Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Tam sağlam rəqabət olsaydı, qiymətlər bəlkə də qalxmazdı. Azərbaycanda inhisarçılıq problemi var"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə hələ ki araşdırma aparır
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tam sağlam rəqabət olsaydı, qiymətlər bəlkə də qalxmazdı. Azərbaycanda inhisarçılıq problemi var"

Əvvəllər qiymət artımları ilə, adətən, bayramlar ərəfəsində rastlaşırdıqsa, indi bu artımlar hər ay, bir sıra məhsullarda isə demək olar ki, hər həftə, hətta hər gün baş verir. Bunun nəticəsidir ki, son aylar ərzində Azərbaycanda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir.

Xüsusi qeyd edilməlidir ki, bəzi sahibkarlar məhsulların qiymətlərinin birdən-birə, nəzərəçarpan dərəcədə artırılması üsulundan çəkinərək qiymətlərin hər gün az-az, qəpik-qəpik qaldırılması prinsipinə üstünlük verirlər. İlk baxışdan bu artımlar kiçik məbləğdə olduğu üçün gözə çarpmaya bilər. Amma ay ərzində baş verən belə artımları toplum halda hesablayanda məhsulun qiymətinin əvvəlki aylara nisbətən hiss edilən səviyyədə bahalaşdığını görmək olur.

Reklam_3_11

İdxal məhsullarının qiyməti 25 faizədək artıb

Bahalaşmanın baş verdiyi rəsmi məlumatlarda da bu öz təsdiqini tapır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi (istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstərici) sentyabr ayı ilə müqayisədə 101,6 faiz, 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,7 faiz təşkil edib. 2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 102,8 faiz, 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 106,7 faiz olub.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirir ki, yanvar-sentyabr aylarında idxal məhsullarının qiyməti 21, bəzi məhsullarda isə 25 faiz artıb. O, artım səbəbini bazarda tələblərin çoxalması, istehsal xərclərinin yüksəlməsi nəticəsində dünya bazarlarında artan qiymətlərin Azərbaycanın istehlak indeksinə birbaşa təsiri, ticarət tərəfdaşımız olan ölkələrdə yüksək inflyasiyanın müşahidə olunması ilə izah edir.

Ölkəmizdə inflyasiyanın 4,8 faiz olduğunu nəzərə çatdıran S.Həsənova deyir ki, cari ildə inflyasiyanın aşağı düşməsi gözlənilir. Növbəti ildə qiymətlərin builki kimi kəskin artımı proqnozlaşdırılmır. İnflyasiyanın 4 faiz ətrafında olması planlaşdırılır.

Enerji daşıyıcılarının bahalaşması inflyasiyanı sürətləndirir

Mərkəzi Bankın sədri Elman Rüstəmov gələn ilin ortalarından inflyasiya səviyyəsinin aşağı düşməyə başlayacağı proqnozunu verib. Ancaq bunu da əlavə edib ki, ərzaq inflyasiyası daha uzun müddətli ola bilər. Əsas səbəblərsə quraqlıq və tələbatın artmasıdır. O, qiymət artımının qarşısının alınması üçün azad rəqabət prinsiplərinin genişləndirilməsini vacib sayıb.

Mərkəzi Bank öz məlumatında dünya üzrə ərzaq qiymətlərinin yüksəlməsinin ərzaq inflyasiyasına ciddi təsir göstərdiyini bildirib. Qurum açıqlayıb ki, dünyada enerji daşıyıcılarının sürətlə bahalaşması enerji idxal edən ölkələrdə, o cümlədən Azərbaycanın ticarət tərəfdaşı olan enerji idxalçılarında inflyasiya proseslərinin sürətlənməsinin əsas səbəblərindən biridir.

MB-nin oktyabrda açıqladığı rəsmi statistikaya görə, sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya 8,5 faiz olub. Orta illik inflyasiya isə yanvar-sentyabr aylarında 5,2 faiz qeydə alınıb. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 3,3 faiz təşkil edib.

