Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AzerGold”un sədri Zakir İbrahimov hesabat verdi - 1 milyard manat investisiya, 12 min nəfərlik iş yeri...

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold”un sədri Zakir İbrahimov hesabat verdi - 1 milyard manat  investisiya, 12 min nəfərlik iş yeri...

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransı keçirilib.

Marja xəbər verir ki, mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib:

Bildiyiniz kimi, “AzerGold”un fəaliyyət sahələri də genişləndirilib. 2021-ci ildə gördüyümüz işlərin təfsilatına gəlincə istərdim ilk öncə çıxışımın birinci hissəsində Cəmiyyətin əlvan metal yataqları üzrə fəaliyyəti çərçivəsində görülmüş işlər barədə məlumat verim. 

“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsal proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb. Məhz bunun nəticəsidir ki, hesabat ilində  hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib.  2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb. Cari ildə isə 61074 unsiya qızıl, 122147 unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.

Ötən illərdə Cəmiyyət tərəfindən aparılmış əlavə tədqiqat, kəşfiyyat və mədənin optimizasiyası işləri nəticəsində Çovdar yatağının oksid mərhələsi üzrə satılabiləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək yüksəldilib. Çovdar yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprel ayında tamamlanıb. Eyni zamanda, hesabat ilində Çovdar yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilib. Xatırladım ki, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin ümumi hasilat göstəriciləri 256.5 min unsiya qızıl və 488 min unsiya gümüş təşkil edir.

Ötən ilin satış əməliyyatları da uğurla həyata keçirilib, qızıl və gümüşün beynəlxalq bazarda, həm də daxili bazarda satışı təmin edilib. İlk növbədə qeyd etmək istərdim ki, zərgərlik bazarının inkişafı sahəsində İqtisadiyyat Nazirliyinin bilvasitə iştirakı ilə aparılan islahatlar daxili bazarda ilkin effektiv nəticələrini göstərib. 2021-ci ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına təlabat kəskin artıb. 

İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən gömrük rüsumundan, həmçinin sikkə, külçə və qranul şəklində qızıl və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi pərakəndə satışda böyük canlanma yaradıb. Belə ki, qızıl məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəmin yaradıb.  Ötən il “AzerGold” məhsullarının daxili pərakəndə bazarda satışı həcmi 2649 unsiya təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 446% daha çoxdur.

Məhsullarımızı yerli bazara təklif etdiyimiz 2019 - 2021-ci illərdə ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib. Bunun da 78%-i məhz 2021-ci ildə satılıb. Ötən il satılan qiymətlilərin 97%-ni qızıl, 3%-ni isə gümüş məhsulları təşkil edib və qeyd edilən satışlardan dövriyyəyə ümumilikdə 8,7 milyon manatdan çox vəsait cəlb edilib. Bu ötən illə müqayisədə 377% artım deməkdir.

Məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, ötən ilin sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Paytaxtın Bülbül prospekti 3 ünvanında yerləşində Mərkəzdə şirkətimiz tərəfindən istehsal edilən məhsulların qızılın dünya birjasındakı qiymətlərinə uyğun minimal marja ilə satışa çıxarılması və ilk dəfə olaraq sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı - mübadiləsi təmin edildi. Ötən il Satış və Mübadilə Mərkəzində 2366 unsiya həcmində məhsulun satışı həyata keçirilib. Bu da Cəmiyyət tərəfindən il ərzində daxili bazarda satılan məhsulların 89%-ni təşkil edir.

Təlabatın artması ilə məhsul çeşidlərimizin və nəticə etibarı ilə daxili bazara yönəltdiyimiz qiymətli metalların həcminin də artırılmasını labüd edib. Bu xüsusda, hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da 2020-ci il ilə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub. Qeyd edim ki, məhsullara alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadəyə verilməsi istisna edilmir. Bu istiqamətdə bazar araşdırmalarımız davam edir. 

Daxili bazarda canlanma xammal satışı  göstəricilərində özünü göstərib. Belə ki, ötən il ümumilikdə 1000 unsiya xam qızıl, 15 min unsiya xam gümüşün satışı həyata keçirilib.

Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188.3 milyon manat məbləğində gəlir əldə edilib. 2021-ci ildə qızıl üzrə orta satış qiymətinin azalmasına baxmayaraq, 2020-ci illə müqayisədə qiymətlilərin ümumi satışı üzrə daxilolmaları 760 min manat və ya 0.4% artıb. Beləliklə, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin tərəfindən 285 min unsiya qızıl və 560 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 755 milyon manatdan çox vəsait cəlb edib.

2021-ci ildə dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödənilib ki, bunun da 29,7milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil  edib. 2020-ci ildə bu göstərici 12.8 milyon manat təşkil edib və 2021-ci ilin büdcə ödənişlərində 20.2 milyon manat, yəni 158% artım qeydə alınıb. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73.8 milyon manat həcmində vəsait ödənilib.

Cəmiyyətin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatları 2021-ci ildə dərc olunub. Beynəlxalq standartlara uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2020-ci il üzrə Cəmiyyətin xalis mənfəəti 2019-cu illə müqayisədə 287% artaraq 82 milyon manat təşkil edib, həmçinin digər indekslər üzrə də yüksək nəticələr əldə edilib.

Diqqətinizə çatdırım ki, cari ildə müstəqil auditor şirkəti (Pricewaterhouse Coopers Audit Azerbaijan LLC) tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır. Cəmiyyətdaxili hesablamalara və 2021-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, Cəmiyyətin xalis mənfəəti təqribən 80 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq. 2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində cari ildə Cəmiyyyət ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırılır.  

Bununla yanaşı qeyd etmək istərdim ki, şirkətimiz fəaliyyətə başladığı dövrdən səmərəlilik və dayanıqlı inkişaf prinsiplərini əsas prioritet elan edib. Məhz bu yöndə səylərin nəticəsidir ki, Nazirlər Kabinetinin 257 nömrəli Qərarı ilə nəzərdə tutulan səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyi qiymətləndirilməsi çərçivəsində “AzerGold”un səmərəlilik əmsalı 270% təşkil edib. 

Qızıl yataqları üzrə layihələrin icrası ilə bağlı maliyyələşmənin dövlət büdcəsindən asılılığın aradan qaldırılması da, Cəmiyyətin əsas nailiyyətlərindən biridir. Xatırladım ki, Cəmiyyətin strateji hədəflərində müəyyən edildiyi kimi, digər əlvan metal yataqları üzrə layihələrin icrası ilə bağlı dövlət büdcəsindən asılılığın da 2025-ci ildən etibarən aradan qaldırılması nəzərdə tutulur.

Ötən il Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Forum çərçivəsində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində dördtərəfli Anlaşma Memorandumuna imza atıldı. Yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd geologiya və mədənçilik sahələrində elmi və texniki əməkdaşlığın həyata keçirilməsi, birgə kəşfiyyat işlərinin yerinə yetirilməsindən ibarətdir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaqlar. Türkiyənin bu sahədə geniş təcrübəsi nəzərə alınmaqla Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Sözügedən sənəd iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Ötən illərdə olduğu kimi, hesabat ilində də Ekologiya və Təbii Sərvətlər Nazirliyi  birgə ölkəmizin zəngin mineral-xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində fəal iş aparılıb. Artıq bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlərin nazirliyinin dəstəyi ilə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsini həyata keçirilib. Artıq Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar, (xəritə, mətn və qrafik əlavələr) elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb. Görülən işlər yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcək. Geoloji məlumatların rəqəmsallaşdırılması əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Hesabat dövründə Cəmiyyətin 2021-ci il üçün Fəaliyyət Planına uyğun olaraq, perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Ümumilikdə, il ərzində 82,304 metr buruq-qazma işləri görülüb  ki, illik göstərici ölkənin dağ-mədən sənayesi üzrə yeni rekord hesab olunur.

Bununla yanaşı,  yataqlar və perspektiv sahələr üzrə 43 703 nümunə əsasında müvafiq laboratoriya təhlilləri aparılıb, Cəmiyyətin beynəlxalq hesabatlılıq standartları əsasında bəyan etdiyi metal ehtiyatlarının artımına  nail olunub. Belə ki, 2017-ci ildə 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanan metal ehtiyatları 2021-ci ildə 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb. .

