Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Bəxtim onda gətirib ki, uşaqlıqdan müxtəlif sosial təbəqələrin əhatəsində olmuşam” – MÜSAHİBƏ

"Şirkət rəhbərinin reputasiyası kifayət qədər yüksək olduqda və o, böhranın qarşısını almaq üçün açıqlama verdikdə auditoriyaya dəfələrlə yaxşı təsir etmiş olur. Bu baxımdan, şirkətlə bərabər onun rəhbərinin reputasiyasının formalaşdırılması önəmlidir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bəxtim onda gətirib ki, uşaqlıqdan müxtəlif sosial təbəqələrin əhatəsində olmuşam” – MÜSAHİBƏ
“INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-su Anar Əskərov
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

PR sahəsi üzrə 10 ildən çox təcrübəsi olan, “INPRESS PR Solutions” şirkətinin təsisçisi və CEO-su Anar Əskərovla media və ictimaiyyətlə əlaqələr sahəsinin hazırkı vəziyyətindən, mövcud problemlərdən və qlobal trendlərdən danışdıq. "Marja.az" həmin müsahibəni təqdim edir:

- Əvvəlcə sizi tanıyaq. Anar Əskərov kimdir?

- Anar Əskərov müasir rəqəmsal və media alətlərindən istifadə edərək müştərilərinin mesajlarını onların auditoriyasına çatdıran PR üzrə mütəxəssisdir. Müasir media və rəqəmsal mühitdə təkcə brend, şirkət və şəxslər öz mesajlarını auditoriyaya göndərmir, indi auditoriya da danışır. Bu zaman PR da birtərəfli qaydada brendin mesajını auditoriyaya ötürmür, həm də auditoriyanın mesajını brendə çatdırır. Çünki texnoloji inkişaf nəticəsində insanların istənilən brend, şəxs, xidmət haqqında dərhal öz fikirlərini bildirmə prosesi rahatlaşıb. Mənim işim isə komandamla birlikdə sözügedən ikitərəfli kommunikasiyanı qurmaqdır.

- Lider olmaq və peşəkar komanda yaratmaq bacarığı biznesdə nə qədər önəmlidir?

- Ya lider, ya da rəhbər olmalısan. Uzun perspektivlər olmadıqda, qısamüddətli məqsədlərə çatmaq üçün rəhbər və ya direktor olmaq kifayət edə bilər. Çünki həmin insanlarla müəyyən müddətdən sonra hər hansı bir əlaqə qalmayacaq. Uzunmüddətli fəaliyyətlərdə və böyük hədəflərdə isə rəhbər olmaq kifayət etmir. Lider olmalı, özün haqqında reputasiya formalaşdırmalısan ki, uzunmüddətli hədəflərinə gedən yolda tək olmayasan. Səni və fikirlərini izləyən, dəstəkləyən insanlar olmalıdır. Müasir dövrdə texnologiyanın inkişafı ilə insanlar bir-birlərinə daha da yaxınlaşır, bir-birini rahat izləyə bilirlər. Rəhbər olsan belə, işçilərin səni izləyir, şəxsi həyatınla maraqlanırlar. Sən də onların gündəlik fəaliyyətləri ilə maraqlanırsan. Bu zaman insanlar daha dəyərli insanları izləməyə üstünlük verirlər. Lider də öz ətrafına, komandasına dəyər qatan, faydalı olan şəxsdir. Buna görə də, uzunmüddətli hədəflərə çatmaq üçün lider olmağı bacarmaq lazımdır.

- Media və ictimaiyyətlə əlaqələr (PR) sahəsinə gəlişiniz necə oldu?

- Mənim ixtisasım marketinq, biznes işinin təşkili və idarə edilməsidir. Müasir dövrdə biznes qurmaq üçün marketinqi bilmək vacibdir. Lakin sonrakı mərhələdə anlayırsan ki, təkcə marketinqi bilmək kifayət etmir. Hər hansı brendin marketinq strategiyasını hazırlayarkən PR-I və müasir kommunikasiya alətərini də bilmək vacib olur. Marketinqdən başlayıb PR-ı öyrənməyə keçərkən bu sahənin mistikasını gördüm və hiss etdim ki, PR mənə daha yaxındır.