Bəzi məhsulların qiyməti kommunal xidmət tariflərinin yüksəlməsi nəticəsində artıb

Maliyyə naziri Samir Şərifov qiymətlərin qalxmasında rüsumların məbləğinin artırılması amilinin olmasını qəbul etmir. Nazir dövlət rüsumlarının qalxması səbəbindən ərzaq məhsullarının qiymətlərinin artması barədə olan fikirləri tamamilə əsası olmayan uydurma adlandırıb. S.Şərifov dövlət rüsumlarında ərzaq məhsullarının qiymətinə təsir edəcək bir qəpik də olsun artımın olmadığını söyləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, qiymət artımlarının baş verməsi həm daxili, həm də xarici səbəblərdən qaynaqlanır. Bu gün dünya bazarında müşahidə edilən qiymət artımları Azərbaycana inflyasiyasının idxal olunmasına imkan yaradır. Azərbaycan istehlak etdiyi məhsulların təxminən 60 faizini idxal etdiyi üçün dünya bazarında baş verən qiymət artımları birbaşa yerli istehlak bazarına təsir göstərir.

Bu amilin son aylardakı qiymət artımının səbəblərindən biri olması qənaətində olan V.Bayramov hesab edir ki, bir sıra yerli məhsulların qiyməti onların maya dəyərinin bahalaşması, xüsusilə kommunal xidmətləri tariflərinin yüksəlməsi üzündən artıb. Amma bəzən süni qiymət artımı da müşahidə edilir. Bəzi hallarda yerli istehsal olan, amma maya dəyərində ciddi dəyişiklik olmayan məhsulların qiymətlərində bu və ya digər formada süni artımlar edilir: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatları təsdiq edir ki, ərzaq məhsullarının qiymətlərində artımlar daha intensiv şəkildə baş verir. Biz rəsmi statistikaya istinad etsək, görərik ki, 2021-ci ilin geridə qalan aylarının hər birində əvvəlki aylara nisbətən qiymət artımları müşahidə edilib. Hədəf 4 faiz olsa da, son rəqəmlər göstərir ki, yerli inflyasiya səviyyəsi çoxdur”.

Bədbin proqnoz: dünya üzrə qiymət artımları davam edəcək

V.Bayramov əlavə edir ki, 2022-ci ildə, xüsusilə gələn ilin birinci yarısında da dünya bazarında qiymətlərin artacağı proqnozlaşdırılır. Bunun nəticəsində Azərbaycanın istehlak bazarında müəyyən qiymət artımlarının olacağı gözlənilir. Növbəti aylarda tənzimlənən qiymətlərdə dəyişiklik olmasa belə idxal inflyasiyası müşahidə olunacaq.

Deputatın fikrincə, Azərbaycanda qiymət artımının qarşısının alınması, qiymətlərin optimallaşdırılması üçün müəyyən alətlərdən istifadə edilməyə çalışılır. Amma qiymət artımlarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, qiymətlərin optimallaşdırılması və xaricdə baş verən qiymət artımlarının Azərbaycan bazarına təsirlərinin minimumlaşdırılması olduqca vacibdir. Buna nail olmaq üçün uzunmüddətli dövrdə yerli istehsalın payı artırılmalıdır. Yerli istehsal genişlənərsə, bu, nəticə etibarilə qiymət artımının qarşısının alınmasına gətirib çıxarar. Vüqar Bayramov hesab edir ki, növbəti illər üçün iqtisadi və sosial hədəflərdən biri yerli istehsalın təşviqi olmalıdır: “Bu gün dünya bazarında müşahidə edilən qiymət artımının səbəblərindən biri məhsul qıtlığının yaranmasıdır. Ərzaq məhsullarına tələbat artır. İlkin qiymətləndirmələrə görə, 2025-ci ildən sonra dünya bazarında ərzaq qıtlığı arta bilər. Tələb olsa da, təklif olmaya bilər. Buna görə də ən uğurlu yol yerli istehsalın, xüsusilə yerli ərzaq məhsulları istehsalının tələb və istehlakdakı payını artırmaqdır. Ərzaq məhsullarının istehlakında yerli istehsalın payının növbəti illərdə 80 faizə qaldırılmasına ehtiyac var. Bu halda xarici bazardakı təsirlərin Azərbaycan bazarına təsirlərini minimumlaşdırmaq olar”.