Çovdar İnteqrəolunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri davam etdirilərək bir sıra uğurlar əldə edilib. Yataq üzrə 212 min unsiya satılabiləcək qızıl ehtiyatına əlavə olaraq Çovdar İnteqərəolunmuş Regional Emal Sahəsinin 8 illik istismar müddəti ərzində 470 min unsiya satılabiləcək qızıl miqdarı təsdiqlənib. Beləliklə, Çovdar və cinah yataqlar üzrə satılabiləcək qızıl miqdarı ümumilikdə 682 min unsiyaya qədər artırılıb.

Qeyd edilən filiz həcmlərinin emalının təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə  maksimum səmərəliliyi təmin edən emal metodologiyasının seçilməsi istiqamətində araşdırmalar aparılıb və ən optimal olan çən aşındırma (CİL) metodu emal üsulu olaraq təyin edilib. 

Bu metoda uyğun istehsalatın təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən ilkin lahiyələndirmə işləri aparılıb. Layihəni icra edəcək podratçının seçimi, tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti cəlb edilmişdir. Zavodun tikintisi və müvafiq infrastrukturun qurulması üzrə satınalma prosedurlarına uyğun “Maqro Construction” türk şirkəti ilə müqavilə bağlanılıb. 

2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh” ,“Ağyoxuş 2”, “Tülallar” və onun cinah sahələri, eləcə də ötən il Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır. Yeri gəlmişkən, hazırda “Nərimanlı” yatağından götürülmüş süxur nümunələri beynəlxalq laboratoriyada analiz edilir. Analiz nəticələri əsasında resursların beynəlxalq standartlara uyğun olaraq hesablanması və mədən dizaynının hazırlanması işlərinin cari ildə icra edilməsi, yataq üzrə resurs hesabatı, mədən dizaynı və istehsalat planının 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. 

Qazax-Ağstafa bölgələrini əhatə edən Dağkəsəmən qızıl yatağı üzrə də eyni qaydada buruq-qazma işləri icra edilərək nümunələr analiz məqsədi ilə keçirilən açıq tenderin qalibi olan İndoneziyada yerləşən beynəlxalq laboratoriyaya göndərilib və bir neçə nümunə üzrə müsbət nəticələr əldə edilib. Geridə qalan nümunələrin nəticələri əsasında kəşfiyyat və tədqiqat işləri ilə bağlı növbəti addımların müəyyən edilməsi planlaşdırılır.

Bilirsiniz ki, Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından üvafiq işlərə başlanılıb. Ümumilikdə təqribən 300 kvadrat kilometlik ərazidə yerləşən Tutxun yatağı qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə  müvafiq prosedurlar icra edilib. Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji-kəşfiyyat proqramı çərçivəsidə tədqiqat işləri davam etdirilir. Eyni zamanda süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülməkdədir. Tutxun yataqları  qrupu və cinah sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilrin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

Hesabat ilində Filizçay və digər polimetal yataqlarının planlaşdırılan dövrlərdə istismara verilməsi məqsədilə müvafiq geoloji kəşfiyyat və tədqiqat, eləcə də texniki-iqtisadi yöndə fəaliyyət davam etdirilib. Bilirsiniz ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında yer alır. 2021-ci ildə yataq üzrə əlavə resursların aşkarlanması məqsədi ilə 3231 metr həcmində buruq-qazma işləri icra edilib, nümunələrin Türkiyədə yerləşən beynəlxalq laboratoriyada analizi yekunlaşdırılmış və müsbət nəticələr əldə edilib. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. "Filizçay" yatağının 2025-ci ildə istismara verilməsi planlaşdırılır, eyni vaxtda yataq üzrə resursların artımına yönəlmiş əlavə kəşfiyyat işləri və onların təsdiqlənməsi, həmçinin filiz süxurlarının mürəkkəb mineroloji və metallurji xüsusiyyətləri nəzərə alınmaqla daha optimal metal tərkibinin əldə edilməsi üzrə emal proseslərinə dair texnoloji sxemin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkət tərəfindən əlavə işlərin icra edilməsi də tövsiyyə edilir. "Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. "Filizçay" layihəsinin icrası ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.

