Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Biz həm müştərilərimizlə, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq” - “Araz”ın rəhbərilə müsahibə

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz həm müştərilərimizlə, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq” - “Araz”ın rəhbərilə müsahibə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda dünya iqtisadiyyatında böhran halları, bölgədə baş verən geosiyasi proseslər ümumiyyətlə, iqtisadi vəziyyətə, o cümlədən idxal və ixraca, nəticə etibarilə marketlərdə ərzaq təminatına ciddi təsir göstərə bilər. Bazar oyunçuları artıq etiraf ediblər ki, Qara dəniz bölgəsində baş verən məlum hadisələr bir neçə məhsulun qiymətində artıma gətirib çıxarıb. Bəs ölkəmizdəki vəziyyətə bu proseslər necə təsir edə bilər?

Marja.az-ın suallarını Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin rəhbəri Rəşad İbrahimov cavablandırıb.

-Haqlısınız, bu proseslərin qiymətlərə təsiri və qıtlığın yaranma ehtimalı hamını maraqlandıran və narahat edən məsələdir. Yeri gəlmişkən, biz də çalışırıq ki, marketlərimizdə qıtlıq yaranmasın və müştərilərimiz ehtiyacları olan məhsulları mümkün olan uyğun qiymətə əldə edə bilsinlər. Düzdür, qlobal proseslərin fonunda iqtisadi təsirlər səbəbilə tədarük zəncirində bəzi qırılmalar ola bilir, yəni bəzi idxal məhsulları ölkəmizə planlaşdırıldığından gec daxil ola bilər. Biz isə bu məsələlərin müştərilərimizə təsir etməməsi üçün əlimizdən gələni edirik. Alıcılarımızın narahatlığını azalda biləcək daha bir xəbərim var. Hətta təchizat zənciri tam pozulsa belə, insanları bir neçə ay məhsulla təmin etmək üçün logistika və stok (ehtiyatlar) imkanımız var.

- Marketlərdə bolluq olduğunu dediniz. Bəs bu qidanın keyfiyyəti ilə bağlı nə düşünürsünüz?

- Keyfiyyət bütün sahələrdə və deyərdim ki, əsas da qida sektorunda ən vacib göstəricidir. Çünki qidanın keyfiyyəti bizim sağlamlığımıza birbaşa təsiri olan məsələdir. Buna görə də satdığımız məhsulların keyfiyyəti ilə bağlı daima düşünürük. Burada vacib olan odur ki, tədarük zənciri, yəni məhsulların daşınması və saxlanılması prosesi düzgün qurulsun. Biz istəyirik ki, mağazalarımızda məhsullarımız hər zaman təzə və keyfiyyətli olsun. Bu məqsədlə öz soyuq anbarımızı yaratmaq qərarına gəlmişik. 25 milyon vəsait yatırılan logistik mərkəzin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, məhsulların mükəmməl keyfiyyətdə çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 35 ədəd ikili temperaturu olan yük avtomobili almağı nəzərdə tuturuq. Veysəloğlu Şirkətlər Qrupu səviyyəsində qida keyfiyyətinə nəzarət edən peşəkar komanda var ki, müvafiq qurumlarla əməkdaşlıqla bu məsələni ciddi nəzarət altında saxlayır. Müştərilərimizin keyfiyyətli qida ilə təminatı üçün yalnız ötən il laborator xərclərimiz 450 minə yaxın manat təşkil edib.

- Əyri oturub, düz danışaq, Rəşad bəy. İndi insanları keyfiyyətlə yanaşı, qiymətlər də maraqlandırır.

- Qiymətlərin artması hər kəsi narahat edən, amma təəssüf ki, qaçılmaz və deyərdim, qlobal bir prosesdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, martda dünya ərzaq qiymətləri 12,6% artaraq 1990-cı ildən bu yana ən yüksək səviyyəyə çatıb. Təşkilatın baş direktoru Qu Donqyu bu yaxınlarda Bakıda olarkən qlobal miqyasda qiymətlərin artımı və bəzi bölgələrdə yarana biləcək qida qıtlığı ilə bağlı öz təşkilatının narahat olduğunu bir də bildirdi. Yəni bu, yalnız Azərbaycanda müşahidə olunan proses deyil. Qiymət artımına müxtəlif amillər, o cümlədən nəqliyyat xərclərinin artması, pandemiya və siyasi iğtişaşlara görə tədarük zəncirinin pozulması, habelə qarğıdalı və buğda əmtəə qiymətlərinin yüksəlməsi səbəb olub.

- Bəs bu halda siz nə edirsiniz?

- Yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə müəyyən qədər ehtiyat tədarük etmişik. Meyvə-tərəvəzi yerli fermerlərdən almağa üstünlük veririk. Bu məqsədlə Meyvə-tərəvəz satınalma şirkətini yaratmışıq. Məntiqimiz fermerlə ədalətli ticari münasibətlər qurub, nəticədə bazara münasib qiymətə məhsul çıxartmaqdır. Qrupumuz 28 ildir ki, distribusiya fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində müəyyən partnyorlarla etibarlı və uzunmüddətli işgüzar əməkdaşlıq münasibətləri yaratmağa nail olmuşuq. Məhz bu münasibətlərə görə məhsullarımızın qiymətinin imkan daxilində sabit saxlanılmasına çalışırıq. Bir də təkrar etməliyəm ki, qlobal böhran və geosiyasi proseslərin fonunda qiymətlərdə təəssüf ki, müəyyən qədər artımın olacağı gözlənilir. Amma burada vacib bir məsələ də var. İstehsal etdiyimiz məhsulların qiymətində artımın bir səbəbi də xammal qiymətinin dəyişikliyi ilə bağlıdır.

- Mətbəximizin vacib tərkib hissəsi olan ətin də qiymətində dəyişiklik var...

- Bəli, mən də fikir vermişəm ki, son zamanlar mediada bu mövzuya diqqət edilir və bizə də bu məsələ ilə bağlı tez-tez sorğular göndərilir. Quş əti Azərbaycana ən çox Ukraynadan idxal edildiyinə görə ölkəmizə bu məhsulun gətirilməsində problemlər yaranıb. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Digər ət və ət məhsullarının tədarükündə isə narahatlığa əsas yoxdur.

Əsas fəaliyyət istiqamətlərimizdən biri də yalnız yerli cins heyvanların ətindən istifadə etməklə həyata keçirilən ət emalıdır. Dadlı ət deyəndə, hər kəsin düşündüyü bölgələr olan Bərdə, Ağcabədi və Beyləqandan dana və quzular hər gün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi qeydiyyatından keçmiş mərkəzi kəsim məntəqələrinə gətirilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” supermarketlər şəbəkəsinin mağazalarında satışa çıxarılır. Son aylarda marketlərimizdə təzə ətin qiymətlərində gözəçarpan dəyişiklik olmayıb.

- “Araz” supermarketlər şəbəkəsi artıq 11 yaşındadır. Bu illər ərzində istehlakçı tələbi və gözləntiləri arasında hansı dəyişiklikləri müşahidə edirsiniz?

- “Araz” ailəsi olaraq, hazırda Azərbaycanın bir çox ərazilərində 300-dən artıq market, 7000-dən çox əməkdaş və Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən müasir logistik mərkəz ilə hər gün 350 mindən artıq müştəriyə xidmət göstəririk. Qürur hissi ilə qeyd edim ki, artıq Şuşada da marketimiz alıcıların ixtiyarına verilib. Fəaliyyətimizin əsasında xidmətdə yenilik, müştəri məmnuniyyəti və sədaqəti üçün çalışmaq dayanır. Bu, korporativ mesaj kimi səslənə bilər. Amma biz doğrudan da belə edirik. Gəlin sizə misal çəkim. Mağazalarımızda görmə zəifliyi ilə əlaqədar məhsulları seçməkdə çətinlik çəkən müştərilərimiz üçün lupalı arabalar mövcuddur. Bundan əlavə, “Araz” mobil tətbiqi ilə alıcılarımız öz alış-veriş hərəkətlərini izləyə bilər. Təbii ki, istehlakçıların demək olar ki, hər gün ehtiyac və gözləntiləri dəyişir. Bu, normal prosesdir və biz bunu anlayırıq. Ona görə gözləntiləri qarşılamaq və bəzən üstələmək üçün dayanmadan çalışırıq.

- Yapon mədəniyyətində belə bir anlayış var: biznes savaş deməkdir. Bu savaşda “Araz” rəqiblərlə münasibətlərdə necə davranır?

- Maraqlı bənzətmə etdiniz. Yapon mədəniyyətinə görə, döyüşçü-samuray təmkinli, dürüst və digərlərinə hörmət edən nəcib bir insandır. Biz bütün bazar oyunçuları, həmçinin rəqiblərlə hörmət və biznes etikasına əsaslanan münasibətlər qururuq. Şirkətimizin əsas dəyərlərindən biri də ədalətlilikdir. Bu isə o deməkdir ki, yalnız müştərilərimiz, əməkdaşlarımız və partnyorlarımızla deyil, həmçinin rəqiblərimizlə də münasibətdə ədalətli olmağa çalışırıq.

Müsahibimiz haqqında:

Rəşad İbrahimov ali təhsilini Bakı Dövlət Universitetində “Sosial Elmlər, Psixologiya və Politologiya” fakültəsində bakalavr və magistratura dərəcələri üzrə alıb. Həmçinin Harvard Biznes Məktəbinin “Liderlər üçün maliyyə” kursunun sertifikatını qazanıb. Peşəkar fəaliyyətinə “Veysəloğlu” MMC-də Satış təmsilçisi qismində başlayan Rəşad İbrahimov son 8 ildə “Araz Supermarket” MMC-də müxtəlif vəzifələrdə çalışıb. Rəşad İbrahimov 2020-ci ildə “Araz Supermarket” MMC-nin İdarə Heyətinin üzvü vəzifəsinə, daha sonra İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Rəşad İbrahimov Araz Supermarket
19.05.2022 14:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