Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Xoşagəlməz hallar digər rayonlarda da vardır”

İlham Əliyev: Mənim sözlərim bəziləri üçün dərs olmadı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xoşagəlməz hallar digər rayonlarda da vardır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar”.

Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman bildirib.

İlham Əliyev, “Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır”, - deyərək sözlərinə belə davam edib:

“Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.

Eyni zamanda, bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.

Ona görə bu dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır.

Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.

İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır.

Biz dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqını tam ödəyirik. 600 min özəl sektor nümayəndəsinin, o cümlədən mikrosahibkarın, - hansı ki, onların çalışdıqları sahələr pandemiyaya görə daha çox zərər çəkib, - əməkhaqqının əhəmiyyətli hissəsini ödəyirik. Aztəminatlı təbəqəyə aid olan 600 min insanın, o cümlədən işsizlərin və qeyri-formal məşğul olanların vəsaitini ödəyirik. Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək.

Biz bunu dəfələrlə görmüşük. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.

Ümid edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin”.

01.05.2020 21:51

Müştərilərin xəbərləri

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 1-ci_24
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam_8
Ana səhifədə 3-cü reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10

SON XƏBƏRLƏR