Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"2016-da onları Ağdərə, Cəbrayıl və Füzulidən qovub, Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"2016-da onları Ağdərə, Cəbrayıl və Füzulidən qovub, Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq"

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun daha böyük ərazilərə nəzarət ələ keçirdiyini etiraf edib.

Prezident dünən keçirdiyi mətbuat konfransında, "Bu gün Ermənistanın sabiq prezidenti Sarkisyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik", - deyib. 

Prezident RBK telekanalının sualına cavab verərək deyib:

"Bu gün Ermənistanda həm iqtidarda, həm də müxalifətdə nə təklif edilməsi, necə təklif edilməsi barədə spekulyasiyalar çoxdur. Ermənistanın siyasi həyatında yanar odun üstünə yağ tökməmək üçün mən şərhlər etməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, bütün danışıqlar prosesi dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Bu, prinsipial məsələ idi. Həm Ermənistanın danışıqlar apardığım rəhbərlər ilə, həm də ATƏT-in Minsk qrupunda mən bu prinsipial məsələdən danışmışam. Azərbaycanlıların qaytarılması, ümumiyyətlə, ərazilərin qaytarılması mənim prinsipial mövqeyim olub. Danışıqlar nə üçün gedirdi? Ona görə ki, erməni tərəfi bununla razılaşırdı. Vəssalam. Onlar bununla razılaşırdı. Əvvəlki iki prezident də razılaşırdı. Ermənistanın indiki rəhbərinə gəldikdə isə, mən hələlik şərhlərdən çəkinirəm. Burada, necə deyərlər, hər şey yadınızdadır. Bəs, nə üçün belə olmurdu, ona görə ki, onlar yalan danışırdı, sözdə bir cür deyir, əməldə başqa cür hərəkət edirdilər. Hər hansı işıq ucu görünəndə ümidlər dərhal təxribatla əvəz olunurdu. Dəfələrlə belə olub. 2000-ci illərin əvvəlində də, 2014-cü ildə də. Azacıq bir imkan yaranan kimi dərhal hərbi təxribat törədilirdi. Bir əyani nümunə - ermənilərin helikopteri bizim mövqelərimizə hücum etdi və buna görə vuruldu. Onlar belə bir iddia irəli sürdülər ki, guya Azərbaycan hücum edib. Halbuki bu, hərbi helikopter idi – nə təlim helikopteri, nə də nəqliyyat helikopteri. Bu, “Mi-24” idi. Bundan sonra danışıqlar dayandırıldı. Sonra yeni mərhələ. Sonra 2016-cı ilin aprel müharibəsi. Bu gün Ermənistanın sabiq prezidenti Sarkisyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarkisyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarkisyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarkisyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi.

İndi, necə deyərlər, bütün bunları biz özümüz həll etdik. Bir daha demək istəyirəm, bizim gələcək barədə mövqeyimiz aydındır. Bu gün biz gələcək barədə düşünməliyik. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq, orada çox adam yaşamır. Ümumiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırdı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peykləri vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük. Axı, hər kəs başa düşür ki, bizim üçün Dağlıq Qarabağ məsələsi həmişə bir nömrəli məsələ olub və bu gün də belədir. Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu, faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik.

İnteqrasiya məsələsinə gəldikdə isə, biz bundan sonra da müxtəlif variantlar təklif etməyə hazırıq. Məsələn, bu gün mən bilirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi müzakirə olunur. Bəs, bütün bu illər ərzində bu məsələ niyə həll edilmirdi? Nə üçün ərazilərimizi işğal edərək Sərsəng su anbarından bizə gələn suyu bağlamışdılar? Yaxud nə üçün qış vaxtı suyun qabağını açıb daşqınlar törədir, yayda isə bağlayırdılar ki, bizim kənd sakinləri öz torpaqlarını suvara bilməsinlər. Artıq biz Suqovuşan su anbarını özümüzə qaytarmışıq və bu gün tamam başqa vəziyyət yaranıb. Bəli, bu gün onlar bizdən xahiş edirlər. Buna görə də burada enerji təhlükəsizliyi ilə bağlı məsələlər çox olacaq.

Bütövlükdə, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır. Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni, əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib. Vəssalam. Onlar yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər. Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canilərdir. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdılar, Sarkisyan da, Köçəryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdıqları qəhrəman medalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs, nə üçün doğulduqları yerləri müdafiə etmədilər? Müdafiə edəydilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlarmı? Bilirsinizmi, bu insanları, azərbaycanafobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir. Bu, mənim sözlərim deyil. Bunu çoxları deyib. Yaraların sağalması, anlaşma yaranması üçün vaxt lazımdır. Ermənistanda bunu anlamalarından ötrü vaxt lazımdır ki, Azərbaycanı iblis şəklində təqdim etməklə bağlı göstərdikləri bütün cəhdlər, ilk növbədə, onların özləri üçün səmərəsizdir.

27.02.2021 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