PR üzrə mütəxəssis olmaq üçün ilk növbədə hədəf kütlələrini yaxşı tanımalısan. Mənim də bu baxımdan bəxtim gətirdi. Düşünürəm ki, insanlar mütləq şəkildə uğurlarında bəxti də nəzərə almalıdırlar, çünki bəzən hər şey sırf öz gücümüzə baş vermir. Mənim isə bəxtim onda gətirib ki, uşaqlıqdan müxtəlif sosial təbəqələrin əhatəsində olmuşam. Uşaq vaxtı qardaşım məndən "biz varlı, ya kasıbıq?" - deyə soruşubmuş. Anamın sözlərinə görə, mən cavabımda bir il kasıb, bir il varlı olduğumuzu demişəm. Bu isə o deməkdir ki, biz uşaqlıqdan müxtəlif sosial təbəqələrdə yaşamış və bütün sosial təbəqələrdən olan insanlarla ünsiyyətdə olmuşuq. Bu da öz növbəsində hər təbəqədən olan insanları və onların vərdişlərini anlamağa yardımçı olub. Buna görə də, PR mənə daha yaxın oldu və başa düşdüm ki, mən hədəf kütlələrini yaxşı tanıyıram. Peşəkar komanda qurduqca və alətləri artırdıqca mesajları uğurlu formada çatdırmaq üçün yerli əhalinin informasiyanı istehlak etmə vərdişlərini araşdırdıq. Bu, məni işimə sevdirdi. PR-a gəlişimə səbəb də sosial təbəqələri və hədəf kütlələrini yaxşı tanımağım və onları tanımağa böyük həvəsimin olmasıdır.



Hələ də öyrənməkdə davam edirəm və bu zaman hər bir sosial təbəqə ilə mütəmadi olaraq əlaqə qururam. Məsələn, hər hansı yüksək sosial təbəqənin nümayəndəsi ilə ünsiyyət qururamsa, mütləq şəkildə digər təbəqələrdən olan insanlarla da ünsiyyətdə oluram. İstər satıcı, ofisiant, istərsə də digər peşə sahiblərinin nə düşündüyünü, gündəlik həyat fəaliyyətini anlamasan, uğurlu PR mütəxəssisi ola və uğurlu PR şirkəti qura bilməzsən. Ölkəndə hər bir sosial təbəqənin həyat tərzini, informasiyanı istehlak etmə vərdişlərini bilməlisən ki, bu da çox maraqlı fəaliyyətdir. Elə buna görə də, PR sahəsini sevirəm.

- Ümumiyyətlə, Azərbaycanda PR sahəsinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahədə nədən geri qalırıq?

- Hazırda sosial şəbəkələrin inkişafı ilə həm şirkətlərimiz, həm də qurumlarımız ictimaiyyətlə əlaqələrin inkişafına həssas yanaşırlar. Lakin həssas yanaşmaq bu işi yaxşı görmək deyil. Artıq cəmiyyət sosial şəbəkələrdə öz fikrini müzakirə edir, istənilən problem dərhal paylaşılır, müzakirə olunur və müxtəlif mənbələrdən informasiya əldə edilir. Şəffaflıq, məlumatlara açıq olmaq, böhran zamanı ona çevik reaksiya vermək vərdişləri istər şirkət, istərsə də qurumlarımızda olduqca aşağı səviyyədədir. Çünki qurum və ya şirkətlə bağlı hər hansı haqlı və ya haqsız mənfi məlumat yayıldıqda və böhran baş verdikdə qərar vermək üçün bir saat vaxtın olur. Buna PR sahəsində "ildırımı oğurlamaq, tutmaq" deyilir. Əgər bir saat ərzində tez hazırlaşıb reaksiya versən, müzakirələr çox davam etmir və cəmiyyət sənin bu hadisəyə nə qədər həssas yanaşdığını, müəyyən addımlar atdığını görür. Son dövrlərdə qurumların, şirkətlərin böhran hallarında davranışlarına nəzər saldıqda bu baxımdan zəif olduqlarını görürük. Çünki onlar kommunikasiyaya açıq deyillər.