Rəqabət olsaydı, qiymətlər bu qədər qalxmazdı

İqtisadçı Əkrəm Həsənov qiymət artımında təbii amillərin daha çox rol oynadığını, süni amilin isə o qədər böyük əhəmiyyət kəsb etmədiyini düşünür. Onun sözlərinə görə, qiymət artımına səbəb olan təbii amillərdən biri pandemiyanın davam etməsidir. Pandemiya dövründə ərzaq məhsullarının qiymətinin bahalaşması, onların çoxunun xaricdən idxal edilməsi qiymətin yüksəlməsinə səbəb olub. Qiymət artımına səbəb sayılan iki əsas təbii amildən biri pandemiya olsa da, digər amil kommunal xidmətlərin, benzinin qiymətinin qalxmasıdır: “Sözsüz ki, bu sahə üzrə tariflərin artması sahibkarların xərclərini artırdığı üçün onlar satdıqları məhsulların qiymətlərini bahalaşdırırlar. Ancaq istehsal etdiyi məhsulun maya dəyəri bahalaşmayan bəzi sahibkarlar qiymətləri süni olaraq artırıblar”.

O, torpaqların, evlərin qiymətlərinin bahalaşmadığı, ərzaq məhsullarının satışında qiymət artımının daha çox müşahidə edilməsi qənaətindədir. İqtisadçı belə düşünür ki, əgər rəqabət şəraiti olsaydı, qiymətlər bu qədər qalxmaya bilərdi: “Taksilər qiymətləri qaldıra bilmədilər, çünki taksi xidmətləri göstərənlərin çoxluğu, rəqabətin olması qiymət artımına imkan vermir. Ancaq etiraf edək ki, Azərbaycanda sağlam rəqabət sahəsində hələ də müəyyən problemlər var. Ərzaq və digər istehsal sahələrində tam sağlam rəqabət olsaydı, qiymətlər bəlkə də qalxmazdı. Bəzi istehsalçılar bilirlər ki, Azərbaycanda istehlakçının başqa yolu yoxdur, buna görə də o, məhsulun qiyməti baha olsa belə onu alacaq”.

Ə.Həsənov hazırkı vəziyyətdən çıxış yolu kimi təklif edir ki, dövlət tərəfindən tənzimlənən xidmətlərin qiymətləri 1 il müddətinə artırılmamalıdır. Digər tərəfdən, qiymət artımlarının baş verməsini Mərkəzi Bank da pul siyasətində nəzərə almalıdır, artıq prinsip etibarilə də nəzərə almağa başlayıb. Qiymət artımlarının müşahidə edilməməsi üçün Azərbaycanda qanunların aliliyi, məhkəmələrin ədalətliliyi, inhisarçılığın ləğvi, sağlam rəqabətin təşkili təmin olunmalıdır: “15 ildir ki, Rəqabət Məcəlləsi qəbul edilmir. Azərbaycanda inhisarçılıq problemi var. Bu məsələ köklü həll edilməsə, qiymət artımı yenə də müşahidə ediləcək, qeyri-neft sektoru geniş inkişaf etməyəcək. İqtisadiyyat nə qədər inkişaf edərsə, qiymətlər bir o qədər aşağı düşəcək, insanların gəlirləri də çoxalacaq. Bu gün insanların gəlirləri qiymət artımı ilə düz mütənasiblik təşkil etmir”.

Qiymət artımının qarşısını almaq mümkündür

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, 2021-ci ilin ötən aylarında strateji sahələrdə tariflər artırıldı. Məsələn, benzinin, təbii qazın, suyun, elektrik enerjisinin tariflərinin artırılması ərzaq məhsullarının qiymətlərinin maya dəyərində bu və ya digər şəkildə özünü göstərdi.

