Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Tbilisinin kiçik kafelərində aldığım ləzzəti, Bakının ən bahalı restoranlarında ala bilmirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tbilisinin kiçik kafelərində aldığım ləzzəti, Bakının ən bahalı restoranlarında ala bilmirəm"

"Azərbaycanlı ailəsinin  könlünə restoranda şam etmək düşsə, elə qiymət “oxuyacaqlar” ki, maddi cəhətdən ailə xeyli vaxt özünə gəlməyəcək".

 


 

Turistlər müxtəlif olurlar. Elələri var ki, tarixi yerlərə baş çəkmək, qədim abidələrlə tanış olmaq üçün səyahətə çıxırlar. İstirahət etmək və ya müalicə almaq üçün ölkə seçənlər də az deyil. Sadəcə, daha çox gəzmək, daha çox görmək arzusu ilə dünyanın məşhur meqapolislərindən tutmuş ekzotik ölkələrəcən ən müxtəlif coğrafiyanı seçən turistlər isə bir ayrı kateqoriyadır.

 

Belələri digərlərindən sayca çox olmasa da, zövqlərindən irəli gələn maraq dairələrinə görə fərqlənirlər. Digərlərindən fərqlənən başqa bir turist təbəqəsi isə... “qurman”lardır. Bəli, ətrafımızda, yaxında, uzaqda məzuniyyətlərini, bayram günlərini xaricdə keçirməyə qərar verənlər arasında kifayət qədər insan var ki, seçimini əsasən gedəcəyi ölkənin mətbəxinin zənginliyinə, iaşə xidmətinin səviyyəsinə görə edir. Və çox qəribədir ki, bütün dünya diyetoloqlarının “qurman”lığın ziyanı barədə apardıqları təbliğat və izahatlara baxmayaraq, dincəlmək, yaxud gəzmək üçün iştahasının “diktə”si ilə ünvan seçənlərin sayı artır. 

 

Bu baxımdan güman etmək olar ki, mətbəxinin zənginliyinə, yeməklərinin dadına görə ən azı, qonşularından geri qalmayan Azərbaycanın necə deyərlər, bəxti gətirib. Həmin “bəxt”in üzərinə turizmin inkişafı üçün ölkədə son illər görülən saysız işləri - yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasını, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərinin yaradılmasını, dünyanın tanınmış brendlərinə məxsus hotellərdən tutmuş kiçik büdcəli turistlər üçün nəzərdə tutulan 2-3 ulduzlu mehmanxanaların tikilməsini, eləcə də təkrarsız təbiətimizi, qızıl qumlu dəniz sahillərimizi, çoxsaylı tarixi abidələrimizi və s. də əlavə etsək, ölkəmizin heç vaxt qonaq sarıdan korluq çəkmədiyi qənaətinə gəlmək olar. Amma qənaətə gəlmək heç də həmişə reallıqla müşahidə olunmur. Elə isə reallıq barədə.

 

Əsas reallıq ondan ibarətdir ki, qeyd etdiyimiz səbəblər nəticəsində Azərbaycana gələn turistlərin sayı ilbəil yox, aybaay artır. Təkcə ötən ay çantasını çiyninə atıb səfərə çıxan əcnəbilərin 211 mini Azərbaycanı seçmişdir. Məlumat üçün bildirək ki, keçən il həmin ay ölkəmizə gələn qonaqların sayı 174 min nəfər olmuşdu. Cari ilin 5 ayında yolunu Azərbaycandan salan əcnəbi turistlərin sayı isə 956 min (ötən ilin eyni dövründə 768 min) nəfərə çatmışdır ki, bu da təxminən 30 faiz artım deməkdir. 

 

Etiraf edək ki, son statistikaya istinadən açıqladığımız bu rəqəmlər kiçik deyil və onların artacağı ehtimalı çoxdur. Çünki yay turizm mövsümü təzə başladığından Azərbaycana əcnəbi qonaq axını hələ qarşıdadır. Amma həmin axının tərkibində mövzumuza subyekt seçdiyimiz “qurman” turistlər olacaqmı? Bunun isə ehtimalı... azdır. 

 

Bəri başdan qeyd edək ki, milli mətbəximizin keyfiyyət və çeşid sarıdan “qurman” turistlərin tələblərinə cavab verməməsi iddiasından uzağıq. Özü də nəinki təkcə uzağıq, hətta həmin tələblərdən də üstdə dayanan süfrəmizin olması fikrindəyik. Bəs, elədirsə, bu az ehtimalın səbəbi, yaxud səbəbləri nədir? 

 

Yəqin heç kim inkar etməz ki, biz “milli mətbəximiz” deyəndə gözümüz önünə ilk olaraq ana və nənələrimizin, xanımımızın bişirib-düşürdüyü yeməklər gəlir. O yeməklər ki, dadı-tamı illər boyu damağımızdan getmir, hətta ən bahalı, dünyanın ən müxtəlif xalqlarının mətbəxlərini təqdim edən restoranlarda belə daddığımız təamlar onları əvəz etmir. Düzdür, bu, bir zövq, ağız dadı məsələsi olsa da, əlin duzu gerçəkliyi də var. Bir əli ilə beşik yırğalayıb, yaxud nehrə çalxalayıb, digər əli ilə qazan asan ana-nənələrimizin əlinin duzuna kimin sözü ola bilər ki?! Yəqin ki, heç kəsin. 

