Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dərdlərin dərmanı özü də “dərd”siz deyil

“Bal” deməklə ağız şirin olmur
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dərdlərin dərmanı özü də “dərd”siz deyil

Azərbaycanda olan arı növlərinin istehsal etdiyi  bal  həmişə   yüksək keyfiyyəti  ilə fərqlənib. Buna görə də ötən əsrin əvvəllərində Azərbaycanın arı növləri damazlıq üçün Amerikaya aparılırdı. Məlumat üçün bildirək ki, hazırda ABŞ dünyada bal istehsalına görə lider ölkələrdəndir.

Tarixi mənbələrdən məlumdur ki, hələ eramızdan əvvəl VIII-IX əsrlərdə Cənubi Qafqazda arıçılıqla məşğul olmuşlar. Azərbaycanda da arıçılıq qədim tarixə malikdir. X-XII əsrlərdə burada arıçılıq daha da inkişaf etmişdir. Hətta həmin dövrdə Azərbaycandan xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) ixrac  olunmuşdur.

Reklam_3_11

Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə, səbətlərdə saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi. Tədricən dünyada olduğu kimi, Azərbaycanda da arıçılığın inkişafında mütərəqqi üsullardan istifadə edildi, bu sahədə zəngin bilik və təcrübə qazanıldı, balın kəmiyyət və keyfiyyəti artdı, ondan məişətdə daha çox istifadə olunmağa başlandı.

Azərbaycanda arıçılığın inkişafına sovetlər dönəmində diqqət daha da artırıldı. Bu məqsədlə həmin dövrdə mövcud kiçik dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarında birləşdirildi. Hazırda belə təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Qax, Daşkəsən, Lerik, Lənkəran və digər bölgələrdə daha geniş yayılmışdır.

Azərbaycanın arı genofondu iki növə bölünür - Bozdağ Qafqaz arısı və Sarı İran arısı. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran populyasiyası mövcuddur. Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı İran arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bu arı növü elmi cəhətdən ilk dəfə 1906-cı ildə aşkar edilib və bundan sonra hər yerdə məşhurlaşıb.

Bu gün dünyada ən çox bal istehsal edən ölkələrdən biri olan ABŞ-dakı arıların əcdadı da Qabaqtəpə arılarından törəmələrdir. Sovetlər dönəmində  Azərbaycanda da Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a yaxın ölkəsinə damazlıq olaraq göndərilirdi.

Bu populyasiyalar özləri də müxtəlif yerlərə bölünür. Onların içərisində yerli “Qızıl arı” xüsusilə fərqlənir. “Qızıl arı” məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə birləşdirir. “Qızıl arı” sürətlə inkişaf etmək, soyuğa dözümlülük, küləkli iqlim şəraitinə uyğunlaşmaq, eləcə də floramiqrasiya göstəricisi ilə seçilir. Həmin növ arılar yüksək məhsuldarlığa da malikdir. Onlar başqa arılardan fərqli olaraq, gün ərzində nektar ardınca uçuşa tez başlayıb gec qayıdırlar ki, nəticədə həm çox, həm də keyfiyyətli bal toplayırlar.

Ən yaxşı arı cinsi və bal Azərbaycana məxsusdur

Azərbaycan balı dünyada ən keyfiyyətli bal hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak deyir: “Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur. Biz də bu məhsulun daha çox istehsal edilib dünya bazarına çıxarılmasına dəstək verməyə çalışırıq”.

Bu gün Azərbaycanda arıçılığın inkişafı yeni dövrə qədəm qoyub. Aparılan aqrar islahatlarda arıçılığın inkişafına xüsusi fikir verilir. Bu sahədə Prezidentin adını çəkdiyimiz “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamı mühüm rol oynayır. Sərəncamda qeyd edilir ki, ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur. Onların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük imkanlar yaradır.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, həmçinin Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında, eləcə də ixracında əhəmiyyətli artım müşahidə edilir.