Cəmiyyətin portfelinə daxil olan digər mis və sink yataqları üzrə müvafiq geoloji kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Təsdiq olunmuş plana əsasən, geoloji işlərin kifayət qədər uğurlu və layihələrin iqtisadi cəhətdən səmərəli olduğu təqdirdə Balakən rayonunda yerləşən “Mazımçay” mis və Naxçıvan Muxtar Respublikasında Göydağ saziş sahəsinin ərazisində yerləşən Ortakənd mis-qızıl  yatağının 2027-ci ildə istimara verilməsi nəzərdə tutulub.

Çıxışımın davamında “AzerGold”un qara metal filizi yataqları üzrə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat vermək istərdim. 

Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyevin “AzerGold”a göstərdiyi böyük etimadın nəticəsi olaraq Cəmiyyətin fəaliyyət istiqamətlərinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Bununla da irəli gələn müvafiq tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə  fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən ilk törəmə hüquqi şəxs qismində  “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. 

Şirkət “AzerGold”un korporativ standartları əsasında təşkil edilib, Məhdud Məsuliyyətli Cəmiyyətin Ümumi Yığıncağı və Müşahidə Şurasının Əsasnamələri təsdiq edilib, uzunmüddətli korporativ strategiyası hazırlanıb, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin Ləğvetmə Komissiyası ilə aktivlərin alqı-satqı işləri nəticəsində 18,6 milyon manat dəyərində əmlak DDF MMC tərəfindən balansa götürülüb. Şirkətin mərkəzi ofisi yaradılıb, Daşkəsən Dəmir Filizi Sahəsinin inzibati ərazisində abadlıq işləri aparılıb. 

Məlum olduğu kimi, Daşkəsən dəmir filizi sahəsində 6 yataq mövcuddur. Bu yataqların sovet dövrundə filiz ehtiyatı 290 milyon ton həcmində qiymətləndirilmişdir.  -1954-2017-ci illər ərzində 92 mln. ton filiz (34,4% dəmir) hasil edilib və nəticədə 42 mln. ton 58.3% dəmir tərkibli konsentrat istehsal olunub. 

Sözügedən yataqlardan ikisi -“Şimal-qərb” və “Cənub-şərq” yataqlarından dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılması mümkün olduğu, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğunu nəzərə alaraq daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələ olaraq “Şimal-qərb” və “Cənub-şərq” yataqlarında ilkin tədqiqat işlərinə başlamışıq. 

Cari ildə bu iki yataq üzrə İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində 15 min metrə yaxın geoloji, 1000 metrdən çox həcmdə geotexniki buruqqazma işləri icra edilib, layihənin iqtisadi modeli hazırlanıb. Beynəlxalq standartlara uyğun olaraq “Şimal-qərb” yatağında dəmir filizinin miqdarı 74,3 milyon ton, “Cənub-şərq” yatağında isə 113 milyon tondan artıq olmaqla olmaqla, ümumilikdə 187,3 milyon ton olaraq təsdiqlənib. Hal-hazırda karxana istismar planları hazırlanmaqdadır. 

Qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın ödənilməsiməqsədi ilə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsi planlaşdırılır. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalı nəzərdə tutulub. Zavodun fəaliyyətə başlaması ilə illik 1.2 mln həcmində konsentrat, 1.2 mln ton pələt və 0.8 mln ton həcmində birbaşa reduksiya dəmirin istehsalı proqnozlaşdırılır.

İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində yataqlar üzrə təqribi 33-34% dəmir tərkibli filizdən 67% dəmir tərkibli konsentratının istehsalı üçün ilkin texnoloji zəncir müəyyən edilmiş və hədəflənən dəmir miqdarının əldə edilməsi üçün zənginləşdirmə zavodunun qurulması nəzərdə tutulub. Filizlərin zənginləşmə səviyyəsinin öyrənilməsi və texnoloji proses zəncirinin layihələndirilməsi məqsədi ilə götürülmüş filiz nümunələrin Avstraliyada yerləşən beynəlxalq laboratoriyalarda analizi aparılaraq müsbət nəticələr əldə edilib.

