Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Gəlirliliyin proqnozlaşdırılması daha da çətinləşir"- ARDNF-İN DİREKTORU İLƏ MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gəlirliliyin proqnozlaşdırılması daha da çətinləşir"- ARDNF-İN DİREKTORU İLƏ MÜSAHİBƏ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovla müsahibə:

- İsrafil müəllim, pandemiyadan sonra Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilk dəfə Bakıda keçirildi. Bilmək istərdik, burada əsas müzakirə mövzusu və gəlinən nəticələr nədən ibarət oldu? Sizcə, platforma ARDNF-nin strategiyasına və gələcək planlarına necə təsir edəcək və konfransın Bakıda keçirilməsi Foruma üzv Suveren Fondların Azərbaycana gələcəkdə yatırım perspektivləri yaradırmı?

Bəli, məlumunuz olduğu kimi, 15-17 noyabr tarixlərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü rəsmi İllik iclası ikinci dəfə olaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakı şəhərində baş tutdu. İclasda 35 ölkəni təmsil edən 37 qabaqcıl suveren fondun, eləcə də aparıcı beynəlxalq maliyyə qurumlarının 120-dən çox yüksək səviyyəli rəsmiləri təmsil olunurdu. Tədbir zamanı daha çox institusional investorların qarşılaşdığı makroiqtisadi qeyri-müəyyənliklər, rəqəmsal transformasiya və iqlim dəyişikliyindən irəli gələn risklər və bu risklərin suveren fondların investisiya strategiyalarına və ümumilikdə fəaliyyətlərinə olan mümkün təsirləri barədə ətraflı müzakirələr aparıldı. Bununla yanaşı tədbir çərçivəsində baş tutan sessiyalardan biri Azərbaycan hökumətinin Milli İnkişaf Prioritetləri ətrafında müzakirələrə həsr olunmuşdur. Bildiyiniz kimi, ölkəmiz pandemiya və ikinci Qarabağ müharibəsindən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin fevral ayında 2021-2030-cu illəri əhatə edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq etmişdir. Qeyd olunan sessiyada aparılan müzakirələrin əsas məqsədi potensial xarici investorları və beynəlxalq qurumların ekspertlərini Azərbaycan dövlətinin sosial-iqtisadi strategiyası və ölkənin iqtisadı artım potensialı haqqında ətraflı məlumatlandırmaq, ölkənin əlverişli coğrafi mövqeyini nəzərə alaraq mərkəzi nəqliyyat dəhlizi rolu potensialını müzakirə etmək, həmçinin Azərbaycanın müvafiq dövlət qurumları üçün dünyanın qabaqcıl fondları və maliyyə təşkilatları ilə Azərbaycanda investisiya mühitinin inkişafına dair təcrübə və fikir mübadiləsi həyata keçirmək olmuşdur.

Nəticədə, tədbir əvvəldə qeyd olunan mövzular ətrafında dövlət qurumları, investorlar və beynəlxalq maliyyə təşkilatları arasında gələcək perspektivlərə dair faydalı müzakirə platforması rolunu oynamaqla yanaşı, beynəlxalq qurumların Azərbaycanın sosial-iqtisadi strategiyası ilə yaxından tanış olması üçün fürsət yaratdı.

- SFBF-nin hazırki fəaliyyəti, strukturu və üzv qurumlar üçün mahiyyəti nədir? ARDNF-nin SFBF-də rolu nədən ibarət olub?

- SFBF vahid fəaliyyət standartlarının müəyyən edilməsi və təşviqi məqsədilə yaradılmış, 6 trilyon ABŞ dollarından artıq həcmdə vəsaitləri idarə edən, 35 ölkəni təmsil edən, 37 tam hüquqlu üzv və 9 üzv olmayan tərəfdaş suveren fondları birləşdirən vahid beynəlxalq təşkilatdır. 2008-ci ildə 23 qabaqcıl suveren fonddan ibarət investorlar qrupunun təşəbbüsü ilə yaradılmış SFBF-nin beynəlxalq idarəçilik standardlarının tətbiqi və qabaqcıl təcrübələrin öyrənilməsinə dair fəaliyyəti bu illər ərzində xeyli genişlənib. Belə ki, beynəlxalq təcrübəni öz fəaliyyətlərinə tətbiq etmək istəyən yeni yaranmış suveren fondların müraciəti əsasında hazırki üzvlərin sayı 37-ə çatıb. Qeyd edək ki, SFBF-nin fəalliyyəti hər 3 ildən bir tam hüquqlu üzvlər arasından səsvermə yolu ilə seçilən Müşahidə Şurası tərəfindən tənzimlənir və London şəhərində yerləşən Katiblik tərəfindən həyata keçirilir. Foruma tam hüquqlu üzv və ya üzv olmayan tərəfdaş suveren fondlar kimi qoşulmaq istəyən fondların müraciətləri Katiblik tərəfindən qiymətləndirmə prosesinə cəlb olunur. Bir ilə qədər davam edən bu proses zamanı Katibliklə namizəd arasında SFBF-nin üzv olacaq qurumun fəaliyyətinə potensial faydaları və eləcə də qurumun SFBF qarşısında Santyaqo Prinsiplərinin (SP) tətbiqinə və SFBF-nin digər məqsədlərinə dair potensial öhdəlikləri müzakirə olunuraq sənədləşdirilir. Prosesin nəticəsi Müşahidə Şurasına təqdim olunur və Şura tərəfindən dəyərləndirilərək təsdiq olunur.

