Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Büdcənin bəzi xərcləri ixtisara salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcənin bəzi xərcləri ixtisara salınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Marja xəbər verir ki, müşavirədə Maliyyə naziri Samir Şərifov da çıxış edib.

Maliyyə naziri bildirib:

- Ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb. Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib.

Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür.

Qeyd edim ki, Dövlət Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib.

Bu ilin əvvəlində Çin Xalq Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlanması, yüksək sürətlə yayılması və pandemiyaya çevrilməsi istisnasız olaraq bütün dünya dövlətlərini, o cümlədən Azərbaycan Respublikasını tədqiq olunmamış təhlükə ilə üz-üzə qoyub. Pandemiya insanların ənənəvi həyat tərzini pozaraq, hətta inkişaf etmiş dövlətlərin səhiyyə sistemlərini xəstə axını qarşısında aciz qoyub. Eyni zamanda, iqtisadiyyatın bir çox sahələrini qeyri–müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına və ticarətinə ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb.

Bununla birgə, bəzi neft hasil edən ölkələr arasında ticarət çəkişmələrinin başlanması ölkəmizin xarici valyutada gəlirlərinin kəskin azalmasına, tədiyə balansının pisləşməsinə gətirib çıxarıb ki, bunu biz məhz ötən rübün mart ayının iqtisadı göstəricilərində müşahidə edirik.

Bu qeyri-standart xarici mənşəli şoklar şəraitində Azərbaycan Respublikasının Prezidentinin bir çox dövlətlərə örnək olmuş erkən və qətiyyətli qərarları xəstəliyin ölkəmizdə yayılma sürətinin azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə mübarizə imkanlarının artırılmasına, bununla da insan həyatının qorunmasına yönəldilib. Qərarların həyata keçirilməsi üçün zəruri kadr, inzibati və maliyyə resursları səfərbər olunub.

Dövlət başçısının tapşırığına müvafiq olaraq xərclərin prioritetliyi yenidən qiymətləndirilərək mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb.

Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi başlanılıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 2,5 milyard manatdan artıq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə maliyyələşmə artıq açılıb, eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstək tədbirləri həyata keçirilməkdədir. Eyni zamanda, qeyd etmək istərdim ki, İpoteka Fondunun vasitəsilə maliyyələşmənin açılması üçün də müvafiq tədbirlər görülməkdədir.

Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin tapşırığınıza uyğun olaraq, dövlət büdcəsində bəzi xərclərin ixtisara salınması ilə bağlı müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilərək Sizə məruzə olunub. Bugünkü müşavirədə verdiyiniz tapşırıqların icrası üçün də müvafiq addımlar atılıb Sizə məruzə olunacaq.

14.04.2020 23:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