Sözügedən  sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə  subsidiya verilməklə yanaşı, dövlət büdcəsindən yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması məqsədilə seleksiya və damazlıq işlərinin yaxşılaşdırılması üçün də vəsait ayrılır.

Məhsuldarlığın aşağı düşməsinə səbəb nədir

Bal istehsalının artması, keyfiyyətinin yüksəlməsi onun ixrac imkanlarını da genişləndirir. Azərbaycan təkcə 2018-ci ildə 71,5 min dollar dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac etmişdir. İxrac olunan balın 96,4 faizi Yaponiya tərəfindən alınmışdır. Amma bu nəticə birdən-birə əldə edilməmişdir.

Məlumdur ki, dünyada arıçılığın inkişafında yeni texnika və texnologiyalar tətbiq edilərək yüksək məhsuldarlığa nail olmaq üçün çox işlər görülür. Bu əvəzsiz qidanın kəmiyyət və keyfiyyətini artırmaq məqsədilə elmi araşdırmalar aparılır, arı ailələrini çoxaltmaq üçün yeni üsullardan istifadə edilir. Azərbaycanda isə uzun illər bu sahədə heç bir müasir texnika və texnologiyalar, elmin son nailiyyətləri tətbiq olunmamışdı. Necə deyərlər, arıçılıq dədə-baba yolu ilə inkişaf etmişdi. Buna görə də yüksək məhsuldarlıqdan söhbət gedə bilməzdi.

İndi isə ölkəmiz dünyanın qabaqcıl təcrübəsini öyrənir, yeni texnika və texnologiyalardan istifadə edir. Arıçılıq sahəsində məhsuldarlığın artırılması layihəsi həm iqtisadi, həm də sosial xarakter daşıyır. Layihənin məqsədlərindən biri ölkəmizdə Qafqaz bal arılarının məhsuldarlığının artırılması ilə kənd əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Dəyəri 200 min dollar olan layihə çərçivəsində türkiyəli mütəxəssislər yerli arıçılara onların müvafiq biliklərinin artırılması, ana arıların seçilməsi, istehsalı və marketinq üzrə təlimlər keçirlər. Eyni zamanda arıçılıqda son dövrlər qazanılan elmi nəticələrlə, texnika və texnologiya ilə yerli arıçıları maarifləndirərək onların peşəkarlığını artırırlar.

Zaqatala Arıçılar Birliyinin sədri, peşəkar arıçı Mövluddin Qurbanəliyev deyir ki, arıçılıq gəlirli sahə olduğu üçün son illər rayonda buna maraq xeyli artıb: “Bir neçə il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı olduğu halda, indi 400-dək ailə bu işlə məşğuldur. Yəni bir neçə min rayon sakini dolanışığını arıçılıqdan çıxarır. Arı ailələrinin sayına gəldikdə rayonda 2005-ci ildə 11 minə yaxın arı ailəsi var idi. İki il əvvəlin statistikasına görə, rayonun təsərrüfatlarında 18 mindən çox arı ailəsi qeydə alınıb. Hazırda onların sayı daha da artıb. Bu göstəriciyə görə rayonumuz ölkədə öncüllər sırasındadır”.

Damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılmasının arıçılığın inkişafında mühüm rol oynadığını vurğulayan M.Qurbanəliyev bildirir ki, bu bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb: “Bu səbəbdən də məhsuldarlıq ildən-ilə aşağı düşür. Əslində bölgədə bir arı ailəsinin (bir pətəyin) normal məhsuldarlığı 15 kiloqram bal olmalıdır. Lakin son 10 ildir arıçılarımız bu qədər məhsul əldə edə bilmirlər. Cırlaşmış arılar bir pətəkdən yaxşı halda 5-7 kiloqram bal verir. Bundan əlavə, son illər baş verən iqlim dəyişiklikləri, qlobal istilər də məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də arıçılıqda damazlıq işinin təşkili çox vacib məsələdir. Bilirik ki, damazlıq arılarının məhsuldarlığı yüksək olur. Öz təsərrüfatımda belə arı pətəklərindən iki dəfə çox məhsul götürürəm. Bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacı var. Çətinliklə də olsa, damazlıq ana arı əldə edərək arıçıların müəyyən ehtiyaclarını ödəyirik. Lakin bu, indiki halda kifayət etmir”.