Sualın ikinci hissəsinə cavab olaraq deyə bilərəm ki, hazırda ölkədə PR məktəbləri yoxdur, bu da inkişafa mənfi təsir edir. Düzdür, jurnalistika ilə bağlı fakültə var, media və rəqəmsal media inkişaf edib, rəqabət və sürət tempi çox yaxşıdır. Araşdırma jurnalistikası çox yaxşı inkişaf etməsə də, ümumi jurnalistika inkişaf edib. Lakin ictimaiyyətlə əlaqələr haqqında bunu demək mümkün olmur. Gündəmi izlədikdə görürük ki, şirkətlər, qurumlar, böyük holdinqlər jurnalistləri ictimaiyyətlə əlaqələrə rəhbər olaraq təyin edirlər. Bu da PR məktəbinin olmaması və mütəxəssislərin azlığı ilə bağlıdır. Qurumlar və şirkətlər media ilə əlaqələr qurmaq üçün məcburən jurnalistləri cəlb edirlər. O şəxslərin isə media ilə əlaqələri yaxşı olduğundan şirkətlə bağlı daxil olan mənfi məlumatı media arasında itirməyə çalışırlar. Belə hallarda əlaqələr cəmiyyətlə deyil, media ilə qurulur. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi işə götürdükdə isə ictimaiyyətin fikirlərini də əsas götürürsən. Media bu prosesdə sadəcə bir alətdir. Bizdə isə proses natamam gedir, media ilə əlaqələr, dostluqlar qurulur, lakin cəmiyyətlə məlumat mübadiləsində qırılmalar baş verir.

Biznesdə uğur qazanmış insanlar bazardakı boşluqları, mövcud tələbləri görən və bundan zamanında istifadə etməyi bacaranlardır. Bildiyimizə görə, "Inpress PR Solutions" şirkəti də Azərbaycanda şəxsi reputasiyanın idarə olunması ilə məşğul olan ilk qurumlardan birdir. Bəs bu şirkətin təsis olunmasını PR sahəsindəki çatışmazlıqlarla əlaqələndirə bilərikmi?

Dünyada son tendensiyalar şirkətlərdən daha çox şəxsi brendlərin önə çıxmasına səbəb olub. Artıq böyük brendlərin sahiblərini tanımağa başlayırıq və şəxsi reputasiyalar daha çox önə çıxır. Texnoloji inkişaf insanların istifadə etdiyi brendlərin arxasında dayanan şəxsləri tanımaq istəməsinə gətirib çıxarıb. İnsanlar bilmək istəyirlər ki, getdikləri salonun, restoranın, aldıqları məhsulun sahibi kimdir. Bu tendensiya dünyada uzun müddətdir davam edir ki, bizdə də artıq gənc nəsil bu məlumatları internet vasitəsilə axtarır.

Uşaqlıq dövründə ailədə formalaşan bəzi vərdişlər indiki vaxtda insanların önə çıxmasını və özünü tanıtmasının qarşısını alır. Məsələn, bizə deyilən "ağac nə qədər bar versə, başını aşağı əyər" məsəli buna nümunədir. Bu tərbiyə bizi müəyyən yaşa çatdıqdan sonra çərçivədən kənara çıxmadan yalnız işimizlə məşğul olmağa vadar edir. Buna görə də, yalnız mövcud olduğumuz dünyada qalırıq, paraleldə isə rəqəmsal dünya inkişaf edir. Qeyd etdiyimiz yeni nəsil isə daima axtarışdadır. Müşahidələrimiz göstərdi ki, insanlarımız adətlərdən irəli gələn səbəblərə görə, utancaqdır və rəhbər, lider olaraq rəqəmsal dünyaya keçiddə ləngiyirlər, özlərinə güvənmirlər. Fikirləşdik ki, bazardakı bu boşluğu auditoriyanın vərdişlərini dəyişən formula fikirləşək dolduraq və bu formada xidmət göstərək. Bazarda buna böyük tələbat olduğunu hiss edirdik, fəaliyyətə başladıqdan sonra isə bu tələbatı əyani gördük. Məsələn, Avropada insanların utancaqlıq hissi az olduğundan reputasiyalarını formalaşdırmaq üçün peşələri ilə bağlı videolar çəkib müxtəlif şəbəkələrdə paylaşa bilirlər. Sırf bu baxımdan onlarda blogerlərin sayı kifayət qədərdir. Beləliklə, onlarda reputasiyanı inkişaf etdirmək üçün xüsusi komandaya ehtiyac qalmır. Bizdə isə buna ehtiyac var, kimsə səni sövq etməli, sənin üçün strategiya qurmalı, yönləndirməlidir. Fəaliyyətə başladıqdan sonra elə müştərilərimiz olub ki, bizə aylarla pul ödəyib, lakin cəmiyyətə açılmağa və auditoriyası ilə ünsiyyətə keçməyə hələ də çəkinirlər. Biz onu alışdırmaq üçün imitasiya müsahibələri keçiririk. Bəzi insanlar birdən-birə səhnəyə çıxmağa çəkinirlər. Bir müddət hazırlıqlardan sonra o, artıq auditoriyası ilə ünsiyyətə keçir.

