Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklar bağlanır, iş adamları “yanır” – DÖVLƏTİN KÖMƏYİNƏ EHTİYAC VAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar bağlanır, iş adamları “yanır” – DÖVLƏTİN KÖMƏYİNƏ EHTİYAC VAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 27 və 28-i yüzlərlə iş adamı üçün ağır günlər idi. Mərkəzi Bankın 27 Aprel 2020-ci il tarixli açıqlamasında bildirilirdi ki,  Mərkəzi Bankın İdarə Heyətinin qərarları ilə “Atabank”, “AGBank”, “NBCBank” və “Amrahbank”-a müvəqqəti inzibatçılar təyin olunub. Müvvəqqəti inzibatçının təyin edilməsi xəbəri bu bankların bağlanacağı qorxularını artırdı. “Atabank” xeyli müddət idi iflic idi, “Amrahbank”, “AGBank”və “NBCBank” isə müştərilərinə xidmət göstərirdilər. Adı çəkilən bankların əmələyyatları dayandırıldı. İş adamları köçürmələr apara, onların işçiləri də əməkhaqlarını çıxarda bilmədilər.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edildi.

Bəyan edildi ki, yalnız qorunan əmanətlərə görə kompensasiya ödəniləcək, şirkətlər, fərdi sahibkarlar, onların işçilərinə kompensasiya almayacaqlar. Əgər bağlanan bankların aktivlərindən daxil olan vəsait onların öhdəliklərinə kifayət edərsə uzun müddətdən sonra iş adamlarının da pulları ödənilə bilər.

İŞ ADAMLARI DİZLƏRİNƏ VƏ BAŞLARINA DÖYÜRLƏR

“Atabank”, “Amrahbank”, “AGBank”və “NBCBank”da hesabları olan sahibkarlar kimdir?

Bu sahibkarların bir çoxu ölkədə nağdsız ödənişlərə, kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid çağırışlarına cavab verərək öz dövriyyələrini rəsmiləşdirən mağaza, restoran və digər xırda biznes sahiblərdirlər.

Bir neçə il öncə ölkədə POS-terminalların quraşdırılması Vergilər Nazirliyinə həvalə edilmişdi. Sabiq nazirə yaxınlığı ilə tanınan Atabank tərəfindən on minlərlə mağaza və restoranda POS-terminal quraşdırıldı. Həmin zaman məcburi olaraq iş adamlarının cari hesabları AtaBank-da açıldı. Müştərilərin kartlar vasitəilə həyata keçirdikləri ödənişlər bu hesblarda yığılırdı. Ötən ilin yay ayından başlayaraq AtaBank-ın vəziyyəti ağırlaşdığı üçün müştərilərinin pullarını tam qaytara bilmədi. Nağdız ödəniş çağırışına qoşulan sahibkarların halal pulları bu bankdakı hesablarında qaldı.

Ötən il İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyasına başladı. İş adamlarına güşzəştlər edildi ki, “dövriyyələrinizi rəsmiləşdirin”, “alışları və satışları rəsmi edin”, “işçilər ilə müqavilə bağlayın”, “əməkhaqlarını kart ilə ödəyin” kimi çağırışlar səsləndirildi. Bir çox iş adamı da çağırışlara qoşuldu, hesabı olamayanlar bankda hesab açdılar, hesabı olanlar isə dövriyyələrini bu hesaba yönəltdilər.  İşçilər maaşlarını əməkhaqqı kartı ilə almağa başladılar.

Bu gün bu iş adamlarının  bir çoxu məyus olub. “Atabank”,“Amrahbank”, “AGBank”və “NBCBank”da hesabı olan sahibkarlar və işçiləri vəsaitlərindən istifadə edə bilmirlər. İş adamları “Budur nağdız ödənişlərə keçid?”, “Budur kölgədən ağa çıxmaq” deyərək dizlərinə döyürlər. Onlar dövlətdən, Mərkəzi Bankdan şikayətlənirlər,  banklara olan inamlarını da itirməyə başlayıblar.

MƏRKƏZİ BANKIN MÖVQEYİ

Ötən cümə günü Mərkəzi Bankın sədri Elman Rüstəmovun səsləndirdiyi fəlsəfə iş adamlarını daha da qəzəbləndirib.

Marja-nın mövzu haqqında sualına Elman Rüstəmovun cavabından əsas başlıqlar aşağıdakılardır:  

-Elman Rüstəmovun sözlərinə görə, sahibkar cari hesab açan zaman da riskə gedir, o bankı düzgün seçməli idi. Bankda cari hesab açmaq da, kredit  və borc vermək kimi eyni risk fəlsəfəsidir, inkişaf etmiş ölkələrdə də belədir.

-Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq sahibkar hesab açdığı bankı öncədən dərindən araşdırmalı, audit hesabatlarını oxumalıdır.

-İş adamları qonşunun, qohumun və tanışın məsləhət gördüyü bankda hesab açmamalıdırlar. Özləri bankların audit hesabatlarını oxuyaraq “etibarlı” qənətinə gəldiyi bankda hesab açmalıdırlar. Bu zaman da, iş adamı qərarının doğru və ya yanlışlığına görə özü məsuliyyət daşıyır.

-Dövlət, Mərkəzi Bank iş adamlarına “filan bankda hesab açın” deməyib, bank seçimi qərarını sahibkarlar özləri veriblər. Buna görə də, sahibkarlar, ağrılı da olsa, yaranmış vəziyyət ilə barışmalıdırlar.

-Ölkədə sistem xarakterli banklar, iri dövlət bankı var, sahibkarlar yaxşı olardı hesablarını bu banklarda açardılar. Çünki bu banklar sistem xarakterli olduğundan dövlət onların araxasında dayanıb. Əgər iş adamları cari hesablarını kiçik banklarda açmışlarsa, dövlətdən kömək gözləməsinlər (Sistem xarakterli bank dedikdə - bu bankların müflis olmaları bütövlükdə ölkənin maliyyə sistmini çökdürə bilir, buna görə dövlət sistem xarakterli bankları xilas edir).

 -Elman Rüstəmov etiraf edib ki, indiyədək bir sıra banklar şəffaf olmayıblar, audit hesabatlarını açıqlamayıblar (Belə çıxır ki açıqlanan göstəricilər həqiqəti əks etdirməyib).  

-Mərkəzi Bank kommersiya banklarına ötən ilin sonundan yenidən nəzarət etməyə başlayıb, bu vaxtadək banklara edilmiş nəzarətsizliyə görə məsuliyyət daşımır (Qeyd edək ki, 2016-cı ilin Martından 2019-cu ilin Noyabrın ayınadək banklara Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edirdi).

-Sahibkarın qeyri-şəffaf, yalan maliyyə göstəriciləri dərc edən bankda hesab açması da vəziyyəti dəyişmir.

-Gələcəkdə bankların reytinqi dərc ediləcək, sahibkarlar bu reytinqə baxaraq bank seçimi edə biləcəklər. Elman Rüstəmov reytinqin detalları barədə məlumat verməyib.

-Mərkəzi Bank, o cümlədən sədri sahibkarların düşdükləri vəziyyətə görə təəssüf edir, yaranmış vəziyyətin ağrılı olduğunu qəbul edir, amma mövcud qanunvericiliyə və risk fəlsəfəsinə görə onlara kömək edə bilməyəcəkdir.

İŞ ADAMLARININ MÖVQEYİ

İş adamları Mərkəzi Bankın sədrinin söylədikləri ilə razılaşmırlar. Onların fikirlərini və digər əks arqumentləri aşağıdakı şəkildə quruplaşdırmaq olar:

1. Əgər hansısa şirkət və ya şəxs banka əmanət yatırırsa, bu, Banka borcun verilməsi deməkdir. Razıyıq, belə halda borc veriləcək bankın maliyyə vəziyyəti, yüskək faizli vədləri araşdırılmalı, sonra borc verilməlidir. Çünki, borc verməklə şirkət və ya vətəndaş gəlir güdür və bu gəlirə görə riski özü üzərinə götürür. Lakin, lisenziyası olan bir bankda cari hesbın açılması şirkət və ya sahibkar tərəfindən banka borcun verilməsi demək deyil. Bank alıcı və satıcıya vasitəçilik xidməti göstərir və onlara hesablaşma xidməti göstərdiyinə görə xidmət haqqı alır. Belə olan halda sahibkar maliyyə vəziyyətindən, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq lisenziyası olan istənilən bankda hesabını aça bilər.

2. Bütün iş adamları bankın maliyyə vəziyyətini qiymətləndirə biləcək biliklərə malik deyillər. Mərkəzi Bankın bank lisenziyasını görmək onlara kifayət etməlidir. Kiçik restoranı və ya mağazası olan iş adamı audit hesabatının, bank məcmu kapitalının, adekvatlıq normalarının nə olduğunu yaxşı bilə bilməz, yeri gəlsə heç bilməməlidir.