Amma deputat qiymət artımının demək olar ki, hər gün baş verməsini də qeyri-normal sayır və burada subyektiv amillərin olmasını da istisna etmir: “İki cür qiymət artımı özünü göstərir ki, onların biri obyektiv, digəri subyektiv qiymətlərdir. Obyektiv qiymət artımları idxal olunan məhsullarda müşahidə olunur. Belə ki, xarici ölkələrdən idxal edilən məhsulların qiymətləri dünya bazarında yüksəkdirsə, Azərbaycanda yüksək olacaq. Bunu da nəzərə almaq lazımdır ki, həmin məhsulların üzərinə müəyyən vergilər və s. daxil edilir”.

V.Əhmədovun bildirdiyinə görə, Azərbaycanda istehsal olunan bir sıra məhsulların tərkibindəki bəzi komponentlər xaricdən idxal olunur və bu da qiymətin bahalaşmasına səbəb olur. Ancaq elə sahibkarlar var ki, məhsulun maya dəyəri bahalaşmasa belə yanacağın qiymətinin artdığını görən kimi qiymətləri özbaşına artırıblar. Belə yerli məhsulların qiymətinin qaldırılmasının qarşısının alınması üçün tədricən həmin komponentlərin ölkəmizdə istehsalına başlanılmalıdır. Azərbaycanda qida məhsullarının istehsalı müəssisələrinin sayı kifayət qədər olmadığı üçün yeni emal müəssisələri tikilməli, ölkənin özünü ərzaqla təmin etməsi üçün tələb olunan işlərin icrası sürətlənməlidir. Qiymət artımın qarşısının alınması üçün görülməsi lazım olan digər tədbir Azərbaycanda daxili bazarda ədalətli rəqabətin təmin edilməsidir.

Rəqabət Məcəlləsinin qəbulu niyə gecikir?

V.Əhmədov hesab edir ki, Azərbaycanda daxili bazarda haqlı deyil, haqsız rəqabət var. Bunun qarşısının alınması üçün Rəqabət Məcəlləsi qəbul olunmalıdır: “Mən şəxsən Baş nazirdən xahiş etdim ki, bu məcəllə Milli Məclisə təqdim edilsin və onun üzərində işləyək. Həmin məcəlləni qəbul etsək, bazarda qiymətlər stabilləşər, hətta 20-30 faiz aşağı düşə bilər. Bazara da artıq bir-iki nəfər deyil, kim istəsə məhsul gətirib sata bilər”.

Deputatın qənaətinə görə, Azərbaycanda inhisarçılıq qiymət artımının ən ciddi səbəblərindən biridir. Bəzən möhtəkir sahibkarlar heç bir əsas olmadan qiyməti artırırlar. Buna görə də qiymət artımına qarşı ciddi nəzarət mexanimləri həyata keçirilməlidir. Hazırda Azərbaycanda subyektiv qiymət amillərinin qarşısının alınması üçün tədbirlərin görülməsinə baxmayaraq, onların daha da sərtləşdirilməsinə ehtiyac var: “Qiymət artımı elə bir həddə olmalıdır ki, əhalinin bütün təbəqələri üçün əlçatan olsun”.

Mikayıl Cabbarovun etirafı: “Mövcud qiymətlər son illərin ən yüksək həddindədir”

Ərzaq məhsullarının qiymətlərində illər üzrə bahalaşma müşahidə edilsə də, onlar son dövrlərdə heç bir zaman indiki qədər yüksək olmayıb. Qiymətlərə nəzər yetirsək görərik ki, 2008-ci ildə bir “zavod” çörəyinin qiyməti 20 qəpik, bir kiloqram un 40 qəpik, bir kiloqram ət 6 manat, bir ədəd yumurta 12 qəpik, 1 kiloqram kərə yağı 6 manat olduğu halda, hazırda bu məhsulların qiymətləri müvafiq olaraq, 40 qəpik, 60 qəpik, 13-14 manat, 20 qəpik, 18-20 manatdır.

