Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gömrük Komitəsinin sədri ilə geniş MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Komitəsinin sədri ilə geniş MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müsahibəsi


 

Reklam_3_11

- Səfər müəllim, 2019-cu il Dövlət Gömrük Komitəsi və gömrük orqanları üçün nəylə yadda qaldı?

 

- 2019-cu ildə şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, qanuni ticarətin asanlaşması və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin sonunda imzalanmış müvafiq fərmana əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılıb.

 

Məhz bu layihə ölkənin biznes sektoruna gömrüyün nəzarət fəlsəfəsinin dəyişməsini göstərdi və bu layihə düşüncə tərzimizə könüllü riayət mədəniyyəti anlayışını gətirdi. Bununla gömrük xidməti göstərdi ki, biznes subyekti bizimlə etibarlı tərəfdaş olsa, biz öz növbəmizdə bütün nəzarət baryerlərini aradan qaldırmaqla daha intensiv və həcmli yük axını üçün şərait yaradacağıq.

 

İlkin hesablamalara görə, 2019-cu ildə gömrüyün etibarlı tərəfdaşı olan “Yaşıl dəhliz” iştirakçılarının təkcə yük nəqliyyat vasitələrinin terminallara deyil, birbaşa öz anbarlarına göndərilməsi nəticəsində milyonlarla vəsaitə qənaət edilib. Bu halda gömrük əməkdaşı ilə təmas aradan qaldırılıb və yüklərin boşaldılması səlahiyyəti bilavasitə “Yaşıl dəhliz” iştirakçılarının özünə verilib.

 

İxracda “Yaşıl dəhliz”in tətbiqi ölkənin qeyri-neft sektorunda ticarətin asanlaşdırılması istiqamətində mühüm addım olub. 2019-cu ildə ölkədən ixrac olunan 62,5 faiz kənd təsərrüfatı və yeyinti məhsulları məhz “Yaşıl dəhliz” sistemi ilə ixrac olunub və əksər hallarda bunların tez xarab olan məhsulların olduğu nəzərə alınaraq gömrük rəsmiləşdirilməsinə sərf edilən vaxt bir neçə dəqiqə təşkil edib.

 

Bu halda, bəyannamə sahibkarın ofisindən və ya hər hansı digər yerdən doldurularaq elektron formatda gömrük orqanına göndərildikdən sonra risklərin idarəolunması sistemi tərəfindən uyğunsuzluq aşkar edilmədiyi təqdirdə dərhal qəbul olunub və gömrük rəsmiləşdirilməsi başa çatdırılıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2012-ci il tarixli, 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları”nın 2 və 3-cü bəndlərinə müvafiq qaydada gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən avqust ayından etibarən mərhələli qaydada 14 dəfə imtahan keçirilib. İmtahanlarda iştirak üçün dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən 200-dən çox hüquqi şəxs üzrə ümumilikdə 1 172 nəfər əməkdaş ixtisas attestatı əldə etmək üçün müvafiq sənədlərlə Dövlət Gömrük Komitəsinə müraciət edib. İndiyədək imtahanlarda iştirak edən 1 040 nəfərdən 399 nəfər uğurlu nəticə əldə edib və bu istiqamətdə işlərin görülməsi davam etdirilməkdədir.

 

Bundan başqa, “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasına (BYD konvensiyası, 1975) uyğun olaraq məlumatların əvvəlcədən TIR EPD sistemi vasitəsilə təqdim edilməsinin 1 fevral 2019-cu il tarixindən tam qaydada istifadəsinə başlanılıb. TIR EPD sisteminin tətbiqi həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi, həm də əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinin məlumatlandırma və qeydiyyat mərhələlərində, eləcə də risklərin analizi sahəsində səmərəliliyi artırmaqla gömrük-sərhəd keçid məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi və sürətləndirilməsinə xidmət edir.

 

Sistemin davamı olaraq 2019-cu ilin iyunun 18-dən isə Azərbaycan və İran arasında BYD daşımalarının tamamilə rəqəmsallaşdırılması məqsədilə eTIR pilot layihəsinin tətbiqinə başlanılıb. Azərbaycan və İran arasında eTIR pilot layihəsi “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyası (BYD konvensiyası, 1975) ilə tənzimlənən tranzit əməliyyatlarının elektronlaşdırılmasını və eTIR prosedurundan istifadə zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi üzrə hərəkətlərin elektron sistem vasitəsilə yerinə yetirilməsini nəzərdə tutur. Bu layihə BYD daşımaları zamanı məlumatların əvvəlcədən təqdim edilməsi yolu ilə risklərin təhlili sistemindən daha səmərəli istifadə və elektron platformalar üzərindən gömrük nəzarəti və rəsmiləşdirilməsi üzrə tədbirlərin tətbiqi vasitəsilə iki ölkə arasında idxal-ixrac əməliyyatları zamanı sərhəd keçidi və digər əlaqədar prosedurların sürətləndirilməsi və ixrac potensialının artırılmasına töhfə verir, xüsusilə də Azərbaycan Respublikası ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradır.