Mən özüm də bütün prosesləri üzərimdə tətbiq etmişəm. Belə ki, ilk olaraq auditoriyamla ünsiyyətə bloq yazılarla, müsahibələrlə başladım. Videoya keçid üçün mənə kifayət qədər zaman lazım idi. Hələ də videomüsahibələrimdə özümü tam rahat hiss etmirəm. Bu proses də mərhələli baş verir və kimsə kontenti yaratmaqda, psixoloji, rasional, emosional dəyərləri auditoriyaya ötürməkdə dəstək göstərdikdə, iş rahatlaşır. Bu səbəbdən biz bu şirkəti qurduq və tələb isə kifayət qədərdir.

- Fərdlərin və şirkətlərin şəxsi brendlərini qurarkən onların güclü reputasiyalarının formalaşdırılmasına yardımçı olursunuz. Bu zaman hansı məqamlara diqqət etmək daha önəmlidir?

- Rəhbərin reputasiyası müəyyən müddətdən sonra elə onun öz qurduğu şirkətin reputasiyası ilə birləşir. Məsələn, qurduğumuz şirkətlə bağlı hər hansı bir böhran bizim reputasiyamıza da təsir edir. Eləcə də, şəxsin reputasiyası ilə bağlı mənfi hal baş verdikdə bu, onun şirkətinə də təsir edir. Məsələn, xarici şirkətlərdə bu, şirkətin səhmlərinin ucuzlaşmasında özünü büruzə verir və hətta şirkətin iflasına səbəb ola bilir. Şəxsi reputasiya ilə şirkətin reputasiyası bir-birinə dəstək də olur. Şirkətdə baş verən böhran zamanı şirkət rəhbəri cəmiyyətə açıq biri deyilsə, burada şirkətin müdafiəsinə ictimaiyyətlə əlaqələr şöbəsi çıxır. Lakin şirkət rəhbərinin reputasiyası kifayət qədər yüksək olduqda və o, böhranın qarşısını almaq üçün açıqlama verdikdə auditoriyaya dəfələrlə yaxşı təsir etmiş olur. Bu baxımdan, şirkətlə bərabər onun rəhbərinin reputasiyasının formalaşdırılması önəmlidir.

Reputasiya formalaşdırılarkən isə rasional və emosional dəyərlər müəyyən olunmalıdır. Həmçinin hər bir reputasiya formalaşdırılarkən onun müəyyən müddətli məqsədi olmalıdır. Məqsəd olmadıqda isə çıxdığın yolun səbəbi də olmur. Bundan sonra şəxsin rasional dəyərləri - biliyi, savadı, peşəsi, şirkətinin profili, emosional dəyərləri - dünyaya baxışı, şəxsi keyfiyyətləri, insanlarla ünsiyyəti, həyat tərzi müəyyən olunur. Bu mərhələdən sonra həmin dəyərləri kontentin müxtəlif növlərində bir sıra kanallarla auditoriyamıza kommunikasiya etməliyik.

- PR mütəxəssisi olaraq müştəriləriniz ilə bağlı böhran vəziyyətində qərarvermə prosesinə hansı həssaslıqla yanaşırsınız?

- Ümumiyyətlə, şirkət rəhbəri böhran vaxtı qərar verərkən bir neçə hisslər keçirir. Şok, əsəb, stres və narahatlıq kimi hisslər qərarverməni ləngidir. Buna görə də, yerli qurum və şirkətlər tərəfindən mediada yayılan məlumatlara reaksiya bir neçə gün gecikir. Bu zaman bizim kimi şirkət kənardan daha soyuqqanlılıqla məsələyə müdaxilə edə bilir. Şirkəti dost, brendi öz brendimiz kimi hiss etsək də, böhran baş verdikdə soyuqqanlılığımızı qoruyuruq və bu zaman onlara verdiyimiz konsultasiya qərarverməni asanlaşdırır. Biz həmçinin auditoriyanı dinləyərək riskləri analiz edirik ki, bu da stresdə olan şirkət rəhbərlərinin işini asanlaşdırır. Problemin səbəbini kənardan analiz edib onlara bildirdikdə daha rahat qərar verirlər. Yerli şirkətlər hər şeyi şirkətdaxili qurmağı xoşlayır. Təcrübə isə göstərir ki, böhran vəziyyətində bizim kimi kənarda olan şirkətlər daha çox kömək ola bilir. Daxildə olan komanda isə rəhbərliklə bərabər eyni stresi keçirir və ona uyğunlaşmağa məcbur qalır. Kənar komanda isə daha rasional yanaşaraq böhranın aradan qalxmasına yardımçı olur.