Yeri gəlmişkən qeyd edək ki, hazırda Zaqatalada və qonşu rayonlarda arıçılıq üzrə damazlıq təsərrüfatlar yoxdur. Damazlıq təsərrüfatları olarsa, arıçıların ana arı ilə bağlı çətinlikləri aradan qalxar. M.Qurbanəliyev bildirir ki, arıçılıq təsərrüfatları ekoloji mühitin yaxşılaşdırılmasına da müsbət təsir göstərir, daha doğrusu, arıçılıq təsərrüfatları ekologiyanın qorunmasında böyük rol oynayır. Arı tozlandırması sayəsində Yer üzünün bitki aləmi inkişaf edir, meyvə bağlarının, tərəvəz sahələrinin məhsuldarlığı artır. Arıçılıq məhv olarsa, 10-15 ildən sonra təbiət də məhv ola bilər.

Quraqlıq arıçıların “əleyhinə” işləyir

İqtisadiyyatın bütün sahələrinə zərbə vuran koronavirus pandemiyası nəticəsində   kənd təsərrüfatına da müəyyən ziyan dəyib. Bundan başqa, iqlim dəyişikliyi, təbiət də kəndli və fermerləri sınağa çəkib. Quraqlıq həm də arıçılar üçün müəyyən çətinliklər yaradır.

Arıçı Füzuli Verdiyev deyir ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin dövrünün ilk günlərində arıçıların arıxanalara gediş-gəlişində, arı ailələrinin müxtəlif yerlərə daşınmasında, eləcə də ehtiyac duyduğu və xarici ölkələrdən idxal edilən mum, şan və digər məhsulların fermerlər üçün əlçatanlığında müəyyən çətinliklər yaranmışdı.

Aran fermerləri isə havaların qeyri-sabit keçməsinin işin zərərinə olduğunu söyləyirlər. Deyirlər ki, keçən il yazın əvvəlində yağıntılı günlər çox olsa da, yay aylarında ölkə ərazisində müşahidə edilən quraqlıq arıçılar üçün də çətinlik törətdi. Bal süzümünə başlananda isə yağış yağmağa başladı. Bu cür hava şəraiti bal süzümünün vaxtında həyata keçirilməsini ləngitməklə yanaşı, arıların dərmanlanmasını, dezinfeksiya işlərini və qışa hazırlıq prosesini də gecikdirdi.

Baldan da qiymətli... çiçək tozu

Bal, çiçək tozu, vələmum, mum, arı südü, arı zəhəri, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir. Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə çiçək tozu digərlərindən fərqlənir. Vitaminlər, proteinlər, karbohidratlar, makro və mikroelementlər, amin turşuları ilə zəngin olan çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji  aktivliyini   artırır.

Ağcabədili arıçı Rəfayət Musayev bildirir ki, çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi nəticəsində yaranan arı məhsuludur: “Çiçək tozunu arılar balalarını yemləmək üçün əsasən mart, aprel, may və iyun aylarında toplayırlar. Arılar onu arxa ayaqlarına yapışmış vəziyyətdə yuvalarına daşıyırlar. Arıların təbiətdən topladıqları çiçək tozu pətəklərin girişindəki xüsusi “tələ”lər vasitəsilə yığılaraq kölgədə və ya xüsusi qurğu vasitəsilə qurudulur. Onu yaş halda soyuducuda da saxlamaq olar”.

