Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır".

Marja xəbər verir ki, bunu  yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Reklam_3_11

Prezident deyib:

"Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.

Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.

Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.

Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər?

Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz.

Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar.

07.01.2021 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