 

Eyni zamanda, qanuni ticarətlə məşğul olan şəxslərin mallarının gömrükdən sərbəst keçməsinə imkan verməklə, daha çox riskin mövcud olduğu sahələrdə gömrük rəsmiləşdirilməsinin icraatına nəzarət etmək məqsədilə, 2019-cu ildə qısa idxal bəyannaməsi əsasında qabaqcadan məlumatlandırma sistemi tətbiq edilməklə risk qiymətləndirilməsi prosesi başlanıb.

 

Həmçinin 2019-cu ildə gömrük və vergi orqanları arasında informasiyanın operativ ötürülməsi və məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə Vahid Risk Platforması qurularaq tam avtomatlaşdırılıb. Bununla da riskli xarici ticarət iştirakçıları üzrə məlumatların birgə platformadan istifadəsi təmin edilib.

 

Bundan başqa, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, Dövlət Gömrük Komitəsinin sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə könüllülük hərəkatının inkişafı ilə bağlı proqram qəbul edilib. Həmin proqrama uyğun olaraq Dövlət Gömrük Komitəsində ilk dəfə “Könüllü gömrükçü” dəstəsi yaradılmış və bu təşəbbüs gənclər tərəfindən böyük maraqla qarşılanıb. Ötən il könüllülər gömrük əməkdaşları ilə birlikdə fəaliyyət istiqamətləri üzrə işə cəlb olunaraq gələcək fəaliyyətləri üçün təcrübə qazanıblar.

 

- Ötən il büdcə proqnozunun yerinə yetirilməsi üçün komitə üçün əsas maneələr hansılar idi? Buna baxmayaraq, gömrük orqanları bunun öhdəsindən layiqincə gəlib və büdcəyə proqnozdan artıq vəsait toplaya biliblər. Hansı əlavə mənbələr hesabına bu mümkün olub?

 

- 2019-cu il üzrə qanunla müəyyən olunmuş 3 milyard 702 milyon manat proqnoza qarşı faktiki olaraq 4 milyard 408 milyon manat olmaqla 706,6 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və illik büdcə öhdəliyi 119,1% yerinə yetirilib.

 

Müəyyən edilmiş proqnozla müqayisədə 706,6 milyon manat artıq gömrük ödənişlərinin toplanılmasına ilk növbədə şəffaflığın təmin olunması, “Kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və aidiyyəti üzrə digər müvafiq tədbirlərin görülməsi hesabına müvəffəq olunub. Eyni zamanda, idxal olunan malların gömrük dəyərinin “Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən düzgün müəyyən edilməsi, gömrük-vergi idarəetməsinin keyfiyyətinin daha da artırılması və rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə görülmüş tədbirlər nəticəsində müəyyən edilmiş büdcə öhdəliyinin yerinə yetirilməsinə nail olunub.

 

- 2019-cu ildə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən sahibkarlarla xeyli sayda görüşlər keçirilib. Bu görüşlərdən sonra müsbət yöndə dəyişikliklər müşahidə edilirmi?

 

- 2019-cu ilin fevral ayının 28-də Dövlət Gömrük Komitəsində xarici ticarət əməliyyatlarında iştirak edən şəxslərə son yeniliklərlə bağlı seminar keçirilib. Tədbirdə Komitənin Baş İdarə rəisləri, aidiyyəti struktur bölmələrinin rəhbərləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin nümayəndələri, sahibkarlar və media nümayəndələri iştirak ediblər. Bildirilib ki, 2019-cu ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi məmur-vətəndaş təmasının minimuma endirilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımdır. Eyni zamanda, bu sistemin sahibkarlar arasında könüllü riayət prinsipini də formalaşdıracağı qeyd olunub.

 

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Sərhəddə ticarətin sadələşdirilməsi üzrə aparılmış iqtisadi islahatlar” və “Yaşıl dəhliz” buraxılış sistemi üzrə rəsmiləşdirmə” adlı təqdimatlarla çıxış edərək, qarşılıqlı fikir mübadiləsi formatında xarici ticarət iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydasına dair hazırlanmış maarifləndirici broşür və disklər xarici ticarət iştirakçılarına, hüquq və konsaltinq şirkətlərinə təqdim edilib.

