunu cari güzəştli şətlərlə rəsmiləşdirəcəyi halda ilk 12 ay yalnız faiz olaraq təqribən 0.83 qəpik, növbəti 48 ay ərzində isə faiz və əsas məbləğ daxil olmaqla 21.26 manat ödəniş edəcək. Bu da ümumilikdə 60 ayın sonuna təqribən 1030 manat ödəniş deməkdir. Bundan başqa “Bank of Baku” olaraq Cənab Prezidentin Fərmanında digər tədbirlərin görülməsi ilə bağlı banklara olan tövsiyyəsini rəhbər tutaraq öz tərəfimizdən əlavə güzəşt tətbiq edərək cari kreditlərinin zaminliklə rəsmiləşdirilmiş olmasına baxmayaraq restrukturizasiya zamanı əvvəlki zaminin iştirakını tələb etmir və kreditlərin zaminsiz rəsmiləşdirilməsini həyata keçiririk.

 

- 15 May 2019-cu il tarixindən problemli kreditlərin restrukturizasiyasına başlanılıb. “Bank of Baku”da işin təşkili necə qurulub?  Müvafiq Prezident fərmanına görə, 31 Dekabr 2019-cu il tarixində başa çatacaqdır. Yəni, güzəştlərdən faydalanmaq üçün son aydır? Proses necə davam edir?

 

- Ölkə əhəmiyyətli sosial layihə olan bu Fərmanın icrası ilə bağlı "Bank of Baku" olaraq üzərimizə düşən işi ən yaxşı formada görməyi hədəfləmişik. İşin keyfiyyətli, operativ və effektiv aparılması məqsədilə tərəfimizdən iş prosesi qurulmuş, prosesin lazımı qaydada aparılması üçün Bakı və region filialları üzrə ilk aylarda 80 daha sonra 100-ə yaxın əməkdaş cəlb edilmişdir. Prosesin gedişatı zamanı müştərilərlə əlaqə saxlanılmış, sms-lər və unvanlara bildirişlər göndərilmiş və müştərilər Prezidentin Fərmanı ilə əlaqədar maarifləndirilmiş, onlara şamil oluna bilinəcək güzəştlərlə bağlı tam məlumat verilmiş və fərmana əsasən restrukturizasiyadan yararlanmaq üçün bankımıza dəvət edilmişlər.

 

Təsdiq olunmuş qaydalara əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda son ay olduğunu nəzərə alaraq işimizi daha da intensivləşdirmişik və gün ərzində bankın Bakı və region filiallarında yüzlərlə vətəndaş bu məqsədlə qəbul edilir və həmin gün lazımi rəsmiləşdirilmə işləri aparılır.

 

- Aldığımız məlumata görə, borcunu hələ də restrukturizasiya etməyən müştərilər qalıb. Onların banklara müraciət etməmələri nə ilə bağlıdır?

 

-Əvvəl də qeyd etdiyim kimi, tərəfimizdən vətəndaşlarla əlaqə saxlayıb, dəvət edilmələri üçün bütün mümkün tədbirlər görülür. Lakin müştərilərin bankda olan əlaqə vasitələrinin sonradan dəyişilməsi, bəzi vətəndaşların qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması və hazırki yaşayış üvanının bizə məlum olmaması, bəzilərinin xaricdə olması, vəfat etməsi və s. bu kimi bankdan asılı olmayan bəzi səbəblərə görə vətəndaşların hamısı ilə əlaqə saxlamaq və dəvət etmək mümkün olmur. Bir qisim müştərilərə isə dəfələrlə məlumat verilməsinə baxmayaraq gələcəklərini bidirsələr də, hələ də banka hər hansı bir müraciət etməyiblər. Ümid edirik müddətin sonunadək onlar da yaxınlaşıb, yaradılmış bu güzəştlərdən faydalanarlar.

