Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

bp 2021-ci ilin yekunlarını açıqladı - BİZNES ƏMƏLİYYATLARI HESABATI

iç səhifə xəbər başlığı altı (mobil)_31
bp  2021-ci ilin yekunlarını açıqladı - BİZNES ƏMƏLİYYATLARI HESABATI

Böyük Britaniyanın "bp” şirkətinin Azərbaycandakı qolu şirkəti 2021-ci ilin yekunları üzrə heabat yayıb.

Marja.az hesabatı təqdim edir. 

Reklam_3_11

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2021-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 533 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 660 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

İl ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi, eləcə də bp-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləmişdir.

İlin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılmış və beləliklə də ACE layihəsi üçün lazım olan bütün avadanlıqların daşınması işləri başa çatmışdır.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi və sınaqdan keçirilməsi.

Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə qaldırılmış və quraşdırılmışdır. Bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanmışdır.

Bundan əlavə, yuxarı göyərtənin paneli üst modulların üzərinə quraşdırılmış, həmçinin helikopter meydançası qaldırılaraq yaşayış blokunun yuxarısında öz yerinə quraşdırılmışdır. Üst modulların və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləmişdir. Qazma avadanlıqlarının istismar sınaq işləri  başlanmışdır və bu işlər 2022-ci il ərzində davam edəcək ki, üst modulların qaldırılması və barjın üzərinə sürüşdürülməsi əməliyyatınadək bitmiş  olsun.  

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam etmişdir - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşmış,  dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanmışdır. 

İsrafil Hüseynov borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.

ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də il ərzində davam etmişdir.

İlin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 65% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

Hasilat

2021-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (27 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (76 000), Dərinsulu Günəşli (86 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 458 000 barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub.

Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd etdi.

2021-ci ildə AÇG-nin illik iş proqramı çərçivəsində iki platformada  planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir – ikinci rübdə Qərbi Azəridə və üçüncü rübdə Çıraq platformasında. 

İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2021-ci ildə AÇG-də 10 neft hasilatı və 4 injektor quyusu qazılmışdır.

Səmt qazı

2021-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 3 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2021-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

2021-ci ildə terminal təxminən 231 milyon barel neft və kondensat, o cümlədən 200 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 31 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 61 milyon standart kubmetr (2 milyard 166 milyon standart kubfutdan çox) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); TotalEnergies (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

2021-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə 119 milyon dollardan artıq, əsaslı xərclərə isə 34 milyon dollardan artıq vəsait xərclənmişdir.

Dekabrın 12-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft ixracı nailiyyətini qeyd etdi.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 502 milyon tondan çox (3,77 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4939 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2021-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 280 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi Apstrim (6,67%).

2021-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

2021-ci ildə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

2021-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

2021-ci ilin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatdı. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatdı.

Qərb-cənub cinahında İsrafil Hüseynov borudüzən gəmisi sualtı boruların quraşdırılmasını uğurla və qrafiki qabaqlayaraq başa çatdırdı. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olmuşdur və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan vermişdir.

Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.

2021-ci ildə həmçinin şimal cinahında 5-ci quyudan hasilata başlanmışdır. Bu, Xəzər dənizində hasilatda olan sualtı istismar manifolduna bağlanmaqla  işə salınan ilk sıxlaşdırma quyusu (ilk yerləşmə şəbəkəsini sıxlaşdırmaq üçün qazılmış quyu)  idi. Bütöv bu əməliyyat həmin cinahdakı mövcud hasilat quyularının işini dayandırmadan tam təhlükəsiz şəkildə həyata keçirilmişdir. 

Qazma əməliyyatları

2021-ci ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş)  sərmayədarları bunlardır: bp (28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzSCP (10,0%), NİKO (10,0%), LUKOYL (10,0%), Cənub Qaz Dəhlizi Midstrim (6,67%).

2021-ci il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 54 milyon dollar, əsaslı xərclər isə 12 milyon dollardan artıq olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2021-ci il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 48,5 milyon kubmetr olmuşdur.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatdı. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış oldular.

Texniki operatorluğun ötürülməsi Şahdənizin işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilmişdir.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində  7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil  karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.

Abşeron yarımadasının dayazsulu hissəsinin Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin dekabr ayında tamamlanıb və quyu ilkin layihə və plana uyğun olaraq bağlanıb. Layihə çərçivəsində ikinci kəşfiyyat quyusunun qazma əməliyyatları 11 dekabr tarixində Bibiheybət perspektiv sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 2470 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Üçüncü quyunun qazılması işlərinin başlanması bu ilə planlaşdırılır.

İşçi heyətimiz

2021-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2021-ci il ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,2 milyon dollardan artıq vəsait xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci il ərzində 1,5 milyon dollardan çox vəsait xərcləmişdir.

Qeyd: Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.

10.02.2022 12:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