 

2019-cu ilin fevralın 14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinin səfəri təşkil edilib. Görüş zamanı biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində xarici ticarət üzrə aparılan islahatlarla bağlı şirkət nümayəndələrinə təqdimatlar nümayiş etdirilib və onların gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən cari əməliyyatlarla tanışlığı təmin edilib.

 

2019-cu ilin fevral ayı ərzində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi üzrə məlumat və videoreportajlar hazırlanaraq ölkə ictimaiyyətinin diqqətinə çatdırılmış və sahibkarların işini daha da asanlaşdırmaq məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib.

 

2019-cu ilin fevral ayının 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn təlim keçirilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları əvvəlcə cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl Dəhliz” buraxılış sistemi ilə bağlı sahibkarlar qarşısında təqdimatla çıxış edərək, biznes nümayəndələrinə yeni sistemin faydaları, sistemdən istifadə hüququnun verilməsi və ləğv edilməsi, idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə məlumatlar vermiş, onları maraqlandıran sualları cavablandırıblar. Mütəxəssis qismində onlayn təlimə Dövlət Gömrük Komitəsinin və “Azexport.az” portalının əməkdaşları cəlb olunub. Onlayn təlim çərçivəsində sahibkarlara mütəxəssislərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi mütəxəssislər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılmış və araşdırma tələb edən suallarla bağlı isə təlimdən sonra sahibkarlara müvafiq məlumatlar təqdim edilib. “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda təşkil olunan təlimdən Bakı şəhəri, eləcə də regionlar üzrə fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb.

 

2019-cu ilin iyulun 11-də Dövlət Gömrük Komitəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gömrük sahəsindəki yeniliklərlə bağlı məsələlər müzakirə edilib. İclas zamanı gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə ən müasir texnologiyalara, innovativ yeniliklərə, modern infrastruktura, çevik idarəçilik mexanizminə malik, nəzarətdən-xidmətə fəlsəfəsi əsasında fəaliyyət göstərən gömrük xidmətinin formalaşdığı diqqətə çatdırılıb. Daha sonra palata üzvlərinin təklifləri dinlənilmiş və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Məlum olduğu üzrə prosedurların sadələşdirilməsi və sahibkarlar üçün biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” tərəfindən hazırlanaraq təsdiqlənmiş “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin birinci və ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planları” çərçivəsində sahibkarlar, konsaltinq və hüquq şirkətləri ilə çoxsaylı görüşlər təşkil edilib. Ümumi olaraq deyə bilərik ki, son 1 il ərzində 6 000-dən çox sahibkar, konsaltinq və hüquq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Bundan əlavə, plana uyğun olaraq hər ayın sonu Dövlət Gömrük Komitəsində “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilir və iclasda sahibkarları narahat edən məsələlər qaldırılaraq, həll yolları təmin olunur.

 

2019-cu ilin sentyabrın 16-da Hyatt Konfrans Mərkəzində Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru, palatada təmsil olunan iş adamları və səfirliyin nümayəndələri iştirak ediblər. İclas zamanı Prezident İlham Əliyev tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq mühitinin yaxşılaşdırılması, gömrük prosedurlarının, malların sərhədkeçmə prosesinin sadələşdirildiyi, sürətli ticarətin təmin edilməsi və bütün bu nailiyyətlərin informasiya texnologiyalarının tətbiqi ilə əldə olunduğu diqqətə çatdırılıb. İnformasiya texnologiyaları sahəsində tətbiq edilən layihələrdən birinin də elektron məlumatların qabaqcadan alınması olduğu bildirilərək, bu sahədə görülən işlər nəticəsində 10-a yaxın dövlətlə qarşılıqlı ilkin məlumat mübadiləsi həyata keçirildiyi vurğulanıb. Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilmiş və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

2019-cu ilin sentyabrın 30-da Bakı Baş Gömrük idarəsində sahibkarlarla görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Baş İdarələrinin, müvafiq strukturların rəhbərləri və sahibkarlar iştirak ediblər. Sahibkarlara göstərilən dövlət dəstəyi münbit biznes mühitinin yaradılmasına, xüsusilə son illərdə həyata keçirilən islahatların, tətbiq edilən güzəştlərin iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına şərait yaradılması qeyd olunub. Tədbir zamanı gömrük bəyannamələrinin doldurulması, sənədlərin tərtibatı, həyata keçirilən yeniliklər və s. məsələlər müzakirə olunub.

 

“Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri üçün malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, qısa idxal bəyannaməsinin təqdim edilməsi və bəyannamələrin doldurulması qaydaları ilə bağlı videoçarxlar ingilis dilinə tərcümə edilərək Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdəki rəsmi hesablarında yerləşdirilib.

