Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Anna Korolyova” gəldi, “Ağçiçək” yoxa çıxdı...

"Adam inana bilmir ki, nə vaxtsa ildə 200 min tondan çox kartof istehsal edən bir rayon, indi neçə illərdir 125-126 min tonu keçə bilmir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Anna Korolyova” gəldi, “Ağçiçək” yoxa çıxdı...

Oxucunu intizarda saxlamaq fikrim yoxdur. “Anna Korolyova” da, “Ağçiçək” də Gədəbəydə yetişdirilən kartof sortlarının adlarıdır. Birinci artıq 4-5 ildir özünə əməlli-başlı yer eləyib, ikincinin isə adı var, özü yoxdur. Halbuki vaxt olub “ağçiçək” bazarların gözü olub. Gədəbəydə yetişdirilən bu kartofun tamının tayı-bərabəri yox idi. Tədricən sıradan çıxdı. İndi varsa da bir-iki adamın həyətyanı sahəsində ola, ya olmaya...

– Ay uşaq, gör kimdir, qapını döyürlər, eşitmirsiniz?

Gədəbəyin Tərsyer kəndindəyəm. Qapını döyən də mənəm. Gəlmişəm ki, bu “Anna Korolyova”nı Gədəbəyə görüm kim gətirib çıxarıb. Fermer Sakit Yəhyayevi nişan veriblər. 

Qapını özü açır. Məni görcək “ay xoş gəlmisiniz, keçin içəri” – deyərək qolumdan tutur. Vaxtımızın məhdud olduğunu eşidib elə həyətindəki səliqəli, geniş anbarının qarşısında özü söhbətə başlayır:

– 25 ildən çoxdur ki, kartofçuluqla məşğulam. “Ağçiçək” də, “Telman” sortu da, digər sort kartoflar da əkib-becərmişəm. Düz deyirsiniz, “Ağçiçəyin” yerini heç bir kartof verə bilməz. Nə dadı, nə keyfiyyəti, nə məhsuldarlığı digər kartof növlərində demək olar ki, yoxdur. Amma nə olsun, bu kartofun nəsli artıq sıradan çıxır. Xəstəliklərə qarşı lazımi dərman preparatlarının olmaması və ya çatışmaması, həm də baha olması, iqlim dəyişiklikləri, adamların torpaqdan düzgün istifadə etməməsi bu sortu vurub sıradan çıxardı...

Sakit kişi sonra danışır ki, 4-5 il qabaq Rusiyanın Sverdlovsk şəhərində olarkən azərbaycanlılardan kimsə ona evində özünün əkib-becərdiyi kartofdan qızardıb. 

– Baxdım ki, dad eynilə “ağçiçəyin” dadıdır, – deyə S.Yəhyayev maraqla dinlədiyimi hiss edib daha həvəslə danışır, – amma rəngi bir qədər sarıya çalır. Dedilər həm məhsuldardır, həm xəstəliyə davamlıdır, həm də dağ-aran zonasında əkməyə yararlıdır. Bax, beləcə “Anna Korolyova” Gədəbəyə gəlib çıxdı...

Bu il adıçəkilən şəhərdən 100 tondan çox toxumluq kartof gətirən fermer təkcə özü əkməklə məşğul deyil. O həm də gətirdiyi toxumu digər fermerlərə satır.

– O boyda toxumdan 2-3 ton qalıb, hamısı satılıb deyir, – adamlar gördü ki, bu sortu yetişdirmək də çox xərc tələb etmir. Çünki xəstəliklərə davamlıdır. Özüm bu il 10 hektar əkmişdim, ürəyin istəyən də məhsul götürdüm. Birbaşa qapımdan gəlib kiloqramı 80 qəpiyə alıb apardılar, min bərəkət! 

...Gədəbəyi kartofsuz təsəvvür etmək sadəcə mümkün deyil. Bu dağ rayonunun kartofçuluqda öz ənənəsi var, tarixi çox uzaqlara gedib çıxır.

