Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama

Marja Maliyyə Nazirliyinə istinadən Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamanı təqdim edir.

- Ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin keyfiyyətcə yeni mərhələyə keçməsi ilə əlaqədar dövlət vəsaitinin idarə edilməsinin optimallaşdırılması məqsədi ilə genişmiqyaslı islahatların, o cümlədən maliyyə və borc intizamının gücləndirilməsinə yönələn büdcə siyasətinin həyata keçirilməsi, habelə dövlət və icmal büdcələrinin tərtibi və icrası ilə əlaqədar məlumatların ictimaiyyətə mütəmadi açıqlanması tədbirləri Azərbaycan hökumətinin prioritetlərindəndir.

2021-ci il üçün dövlət büdcəsi dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsi məqsədilə keyfiyyətcə yeni çağırışlar mühiti nəzərə alınmaqla formalaşdırılmışdır. 2020-ci ildə COVID-19 pandemiyasının və onun ölkədaxili iqtisadi artıma, gəlirlərə və investisiya mühitinə mənfi təsirləri, həmçinin səhiyyə sahəsinə və əhalinin rifahının dəstəklənməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərin artımı nəzərə alınaraq kontr-tsiklik büdcə-vergi siyasətinin yürüdülməsinə üstünlük verilmişdir. Bu siyasətin reallaşdırılması çərçivəsində sahibkarlara vergi və digər güzəştlər edilmiş, kredit resurslarına çıxış imkanlarının artırılması üçün təşviq və subsidiyalaşdırma mexanizmləri ərsəyə gətirilməsi ilə yanaşı, həssas əhali qruplarına birbaşa maddi yardımlar göstərilmiş, COVID-19 xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində səhiyyə sisteminin artan vəsaitə tələbatının ödənilməsi məsələlərinin təmin edilməsi məqsədilə büdcə qaydası 2022-ci ilədək dayandırılmış, dövlət büdcəsinin xərclərinə yenidən baxılaraq Dövlət Neft Fondundan transfertin məbləği və büdcə kəsirinin genişləndirilməsi hesabına dövlət büdcəsinin xərcləri artırılmışdır.

Növbəti ilin dövlət büdcəsinin əsas xəttini dövlət xərclərinin təmin edilməsi üçün transfertin cari ildə olan səviyyədə saxlanılmaqla sosial xərclərin prioritetliyinin qorunması və iqtisadiyyatın bərpasına yönələn tədbirlərin dəstəklənməsi təşkil edəcəkdir.

Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi sahəsində islahatların davamı olaraq dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması məqsədilə nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid çərçivəsində ilk olaraq 2021-ci ildə üç pilot sektorda (təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi nəzərdə tutulur.

“Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Qeyd edilməlidir ki, bütün ölkələrin iqtisadiyatında qeyri-müəyyənliyin hakim olduğu yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində bu sənəddəki göstəricilər icmal və dövlət büdcəsi layihələri üzrə Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir. Belə ki, büdcə prosesinin növbəti mərhələlərində Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunvericiliyinə əsasən icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihələrə baxıldıqdan sonra onlar Milli Məclisə təqdim edilir və həmin sadalanan hər bir baxış mərhələsində icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür.

Bu sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2021- ci il və ortamüddətli dövrə dair əsas makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edir.

1.Makroiqtisadi göstəricilər

2020-ci ilin əvvəlində yeni növ koronavirus infeksiyasının (COVID-19) sürətlə dünya üzrə yayılması və qlobal pandemiyaya çevrilərək bu günə kimi 25 milyondan artıq insanı yoluxdurması insanların həyat tərzində və davranışlarında köklü dəyişikliklərin baş verməsi, səhiyyə sistemlərinin ağır sınağa çəkilməsi, qlobal ticarətin və iqtisadiyyatın əhəmiyyətli tənəzzülə və geriləməyə məruz qalması ilə nəticələnmişdir.

