Mobil manşet üstü reklam-3_21

“Biznesin bank sektorundan asılı edilməsi müəyyən risklər yaradır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biznesin bank sektorundan asılı edilməsi müəyyən risklər yaradır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjası tərəfindən həyata keçirilən Listinq Məsləhət Proqramı şirkətlərə öz dəstəyini verməyə hazırdır.

 

“Ölkədəki kiçik və orta sahibkarlığın böyük bir qismi bank sektoru tərəfindən maliyyələşdirilir. Bu vəziyyət ölkə iqtisadiyyatını və real biznesi həddən artıq bank sektorunundan asılı edərək növbəti dövrlər üçün müəyyən risklər yaradır”.

 

Bakı Fond Birjasının Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayevin “Marja”ya müsahibəsi

 

-Listinq Məsləhət Proqramı (LMP) bir neçə ildir mövcud olsa da, proqramın çoxlu sayda nailiyyəti yoxdur. Amma son vaxtlar Bakı Fond Birjası listinqinə yeni şirkətlərin daxil edilməsi üçün Proqram üzrə daha da aktivləşib. Sonuncu dəfə “Metak” şirkəti Proqrama qoşuldu. Listinq Məsləhət Proqramını yenidən önə çıxartmağınız nə ilə bağlıdır? Sizi ruhlandıran hansı dəyişikliklər baş verib?

 

-LMP  ümumiyyətlə dünya bankının maliyyələşdirdiyi “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi” çərçivəsində yaradılmış bir məhsuldur. Proqramın başlıca məqsədi kapital bazarları vasitəsi ilə maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjası, habelə digər peşəkar şirkətlər tərəfindən  tam ödənişsiz əsaslarla müvafiq xidmətlərin göstərilməsidir.

 

Proqramın çoxlu sayda nailiyyəti yoxdur demək əslində doğru olmaz. 2014-cü ildən bu yana proqrama METAK şirkəti daxil olmaqla ümumilikdə ölkənin qabaqcıl 17 şirkəti qoşulmuşdur. Onlardan 12-si nəticə etibarilə borc alətləri (istiqraz) formasında 30,267,500 AZN, pay alətləri (səhm) formasında  isə 136,843,066 AZN həcmində emissiya etmişdirlər. Düşünuürəm ki, bu rəqəmlər LMP-nin kifayət qədər uğurlu olmasının göstəricisidir.

 

METAK şirkəti əslində bizim hədəf şirkətlərimizin arasında olan şirkətlərdən biridir. Son dönəmdə maliyyə sisteminin daha da şəffaflaşması və iqtisadiyyatın inkişafı yolunda həyata keçirilən müxtəlif islahatlar bu tip şirkətlərin alternativ maliyyələşmə mənbələrindən istifadəsi üçün münbit şərait yaradır. Hal-hazırda bu istiqamətdə bir neçə şirkətlərlə də müəyyən danışıqlar aparılır. LMP Bakı Fond Birjasında hər zaman öndə olmuş bir məhsuldur və davamlı olaraq yeni şirkətlərin kapital bazarları vasitəsi ilə maliyyələşməsi üçün qarşısına müvafiq hədəflər qoyaraqemitentlərinehtiyaclarına uyğun olaraq inkişaf edir və yenilənir.

 

Bu günə qədər müxtəlif emitentləri bir araya toplayaraq keçirmiş olduğumuz tədbirlər, təşkil etdiyimiz maarifləndirici seminarlar, şirkət rəhbərləri ilə keçirdiyimiz çoxsaylı görüşlər öz müsbət təsirini göstərməyə başlayır və bu da bizim üçün olduqca sevindirici bir haldır.

 

-Hesab edək ki, şirkətlər kapital bazarlarından vəsait cəlb etməyə razıdırlar. Bu addım həqiqətən şirkətlər üçün faydalı olacaqdır? Bu gün kapital bazarları ənənəvi maliyyələşmə yolu dediyimiz bank kreditlərindən hansı üstünlüklərilə seçilir?  Həqiqətən bankdan kredit götürməkdənsə, qiymətli kağız buraxmaq daha sərfəlidir?

 

-Qeyd etmək istərdim ki, LMP-nin əsas istiqamətlərindən biri də elə şirkətlərə kapital bazarları vasitəsi ilə maliyyələşmənin üstünlüklərini izah etmək və bu yolda onlara lazımı dəstəyi göstərməkdir. Düşünürəm ki, hazırki iqtisadi vəziyyət kapital bazarları vasitəsi ilə cəlb ediləcək maliyyəni daha da cəlbedici edir.Qeyd etdiyiniz suallara misal üzərindən cavab vermək istərdim.  Götürək tikinti sahəsində fəaliyyət göstərən bir şirkəti. Eyni zamanda bir neçə layihə həyata keçirən bu şirkət təbii ki, əlavə maliyyə cəlb etməyə ehtiyacı yaranır. Bunun üçün sahibkar üç mənbədən pul cəlb edə bilər. Birjada səhm buraxmaqla şirkətin bir hissəsini sata bilər, lakin sahibkar cəlb edilmiş pulu tezliklə qaytaracağından əmindir, bu səbəbdən də öz şirkətinin bir hissəsini satmaqda maraqlı deyil. O zaman ənənəvi maliyyələşmə yolu olaraq bankdan kredit götürə bilər, lakin bank - kreditin geri ödənilməsinin təminatı olaraq şirkətin aktivlərini və ya sahibkarın şəxsi əmlakını girov qismində tələb edir, həmçinin hal-hazırki illik faiz dərəcələri sahibkarları qane etmir. Əlavə olaraq sahibkar, birdəfəlik komissiya haqları, kreditin rəsmiləşdirilməsi, nağdlaşdırılması, girovun qiymətləndirilməsi və onun sığortalanması kimi xərclərlə üzləşir. Sadalanan bütün məsrəfləri və şərtləri nəzərə alsaq aydın şəkildə görürük ki, bank kreditləri bu növ sahibkarlara xeyir etmir. Bu səbəbdən düşünürəm ki, tikinti sahəsində fəaliyyət göstərən bir sahibkar üçün ən ideal maliyyələşmə metodu istiqrazdır. İstiqrazların müddəti əksər hallarda 1 ildən 10 ilədək, bəzən müddətsiz də ola bilir. İstiqrazlarda əsas məbləğ müddətin sonunda, faizlər isə rüblük, yarımillik və ya illik ödənildiyindən sahibkarın pul axınlarını daha səmərəli idarə etməsinə şərait yaradır. Qeyd etdiyim kimi bütün bu şərtləri nəzərə alaraq demək olar ki, kapital bazarları vasitəsi ilə maliyyələşmə digər növ maliyyələşmə metodlarından daha sərfəlidir.

 

-Bu gün kapital bazarları vasitəsilə maliyyələşmək istəyənlər artarsa, borc vermək üçün yetərli sayda  investor tapılacaqdır?

 

-Bəli ölkədə instutisional investorlar yetərincədir, lakin bizim məqsədimiz ictimaiyyətin investisiya maraqlarını kapital bazarlarına yönəltməkdir. Düşünürəm ki, son zamanlarda ölkədə baş verən iqtisadi aktivlik kapital bazarlarına olan marağı getdikcə artıracaqdır. Bizim digər məqsədimiz cəmiyyətdəki pul axınlarının böyük bir qismini real biznesin inkişafına yönəldərək dərin və dayanıqlı kapital bazarlarını formalaşdırmaqdır. Bu iqtisadiyyatımızın inkişafı üçün qaçıllmaz bir şərtdir. Demək olar ki, ölkədəki kiçik və orta sahibkarlığın böyük bir qismi bank sektoru tərəfindən maliyyələşdirilir. Bu vəziyyət ölkə iqtisadiyyatını və real biznesi həddən artıq bank sektorunundan asılı edərək növbəti dövrlər üçün müəyyən risklər yaradır. Yarana biləcək riskləri aradan qaldırmaq üçün maliyyələşmə mexanizmlərini diversifikasiya etmək lazımdır və diversifikasiyanınkapital bazarları vasitəsi ilə həyata keçirilməsi daha məqsədə uyğundur. Hesab edirəm ki,yuxarıda qeyd etdiyim iddialı bir məqsəddir və bunun üçün düçüncə tərzinin tamami ilə dəyişməsi lazımdır.Bu baxımdan Bakı Fond Birjası olaraq növbəti hədəflərimiz müxtəlif maarifləndirici tədbirləri həyata keçirərək ictimaiyyəti kapital bazarlarının imkanları barəsində məlumatlandırmaq, kapital bazarlarına olan etimadı artıraraq investorların maraqlarının qorunma mexanizmlərini gücləndirmək və bu şəkildə investor bazasını daha da genişləndirməkdir.

 

-Bu gün şirkətlərin kapital bazarlarından maliyyələşmək istəməmələrinin qarşısında ən böyük əngəl nədir? Şirkətlər nədən qorxurlar?

 

-Hal-hazırda qarşılaşdığımız ən əsas problemlərdən biri cəmiyyətin yetəri dərəcədə kapital bazarları barədə məlumatlı olmamasıdır. Bu problemi də LPM layihəsinin köməkliyi ilə aradan qaldırmağa çalışırıq. Kapital bazarları inkişaf etməkdə olan ölkəmizdə yeni bir sahə olduğundan bu sahəyə olan güvən yetəri qədər deyildir. Digər mühüm problemlərdən biri də real sektor iştirakçılarının maliyyə hesabatlarının tam şəffaf olmamasıdır. Bilirsiniz ki, şirkətin imicini və investorlar perspektivindən cəlbediciliyini formalaşdıran onun maliyyə göstəriciləridir. Düzgün və dolğun formada təqdim olunmayan maliyyə göstəriciləri investorlar üçün yatırım qərarlarını çətinləşdirir və ümumilikdə riskli edir. Bu baxımdan problem olaraq bir çox şirkətlərin kapital bazarlarından yararlanmaq istəməmələri yox, yaralanmaq üçün hazır olmadıqlarını desək daha doğru olardı.

 

Kapital bazarları vasitəsilə maliyyəşmə fikrində olan şirkətlər LMP proqramına müraciət edə bilərlər.Ətraflı məlumatı BFB-nin internet səhifəsindən (www.bfb.az) əldə edə bilərsiniz.

 

-Abdulla bəy, müsahibə üçün təşəkkür edirik.

07.04.2017 13:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil əsas səhifə 6-ci_29
Manşet sağındakı reklam_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ -18_18
InvestAZ