3. Cari hesab açan zaman sahibkarlar bank filialının iş yerinə yaxınlığına və bankomat sayına da baxırlar.  Filialı uzaqda olan Bankın seçilməsi əlavə vaxt itkisi və əziyyətdir. Bir çox sahibkarlar da bankın böyüklüyünə və kiçikliyinə baxmayıblar, yaxınlıqda olan filialda öz hesabını açıblar.

4. Ötən il və bu il bir sıra banklar əməkhaqqı layihələri üzrə sərfəli kampaniyalar keçirdilər, banklar təxminən “Bizim bankda hesab açın, işçilərinizə əməkaqqını bizim kartlar ilə ödəyin və xidmət haqqı ödəməyin” şəklində şüarlar səsləndirdilər. Şərtləri sərfəli görən, xərclərini azaltmaq istəyən sahibkarlar bu bankların müştəriləri oldular. Banklar bu kampaniyaları kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyası çərçivəsində keçirdilər və sahibkarlar da kampaniyalara qoşuldular.

5. Rəsmi işçilərin bu vəziyyətdə heç bir günahları yoxdur. Onların əməkhaqqı kartlarının bağlı olduğu bank sahibkar tərəfindən seçilib. İşçi zəhmət çəkib işləyib və zəhməthaqqını almalıdır. Bu işçilər bankların maliyyə vəziyyətini araşdırmağa borclu deyillər.

6. Əksər banklar audit hesabatını ildə bir dəfə açıqlayırlar. Əvvəlki ilin audit hesabatı bankın cari ilin ortasındakı vəziyyəti üçün əsas ola bilməz. İndi sahibkar hesab açmaq üçün növbəti ili gözləməldir?

7. Sahibkarlar Mərkəzi Bankın lisenziya verdiyi banklara görə zərərə düşüblər. Əgər bu banklar müflis olacaqdılarsa bunu Mərkəzi Bank sahibkarlardan daha yaxşı bilməli idi.

8.Yaranmış vəziyyətə görə bağlanan bankların maliyyə vəziyyətinə audit rəyi verən audit şirkətləri də məsuliyyət daşıyırlar.

9. Atabank maliyyə göstəricilərini hər rübdən sonrakı ay, audit hesabatını hər il dərc edən bank idi. Atabank, Caspian Development Bank  ona birləşəndən sonra daha da güclənmiş, məcmu kapitalı 140 milyon manatı keçmişdi. Atabank ölkədə ən böyük kapitalı olan 5 bankdan biri idi. Qısası, Atabankın çürük bank olduğu görünmürdü. Sahibkarların Azərbaycanın ən böyük holdinqlərindən birinə daxil olan, kapitalı 140 milyon manatdan yüksək olan bankda cari hesablarını açmalarını səhv və riskli qərar kimi qələmə vermək doğru olmaz.

10. Maliyyə Bazarlarına Nəzarət Palatası dövlətin adından çıxış edən qurum olub, bu qurumun məsuliyyətsizliyi sahibkarların günahı deyil.

11. Ağır vəziyyət Elman Rüstəmova məlumdur, o, sahibkarlara kompensasiyanın ödənilməsi məsələsini Maliyyə Sabitliyi Şurasında qaldıra bilər.

SAHİBKARLAR MƏRKƏZİ BANKDAN SORUŞURLAR

Atabankın müştəriləri yaxşı bilirlər ki, bu bank ötən ilin yayından ödənişlərdə çətinlik çəkməyə başlayıb, ilin sonunadək xırda-xırda ödənişlər edib. İlin sonunda isə ödənişlər dayandırılıb, əmanətçilər və iş adamları pullarını tam ala bilməyiblər. Mərkəzi Bank 2020-ci ilin Yanvarından Atabankı  nəzarətə götürüb. Mərkəzi Bank bu bankın vəziyyətini bildiyi halda lisenziyası ləğv edilənədək cari hesablara mədaxili açıq saxlayıb, məxarici isə bağlayıb.

AtaBank-da hesabı olan iş adamlarından biri Marja-ya bildirib:

“Bu ilin yanvar ayında çoxdan xidmət göstərdiyim müştrilərimdən 2-sinin mühasibi İnternet Bankinqdə şablon saxladığı AtaBank rekvizitilərim üzrə köçürmə etdi. Həmin köçürmələr AtaBank-dakı hesabıma oturub. Mən həmin pulları öz borcuma görə AtaBank-dan köçürmək istəsəm də, Mərkəzi Bank çıxışı bağladığından alınmadı. Beləliklə, xeyli məbləğdə vəsaitim hesabda qaldı. Mərkəzi Banka üzümü tutub deyirəm, nə üçün AtaBank-a vəsaitlərin girişini bağlamamışdınız? Gözləyirdiniz daha çox sahibkar tələyə düşsün? Bizim pullarımız ilə planlarınız nədir? Yoxsa əmanətçilərə kompensasiyanın bir hissəsi iş admlarının pulları hesabına ödəniləcəkdir?”