ARDNF SFBF-nin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi qurumun fəaliyyətində aktiv rol oynayıb.Təsadüfi deyil ki, SFBF-nin ilk rəsmi iclası da məhz 2009-cu ildə ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilib. ARDNF Forumun fəaliyyətinin əsasını təşkil edən Santyaqo prinsiplərinin tətbiqi ilə bağlı formalaşdırılan “Santyaqo prinsipləri: tətbiqi; mövcud təcrübə” Alt-komitəsinə rəhbərlik edib və 2016-ci ildə qeyd olunan prinsiplərin tətbiqi ilə bağlı Bakıda keçirilən ilk seminara ev sahibliyi edib.

Santyaqo prinsiplərinin əsas məqsədi suveren fondların şəffaf və əsaslandırılmış idarəetmə strukturunun yaradılmasını və onların investisiya fəaliyyətlərinin beynəlxalq qanun və tələblərə uyğunlaşdırılmasını təmin etməkdir. Bu çərçivədə, ARDNF Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı hesabatı ictimaiyyətə açıqlayan ilk suveren fondlardan biridir və hesabat illik olaraq nəzərdən keçirilir. ARDNF-nin İcraçı direktoru olaraq 2018-2021 illərdə SFBF-nin Müşahidə Şurasının üzvlüyündə təmsil olunmuşam. Bu müddətdə SFBF-nin hesabatlılıq üzrə müxtəlif təşəbbüslərinin icrası və təşviqində, SP-nin tətbiqi ilə bağlı hesabatın ictimaiyyətə açıqlanmasında cari və gələcək SFBF üzvləri üçün daima nümunəvi fəaliyyət sərgiləməyə çalışmışam.

- SFBF-nin İcraçı direktoru da mətbuat konfransı zamanı bildirdi ki, Suveren Fondların əsas yatırım istiqaməti hazırda Afrika ölkələridir. Səhv etmirəmsə, bu ilin əvvəlində ARDNF-nin ilk dəfə Afrikaya yatırım etdiyini müşahidə etdik. Fond bu baxımdan yatırım davranışlarını SFBF ilə sinxron həyata keçirir, yoxsa necə?

- SFBF-nin əsas məqsədi vahid beynəlxalq təşkilat olub, üzv qurumların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, həmçinin Santyaqo Prinsiplərinin (SP) tətbiqini və suveren fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. Bu çərçivədə üzv fondlar mütəmadi olaraq investisiya strategiyaları da daxil olmaqla, müxtəlif aiddiyəti mövzular üzrə fikirlərini bölüşürlər. Qeyd olunan suveren sərvət fondları əməkdaşlıq çərçivəsində həm də müştərək investisiyalar həyata keçirə bilirlər. Lakin bununla yanaşı mandatlarından asılı olaraq suveren sərvət fondları heterogen xarakter daşıyır və bu fondlar öz investisiya strategiyalarını missiya, məqsəd, investisiya müddəti, hədəf gəlirliliyi və risk iştahası nəzərə alınmaqla formalaşdırırlar ki, bu baxımdan da fondların yatırım davranışları sinxron formada baş vermir.