Cari ildə qlobal və regional iqtisadiyyatda gedən proseslər bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də mənfi təsirlərə malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırmışdır. Neft və neft məhsullarının qiymətlərinin əhəmiyyətli enməsi, ticarət dövriyyəsinin azalması, xaricdən Azərbaycana səfər edənlərin sayının demək olar ki, sıfırlanması ölkənin gəlirlərinə olduqca mənfi təsir göstərmiş, tədiyyə balansını pisləşdirmişdir. Cari ilin mart ayından başlayaraq ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə təsir etmiş və iqtisadiyyatın əksər sahələrində (xüsusilə, iaşə, nəqliyyat və turizm) geriləmələrə gətirib çıxarmışdır.

Pandemiyanın iqtisadiyyata mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən dəstək tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Makroiqtisadi sabitliyin və fiskal dayanıqlılığın qorunub saxlanılması, habelə ölkə iqtisadiyyatının xarici şoklara və fövqəladə hallara hazırlığının təmin edilməsi cari ilin ötən dövrü ərzində də dövlətin əsas prioritet istiqamətlərindən olmuşdur.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən 2020-ci il ərzində pandemiyanın neqativ təsirləri şəraitində makroiqtisadi sabitliyin qorunub saxlanması, zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin davam etdirilməsi, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həll olunması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 milyard manat ayrılmışdır. Dövlət büdcəsi, dövlət fondları və digər mənbələrdən maliyyə resursları səfərbər edilərək ümumi dəstək paketi 3,5 milyard manat məbləğində nəzərdə tutulmuş və ümumilikdə 3,0 milyon nəfərə yaxın vətəndaşı əhatə etməsinə hesablanmışdır.

Görülən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da onun daha kəskin enişinin qarşısı alınmış, əhalinin gəlir itkilərinin qismən bərpa edilməsi təmin olunur.

2020-ci ilin yeddi ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 2,8 faiz azalmış və cari qiymətlərlə 40,0 milyard manat təşkil etmişdir. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,6 faiz, neft sektorunda isə 4,5 faiz azalmışdır. Bununla yanaşı, qeyri neft-qaz sənayesinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artmasına baxmayaraq, hesabat dövründə istehsal olunmuş sənaye məhsullarının ümumi həcmi 2,7 faiz azalaraq 21,6milyard manat təşkil etmişdir. Sənaye məhsullarının ümumi həcminin azalması neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş vermişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35, 40, 45) proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir.

Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.

2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaqdır. Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir.

2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2 faiz) çəkiyə malik sənayedə 25,0 milyard manatlıq, kənd təsərrüfatında 5,6 milyard manatlıq (xüsusi çəkisi 7,4 faiz), tikintidə 5,7 milyard manat, xidmətlərin istehsalında isə 31,8 milyard manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7 faizə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 milyard manat təşkil edəcəkdir.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3,0 faiz artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin daha da sürətləndirilməsi ortamüddətli dövrdə qeyri-neft sektorunun inkişafını dəstəkləyəcəkdir və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaqdır. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, ümumilikdə cari ildə valyuta bazarındakı tarazlıq qorunaraq, inflyasiya gözləntiləri minimum səviyyədə olmuş və birrəqəmli inflyasiya səviyyəsi qeydə alınmışdır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərinin indeksi (inflyasiya) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz səviyyəsində qərarlaşmışdır. 2020-ci ilin yeddi ayı ərzində illik əsasda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin artım tempi 5,3 faiz-bənd, qeyri-ərzaq məhsullarının qiymətlərinin artım tempi 1,3 faiz-bənd, ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 1,0 faiz-bənd təşkil etmişdir.

Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır. Qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılmışdır.

2020-ci ildə əsas ticarət tərəfdaşlarında valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, 2020-ci ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə azalsa da 646,0 mln. ABŞ dolları olmaqla müsbət saldo təşkil etmişdir.