 

2019-cu ilin oktyabrın 9-da Bakı Baş Gömrük İdarəsində sahibkarlarla növbəti görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Baş İdarələrinin, müvafiq strukturların rəhbərləri iştirak ediblər. Görüş zamanı tədbir iştirakçılarına gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə məlumat verilib, gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb. Daha sonra tədbir iştirakçıları gömrük sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, həmçinin məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb. Sonda daşıyıcı şirkətlərin nümayəndələrinin təklif və rəyləri əsasında qaldırılan suallar ətraflı cavablandırılıb.

 

2019-cu ilin oktyabrın 18-də Dövlət Gömrük Komitəsində idxal və ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş biznes subyektlərinin rəylərinin dinlənilməsi, eyni zamanda, idxal və ixrac prosesləri zamanı meydana çıxan problemlərin aradan qaldırılması istiqamətində adekvat tədbirlərin həyata keçirilməsi, bu sistemin daha da təkmilləşdirilməsi üçün fikir mübadiləsinin aparılması məqsədilə keçirilən görüşdə 350-dən çox xarici ticarət iştirakçıları iştirak edib. Eyni zamanda, qeyd olunub ki, Dövlət Gömrük Komitəsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin əsas iştirakçılarından biri kimi dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet hədəflər çərçivəsində gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici investisiyaların ölkə ərazisinə cəlb edilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməkdədir. Sonda “Yaşıl dəhliz” buraxılış sisteminin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə anonim qaydada sorğu vərəqələri 91 şirkət nümayəndələrinə paylanılmış və sorğu nəticəsində toplanılmış rəy və təkliflərin “Yaşıl dəhliz” buraxılış sisteminin daha da təkmilləşdirilməsi proseslərində nəzərə alınacağı bildirilib.

 

2019-cu ilin noyabrın 22-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük-sərhəd buraxılış məntəqəsinə hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinin səfəri təşkil edilib. Tədbirdə Fransa-Azərbaycan və Alman-Azərbaycan xarici ticarət palatalarının üzvləri, Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizin davamlı inkişafı ilə bağlı müəyyən edilmiş siyasət və strategiyanı özünə rəhbər tutan gömrük orqanlarının dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaradılması, gömrük sisteminin təkmilləşdirilməsi məqsədilə atdığı addımlar barədə məlumat verilib. Bildirilib ki, davamlı olaraq həyata keçirilən islahatlar barəsində mütəmadi qaydada sahibkarların məlumatlandırılması, problemli məqamların müəyyən edilməsi və dayanıqlı həllərin işlənib hazırlanması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Daha sonra Astara gömrük-sərhəd buraxılış məntəqəsinin iş fəaliyyəti ilə tanış olan şirkət nümayəndələrinə sərhədkeçmə proseslərinin sürətləndirilməsi və avtomatlaşdırılması ilə bağlı görülən işlər əyani şəkildə nümayiş etdirilib, malların və nəqliyyat vasitələrinin qeydiyyatı, nəzarət prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Eyni zamanda, 2019-cu ilin noyabrın 25-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri arasında “Gömrük sistemində aparılan islahatlar, biznes əməkdaşlığı və perspektivlər” mövzusunda Bakı şəhərində görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, sədrin müavinləri, Baş İdarə rəisləri, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri və Palatanın üzvləri iştirak ediblər. Görüş zamanı elektron idarəetmə sistemlərinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilərək, artıq gömrük orqanlarının tam elektron bəyanetmə sistemində fəaliyyət göstərdiyi, elektron ticarətin inkişafı məqsədilə yeni layihələrin həyata keçirildiyi, tezliklə informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi hesabına mobil gömrük həllərinin reallaşdırılmasına başlanılacağı iştirakçıların diqqətinə çatdırılıb.

 

2019-cu ilin noyabrın 29-da “Sərhəddə ticarət” indikatoru üzrə Komissiya çərçivəsində işçi qrupun görüşü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, Baş İdarə rəisləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və 9 konsaltinq şirkətlərinin 18 nəfər nümayəndələri iştirak ediblər. İclas zamanı ticarətin asanlaşdırılması çərçivəsində görülən tədbirlər üzrə “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinin nəticələri, məcburi qərarlar layihəsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə idxal və ixrac rüsumları, o cümlədən prosedurlar və tələb olunan sənədlər barədə məlumatları özündə əks etdirən yeni portal, elektron gömrük xidmətlərindən mobil rabitə vasitələri ilə istifadə edilməsinə dair yeniliklər barədə məlumatlar diqqətə çatdırılıb. Sonda iclasda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

2019-cu ilin dekabrın 16-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün icra və kommunikasiya planında nəzərdə tutulan işlər, cari ilin yekunları, gələcək hədəflərlə bağlı məsələlər müzakirə edilib.