Bildiyiniz kimi, ARDNF qlobal investor olmaqla öz investisiya strategiyasını risk gəlirlilik profili nəzərə alınmaqla vəsaitlərin strateji bölgüsü əsasında formalaşdırır və hazırki investisiya siyasəti ilə müəyyən edilən müvafiq alt portfellər üzrə bençmarklara uyğun olaraq müxtəlif investisiya aktivləri, regionlar, sektorlar və valyuta növləri üzrə bölgülər əsas olmaqla şaxələndirilmiş portfel qurub. Coğrafi bölgülər üzrə yatırımların həyata keçirilməsi qeyd olunan yanaşmanın təcəssümüdür və ARDNF bu kontekstdə də kiçik həcmdə Afrika da daxil olmaqla əsasən Şimali Amerika, Avropa və Asiya regionları üzrə yatırımları həyata keçirib. ARDNF tərəfindən Afrikaya ilk investisiya özəl səhm fond investisiyaları tərkibində 2010-cu ilə təsadüf edir və hal-hazırda Afrika regionuna investisiyalar ümumi portfelin 0.01%-ni təşkil edir.

- İsrafil müəllim, son zamanlar ARDNF-nin fəaliyyəti ilə bağlı gündəmə gələn əsas məsələ Fondun aktivlərinin idarə edilməsindən ortaya çıxan itkilərdir. Hesablama Palatası qeyd etmişdi ki, investisiya ilə bağlı itkilər qərarvermə ilə bağlı çevikliyin aşağı olması ilə bağlı olub. Siz isə açıqlamanızda ARDNF-nin uzunmüddətli investor kimi mənfi təsirlərə müvəqqəti volatillik kimi baxdığınızı qeyd etmişdiniz. Geosiyasi proseslərin bazarlardakı çalxalanmaları davam etdirməsi, beynəlxalq maliyyə təşkilatlarının qlobal iqtisadiyyatla bağlı proqnozları ürək açan deyil. Bilirik ki, bu da maliyyə bazarlarına təsirsiz ötüşmür. Bunu nəzərə alaraq Fond yatırım strategiyasında hansısa korrektələr etməyi düşünürmü?

Məlum olduğu kimi, beynəlxalq təcrübədə Suveren Sərvət Fondları kimi bütün institusional investorlar bazarın qısamüddətli dəyişkənliyinə baxmayaraq müəyyən taktiki dəyişikliklər istisna olmaqla öz missiya və məqsədlərinə, uzunmüddətli investisiya siyasətinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər və investisiya fəaliyyətlərinin istiqamətlərini vəsaitlərin strateji bölgüsü əsasında formalaşdırırlar. Vəsaitlərin strateji bölgüsü prosesi daxili modellər əsasında dərin təhlillərə əsaslanan uzunmüddətli investisiya strategiyasının formalaşdırılması yanaşmasını özündə ehtiva edir. Bu çərçivədə ARDNF də məqsəd və vəzifələrinə uyğun balanslaşdırılmış portfel formalaşdırıb və investisiya portfelinin şaxələndirilməsi, gəlirliliyin artırılması, eləcə də, qiymət dəyişkənliyi riskinin azaldılması prinsipləri ARDNF-nin fəaliyyətində əldə rəhbər tutulur. Qlobal maliyyə bazarlarında və makroiqtisadi mühitdə qısamüddətli dalğalanmalar baş verə bilər ki, bu da insitusional investorların uzunmüddətli investisiya strategiyalarına kəskin şəkildə təsir etməsə də sözügedən investorlar tərəfindən həyata keçirilən taktiki addımlarda öz əksini tapır. ARDNF də həm makroiqtisadi və geosiyasi, həm də cari bazar konyukturasında baş verən prosesləri daima izləyir, mümkün iqtisadi dalğalanmaları təhlil edir və müvafiq taktiki addımlar vasitəsilə qlobal proseslərin təsiri nəticəsində baş verən qısamüddətli itkilərin minimallaşdırılması aktivlərin cari bölgüsündə nəzərə alınır.

Əvvəldə qeyd etdiyimiz kimi, ARNDF qlobal proseslərin təsiri nəticəsində maliyyə bazarlarında baş verən dəyişikliklərə qarşı çevik reaksiyanı öz taktiki addımlarında təcəssüm etdirir. Buna da bariz nümunə olaraq, ötən ilin sonundan etibarən artan inflyasiya dərəcəsi, mərkəzi bankların sərt monetar siyasətə keçidi və bunların nəticəsi olaraq qlobal sabit gəlirli qiymətli kağızlar bazarında faiz dərəcələrinin artması fonunda, investisiyaların əksər hissəsi 1 ildən aşağı və ya dəyişkən kuponlu sabit gəlirli qiymətli kağızlara yönəldilib. Qeyd etmək lazımdır ki, sözügedən istiqrazlar daha aşağı risk və qiymət dəyişkənliyi ilə səciyyələnir ki, bu da qlobal maliyyə bazarlarının cari şəraitində nisbətən ən yüksək gəlirliliyə malik olan investisiya alətlərindən biri sayılır. Eyni zamanda bu kimi qısa müddətli istiqrazlar artan faiz dərəcələri dövründə müddəti bitdikdə daha yüksək gəlirlilik vəd edən qiymətli kağzılara yenidən investisiya etməyə imkan yaradır. Bu kimi taktiki addımlar sabit qiymətli kağızlar portfelinin gəlirliliyinin müvafiq bençmarkalara nəzərən daha yüksək olması ilə nəticələnib.