 

Amma gəlin görək, biz birbaşa əlin duzuna bağlı olan bu dad-tamı ictimai iaşə obyektlərində - yeməkxanalarda, kafelərdə, restoranlarda hiss edirikmi? Çətin ki, bu suala müsbət cavab verənlərin sayı çox olsun. Səbəbi məlumdur - bizim sahibkarların (Azərbaycanda bu sahə tamamilə özəl sektora aiddir) əksəriyyəti ictimai iaşəyə yalnız asan, tez və yüksək gəlir verən fəaliyyət sahəsi kimi baxır və həmin əcaib arzusuna çatmaq üçün də ağıla gələn-gəlməyən bütün vasitələrdən istifadə edir. Heç kim demir ki, bu sahədə fəaliyyət göstərən sahibkar qazanmamalıdır, yaxud az qazanmalıdır. Xeyr, bunu demək istəmirik. Demək istədiyimiz odur ki, əvvəla, halallığı qazanca qurban verməyin, ikincisi də ilk yanaşmada adi bir iş kimi görünən ictimai iaşəyə təkcə gəlir sahəsi kimi münasibət bəsləməyin. 

 

Başlayaq birincidən, yəni, halallıqdan. Ümumiyyətlə, dinimizə, adət-ənənəmizə görə bizdə mətbəx halallıq sevir. Əgər kimsə dolanışıq mənbəyi olan asdığı qazana haram qatırsa, deməli, öz çörəyinə haram qatmış olur. Əgər həmin pulu halallıqla da qazanmaq mümkündürsə, harama ehtiyac varmı? Yəqin deyəcəksiniz ki, yox! Elə isə müxtəlif rayonlarda aşkarlanan mənşəyi məlum olmayan leşlərin son ünvanının həm də ictimai iaşə obyektləri olması nə deməkdir? Biz hələ belə obyektlər üçün olunan digər bazarlıq məhsullarının keyfiyyətsizliyi, onların mətbəxlərindəki antisanitariya, aşpazlarının və xidmət personallarının heç bir çərçivəyə sığmayan natəmizliyi və s. barədə susuruq. Susduğumuz həm də bir sıra böyük və tanınmış restoranlar qarışıq kiçik kafelərdəki xidmət personalının əksəriyyətinin peşəkarlıqdan uzaq günəmuzd çalışan ixtisassız işçilər olmasıdır. 

 

O ki qaldı ictimai iaşəyə təkcə gəlir sahəsi kimi baxmağın düzgün olmamasına, bu, elə birincinin - halallığın davamı məsələsidir. Çünki məhz halallıq bütün fəaliyyət sahələrində, o cümlədən ictimai iaşədə qazancın yeganə məqsəd olmaması üçün başlıca şərtdir. Yalnız bu şərtə - halallığa əməl olunanda görülən iş, göstərilən xidmət fərd və ya fərdlər çərçivəsindən çıxıb ictimai fayda verə bilər. Bu baxımdan əgər ictimai iaşə sahəsində sadaladığımız və neçə-neçə sadalamadığımız neqativ hallar varsa, yəni, halallıq yoxdursa, o, necə bu xalqın zəngin və ləziz mətbəxinin daşıyıcısı olar?!

 

Uzağa getməyib, bu sahəyə münasibətdə qonşu gürcü xalqını misal gətirəcəyik. Bir tanışımız var, səyahət həvəskarıdır. Hər il məzuniyyətini fərqli ölkələrdə keçirir. Amma bayram günləri olan kimi özünü vurur Gürcüstana. Bu minvalla elə il olmur ki, 4-5 dəfə qonşu ölkəyə getməsin. Bilirsiniz, onu ora çəkən nədir? Desək, inanmazsınız. Bəli, gürcülərin mətbəxi. Deyir ki, Tbilisinin kiçik, lakin koloritli kafelərində aldığı ləzzəti Bakının ən bahalı restoranlarında ala bilmir: “Gürcülərin kafe və restoranlarında interyerin tərtibatından başlamış təklif olunan yeməklərəcən millidir. Hamısı da yüksək keyfiyyətdə və başlıcası isə münasib qiymətə. Onlar bizdəki kimi 1 kiloqram ətin qiymətinə 3 tikə sümüklü kabab, 100-150 qramlıq kiçik bir qabın az qala, dibində şorba, çəngəllə belə götürmək mümkün olmayan tərəvəz salatı, kağız kimi doğranmış pendir və s. vermirlər. Nəyi sifariş edirsənsə, hamısını bol gətirirlər. Hesabı da əvvəldən özün menyü kitabçasına baxıb öyrənə bilərsən, 1 lari o yan-bu yan ola bilməz” - deyə tanışımız bildirir.

