Yağının 1 litri 7 min avrodur, Azərbaycan da gəlir götürə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağının 1 litri 7 min avrodur, Azərbaycan da gəlir götürə bilər

Bu gün dünyada yaxşı gəlir gətirən sahələrdən biri də ətriyyat və dərman sənayesi üçün xammal ixracına üstünlük verilməsidir. Dünyanın bir çox ölkələri var ki, məhz bu sahədə ixtisaslaşmış təsərrüfatlar vasitəsilə öz büdcələrini formalaşdırırlar. 

 

...Bir çoxlarınız yəqin ki, bağlarda-bağçalarda xoş rayihəli, görünüşü gözoxşayan qızılgüllərlə qarşılaşmısınız. Ancaq qızılgülün yaxşı gəlir mənbəyi ola biləcəyi haqda o qədər də məlumatlı deyilsiniz. Bəli, bu güldən təkcə mürəbbə, gülab, gülqənd və digər məhsullar hazırlanmır, həm də çox yaxşı qazanc əldə edilir. Gəlin bunu birlikdə araşdıraq.

 

Bu məhsul barədə ətraflı məlumat verməzdən öncə, ümumilikdə, efir yağları barədə xatırlatma yerinə düşər. Bu tip yağlar, bir qayda olaraq, bitkilərdən distillə yolu ilə alınır. Bunlardan ən geniş yayılanı isə qızılgül, lavanda, qərənfil və sitrus yağlarıdır.

 

Onu da qeyd edək ki, dünya üzrə 10 əsas efir yağının illik istehsal həcmi 100 min tondan çoxdur. Onların arasında ən bahalısı qızılgül yağıdır. Onun illik istehsal həcmi 5 tonu keçmir. Efir yağlarının istehsalı üzrə lider ölkələr Fransa, Bolqarıstan, Türkiyə, İran, Çili və İndoneziyadır. Tarixi mənbələrə əsasən, qızılgül yağını ilk dəfə qədim romalılar çəkib, bundan sonra ərəblər bu işi mənimsəyiblər. Orta əsrlərdə isə tarixi Azərbaycan ərazilərində bu sahə əsas gəlir mənbələrindən birinə çevrilib. Vaxtilə Osmanlı imperiyasının müstəmləkəsi olmuş Bolqarıstandan Fransa və İngiltərəyə hər il 1 ton gül yağı göndərilərmiş. Hazırda Bolqarıstan qızılgül yağına görə dünyada birinci yerdədir. Burada söhbət təkcə istehsalın həcmindən getmir. Həmin ölkənin yağı bu sahə ilə məşğul olan digər ölkələrlə müqayisədə daha keyfiyyətlidir. Məlumat üçün qeyd edək ki, müasir dövrdə qızılgül yağı, əsasən, Dəməşq qızılgülündən çəkilir. 

 

Neçə əsrdir ki, istehsal texnologiyası da dəyişmir: yağ almaq üçün ləçəkləri su buxarı ilə distillə etmək kifayətdir. Heç bir bahalı texnologiyaya ehtiyac yoxdur. Lakin proses uzun çəkir. Birinci mərhələdə 500 kiloqram ləçəyin üstünə 1500 litr su əlavə edilərək distillə olunur. Növbəti mərhələdə isə bu maye təkrar distillə edilir. Qalan məhlul bir neçə dəfə süzüldükdən sonra yağ əmələ gəlir. Proses çox böyük əmək və kollektiv iş tələb edir. 

 

Yağ emalının digər forması isə həlledicilər vasitəsilə emaldır. Bu zaman əsas həlledici kimi etil spirtindən istifadə edilir. Proses 60-70 dərəcədə baş tutur ki, bu da məhsulun tərkibində istiliyə həssas olan maddələrin saxlanmasına yardımçı olur. Lakin bu yolla emal edilmiş məhsulda etil spirti qaldığı üçün keyfiyyət aşağı düşür, məhsul bioloji hesab edilmir. Bu yolla 1 litr yağ almaq üçün cəmi 400 kiloqram gül tələb olunur. Ənənəvi yolla alınan məhsulun 1 litri 7 min avroya satıldığı halda, sənaye məhsulunun qiyməti 2 min dolları keçmir. Bu gün Bolqarıstan və Türkiyə hər 2 metoddan, Fransa və Əlcəzair isə yalnız sənaye metodundan istifadə edir. Ortaya belə bir sual çıxır: bu cür bahalı məhsulun istehsalı üçün xərc çəkməyə dəyərmi? Statistikaya diqqət yetirək: əkinin ilk ilində Bolqarıstanın Qazanlıq qızılgülünün 1 hektarından 1,5 ton ləçək toplamaq mümkündür. Üçüncü ildə isə məh­suldarlıq 5 tona çatır. Düzgün qulluq şəraitində 1 gül kolu 30 ildən çox məhsul verir. Bolqarıstanda istehsal olunan yağların hamısını ətriyyat üzrə ixtisaslaşmış “Şanel” şirkəti alır. Digər sortlardan fərqli olaraq bolqar məhsulu antiseptik xüsusiyyətə malikdir. Yetişdiyi ərazidən asılı olaraq qızılgül yağında 275-dək müxtəlif kimyəvi maddə mövcuddur. Bu səbəbdən yağdan əczaçılıq, kosmetika və qənnadı sənayesində geniş istifadə edilir. Obrazlı desək, bu məhsulun müştərisi hər zaman qapıdadır.