- Müzakirə edilən mövzularda biri də ARDNF-nin Rusiyadakı daşınmaz əmlakla bağlı aktivləri idi. Hazırda Fondun oradakı aktivlərinin dəyərləndirilməsi necədir? Daşınmaz əmlakla bağlı yeni yatırımlar gözlənilirmi?

- Bildiyiniz kimi, ARDNF ilk dəfə 2012-ci ildə Moskva şəhərinin biznes mərkəzi olan “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırım etmiş və daha sonra 2013-cü ildə Rusiyanın VTB bankında səhm payına sahib olub. ARDNF-nin Rusiyada olan yatırımları yalnız adıçəkilən investisiyalardan ibarətdir ki, bu yatırımların da investisiya portfelindəki çəkisi cari ilin üçüncü rübünün sonu üçün 0.4% təşkil edir.

Rusiya ilə bağlı planlara gəldikdə isə bildirmək istərdik ki, məlum hərbi-geosiyasi münaqişə Rusiya maliyyə bazarlarına, o cümlədən “VTB Bank”a ciddi təsir edib. Dövlət Neft Fondunun şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən regional-geosiyasi risklər nəzərə alınaraq qurulub və bu kimi şokları sığortalamaqla portfelə mümkün təsirləri minimallaşdırmağa yönəlir.

Başqa sözlə, verilmiş qərarlar ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir.

- Ekspertlər bildirirlər ki, ARDNF-nin investisiya fəaliyyətinin yekunları ilə bağlı ictimaiyyətə açıqladığı məlumatlar son dərəcə mühümdür. Lakin müxtəlif suveren fondların, xüsusilə də dünyada ən qabaqcıl təcrübələrdən, eyni zamanda nəhəng aktivlərə malik biri hesab edilən Norveç Fondunun investisya fəaliyyətinə dair hesabatlılıq nümunələrindən bəhrələnmək ehtiyac var. Bu sahədə hansısa yeniliklər gözlənilirmi?

- Yaranma tarixindən etibarən şəffaflıq və hesabatlılıq ARDNF-nin fəaliyyətinin başlıca prinsiplərindən biri hesab olunur. ARDNF şəffaflığın təmin olunması məqsədilə təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlərin mənbələrini və xərclərinin istiqamətlərini, investisiya fəaliyyəti haqqında rüblük, ARDNF-nin fəaliyyəti barədə illik hesabatları mətbuatda, Fondun rəsmi veb səhifəsində və sosial şəbəkələrdəki hesablarında mütəmadi olaraq dərc edir. Bundan əlavə olaraq media tərəfindən ünvanlanan müxtəlif sorğular qısa müddətdə və ətraflı şəkildə cavablandırılır.

Təsadüfi deyil ki, dünyanın 5 il ardıcıl olaraq ən yaxşı İqtisadi Tədqiqatlar mərkəzi və ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanmış Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PIIE) tərəfindən 2019-cu il üzrə institusional struktur, idarəçilik, şəffaflıq və hesabatlılıq, risklərin idarə edilməsi kimi meyarlara əsaslanaraq tərtib edilmiş hesabatında Dövlət Neft Fondu 64 fond arasında ilk beşlikdə qərarlaşıb.

ARDNF-nin hesabatlılıq sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Bununla yanaşı, ARDNF tərəfindən şəffaflıq və hesabatlılıq üzrə qabaqcıl beynəlxalq təcrübə və müasir standartlar daim izlənilir və məqsədəuyğun hesab olunduğu halda tətbiq edilir.

- Hazırki şəraitdə ilin sonuna Fondun gəlirliyi ilə bağlı gözləntiləriniz necədir? Gələn il üçün qlobal proseslərin ARDNF-nin gəlirliyinə necə təsir edəcəyini proqnozlaşdırırsız?