“Daşkəsən” dəmir filizi yatağı üzrə 2023-cü ildə dəmir konsentratının istehsalı zavodunun, 2025-ci ildə isə pələt və birbaşa reduksiya dəmirin (DRI) istehsalı zavodunun istismara verilməsi hədəflənir. Eyni zamanda həmin zavodun daxili və xarici infrastrukturu layihələndirilmə mərhələsindədir, dəmir filiz konstetratının zənginləşdirmədən pelet DRİ-a çatdırılması üçün alternativ logistik həllər Hal-hazırda bu müəssisələr arasında logistik alternativlər üzrə təhlillər nəzərdən keçirilir.  

Ölkədə metallurji xammal bazasının formalaşdırılması üçün konsentrat, pələt və birbaşa reduksiya dəmir istehsalına xidmət edəcək zavodlarının qurulması məqsədi ilə təqribən 1 milyard manat (ƏDV xaric) məcmu investisiya nəzərdə tutulub. Layihənin icrası ilə bağlı dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün alternativ maliyyələşmə mənbələrindən istifadə edilməsi və ya investorların cəlb edilməsi üzrə işlər davam etdirilir. 

Beynəlxalq məsləhətçi şirkətin layihə ilə bağlı apardığı hesablamalar nəticəsində məcmu ÜDM-ə (2021-2035) 6.8 milyard manat həcmində töhfənin verilməsi, layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik 3300 nəfərin daimi iş yerləri ilə təmin edilməsi ilə regionun məşğulluq göstəricisinə töhfə verilməsi planlaşdırılır. 

Qeyd edim ki, “Şimal-qərb” və “Cənub-şərq” dəmir filizi yataqlarının istismar müddətində sadalanan digər dəmir filizi yataqlarının istifadəyə hazırlanması və hasilata cəlb edilməsi ümulikdə layihənin iqtisadi effektini bir neçə dəfə artırmış olacaq. 

2021-ci ildə Cəmiyyəti üçün daha bir əlamətdar hadisə şirkətin ikinci törəmə müəssisəsi “AzerBlast” MMC-nin təsis edilərək fəaliyyətə başlamasıdır. MMC ötən ilin mart ayında dövlət qeydiyyatına alınıb. Şirkətin yaradılmasında məqsəd mədənlərin istismarı prosesində, eləcə də digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili təlabatın ödənilməsi, fasiləsiz tədarük zəncirinin təmin edilməsi və idxal asılılığın tədricən aradan qaldırılmasıdır. Həmçinin şirkət gələcəkdə istehsal ediləcək məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi hədəf  olaraq müəyyən edib. Dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkətin ümumi səhmlərinin 51%-i “AzerGold”a, 49%-i isə “DM Servis” MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində qabaqcıl təcrübəyə malikdir.

Sənaye partlayıcı maddələrin istehsalı zavodunun qurulması istiqamətində hesabat ili ərzində müvafiq işlərin icrası davam etdirilib. Zavodun fəaliyyəti nəticəsində dağ-mədən və inşaat sənayesində istifadə olunan Anfo və qeyri-Anfo məhsullarının istehsalı nəzərdə tutulur. 2022-ci ilin sentyabr ayında istismara verilməsi planlaşdırılan zavodun proqnoz məhsuldarlıq gücü yerli proqnoz təlabatın nəzərə alınması ilə 31 min ton proqnozlaşdırılır. 

“AzerGold” ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Sevindirici haldır ki, hazırda hasilat və emal işlərini həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. 2021-ci il ərzində Cəmiyyətin uğurları üçün çalışan əməkdaşlarının sayı mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1200 nəfərdən artıq olub. Hazırda Cəmiyyətdə 32 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 7 nəfər müharibə veteranı adı almış şəxs və 7 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Bir daha xatırladım ki, Cəmiyyətin əlvan və qara metallar üzrə layihələrinin icrasının ən fəal mərhələsində 12 min nəfərlik iş yerini açılması hədəf olaraq müəyyən edilib.

07.02.2022 15:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