 

- Bu il DGK üçün büdcə proqnozu 4 milyard manat səviyyəsində müəyyən edilib. Gömrük Komitəsi proqnozun icrası ilə bağlı hansı addımlar atmaq niyyətindədir? Yəni, hansı rüsümların artırılması və ya azaldıması ilə bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib?

 

- 2019-cu ilin sonlarında Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Qərar layihələri Nazirlər Kabinetinə təqdim edilib və təsdiq olunan dəyişiklərə əsasən Nazirlər Kabinetinin 3 dekabr 2019-cu il tarixli 463 saylı qərarı ilə bəzi növ kənd təsərrüfatı məhsullarına və tikinti mallarına tətbiq edilən spesifik gömrük rüsum dərəcələrinin qüvvədə olma müddəti 1 il müddətinə uzadılıb.

 

Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 471 saylı ölkədə yeni yaradılmış avtomobil sənayesinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması məqsədi ilə sənaye yığımı üçün idxal edilən ehtiyyat hissələrinin idxalına tətbiq edilən idxal gömrük rüsum dərəcələri azaldılıb.

 

17 dekabr 2019-cu il tarixli 477 saylı Nazirlər Kabinetinin qərarlarna əsasən ölkədə yerli istehsalın xammala olan tələbatının ödənilməsi məqsədilə bir sıra məhsulların idxal gömrük rüsum dərəcələri 15 faiz dərəcəsindən 0 faizə endirilib. Həmçinin, qeyd olunmuş qərara əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 72-ci mal qrupunda sinifləşdirilmiş bəzi növ qara metal məmulatlarına tətbiq edilən ixrac gömrük rüsumları ləğv edilib.

 

- Səfər müəllim, ötən ilin əvvəlində “Yaşıl dəhliz” buraxılış sistemi istifadəyə verilib. Bu sahədə hansı irəliləyişlərə nail olunub? Yüklərin və nəqliyyat vasitələrinin keçirilməsi üçün "Yaşıl dəhliz"ə neçə şirkət giriş əldə edib? Sərhəddən malların keçirilməsinin daha da sadələşdirilməsi üçün bu il üçün hansı tədbirlərin görülməsi planlaşdırılır?

 

- Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması və malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi məqsədilə 2019-cu ilin fevralın 1-dən etibarən “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq edilməkdədir.

 

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 599 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb. Ümumilikdə, 530 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş və bu barədə hər birinə bildiriş göndərilib.

 

Göstərilən rəqəmlərə ticarət dövriyyəsi aspektindən yanaşsaq, illik xarici iqtisadi fəaliyyətin 8 milyard dollarlıq hissəsi məhz “Yaşıl dəhliz” iştirakçılarının payına düşür. Faiz etibarilə, “Yaşıl dəhliz”in ümumi idxalda payı 25%, ixracda isə 27%-ə bərabərdir. Xüsusilə vurğulamaq yerinə düşər ki, sözügedən sistemin tətbiqi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı sahəsində atılan ən mühüm addımlardan biridir. Kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında “Yaşıl dəhliz”in payı 55%, ixracında isə 62,5% təşkil edir ki, bu da ölkənin ixrac potensialının artırılmasında mühüm bir göstərici olmaqla, Azərbaycan məhsullarının xarici bazarlara daha tez və keyfiyyətli şəkildə çatdırılmasına münbit şərait yaradır və onların rəqabətqabiliyyətliliyini yüksəldir.

 

Əlavə olaraq, cənab Prezident tərəfindən müəyyən edilmiş hədəflər çərçivəsində qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanıldığını nəzərə alsaq, “Yaşıl dəhliz” buraxılış sisteminin qeyri-neft məhsullarının ixracında payı cari vəziyyətdə 50%-ə bərabərdir və bu statistika artan dinamika ilə davam etməkdədir.

 