 

- Prezident Fərmanına görə, banklar vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə vətəndaşlara qarşı qaldırdığı iddialardan imtina etməlidirlər. Digər tərəfdən bir sıra vətəndaşlar hələ də restrukturizasiya üçün müraciət etmirlər. 360 gündən artıq müddətdə kredit borcunu ödəməyən, eyni zamanda da restrukturizasiya müraciət etməyən vətəndaşlar ilə bağlı gələcəkdə hansı addımlar atıla bilər? Onlara qarşı məhkəmədə qaldırdığınız iddiadan artıq imtina edilib, yoxsa müştəri restrukturizasiyadan istifadə edərsə imtina edilir?

 

- Respublika Prezidentinin Fərmanının tələblərinə uyğun olaraq güzəşt çərçivəsinə düşən vətəndaşlara qarşı məhkəmələrdə olan və yekun qərarları qəbul olmayan bütün işlər üzrə məhkəmələrə tərəfimizdən lazımi muraciətlər olunub və hazırda həmin müştərilərlə bağlı məhkəmədə hər hansı bir iddiamız yoxdur. O ki, qaldı restrukturizasiya müraciət etməyən və onlara yaradılmış güzəştlərdən istifadə etməyən vətəndaşlara onlarla bağlı gələcəkdə hüquqi müstəvidə Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq bank öz hüquqlarından istifadə edə bilər. Lakin hazırda “Bank of Baku” olaraq bizim üçün əsas prioritet həmin vətəndaşlarla mümkün qədər əlaqə yaradaraq, hazırki güzəştli şərtlərin onlar üçün nə qədər faydalı olması barədə onları düzgün marifləndirmək və bu güzəştlərdən istifadə etmələrinə nail olmaqdır.

 

-Restrukturizasiya imkanından faydalanmış bir neçə vətəndaş bankın məhkəməyə məktub göndərmədiyindən şikayət edirlər? Belə vəziyyətin yaranması nə ilə bağlıdır?

 

- Fərmanın icrasına başlanılan ilk vaxtlarda bu kimi halların olması mümkün ola bilərdi. Belə ki, hər bir iş üzrə məhkəmələrə müraciətlərin hazırlanıb göndərilməsi və işlərin kütləviliyi zaman tələb edirdi. Amma başladıqdan 1 aydan da az bir müddətə bu prosesi başa çatdırdıq. Bu müddət ərzində də “Bank of Baku” ilə bağlı bu kimi şikayətlərin olması hallarına rast gəlməmişik. Bununla bağlı hər hansı bir anlaşılmazlıq olarsa muştərilər banka yaxınlaşıb məhkəməyə ünvanlanmış muraciətlərlə tanış ola və ya surətlərini əldə edə bilərlər.

 

- Gecikməsi olan müştərilər yenidən kredit götürə bilmirdilər. Restrukturizasiyadan istifadə edən müştərinin kredit tarixçəsi necə dəyişir?

 

- Qeyd etdiyiniz kimi, Mərkəzi Kredit Reyestrindəki məlumatlara əsasən bir çox hallarda banka gecikməsi, mənfi kredit tarixçəsi olan müştəri digər banklarda da bu səbəbdən kredit almaq üçün məhdudiyyətlərlə üzləşə bilər. Hazırki restrukturizasiya rəsmiləşməsi zamanı vətəndaşın gecikmədə olan krediti tam bağlanır və yeni kredit kimi Reyestrdə qeydə alınır. Bu halda müştəri rəsmiləşdirdiyi yeni krediti ödəniş qrafikinə uyğun olaraq, gecikmə etmədən vaxtında ödəyərsə, müsbət kredit tarixçəsi formalaşa bilər. Belə olduğu halda bankların kredit vermə qaydalarına da uyğun olarsa, müştərinin yenidən kredit alma imkanı yarana bilər. Hesab edirəm ki, digər güzəştlərlə yanaşı bu imkanın olması da vətəndaşlara restrukturizasiya ilə bağlı müraciət etmələri üçün əlavə bir stimul olmalıdır.

-Bəs rəhmətə getmiş şəxsin vərəsəsi restrukturizasiyadan faydalanmaq üçün müraciət edə bilər?