- Hazırda ölkədə pandemiya şəraitinin yaratdığı çətinliklər PR sahəsinə necə təsir edib?

- Bütövlükdə, pandemiya dövründə mediaya tələbat artdı və insanların informasiyanı istehlak etmə vərdişləri müasir media ilə daha çox əlaqədə oldu. Biz medianın gücünə bir daha əmin olduq: bu, saxta xəbərlərin insanların əhval-ruhiyyəsinə təsiri, rəsmi xəbərlərə münasibətdə özünü göstərdi. Virus yalnız fiziki təmasda deyil, həm də rəqəmsal dünyada sürətlə yayıldı, daha çox müzakirə edilərək viral bir virusa çevrildi və biz sosial şəbəkələrin vacibliyini bir daha anladıq. Bu isə o deməkdir ki, PR-ın əsas predmetləri – media və vətəndaşlar (hədəf kütlələri) bir-biri ilə sıx təmasa keçdi. Bu, bütün dünyada ictimaiyyətlə əlaqələri, böhran kommunikasiyasını yeni mərhələyə daşıdı və ümumilikdə, müsbət təsir göstərdi. Artıq şirkətlər iqtisadi təsirlərə görə rasional, emosional qənaətə keçdilər və daha səmərəli, ucuz vasitələrlə informasiyanı auditoriyaya ötürməli olduqlarını başa düşdülər. Bu isə bahalı marketinq layihələrini azaltmaqla mesajların hədəf kütlələrinə çatdırılması üçün sərfəli PR vasitələrindən istifadəni artıracaq. Bütün bunlar isə PR sahəsinin inkişafına səbəb olacaq.

Bu dövrdə risklərin analizinə də həssaslıq artdı. Biz xidmət göstərdiyimiz şirkətlərə və qurumlara yalnız böhran ərəfəsində deyil, böhrana qədərki ərəfədə də xidmət göstəririk. Bu da risklərin dəqiq analizi ilə mümkündür. Belə ki, hər hansı məsələ müzakirəyə, daha sonra böhrana çevrilməmiş onu müəyyən etmək lazımdır. Biz də bir şirkət olaraq xüsusi alətlər vasitəsilə həmin riskləri müəyyən edib hesabat formasında şirkətlərə ötürürük. Risklərə həssaslığın artması, bizim kimi şirkətlərin daha da inkişafına səbəb olacaq.

- “Sağlam bədəndə sağlam ruh olar" deyiblər. Bəs siz sağlam qərarlar vermək üçün həyat tərzinizdə nələrə diqqət edirsiniz və hansı motivasiya üsullarından istifadə edirsiniz?

Mən sağlam həyat tərzinin tərəfdarıyam. Başqalarının böhranı ilə məşğul olarkən nə qədər soyuqqanlı davransaq da, problemlə məşğul olduğumuz üçün stres mütləq bizə də təsir edir. İşlərdən yorulduqda velosipedimlə bir neçə km qət etməyi xoşlayıram. Bir də qaçmağı sevirəm. Çox sevincli və ya əsəbi olduqda çox uzaq məsafəyə qaça bilirəm. Qaçışı bitirdikdən sonra problem də zehnimdə bitmiş olur və rahatlaşıram. Sanki problemdən kənarlaşaraq onu daha yuxarıdan izləyirəm və onun kiçik bir problem olduğunun, hədər yerə stresə düşdüyümün fərqinə varıram.

Həmçinin hədəflərə çatmaq üçün disiplinə önəm verirəm. Günümüzdə bir çoxlarının uğursuz olmasının səbəbi nizam-intizama əməl etməmələridir. Məqsədə çatmaq üçün hər gün səhərdən axşama qədər hər hansı bir fəaliyyətlər etməliyik. Bu zaman hansısa irəliləyiş özgüvənimizi artırır və bizi hədəfə doğru irəliləməyə sövq edir. Bir müddət sonra isə hədəfimizə çatmış oluruq. Düşünürəm ki, disiplin, gündəlik nizam-intizam ölkəmizdə insanların ən ciddi problemidir.

- Anar bəy, maraqlı müsahibəyə görə təşəkkür edirik.

PR Anar Əskərov INPRESS PR Solutions media ictimaiyyətlə əlaqələr marketinq biznes
06.09.2020 15:31

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