Amrahbank-ın müştərilərindən birinin belə bir vəziyyətlə üzləşdiyi Marja-ya bildirildi:

“Sahibkar köçürmə üçün Aprelin 27-si səhər Amrahbank-dakı hesabına vəsait qoyub və hazırladığı ödəniş tapşırığını da banka təqdim edib. Qaydalara görə, səhər qəbul edilən ödəniş tapşırıqları günortayadək icra edilməlidir. AmrahBank isə icra etməyib. Mərkəzi Bank 27-si iş vaxtından sonra bu banka inzibatçı təyin edildiyini açıqladı. Verilən məlumata görə, artıq həmin gün Mərkəzi Bank tərəfindən AmrahBank-ın əməliyyatları, o cümlədən Bankdan vəsaitlərin çıxışı dayandırılmışdır. Sahibkar soruşur, əgər köçürmə mümkün olmayacaqdırsa nə üçün mənim küllü miqdarda pulum köçürmə üçün qəbul edilib? Nə üçün Bankın vəsait qəbul etməsi qadağan edilməyib?”

Sahibkarların hesablarına vəsait daxil olmasının dayandırılmaması, çıxışın isə dayandırılması şübhələr doğurur. Hüquq-mühafizə orqanları bu əməliyyatı araşdırmalıdırlar.

Otən cümə günü məlum oldu ki, Mərkəzi Bank xeyli əvvəldən Amrahbankı yoxlayıb.

PREZİDENTİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ KÖMƏKÇİLƏRİ HƏRƏKƏTƏ KEÇMƏLİDİRLƏR

Marja.az hesab edir ki, Azərbaycan Prezidentinin iqtisadi məslələr üzrə köməkçiləri, aşağıdakıları nəzərə alaraq, yaranmış vəziyyətdə sahibkarlara kömək üçün ölkə rəhbərliyinə öz təkliflərini vermələri məqsədəuyğun olardı:

-İslahatlar və bank sektorunun sağlamlaşdırılması sahibkarlara ziyan vurularaq aparılmamalıdır.

-Kəskin devalvasiyalardan sonra sahibkarların dövlətə və banklara inamı yavaş-yavaş yenidən yaranmaqdadır. Bu inamın tamamilə itməsinə imkan vermək olmaz.

-Sahibkarlar, dövlət qurumlarının nağdsız ödənişlərə və rəsmi əməliyyatlara keçid çağırışlarına cavab verərək bank vasitəsilə işləməyi artırıblar. Bu prosesin ləngiməməsi üçün sahibkarlara kömək göstərilməlidir.

-Bağlanan banklarda pulları qalan sahibkarlar vergi ödəyiciləridir, bu sahibkarların müəssisləri iş yerləridir. Vergi ödəyicisinin ziyana düşməsinə və iş yerlərinin bağlanmasına da imakn vermək olmaz.

-Atabank və Amrahbank-da sahibkarların çoxu özlərindən asılı olmayan məlum səbəblərə görə bu banklarda hesablara malik olublar.

-Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında Prezidentin köməkçilərinin də rolu olub. Əgər bu Palata öz funksiyalarını yerinə yetirməyibsə və sahibkarların mənafeylərini qoruya bilməyibsə, Palatanın fəaliyyətsizliyinə görə sahibkarlara kömək edilməlidir.

-Mikro, kiçik və orta sahibkarlar Mərkəzi Bankın sədrinin bildirdiyi kimi “bankların mürəkkəb audit hesabatlarını oxuyub” hesab açmamalıdır. Onlar banka borc vermirlər, qanunvericiliyin tələbinə əsasən VÖEN alaraq işləmək tələb olunduğu üçün bankda hesab açırlar.

-Hazırda pandemiya dövrüdür, belə bir vəziyyətdə bankları bağlamaq sahibkarlar və onların işçilərinə ikiqat zərbə olub.

Mövzuya istənilən tərəfdən baxıldıqda, sahibkarlar günahsızdırlar, düşdükləri zərərə görə dövlətin köməyinə ehtiyacları var.

 

 Seymur Yunusov, Marja.az portalının redaktoru

bağlanan banklar Marja Elman Rüstəmov Seymur Yunusov
04.05.2020 08:40

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10