2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya təqribən 1,4 mlrd. ABŞ dolları həcmində kəsir proqnozlaşdırılır. Cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcəkdir. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcəkdir.

Post-pandemiya dövründə neqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülmüşdür. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcəkdir.

2. 2021-ci il və orta müddətli dövrdə büdcəvergi siyasətinin əsas istiqamətləri

Büdcə siyasətinin əsas istiqamətləri

2021-ci il büdcə-vergi siyasətinin əsas istiqamətlərini post-pandemiya şəraitində büdcə gəlirlərinin (o cümlədən neft-qaz sektorundan daxilolmaların) azalması fonunda büdcənin gəlir və xərclərinin ahəngdarlığının və qeyri-neft sektorundan gəlirlərin ümumi büdcə gəlirlərində xüsusi çəkisinin ardıcıl surətdə artırılmasının təmin edilməsi, neft və valyuta gəlirlərinin azalması şəraitində Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, dövlətin əsas funksiyalarının, o cümlədən sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, bu əsasda, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın davamlılığının dəstəklənməsi təşkil edəcəkdir.

Pandemiyanın yaratdığı yeni çağırışların qarşılanması tədbirləri çərçivəsində dövlət büdcəsinin xərclərinin zəruri artımının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 159-VIQD nömrəli Qanuna əsasən büdcə qaydasının tətbiqi 2022-ci il 1 yanvar tarixinə qədər dayandırılmış və cari ilin dövlət büdcəsində dəyişikliklər edilmişdir. Dəyişikliklər (dürüstləşmə) azalmış büdcə gəlirləri ilə artan büdcə xərcləri arasında tarazlığın təmin edilməsi məqsədini daşıyır.

Ortamüddətli dövrdə büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi və zəruri xərclərin örtülməsi üçün Dövlət Neft Fondundan götürülən transfertin illik həcmləri həmin dövrdə büdcə və makroiqtisadi dayanıqlığı təmin etməlidir. Bu əsasdan, ölkə iqtisadiyyatının bərpası və gələcək inkişafının təmin edilməsi üçün 2021-ci ildə Dövlət Neft Fondundan transfertin məbləği 2020-ci ilin dürüstləşmiş büdcəsində olan səviyyədə saxlanılacaqdır. Eyni zamanda, büdcə gəlirlərinin və xərclərinin ahəngdarlığının təmin edilməsi məqsədilə büdcə qaydası təkmilləşdiriləcək və onun tətbiqi 2022-ci ildən bərpa ediləcəkdir.

Ölkənin neft ehtiyatlarının təbii tükənməsi, habelə dünya iqtisadiyyatının ənənəvi karbohidrogen resurslardan asılılığının azalması, eləcə də «yaşıl» iqtisadiyyatın yaranması səbəbindən neft gəlirlərinin və valyuta daxilolmalarının tədricən azalması gözləniləndir. Belə olan şəraitdə, növbəti illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi mərhələlərlə azaldılaraq qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına təmin edilməsi nəzərdə tutulur.

Azalan büdcə gəlirləri fonunda zəruri büdcə xərclərinin maliyyələşdirilməsi və bununla da büdcənin gəlir və xərclərinin ahəngdarlığının qorunması məqsədilə dövlət büdcəsi kəsirinin maliyyələdirilməsi əlavə olaraq mövcud dövlət borcu üzrə nəzərdə tutulan əsas (ana) borc ödənişlərinin təkrar maliyyələşdirilməsi hesabına təmin ediləcəkdir. Eyni zamanda, borclanma siyasətinə həssaslıqla yanaşmaqla dövlət borcunun idarə olunan səviyyədə saxlanılmasına xüsusi önəm veriləcəkdir.