Bu əvəzsiz nemətin rəngi və tərkibi toplandığı bitkiyə görə dəyişir. Çiçək tozunun rəngi əsasən sarı olur. Bəzən çiçəkdən asılı olaraq qırmızı, qara, bənövşəyi və çəhrayı da ola bilər. Çiçək tozu tərkibinə görə baldan dəfələrlə üstün və faydalıdır. Ondan müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilir. Çiçək tozunun faydaları toplandığı bitkilərə görə müxtəlif olur. Məsələn, söyüdün çiçək tozu aspirini əvəz edir, soyuqdəymə zamanı çox faydalıdır. Qanqaldan toplanan çiçək tozu isə qaraciyərin dərmanıdır, immuniteti  artırır, beyinin  qan  dövranını  normallaşdırır.

Çiçək tozunun istifadəsinin özünəməxsus qaydaları var. Onu səhər yeməyindən yarım saat əvvəl qəbul etmək lazımdır. Arı südünü bir çay qaşığı olmaqla sovrulana qədər ağızda saxlamaq məsləhətdir. Çiçək tozunu balla qarışdıraraq da istifadə etmək olar. Axşam bir qaşıq çiçək tozunu sərin su ilə qarışdırıb səhər acqarına qəbul etmək daha faydalıdır.

Qeyd edək ki, çiçək tozu stressə qarşı davamlılığı, düşünmə qabiliyyətini, diqqəti artırır, immun sistemini stimullaşdırır, beyin yorğunluğunu aradan qaldırır, zehni gücləndirir. Eləcə də qaraciyər toxumasının funksiyalarını bərpa edir, ağciyər və qaraciyər iltihablarının müalicəsində, soyuqdəymədə müsbət təsir göstərir, qanın laxtalanmasını və qanda xolesterinin miqdarını azaldır, qan-damar sisteminin işini, həzm prosesini normallaşdırır və qanı artırır. Ondan sidik yollarında prostat vəzinin hipertrofiyasının fəsadlarının azalmasında, böyrək rahatsızlıqlarında da istifadə edilir. Çiçək tozu uşaqların iştahının açılmasında və zehinlərinin inkişafında faydalıdır. Dərini təravətləndirir və cavanlaşdırır.

Arının  ölüsü də faydalıdır

Arılar Yer üzündə yaranan ən qədim canlılardandır. Bu canlıların yaranışından insanlar onlardan faydalanıblar. Bir çox qədim kitablarda arı məhsullarından hazırlanan dərman vasitələrindən bəhs edilir. Müasir təbabətdə də arı məhsullarından hazırlanan dərman vasitələrinə geniş yer verilir. Bu gün istər təbabətdə, istərsə də kosmetik vasitələrin hazırlanmasında arı məhsullarından geniş istifadə olunur.

 40 milyon il əvvəl yaranan arılar bir vaxtlar qədim yunanlar və romalılar tərəfindən “Günəşin qızı”, “Müqəddəs varlıq” hesab olunub. Arıları istehsal etdiyi dəyərli təbii məhsullarına görə loğman da sayırlar. Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də dərman vasitəsi olaraq istifadə edilir. Qədim zamanlarda loğmanlar tərəfindən arının ölüsündən xüsusi dərmanlar hazırlanırmış.

Arıçı İlqar Həsənov deyir ki, ölü arılardan hazırlanan dərman vasitələri 100-ə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks-təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks-təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha xeyirli olur.

Ölü arı toz halına salındıqdan sonra ondan dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolesterinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir.

Balverən ağaclar əkək

Xəbər verildiyi kimi, aprelin 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Samux rayonunda balverən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilmişdir. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, könüllü gənclərin iştirakı ilə keçirilən aksiya zamanı ağcaqayın, akasiya, pavlovniya və evodia növlərindən olmaqla ümumilikdə 2000  nektar verən ağac əkilmişdir.