Tarixi məlumatlara əsasən, kartof bitkisi Cənubi Amerikada 8 min il bundan əvvəl becərilmişdir. Onu Avropa qitəsinə ilk dəfə XVI əsrin ortalarında ispanlar gətirmişlər. XVIII əsrin əvvələrində isə rus çarı I Pyotr Hollandiyada olarkən bir kisə kartof əldə etmiş və onun Rusiyada yetişdirilməsinə xüsusi göstəriş vermişdir. Azərbaycanda ilk dəfə XIX əsrin birinci yarısında Gədəbəyin Hacılar kəndinə bir pud, yəni 16 kiloqram toxumluq kartof gətirilmiş və sonralar kartof ölkəmizin başqa regionlarına yayılmışdır. Bu faktı oxucunun nəzərinə ona görə qabarıq çatdırırıq ki, Gədəbəy Azərbaycanda kartofçuluğun əkilib-becərilməsində xüsusi payı olan bir rayondur.

Bu rayonda hansı qapını döysən, peşəsindən, tutduğu mövqedən, imkanlı olub-olmamasından asılı olmayaraq günün müxtəlif vaxtlarında torpaqla əlləşən, onun faydasından bəhrələnən gədəbəyli çıxacaq qarşına. Baxırsan ki, 10-15 sot həyətyanı torpaq sahəsi var, yalnız kartof əkib, ona qulluq edir. Yazda Gədəbəydə olarkən yol kənarındakı həyətlərin birində cidd-cəhdlə yer belləyən bir nəfər diqqətimi cəlb etdi. Düşüb görüşdüm, hal-əhval tutdum. Öyrəndim ki, ixtisasca müəllimdir. Dərsdən gələn kimi paltarını dəyişir, düşür torpağın canına…Ayrılarkən dedi ki, “müəllim, gəl bir şəkil çəkdirək. Kimliyindən asılı olmayaraq kəndlinin işi-gücü ilə maraqlanan adam görəndə çox sevinirəm, bu adama stimul verir…”

Vaqif müəllimin dediyi stimul təkcə sözdə olmamalıdır. Torpağa bağlı adam yuxarı təbəqələrdən, icra hakimiyyətindən, əlaqədar nazirliklərdən, digər strukturlardan diqqət, kömək, qayğı umur və buna da haqqı var. Müşahidələrimiz göstərir ki, son illər Gədəbəydə fermerlərə diqqət artırılıb, onların problemlərinə laqeydlik halları aradan qalxıb. Təbii ki, söhbət kiçik həyətyanı sahəsində məhsul əkib-becərənlərdən getmir. Gədəbəy rayonunda, necə deyərlər, kartofçuluqda ad-san çıxarmış nəhəng fermerlər var. 10-15 hektar, bəzən daha çox kartof əkənlər, bol məhsul götürənlər var. Onların maarifləndirilməsindən tutmuş toxum, dava-dərman tapılıb gətirilməsində, aran zonasında suvarmada köməyə kimi nəzərdə tutulmalıdır.

…Bayaqdan fermer Vaqif Məmmədovla söhbət edirəm. İşindən, gücündən, dolanışığından çox razıdır. Deyir ki, bu il əkdiyim 6 hektar torpaq sahəsindən 92 ton kartof götürmüşəm və demək olar hamısını da satmışam, müştərilərin özləri gəlib aparıb…

– İndi 92 tonu vurun 80 qəpiyə, görün nə qədər pul eləyir, – deyə fermer ailəsinin qazancı haqqında həvəslə danışır, – doğrudur, xərclərimiz də az deyil. Amma Allah bərəkət versin, torpağa baş əy, o səni dikəldəcək…

– Bəs əkdiyin hansı sortdur, ­Vaqif kişi?

Sualımı sanki gözləmirmiş. Duruxur, adını yadına sala bilmir.

Deyirəm “bəlkə Anna Korolyovadır?” Sevincək “hə, hə...odur, Annadır” deyir.