Ölkədə rəqabətqabiliyyətli qeyri-neft istehsalının və ixracın stimullaşdırılması, yeni istehsal sahələrinin yaradılmasına dövlət dəstəyi, liberallaşdırmanın genişləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə 9 üsullarının tətbiq edilməsi yolu ilə onların səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi sahəsində islahatların davamı olaraq dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması məqsədilə nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid çərçivəsində 2021-ci ildən başlayaraq ilk olaraq üç pilot sektorda (təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi həyata keçirilməkdədir. Qeyd edilən pilot sektorlar üzrə hazırlanmış sektor strateji planlarda strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək proqram, subproqram və tədbirlər, o cümlədən həmin tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitinə nəzarətin gücləndirilməsinə, nəticəəsaslılığının ölçülməsinə və qiymətləndirilməsinə imkan verən monitorinq göstəricləri (indikatorlar) tətbiq olunacaqdır.

Gəlirlər üzrə

Cari ildə pandemiya səbəbindən iqtisadi fəallığın zəifləməsi, ticarət dövriyyəsinin azalması, məcmu tələbin daralması ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. Eyni zamanda, dünyanın digər ölkələrində olduğu kimi, turizm, nəqliyyat və xidmət sferası ilə əlaqəli olan digər sektorlarda iqtisadi durğunluq və geriləmə müşahidə olunur. Bu əsasda cari ildə dəstək tədbirləri çərçivəsində pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi fəallığın bərpa olunmasının təşviqi məqsədilə vergi stimullaşdırma tədbirlərinin (o cümlədən mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi, əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi, icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi) həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi, həmçinin ölkədə həyata keçirilən digər sosial-iqtisadi islahatlar, o cümlədən kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində görülən tədbirlər, idxal əməliyyatlarına nəzarət tədirlərinin gücləndirilməsi kimi amillər qeyri-neft sektorunun dinamik inkişafına müsbət təsir göstərməklə 2021-ci il və ortamüddətli dövrdə büdcə gəlirlərinin formalaşmasının əsas hərəkətverici qüvvəsi olacaqdır. Gəlir siyasətinin digər mühüm istiqaməti elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi olacaqdır. Ölkənin iqtisadi inkişafında dayanıqlılığın təmin olunması məqsədi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracın coğrafiyasının və nomenklaturasının genişlənməsi, büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır. Kölgə iqtisadiyyatının miqyasının azaldılması, o cümlədən təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək, vergi inzibatçılığı təkmilləşdiriləcəkdir.

Sərnişin və yük daşıma sahəsində avtonəqliyyat vasitələrinə görə tətbiq olunan ödənişlərin optimallaşdırılması gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır. Dövlət müəssisələrində daha səmərəli və mütərəqqi korporativ idarəetmə üsullarının, xərclərinə isə effektiv nəzarət mexanizminin və ciddi qənaət rejiminin tətbiq edilməsi yolu ilə həmin müəssisələrin daha rentabelli işləməyə sövq edərək kreditorlar və dövlət qarşısında maliyyə öhdəliklərinin vaxtında və tam həcmdə ödənilməsinin, eləcə də vergi və dividentlərin ödənilməsində artımın təmin edilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Dövlət əmlakının özəlləşdirilməsində stimullaşdırıcı tədbirlərin görülməsi və sərmayəçilərə daha əlverişli şəraitin yaradılmasına ortamüddətli dövrdə xüsusi önəm veriləcəkdir.