“Yaşıl marafon” layihəsi üzrə təşkil edilən aksiya eyni zamanda IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların  arealını artırmaqla ölkədə arıçılığın inkişafına dəstək verməkdir.

Məlumdur ki, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Balverən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını da təmin edir.

 “Yaşıl marafon” layihəsi çərçivəsində ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirləri davam etdiriləcək.

“Balı satanda and içməyə məcburuq”

Astara rayonunun Miki kəndindən olan arıçı Vidadi Hüseynov deyir ki, hazırda bütün arıçıların əsas problemi minbir zəhmətlə yetişdirdikləri balın satılmasıdır: “Bunun birinci səbəbi dövlətin qayğıkeşliyi sayəsində ölkədə arı məhsulları istehsalının artmasıdır. İkincisi, koronavirus pandemiyası ilə bağlı Bakıda bal yarmarkasının keçirilməməsidir. Həmin yarmarkalarda satılan bal laboratoriyada yoxlandığından   alıcıların onun təmizliyinə olan inamı artır. Bu üzdən biz bal və digər arı məhsullarını  yarmarkada rahat sata bilirik. Ancaq yarmarka keçirilsə belə məhsul bol olduğundan balın hamısını  orada satmaq mümkün olmur. Necə deyərlər, təklif tələbdən çoxdur. Ona görə  də məhsullarımızın xarici bazara ixrac olunması əsas şərtdir. Bu işdə müvafiq qurumlar bizə kömək etsə, yaxşı olardı”.

Arıçı Vidadi bütün arıçıları narahat edən bir məsələyə də toxundu: “200-dən çox arı ailəsi saxlayıram. Mövsümdən asılı olaraq hər arı ailəsindən ildə 25-30 kiloqram bal alıram. Mən və mənim kimi gecəni-gündüzə qatıb minbir əziyyətlə bal istehsal edən  arıçılar saxta bal istehsalçılarının əlində qalıb. Biz saxta bal istehsal edən dələduzların çirkin əməllərindən halal məhsullarımızı sata bilmirik. Gör nə günə qalmışıq ki, satdığımız balın xalis olduğuna and içməliyik. Bəziləri bu andımıza da inanmır. Ona görə ki, saxta bal satan dələduzlar da and içirlər. Belə halda alıcı bizə necə inansın?!”

Bal təkcə ərzaq məhsulu deyil, həm də əvəzedilməz şəfa mənbəyidir. Bu üzdən  hamı balın xalisini axtarır. Axı saxta balla şəfa tapmaq mümkün deyil. Bu bəladan qurtulmağın yolu varmı? Arıçı Vidadi Hüseynov deyir ki, əslində vəziyyətin bu yerə gəlib çatmasının səbəbi müvafiq qurumların belə hallarla mübarizə aparmamasıdır: “Əgər bu işə məsuliyyət daşıyan qurumlar saxta bal istehsalçılarına qarşı vaxtında mübarizə aparsaydı, indiki xoşagəlməz vəziyyət də yaranmazdı”.

Biz bu gileyləri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturuna çatdırmaq istədik və həmin məqsədlə nazirliyin əlimizdə olan telefon nömrələrinə zəng etdik. Amma deyəsən nazirlikdə “hamı cəbhəyə getmişdi”. Əlacsız qalıb  nazirliyin “qaynar xətti”nə zəng vurduq. Cavab verən xanım əməkdaşa özümüzü təqdim etdik və məqsədimizi bildirdik. Əvəzində o, bizi xeyli sorğu-suala çəkdi və sonda dedi ki, sizinlə əlaqə saxlayacağıq. O vaxtdan nə bizimlə əlaqə saxlayan var, nə də sorğularımıza  cavab verən. Görünür, mövzunun bal kimi şirinliyinə arxayın olub fikirləşiblər ki, yazımıza acı qatmarıq.

“Azərbaycan”

24.06.2021 07:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