 

-Təəssüf ki, restrukturizasiya siyahısına düşən vətəndaşların bəzilərinin vəfat etməsi halları vardır. Belə hallarda həmin müştərilərin vərəsələri təsdiqedici sənədlə banka yaxınlaşıb restrukturizasiya ilə bağlı istəyini bildirə bilər və həmin vərəsənin adına rəsmiləşdirilmə aparıla bilər.

 

- Siz vaxtı keçmiş kredit borclarının restrukturizasiya edirsiniz, bu çərçivədə  kreditlərə hesablanmış faizlərin silirsiniz. Restrukturizasiyası məqsədilə banklara 682 milyon manat məbləğinə dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməli idi. “Bank of Baku” payına düşən güzəştli krediti alır?

 

-Qeyd etdiyiniz kimi Prezidentin Fərmanında banklara dövlət dəstəyi məsələsi də öz əksini tapmış, banklara dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi nəzərdə tutulmuş və aidiyyatı dövlət orqanlarına bu barədə tapşırıqlar verilmişdir. Artıq “Bank of Baku” payına düşən güzəştli kreditin bir hissəsini almışdır.

 

-Fərman ilə müəyyən edilmiş müddətin uzadılmasına ehtiyac var?

 

-Hesab edirəm ki, restrukturizasiya layihəsinin icrası ilə bağlı 7-8 ay aralığında olan müddət bu layihənin icrası və vətəndaşların hamısının müraciət etmələri üçün kifayət qədər geniş müddət idi. Lakin müəyyən edilmiş müddətin artırılması hər hansı bir obyektiv səbəbdən banka muraciət etmək imkanı olmayan vətəndaşlara əlavə imkan vermiş olar. 

 

- Fərmanın şərtlərinə uyğun olaraq "Bank of Baku"nun indiyədək restrukturizasiya olunan kreditin həcmi nə qədərdir və bu neçə müştərini əhatə edir?

 

-Ümumilikdə “Bank of Baku”nun restrukturizasiya olunmalı portfelinin əksəriyyəti üzrə rəsmiləşdirilmə prossesi artıq icra olunub. Belə ki, bu günədək restrukturizasiya siyahısında olan təqribən 40.000 müştərinin 60.000 sayda krediti üzrə tərəfimizdən restrukturizasiyalar rəsmiləşdirilib və həmin rəsmiləşmələr zamanı müştərilərə faiz, cərimə və digər xərclərdən ibarət olan güzəştlər tətbiq edilib.

 

-Hazırda gecikmiş kreditləri olan müştərilər adlarının restruktrizasiya siyahılarında olub olmadığını necə müəyyənləşdirə bilər və restruktrizasiya üçün muraciəti etmək üçün nə etməlidirlər?

 

-Müştərilərin bu istiqamətdə bankdan özlərinə aid lazımi məlumatları alması, məlumatların dəqiqliklə müştərilərə verilməsi və onların bu istiqamətdə suallarının cavablandırılması üçün də “Bank of Baku” tərəfindən lazımi tədbirlər görülüb. Vətəndaşlar öz adlarının restrukturizasiya siyahısında olub-olmamasını yoxlamaq üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək özünə aid müştəri kodu və digər məlumatları təqdim etməklə adının sözügedən siyahıda olmasını dəqiqləşdirə, eyni zamanda restrukturizasiya olunmalı olan əsas borc məbləği, tətbiq ediləcək güzəşt məbləği, restrukturizasiya olunacağı halda aylıq ödənişləri barədə ətraflı məlumat ala bilərlər. Adlarının “Bank of Baku”nun restrukturizasiya siyahısında olması barədə məlumatı olan vətəndaşlar buyurub, bankımızın Bakı və ya region filiallarına yaxınlaşıb muraciətlərini edərək vaxtı keçmiş kreditlərinin restrukturizasiya olunmasına nail olaraq Dövlət Başçısının Fərmanı ilə onlar üçün yaradılmış bu möhtəşəm güzəştli şərtlərdən faydalana bilərlər.

 

- Müsahibə üçün təşəkkür edirik.

11.12.2019 04:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