 

Tanışımızın gürcü mətbəxi ilə bağlı söhbətində mövzumuza birbaşa dəxli olan bir məqam da var. Söyləyir ki, Tbilisidə ailəvi dostluq etdiyi gürcülər çoxdur: “Ancaq mən gürcü yeməklərini onların evlərində yox, kafe və restoranlarda sevmişəm”. Bəlkə elə bu gün Gürcüstanın az qala, dünyanın ən çox turist gəldiyi ölkələrindən olmasının səbəblərindən biri də budur?!


Bu gün ikinci vətən saydığımız Türkiyəyə yolu düşməyən az olar. Yəqin hamı fikir verib - qardaş ölkədə evlərində şam edən ailələrin sayı elə də çox deyil. Əksəriyyəti aclıqlarını yaxınlıqdakı lokantalarda (kafelərdə) öldürür. Daha doğrusu, təkcə aclıqlarını öldürmürlər, həm də istirahət edib dincəlirlər. Bəylər bazar-dükan gəzməkdən, xanımlarsa biş-düşdən beləcə qismən azad olurlar. Yeri gəlmişkən qeyd edək ki, Avropada da belədir. Ailələr evdə yemək masası arxasında hər deyəndə oturmurlar. Onlara görə bunun üçün kafe və restoranlar var.

 

Bəs, görəsən, haradasa həsrət apardığımız, harada isə psixologiyamızdan irəli gələn səbəb üzündən o qədər də məqbul saymadığımız bu ənənə nədən qaynaqlanıb? Təbii ki, ilk növbədə, həmin ölkələrdə ictimai-iaşə obyektlərindəki yeməklərin keyfiyyətli, xidmətin yüksək, qiymətlərinsə münasib olmasından. 

 

Bizdə isə bu sahədə olan vəziyyəti yazıb qan qaraltmaq istəmirik. Təkcə onu qeyd edək ki, əgər orta statistik azərbaycanlı ailəsinin ən çoxu ayda bir dəfə könlünə hansısa ortabab restoranda və ya kafedə şam etmək düşsə, ya yeməklərin keyfiyyəti və xidmətin səviyyəsi sarıdan yarımayacaq, ya da, bunlar babat olduğu halda elə qiymət “oxuyacaqlar” ki, maddi cəhətdən ailə xeyli vaxt özünə gəlməyəcək.

 

İndi gəl, belə vəziyyətdə çıx dünyanın hər qitəsini gəzib-görmüş əcnəbi, özü də “qurman” turistlərin qarşısına. Onlara milli mətbəximizdən nə təklif edəcəyik? Dolma? İçində ətdən (o da bilinmir necə ətdən) çox həcmdə olan “əlavə”lərləmi? Dovğa? Bizim iaşə obyektlərində verilən dovğanın (əgər belə demək mümkünsə) içindəki göyərtiləri barmaqla saymaq mümkündür. Plov? Həmkarlarımızdan birinin başına gəlmiş əhvalatdır. Deyir ki, Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkət əsasən əcnəbilərdən ibarət olan öz işçiləri ilə birlikdə bizim jurnalistləri də İçərişəhərdəki məşhur restoranlardan birinə plov qonaqlığına dəvət etmişdi. Restoranda onlara elə plov verilib ki, hətta mətbəxin yolunu tanımayan sıravi azərbaycanlı xanım bundan yaxşısını bişirərdi. Bir sözlə, plov yox, düyü hədiyyə olub. Yeri gəlmişkən qeyd edək ki, İçərişəhər Azərbaycana gələn xarici turistlərin ən çox üz tutduqları məkandır.

 

Bütün bunlardan da sonra deyirik ki, kimlərsə bizim hansısa yeməyimizi oğurlayıb, yaxud adını dəyişib özününkü kimi təqdim edir və s. Başdan ayağa yersiz gileylərdir. Əgər biz nəyi isə keyfiyyətlə təqdim edə bilmiriksə, onu başqasının edib öz adına çıxacağı təbii və qaçılmazdır. “Qurman” da harada dadlı nə isə yeyəcəksə, onu oranınkı kimi qəbul edəcək. Bəlkə elə ləzzətli yemək sorağı ilə səyahətə çıxan əcnəbilərin bizim pitini, qutabı, aşı deyil, gürcülərin xarço və xaçapurisini, özbəyin plovunu, ukraynalının borşunu və s. tanımasının əsas səbəbi budur? Axı, onların Azərbaycanın milli yeməklərini yalnız (və təəssüf ki) bizim kafe və restoranlarda dadmaq imkanları olur. O imkandansa bizim ictimai-iaşə sahəsində çalışan bir çox sahibkarın tamahı üzündən kifayət qədər istifadə edə bilməyib hər il minlərlə turist itiririk, hətta onlar “qurman” olsalar belə...

 

Raqif MƏMMƏDOV,
“Azərbaycan”

 

PUL KARTLA BAZARLIQ ET, COCA-COLA QAZAN!

17.06.2017 05:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