Xərclər üzrə

Dövlət büdcəsi xərclərinin sosial yönümlülüyünün təmin edilməsi, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi, özünü məşğulluq proqramı üzrə maliyyə təminatının yaradılması məqsədilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinin davam etdirilməsi büdcə xərclərinin əsas istiqamətlərindən olacaqdır. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və orta müddətli dövrdə də davam etdiriləcəkdir. Dünyada son dövrdə baş verən hadisələri nəzərə alaraq xərc siyasətinin digər mühüm istiqaməti kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi üçün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaqdır. Bu əsasda aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, ərzaq istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin təsərrüfat fəaliyyətinin rentabelliyinin artırılması, ərzaq məhsulları istehsalçılarının modernləşdirməyə yönəlmiş investisiyaların, habelə texniki və istehsal innovasiyalarının təşviqi üçün dövlət dəstəyinin həyata keçirilməsi təmin ediləcəkdir. 2021-ci il və orta müddətli dövrdə regionlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun inkişafı üçün əlverişli mühitinin formalaşdırılması, kənd təsərrüfatı sektoruna dövlət qayğısının artırılmasının davam etdirilməsi prioritet xərc istiqamətlərindən olacaqdır. Kənd təsərrüfatı sahəsində dövlət proqramlarının icrası və kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi 2021-ci ildə də davam etdiriləcəkdir. 2021-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri su təhlükəsizliyini, içməli su ehtiyatlarının, kənd təsərrfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi olacaqdır. Səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə ənənəvi dövlət proqramlarının həyata keçirilməsi vacib istiqamətlərdən olacaqdır. İcbari tibbi sığortanın birinci yarımillikdə ölkənin bütün regionlarında tətbiqi başa çatdırılacaqdır.

Koronavirus pandemiyasının (COVID-19) neqativ təsirlərinə məruz qalmış sahələrə dövlət dəstək mexanizmlərinin tətbiq edilməsi, o cümlədən 2021-ci il dekabrın 31-dək sahibkarlıq subyektləri tərəfindən alınmış kreditlərə dövlət zəmanətinin verilməsi və faiz dərəcəsinin subsidiyalaşdırılması tədbirlərinin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulmuşdur. Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi üçün 2021-ci ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin ayrılması proqnozlaşdırılmışdır. Qaçqın və məcburi köçkünlər və bu qəbildən olan həssas qruplar, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi üçün dövlət əsaslı vəsait qoyuluşunun davam etdirilməsi ortamüddətli dövrdə prioritet xərc istiqamətlərindən biri olacaqdır. İnvestisiya xərclərinin ümumi xərclərdəki çəkisinin azalması müşahidə ediləcəkdir ki, bunun da başlıca səbəbi əsas infrastruktur layihələrinin icrasının başa çatmasıdır. Növbəti ildən etibarən layihələrin icrasından gözlənilən sosial iqtisadi səmərə dəyərləndirilməklə yalnız ölkənin uzunmüddətli inkişaf məqsədlərinə hədəflənmiş ən zəruri investisiya layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.

3. 2021-ci il və orta müddətli dövr üçün büdcə göstəriciləri

 3.1. Dövlət büdcəsi

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür.

Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması hədəfi istiqamətində dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılması nəzərdə tutulur. 2022-ci ildən başlayaraq azalan neft gəlirlərinin qeyri-neft sahəsindən əldə olunan gəlirlərlə əvəz edilməsi hədəflənir. Qeyri-neft sektoru üzrə gömrük və vergi güzəştləri, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən işlər ortamüddətli dövrdə büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının ardıcıl artmasını şərtləndirəcəkdir. 

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin, COVID19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır.

Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2.351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Qeyd olunan vəsaitin 1.787,3 milyon manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 milyon manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147,0 milyon manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcəkdir. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə 2021-ci il ərzində 609,5 milyon manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi məqsədilə 2021-ci ilin dövlət büdcəsi xərclərinin funksional təsnifatının üç pilot bölməsi (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) üzrə xərclər ilk dəfə olaraq sektorların strateji planları ilə əlaqələndirilərək proqram, sub-proqram və tədbirlərə uyğun proqnozlaşdırılmışdır.

Belə ki, büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 197,0 milyon manat maliyyə vəsaiti nəzərdə tutulmuşdur.