 

Yerli sahibkarların nəzərinə çatdırmaq istərdik ki, bu sahədə reklam və marketinq işinə milyonlar xərcləməyə lüzum yoxdur. Faydasına gəlincə, qızılgül yağı ümumi tənzimləyici rolunu oynayır. Yəni bu məhsuldan alınan preparatlar mədə-bağırsaq, ürək-damar, tənəffüs sistemi və sinir sistemi xəstəliklərinin müalicəsində müsbət təsir göstərir. Elmi mənbələrə görə, gül yağı bütün növ iltihab və yaraları sağaldır, miqren baş ağrılarını aradan qaldırır, hormonal balansı bərpa edir, toxumaları cavanlaşdırır, yaraların sağalmasını sürətləndirir, həzm sistemini tənzimləyir, disbakteriozu aradan qaldırır. Lakin həkimlər xəbərdarlıq edir ki, təmiz gül yağını heç bir halda birbaşa istifadə etmək olmaz. Bu cür istifadə ziyan verə bilər.

 

Bu gün əkin əkməyə bir qarış torpağı belə olmayan, iqlimi buna imkan verməyən ölkələr istixanalar vasitəsilə qızılgül yetişdirməklə milyonlarla vəsait əldə edirlər. Qeyd edək ki, əvvəllər ölkəmizdə də qızılgül istehsalına xüsusi önəm verilib, qızılgül yağı istehsalından yaxşı gəlir əldə edilib. Ancaq ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələr bu gəlirli sahə ilə məşğul olan təsərrüfatları da fəaliyyətsiz hala gətirdi. Hazırda ölkəmizin cənub bölgələrində bu sahənin dirçəldilməsinə başlanılıb. 


Naxçıvanda da bu baxımdan geniş imkanlar mövcuddur. Bu gün muxtar respublikada qızılgül nəinki düzənlik sahələrdə, hətta dəniz səviyyəsindən 2720 metr yüksəklikdə də bitir. Bu nadir hadisəyə Culfa rayonunun ucqar Boyəhməd kəndinin cənub-şərqində yerləşən Göydağın zirvəsində rast gəlinib. Adi bir kol bitkisinin belə, olmadığı yerdə qızılgülün bitməsi onu deməyə əsas verir ki, ucqar dağ kəndlərində sa­hibkarlığa maraq göstərənlər bu bitkidən yaxşı gəlir əldə edə bilərlər. Nəzərə alsaq ki, qızılgül yağının 1 litri 7 min avrodur, onda sahibkarların bu sahəyə diqqət yetirəcəklərini əvvəlcədən təxmin etmək o qədər də çətin deyil. Muxtar respublikanın torpaq-iqlim xüsusiyyətləri də qızılgül əkinləri üçün yaxşı imkanlara malikdir. 
Sevindirici haldır ki, muxtar respublikada bu sahəyə maraq artmaqdadır. Ötən ilin payız, cari ilin yaz iməciliklərində Ordubad rayonu ərazisində, Əylis düzündə, ümumilikdə, 10 hektar ərazidə 35 min ədəd qızılgül kolu əkilib. Yeri gəlmişkən onu da vurğulayaq ki, sovet dönəmində Ordubad rayonunun Dəstə kəndindəki sovxozun ərazisində qızılgül becərilməsi ilə məşğul olunub. O vaxt Ordubad şəhərində fəaliyyət göstərən konserv zavodunda istehsal olunan dadlı-tamlı qızılgül mürəbbəsi keçmiş SSRİ-nin müxtəlif ünvanlarına göndərilirdi. Bu gün ordubadlıların həyətyanı təsərrüfatlarında da qızılgüllərdən maksimum şəkildə faydalanılır.
...Qızılgülün vətəni Şərq ölkələridir və o, Şərq xalqları arasında böyük mistik məna daşıyır. Bir çox xalqlar qızılgülü tanrıların gülü hesab edir, tanrıların bu gülün ləçəklərinin qoxusu ilə qidalandığına inanırlar. Məhsulları qızıldan da qiymətli olan bu Tanrı gülünü Tanrının sevdiyi torpaqlarda daha çox əkməyin, bu sahəyə daha çox önəm verməyin vaxtı gəlib çatıb.

 

 Səbuhi Hüseynov

11.05.2017 05:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