Bu faktı ona görə yada saldım ki, rayona gətirilən hər bir kartof sortunun sertifikatı olmalıdır. Fermer onun bütün xüsusiyyətlərini bilməlidir ki, yığım zamanı arzuladığı qədər məhsul götürə bilsin, bitkinin hansı xəstəliklərə meyilli olduğunu öyrənsin, vaxtında dərman preparatları tədarükü etsin və sair.

Əslində, son illər Gədəbəydə bu işdə tədricən bir sistemin formalaşdırılmasına nail olunub. Mütəxəssislər tez-tez rayona ezam olunur, fermerlərlə söhbətlər aparılır, maarifləndirmə tədbirlərinə üstünlük verilir. Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev təcrübəli mütəxəssisdir, 38 ildir bu sahədə çalışır, 2016-cı ildən isə adıçəkilən mərkəzə rəhbərlik edir:

– Ən ciddi problemlərimizdən biri yüksək sertifikatlı toxumların az olması və rayona kifayət qədər gətirilməməsidir. Hələlik kifayət qədər məhsul əldə edə bilməməyimizin bir səbəbi də iqlim dəyişikliyi, quraqlıqdır. Sirr deyil ki, gübrələr olduqca bahadır. Xəstəliklərə və ziyanvericilərə qarşı keyfiyyətli dərmanın olmaması da məhsuldarlığın aşağı düşməsnə səbəb olur. Nə gizlədək, adamlarımızın tənbəlliyi də bəzən ümumi göstəricilərin son illər aşağı düşməsinə gətirib çıxarır...

Gədəbəyin son illərdə kartofçuluqda əldə etdiyi göstəricilərə baxıram. Təkcə son üç ildə əkin sahələri demək olar ki, dəyişməyib, yəni 10 min hektar civarındadır. Hətta bu il 9 783 hektara düşüb. Məhsuldarlıq da hər hektardan cəmi 120-128 sentner arasındadır. Azdır, çox azdır. Adam inana bilmir ki, nə vaxtsa ildə 200 min tondan çox kartof istehsal edən bir rayon, indi neçə illərdir 125-126 min tonu keçə bilmir.

Kartof toxumunun başqa yerlərdən gətirilməsi tendensiyası tədricən aradan qaldırılmalıdır. Çünki onların gətirilməsi, fermerlərə satılması baha başa gəlir. Həm də bu toxumların iqlim şəraitinə uyğunlaşdırılması uzun vaxt tələb edir və ya tezliklə sıradan çıxır. Ona görə də yerli sortların yetişdirilməsinə və tətbiqinə böyük ehtiyac var. Axı, Gədəbəydə nə vaxta kimi “Ağçiçək”, “Telman” kimi kartof sortları əkiləcək? Yaxud indi də “Anna Korolyova”, “Melodiya”, “Arizona”... Eyni torpaqda, eyni sortların illər boyu əkilməsi gec-tez onların məhsuldarlığının azalmasına, ziyanvericilərə qarşı dözümsüz olmasına gətirib çıxarır. Bunları heç mütəxəssis olmayanlar da bilir. Hər bir fermerin istiqamətləndirilməsi, ona məsləhət verilməsi olduqca vacibdir. Yuxarıda söhbət etdiyimiz Vaqif Məmmədov dedi ki, torpağı eyni məhsulla hər il yükləmək olmaz. Məsələn bu il artıq kartof yox, taxıl əkmişəm…

Üç il qabaq rayon icra hakimiyyətinin təşəbbüsü ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan “Uğur”, “Çənlibel”, “Vaqif” və “Turan” kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində sınaq əkinləri aparılıb. Nəticəsi ilə maraqlandım. Dedilər bu sahədə iş gedir və tezliklə nəzərdə tutulan perspektiv tədbirlər öz bəhrəsini verəcəkdir. 

Əlbəttə, bütün bunlar çox yaxşıdır, işin xeyrinədir. Amma unutmaq lazım deyil ki, bazarda əsl Gədəbəy kartofunun yolunu həsrətlə gözləyənlər var...

Hamlet Qasımov, 

“Xalq qəzeti”

29.11.2022 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