Ərzaq məhsullarının hazırkı qiymətlərinin son 12 ilin ən yüksək qiymətləri olduğunu İqtisadiyyat naziri Mikayıl Cabbarov da deyib: “Son 12 ildə dünya bazarında qida qiymətləri nəzərəçarpacaq dərəcədə artıb və bunu biz də idxal etdiyimiz qida məhsullarında və inflyasiyanın səviyyəsində hiss edirik. Hətta Azərbaycanda istehsal olunan məhsullar belə ixrac imkanları olduğuna görə inflyasiya təzyiqi yaradır. Təəssüf ki, qiymət siyasətində səhvlər başqa bir təhlükəli nəticəyə - məhsulun, malın qıtlığına və yaxud, ümumiyyətlə, mövcud olmamasına gətirib çıxarır. Mən bədbin proqnozlar vermək istəmirəm, amma güman edirəm ki, bu qış bir sıra ölkələrdə bu problemləri görəcəyik. Həmin problem yalnız qida ilə məhdudlaşmayacaq, enerji bazarına və ona oxşar sahələrə təsir edəcək. Elə amillər var ki, burada seçim pis və daha pis arasındadır”.

M.Cabbarov problemlə mübarizənin bir istiqaməti kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini daha da gücləndirməyə çalışdıqlarını söyləyib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırma ilə məhdudlaşan yarımçıq fəaliyyəti

Bəs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz fəaliyyətini necə gücləndirir və bu problemin həllinə necə yardım göstərir?

Xidmətdən sorğumuza verilən cavabda bildirilir ki, malların (işlərin, xidmətlərin) qiymətləri liberal bazar iqtisadiyyatı şəraitində rəqabət prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır. Texnoloji xüsusiyətlərdən asılı olaraq rəqabətin mümkün olmadığı və sosial əhəmiyyət kəsb edən bir sıra malların (işlərin, xidmətlərin) qiymətləri isə dövlət tərəfindən tənzimlənir: “Dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin) qiymətlərinin dəyişməsi zamanı rəqabət mühitinin pozulması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda müxtəlif məhsulların qiymətinin mütəmadi monitorinqi aparılır və bazar araşdırmaları həyata keçirilir. Daxili bazarda aparılan təhlillər və müşahidələrə əsasən, bir sıra məhsulların qiymət artımının səbəbləri kimi idxal olunan məhsulların idxal bazarında qiymətinin artması, idxal xammal əsasında istehsal olunan bir sıra məhsulların xammallarının dünya bazarında bahalaşması, məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin (daşınma, enerji, xammal və s.) artması, əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarında qiymət sabitliyini təmin etmək, eyni zamanda ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaşdırdıqları intervensiyalardır”.

bu uzun cümlələrdən aydınlaşan yeganə qənaət odur ki, xidmət hələ ki araşdırmalar aparır. Yəni fəaliyyəti ancaq bununla məhdudlaşır. İqtisadiyyat nazirinin bu xidmətin funksiyalarının daha da gücləndiriləcəyi vədini həyata keçərsə, yəqin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də Prezident tərəfindən müəyyənləşən fəaliyyət istiqamətlərinin icrasına başlayar...

Hazırda yalnız Azərbaycanda deyil, inkişaf etməkdə olan ölkələrin demək olar ki, hamısında inflyasiya gözləntiləri hədəfdən yuxarıdır. Hələlik verilən proqnozlar inflyasiya gözləntilərinin 2022-ci ilin sonuna qədər hədəflərə yaxınlaşacağını ehtimal edir. Bu isə o deməkdir ki, artan inflyasiya fonunda qiymətlərin əhalinin yaşayışına daha ciddi şəkildə təsir göstərməməsi üçün qabaqlayıcı və tənzimləyici tədbirlərin qısa zaman ərzində görülməsinə ehtiyac var.

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

26.11.2021 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