- ARDNF qlobal investor olmaqla həm müxtəlif regionlar, həm də müxtəlif maliyyə alətləri və valyuta növləri üzrə şaxələndirilmiş investisiya portfelinə malikdir. Bu çərçivədə, ARDNF-nin investisiya portfelinin təqribən 70%-ni inkişaf etmiş ölkələrə investisiyalar, o cümlədən sabit gəlirli qiymətli kağızlara və birjada kotirovka olunan səhmlərə (portfelin təxminən 80%-i) yatırımlar təşkil edir. ARDNF-nin investisiya portfelinin gəlirliyinə də böyük həcmdə töhfə verən məhz bu aktivlərdir və onların da gündəlik qiymətləri qlobal maliyyə bazarında cərəyan edən proseslərə olduqca həssas reaksiya göstərir.

Müxtəlif iqtisadi göstəricilər üzrə ilin əvvəlində 2022-ci ilin sonu üçün verilən proqnozlarda geriləmələr müşahidə olunub ki, bu da maliyyə bazarlarında analoji reaksiya ilə nəticələnib. Belə ki, geosiyasi gərginlik, enerji və xammal qiymətlərinin kəskin bahalaşmasından qaynaqlanan inflyasiya və mərkəzi bankların inflyasiyaya qarşı apardığı əks tədbirlər sırasında uçot faizi dərəcələrinin artımı qlobal iqtisadi geriləməyə səbəb olub. Həmçinin təchizat zəncirindəki qırılmaların davam etməsi və Çində COVID-19 yoluxma hallarına qarşı qapanma və ciddi karantin tədbirlərinin təkrar gündəmə gəlməsi də iqtisadi geriləməyə öz təsirini göstərib. Müxtəlif risk faktorları əsasında maliyyə bazarlarında yaşanan bu dalğalanmalar bir çox qabaqcıl institusional investorlarda olduğu kimi qlobal investor olan ARDNF-nin də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş azalmalar kimi öz əksini tapmaqdadır.

Növbəti ilə dair proqnozlara gəldikdə isə, ümumiyyətlə maliyyə aktivləri üzrə proqnozlaşdırılan gəlirlilik adətən orta-uzunmüddətli dövrü əhatə edir və hər növbəti il üzrə proqnozlarda məhz həmin gəlirlilik göstəriciləri əsas götürülür. Bu da beynəlxalq təcrübəyə uyğundur. Sözügedən gəlirlilik səviyyələri daxili modellər və müxtəlif investisiya banklarının (5-10 illik) gəlirlilik proqnozları əsasında maliyyə aktivlərinin əsas xüsusiyyətlərinin uzun-müddətdə necə dəyişəcəyi nəzərə alınmaqla hesablanır. İnvestisiyalarla bağlı gəlirliliyin illik proqnozlarının hesablanması zamanı nəzərdə tutulan fərziyyələrin dünyada baş verə biləcək gözlənilməz hadisələr fonunda dəyişkənliyə uğraması ilə qeyd edilən hesablamaların faktiki nəticələrlə üst-üstə düşməsi ehtimalları olduqca azaldır. Əlavə olaraq, Fondun investisiya portfelinin gəlirliliyinin artırılması və risklərinin minimallaşdırılması məqsədilə formalaşdırılmış çoxşaxəli portfel üzrə gəlirliliyin proqnozlaşdırılması daha da çətinləşir. Belə ki, portfelin böyük hissəsinin sabit gəlirli aktivlərə yatırım edilməsinə baxmayaraq diversifikasiyanın təmin olunması ilə bağlı səhm, özəl səhm və daşınmaz əmlak kimi aktivlərə yatırım edilməsi, eləcə də qeyd edilən aktivlərin də öz daxilində sektor, region, müxtəlif investisiya növləri və valyutalar üzrə bölünməsi bu kimi yüksək gəlirli və daha riskli aktivlərin spesifikasını nəzərə aldıqda proqnozlaşdırılmalarda kənarlaşmaların böyük olması ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Tarixə nəzər yetirsək, müxtəlif risk faktorlarının təsiri nəticəsində qlobal maliyyə bazarlarında qısamüddətli dalğalanmalar iqtisadi tsikllərin müxtəlif fazalarında müşahidə olunur və institutsional investorların investisiya portfellərində qısamüddətli itkilərlə özünü büruzə verir. Lakin, həm keçmişə, həm də maliyyə bazarlarının hal-hazırki dövrə olan qarşıdakı illərlə bağlı proqnozlara nəzər yetirdikdə bu dalğalanmaların neqativ təsirlərinin tədricən aradan qalxacağını proqnozlaşdırmaq mümkündür.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© APA

İsrafil Məmmədov ARDNF
19.12.2022 12:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