Büdcə xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Bitkiçilik sahəsinin inkişafı”, “Heyvandarlıq sahəsinin inkişafı”, “Kənd təsərrüfatı sahəsinin istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması”, “Aqrar sığorta bazarının inkişafının dəstəklənməsi”, “Kənd təsərrüfatı ilə əlaqədar istehsal müəssisələrinin, xidmət və ticarət sahələrinin inkişafı”) həyata keçirilməsi nəticəsində əkinlərin becərilməsinin stimullaşdırılması, bitkiçilik sahəsində məhsuldarlığın, məhsuldar və keyfiyyətli toxuma, eləcə də ətə və südə olan tələbatın təmin edilməsində daxili istehsalın payının artırılması və ərzaq təhlükəsizliyi üzrə mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 918,0 milyon manat maliyyə vəsaiti nəzərdə tutulmuşdur.

Büdcə xərclərinin funksional təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Bioloji müxtəlifliyin qorunması”, “Təbii ehtiyatlardan səmərəli istifadə”, “Hidrometeorolji məlumatların təminatı” və “Ətraf mühitin mühafizəsi”) həyata keçirilməsi nəticəsində səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin mənfi təsirlərdən qorunması və ərazilərində elmi-tədqiqatların davam etdirilməsi, nadir və endemik flora və fauna növlərinin populyasiyasının təmin edilməsi, ölkə ərazisində meşəlik faizinin artırılması, ətraf mühitin çirklənməyə məruz qalan ərazilərində çirkliliyin azaldılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 282,7 milyon manat maliyyə vəsaiti nəzərdə tutulmuşdur.

Hər üç pilot sektor üzrə tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitin nəticəəsaslılığının ölçülməsinə imkan verən monitorinq göstəriciləri (indikatorlar) müəyyən edilmiş və qiymətləndirilmənin nəticələrinə əsasən təklif və tövsiyələrin müvafiq büdcə təşkilatlarına təqdim edilməsi nəzərdə tutulmuşdur.

OMXÇ ilə əhatə edilmiş proqram və tədbirlərlə yanaşı regionların inkişaf etdirilməsi, əhalinin sosial rifahının və həyat şəraitinin yaxşılaşdırılması, ölkə ərazisində müasir infrastrukturun formalaşdırılması və dövlətin digər funksiyalarının icrasına yönəlmiş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi 2021-ci ildə də davam etdiriləcəkdir.

2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 520,5 mln. manat məbləğində proqnozlaşdırılır. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaqdır.

3.2. İcmal Büdcə

 2021-ci il üzrə icmal büdcə gəlirləri 20 619,1 mln. manat səviyyəsində, icmal büdcə xərcləri 28 627,2 mln. manat məbləğində proqnozlaşdırılır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin gəlirləri 5 932,9 milyon manat nəzərdə tutulur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12 420,5 milyon manat təşkil edəcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 milyon manat məbləğində proqnozlaşdırılır.

 İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 milyon manat nəzərdə tutulur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 502,3 milyon manat proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 8 008,1 mln. manat olacağı gözlənilir.

3.3. Ortamüddətli dövr üzrə büdcə xərcləri

Cari ildə makroiqtisadi vəziyyət və iqtisadi aktivliyin yavaşlaması səbəbindən qeyri-neft gəlirlərinin azalması, pandemiyadan zərər çəkmiş sektorlara dövlət dəstəyinin davam etdirilməsi və sosial xərclərin artırılması nəticəsində 2020-ci il üzrə qeyri-neft baza kəsirinin genişlənməsi və qeyri-neft ÜDM-in 33,5 faizi səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, ortamüddətli dövr üçün müəyyən edilmiş fiskal çərçivə və qeyri-neft ÜDM-nin artımına dair proqnozlar əsas götürülməklə icmal büdcənin qeyri-neft baza kəsirinin ortamüddətli dövrdə azalması hədəflənir. Belə ki, 2021-ci il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti ilkin proqnoz göstəriciləri əsasında hesablandıqda 28.0, 2022-ci ildə 25.5, 2023-cü ildə 23.5, 2024-cü ildə isə 21.6 faiz təşkil edəcəyi gözlənilir.

 

 

03.09.2020 11:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