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib. Malların ixracı zamanı mallar nəqliyyat vasitəsinə yüklənməmişdən 1 saat öncə xarici ticarət iştirakçıları tərəfindən ixrac gömrük bəyannaməsi və ona dair əlavə sənədlər elektron qaydada təqdim olunur və 1 saat müddətində şəxsə “sms” vasitəsi ilə bildiriş göndərilir. Risklərin qiymətləndirilməsi əsasında malların yüklənməsinə icazə verildikdə, şəxs gömrük orqanı əməkdaşının iştirakı olmadan malların nəqliyyat vasitəsinə yüklənməsini həyata keçirir və gömrük orqanı tərəfindən öncədən ona verilmiş gömrük təminatı vasitəsindən istifadə etməklə nəqliyyat vasitəsinin yük yerini plomblayır. İdxal əməliyyatları zamanı “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinin malları birbaşa şəxsin anbarına göndərilir və mallar anbara çatanadək şəxs tərəfindən mallara dair gömrük bəyannaməsi və ona dair sənədlər elektron qaydada gömrük orqanına təqdim edilir. Risklərin qiymətləndirilməsi əsasında gömrük orqanları tərəfindən elektron qaydada şəxsə məlumat verildikdən sonra gömrük orqanı əməkdaşının iştirakı olmadan gömrük təminatı şəxsin özü tərəfindən açılır, yükün boşaldılması həyata keçirilir və yük şəxsin sərəncamında olur. Bu da öz növbəsində ixracda yükləmə əməliyyatları, idxalda isə malların boşaldılması zamanı məmur-sahibkar təmasını minimuma endirir. Bununla yanaşı, mallar və nəqliyyat vasitələri gömrük ərazisinə daxil olmazdan əvvəl risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatları özündə əks etdirən elektron formada qısa idxal bəyannaməsinin gömrük orqanlarına təqdim olunması mallar və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrində əlavə vaxt itkisinə yol verilmədən sürətli keçidinin təmin olunmasına, habelə gömrük qanunvericiliyinin tələblərinə riayət edən xarici ticarət iştirakçılarına daha əlverişli şəraitin yaradılmasına imkan verir.

 

Beləliklə, “Yaşıl dəhliz” sistemi özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Sahibkar məmnunluğu bu sistem vasitəsilə iki istiqamətdə təmin olunur: Birincisi, sahibkarlar “Yaşıl dəhliz” istifadəçisi olması səbəbindən logistika və anbar xərclərindən azad olunmaqla on milyonlarla əlavə vəsaitə qənaət etmiş olur. İkincisi, şəffaflığın tam təmin olunmasıdır. Belə ki, qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar.

 

- 2020-ci il üçün Dövlət Gömrük Komitəsinin əsas prioritetləri nədən ibarət olacaq?

 

- Növbəti illər üçün gömrük tariflərinin tənzimlənməsinə dair prioritet istiqamətlər və hər bir istiqamət üzrə həyata keçiriləcək tədbirlər, əldə olunacaq nəticələr müəyyən edilib:

 

-  Gömrük ödənişlərinin yerinə yetirilməsi, gömrük tarif tənzimlənməsi və idxal mallarına tətbiq olunan imtiyazlara nəzarət tədbirləri;

 

-  Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş illik büdcə proqnozunun yerinə yetirilməsi üçün malların gömrük dəyərinin və mənşə ölkəsinin düzgün müəyyənləşdirilməsi, 16 rəqəmli təfsilatla idxal mallarının kodlarının düzgün təsnifatlaşdırılması;

 

-  İdxal mallarına tətbiq olunan gömrük vergi və rüsumlarından azadolmaların həcminin artması hesabına vergitutma bazasının azaldığını və bu azalmanın hər il Dövlət Gömrük Komitəsi üçün müəyyən edilən büdcə öhdəliyinin yerinə yetirilməsinə mənfi təsirini göstərəcəyini nəzərə alaraq, gömrük vergi və rüsumlarına cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınmaqla, həmçinin ölkə ərazisinə idxal olunan xammal istisna olmaqla);

 

-  Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edilən avtonəqliyyat vasitələrinə görə alınan yol vergisinin və gömrük tariflərinin optimallaşdırılması;

 

-  Büdcəyə ödənişlərin artırılması, uçotun şəffaflaşdırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə “ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 6 saylı Sərəncamına uyğun olaraq 28 iyun 2018-ci il tarixli 260 saylı Sərəncam ilə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair “Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində işlərin davam etdirilməsi.Gözlənilən nəticələr (müəyyən edilmiş hədəflərə uyğun): 

 

- Dövlətin fiskal siyasətinə uyğun olaraq növbəti illərə hesablanacaq illik büdcə öhdəliklərinin artıqlaması ilə yerinə yetirilməsinin təmin olunması;

 

- Yol vergisi və gömrük tariflərinin optimallaşdırılması ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da aktivləşməsinə əlverişli imkanların əldə edilməsi;

 

- İdxal mallarına münasibətdə qanunvericilikdə nəzərdə tutulan imtiyazların azaldılması ilə ölkənin istehlak bazarında yerli istehsal mallarının rəqabətliliyinin ədalətli qorunması və bazar qiymətlərinin tənzimlənməsi mümkün olacaq;

 

- Gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində zəruri biliklərin daha da dərinləşdirilməsi üçün peşəkar psixoloqlar cəlb edilməklə “əhali ilə işləmə və ünsiyyət qurma” mövzusunda gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan gömrük əməkdaşları üçün təlim və treninqlərin keçirilməsi;

 

- Gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin daha da sürətləndirilməsi, prosedur və əməliyyatların sadələşdirilərək operativ və şəffaf qaydada yerinə yetirilməsi məqsədilə yeni səmərəli nəzarət mexanizimlərinin hazırlanması və innovativ metodların tətbiqi;

 

- “Bir pəncərə” üzrə "bir inspektor-bir nəqliyyat vasitəsi" prinsipinin daha da təkmilləşdirilməsi həmçinin mövcud sərhəd və logistik infrastrukturun yenidən qurulması yolu ilə xarici ticarət iştirakçılarına və sərnişinlərə sərhədkeçmə zamanı əlverişli şəraitin yaradılması;

 

- Sərhəddə baytarlıq, fitosanitar və sanitariya nəzarətinin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübələrin öyrənilməsi”;

 

- “Gömrük sərhədindən keçən fiziki şəxslərə və onlar tərəfindən keçirilən mal və nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarətinin daha da sadələşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi”.

 

Cari ildə də “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin təkmilləşdirilməsi nəzərdə tutulan prioritet məsələlərdəndir.

 

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yüklərin çatdırılma müddətinin azaldılması istiqamətində görülən tədbirlər tranzit ticarətindən daha yüksək gəlirin əldə edilməsi işinə böyük töhfə verməkdədir. Bu məqsədlə Azərbaycan Respublikası ərazisində gömrük tranziti sisteminin inkişaf etdirilməsi üçün tərəfimizdən atılan əsas addımlardan biri beynəlxalq praktikada tətbiq olunan alternativ tranzit sistemlərinə qoşulmaqdır. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq üçün aidiyyəti tədbirlərin görülməsi tapşırılıb və gömrük orqanları tərəfindən bu istiqamətdə işlərin həyata keçirilməsi ötən dövr ərzində davam etdirilb. Sözügedən tranzit sisteminə tam şəkildə qoşulmaq üçün Avropa İttifaqı ölkələrinin təcrübəsi əsasında ölkəmizin tranzit sisteminin uyğunlaşdırılmasını nəzərdə tutan Tvinninq layihəsinin 2020-ci ildə icrasına başlanılacaq və biz bu layihə çərçivəsində qeyd olunan sahədə işləri tam başa çatdıraraq öz tranzit sistemimizi Avropa İttifaqının tranzit sisteminə əlaqələndirməyi planlaşdırırıq.

Gömrük orqanları tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biridə artıq ölkəmizdə tətbiq olunan beynəlxalq tranzit sistemlərinin rəqəmsallaşdırılması yolu ilə ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrərində rəqəmsal tranzit dəhlizin yaradılmasıdır. Bu məqsədlə əsas tranzit tərəfdaşları olan qonşu ölkələrlə işlər aparılır.

 

Digər əsas istiqamət cari ildə “Web Transit” adlandırılan xidmətin istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət xarici daşıyıclar tərəfindən malların tranzit daşınması üçün sənəd və məlumatların elektron sistemlər üzərindən əvvəlcədən bəyan olunması yolu ilə sərhədlərdən sürətli keçidinə şərait yaradacaq. Tranzit rəsmiləşdirilməsi zamanı gömrük-sərhəd buraxılış məntəqələrində əlavə vaxt itkisi aradan qaldırılacaqdır ki, bu da öz növbəsində tranzit daşımaların sürətləndirilməsi və ölkəmizin beynəlxalq ticarətdə əlverişli tranzit qovşaqlarından birinə çevrilməsinə kömək olacaq.

 

Eyni zamanda, gömrük-sərhəd buraxılış məntəqələrində şəxslərin, malların və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, eləcə də qaçaqmalçılıq hallarına qarşı daha səmərəli mübarizənin təmin edilməsi məqsədilə müasir eyniləşdirmə və axtarış tipli texniki nəzarət vasitələri, baxış-rentgen texnikası və yoxlama baxış sistemlərinin əldə olunaraq quraşdırılması nəzərdə tutulur.

 

2020-ci ildə Dövlət Gömrük Komitəsi gömrük işinin təkmilləşdirilməsi üçün mövcud informasiya texnologiyalarının və gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində işlərini davam etdirəcək.

 

İlk növbədə DGK-nin informasiya-kommunikasiya sisteminin müasir texnologiyalar əsasında yenidən qurulması nəzərdə tutulub.

 

Bildiyiniz kimi, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi gömrük orqanlarının fəaliyyət sferasının bütün istiqamətlərində tətbiq edilir və eyni zamanda digər dövlət orqanları, ölkələrin gömrük orqanları və digər qurumlar arasında informasiya mübadiləsi də bu sistem vasitəsilə həyata keçirilir. Eyni zamanda, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin də müasir texnologiyalar əsasında yenidən qurulmasınin ilk mərhələsinə başlanılması da prioritet istiqamətlərdən biridir.

 

"Bir pəncərə" sisteminin yeni müstəviyə daşınması, biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanlar yaratmaqla, fundamental irəliləyişə səbəb olacaq.

 

Xarici ticarət iştirakçılarının gömrük orqanlarına gəlmədən, gömrük rəsmiləşdirilməsini həyata keçirməyə imkan verəcək “Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi sistemi”nin tətbiqi, xarici ticarət iştirakçıları üçün 30 elektron xidmətdən ibarət Səxsi Kabinetin yaradılması, eyni zamanda, bu xidmətlərin mərhələli şəkildə “Smart Customs” mobil tətbiqi vasitəsilə istifadəyə verilməsinə başlanılması nəzərdə tutulub.

 

Çox yaxın zamanda, gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsi üçün xarici ticarətin gömrük statistikasının aparılması istiqamətində yeni “Statistik Portal”ın istifadəyə verilməsinə hazırlıq işləri gedir. Azərbaycanda fəaliyyət göstərən biznes subyektləri, bu portal vasitəsi ilə, bazar araşdırması və xarici ticarətin aparılması üçün məlumalatları daha asanlıqla istifadə edə biləcəklər.

 

Öncül platformaların köməyi ilə, istifadəçilərə verilən xidmət səviyyələrinin yüksəldilməsi sahəsində işlər davam etdiriləcək.

 

- Komitə daxili bazarın qorunması və yerli istehsalın stimullaşdırılması üçün bu il əlavə hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

 

- Yerli istehsal sahələrinin qorunması, idxaldan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, yerli istehsal sahələrinin yerli və xarici bazarlara çıxış imkanlarının sürətləndirilməsi və onların rəqabətqabiliyyətli olması istiqamətində aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatının operativ və iqtisadi tənzimlənməsi məqsədilə gömrük rüsum dərəcələrinə dəyişikliklərin edilməsi sahəsində hökumətə yeni təkliflərin verilməsi bu il üçün nəzərdə tutulan prioritet məsələlərdən hesab edilir.

 

2020-ci ildə yerli istehsal müəssisələrinin tələbatının ödənilməsi məqsədilə ölkədən çıxarılan mis xammalına ixrac rüsumlarının tətbiq edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Qərar layihəsi hazırlanmış və təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

 

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanına əsasən ölkədə ağır sənaye və maşınqayırmanın inkişafı ilə əlaqədar Sumqayıt, Neftçala, Hacıqabul və digər sənaye parklarında, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış müəssisələrin istehsal gücləri artdıqca, daxili tələbatın ödənilməsi nəzərə alınaraq gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

 

- Azərbaycanda gömrük nəzarətində blokçeyn texnologiyasının tətbiqinə başlanılıb və hal-hazırda bu hansı sahələri əhatə edir. Gömrük sistemində bu məqsədlə hansı tədbirlər görülür və bu, tədricən kadr siyasətinə yenidən baxılmasını zəruri edəcəkmi? Bu il bununla bağlı planlarınız nədən ibarətdir?

 

- Xatırladım ki, 2019-cu ilin iyun ayında Dövlət Gömrük Komitəsi və İBM şirkəti arasında blokçeyn prinsipi əsasında fəaliyyət göstərən “Tradelens” Platformasına qoşulma barədə Saziş imzalanıb.

 

IBM və “Maersk” şirkətlərinin ortaq rəqəmsal platforması “TradeLens”, dünyanın konteyner yük daşıyıcı üzvlərinin yarıdan çoxunu təmsil edir. Platformada ilk altı okean daşıyıcısından beşi mövcuddur.

 

Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə “Tradelens” platformasının inteqrasiyası başa çatıb. Bu sistem vasitəsi ilə, Azərbaycana “Maersk” şirkəti ilə daşınan konteynerləri 30-50 gün əvvəldən izləyə bilirik və riskləri bu konteyner artıq yolda olduğu zaman qiymətləndiririk. Bu sistem vasitəsilə biz konteynerlərə məxsus yükləmə sənədini və manifesti blokçeyndə görüruk və sənədin dəyişdirilmədiyinə dair təsdiq ala bilirik.

 

2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub. Bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

 

GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı Dövlət Gömrük Komitəsi təklif edib. Eyni zamanda Gürcustan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report” 

29.01.2020 07:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