Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

bp-Azərbaycandan 2022-ci ilin yekunları üzrə hesabat

Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
bp-Azərbaycandan 2022-ci ilin yekunları üzrə hesabat
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azəri-Çıraq-Günəşli (AÇG) 

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2022-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

İl ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləmişdir – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusunun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb. 

Bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülmüşdü. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə bp-də ilk dəfə idi ki, icra olunurdu. 

Üst modulların mexaniki tamamlanması qrafikə uyğun başa çatmışdır. Ümumilikdə, üst modulların quruda istismar sınaqları 85% tamamlanmışdır.  

Yaşayış modulları üzrə işlərin təhvil verilməsi başa çatmışdır və hazırda modullar quruda yaşayış üçün hazırdır. 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku STB-01 daşıma barjasına yüklənmişdir və artıq dənizə yola salınmağa hazırdır.

Azərbaycan kran barjası Bakı Dərin Özüllər Zavoduna gətirilmiş və barjada dayaq blokunun dənizdə quraşdırılması üçün tələb olunan reaktivasiya işləri başlanmışdır.

Sualtı izolyasiya konstruksiyasının 2023-cü ilin birinci rübünə planlaşdırılmış işə salınmasına hazırlıq olaraq dalğıc gəmisi ACE və Mərkəzi Azəri platformaları sahəsində neft sistemi üzrə bütün dalğıc işlərini tamamlamışdır.

Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitmişdir və platformanın üst modulları ilə inteqrasiya işləri başlanmışdır. 

2022-ci ilin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 80% tamamlanmışdı. 

Hasilat

2022-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir. Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır. 

İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2022-ci ildə AÇG-də 12 neft hasilatı və üç su injektor quyusu tamamlanmışdır. 

Səmt qazı

2022-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 

7 milyon kubmetr, ümumilikdə isə 2,6 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2022-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 

2022-ci ildə terminal 232 milyon bareldən çox neft və kondensat, o cümlədən 225 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.  

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 68 milyon standart kubmetr (təxminən 2 milyard 416 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.  

2022-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 100 milyon dollar, əsaslı xərclərə isə 27 milyon dollar vəsait xərclənmişdir. 

Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. 18 yanvar 2023-cü il tarixində isə BTC 4 milyard barel neft ixracını qeyd etdi.

2022-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Şahdəniz 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).

2022-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 281 milyon dollar əməliyyat xərcləri və təxminən 463 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 

2022-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq (təqribən 36 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə 27 milyarddan artıq) standart kubmetrdir. 

2022-ci ilin avqust ayında Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir. Plana əsasən Şahdəniz Alfa platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.

Şahdəniz 2 layihəsi

2022-ci ildə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanmışdır. 

Şərq-şimal cinahında həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda quraşdırma işləri davam etmişdir. Layihə çərçivəsində şərq-şimal boruları da daxil olmaqla dənizdə bütün boruların quraşdırılması işləri başa çatmışdır.

Şərq-şimal cinahının birbaşa elektrik isitmə kabelləri və hasilatı idarəetmə sistemləri üçün sualtı elastik kabellərinin düzülməsi, bağlanması və üst modullara birləşdirilməsi işləri davam etmişdir.

Ümumilikdə, şərq-şimal cinahında bütün sualtı quraşdırma işləri 2023-cü ilə planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam etmişdir.

Qazma əməliyyatları

2022-ci ildə Şahdəniz Alfa platformasında quyularda bir sıra işlər aparılmış,  planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmiş, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam etmişdir. 

İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%). 

2022-ci il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 72 milyon dollar, əsaslı xərclər isə 5 milyon dollardan çox olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İl ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 57,4 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda SAX01 kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Quyudan əldə edilmiş bütün məlumatların təhlili başa çatıb, hazırda nəticələrin interpretasiyası davam edir. Bu interpretasiya karbohidrogen ehtiyatlarını dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.

Abşeron yarımadasının dayazsulu hissəsində (AYDH) AYDH layihəsinin kəşfiyyat qazma proqramı çərçivəsində üç quyu qazılmışdır. Quyularda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır və hər üç quyu  təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilmişdir. Bununla, AYDH üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Əsas Kəşfiyyat Müddəti çərçivəsində planlaşdırılmış fəaliyyətlər başa çatmışdır və müqavilə sahəsi 2022-ci ilin dekabr ayında daimi tərk edilmişdir.

2022-ci ildə biz həmçinin iki yeni quyunun qazılması üçün planlaşdırma və hazırlıq işlərinə də başladıq:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş çərçivəsində Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusu 

(SDX-8). 20 yanvar 2023-cü il tarixində bu quyunun qazılması başlanıb.

Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z). 7 fevral 2023-cü il tarixində bu quyunun qazılması başlanıb.

İşçi heyətimiz

2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. 

Sosial sərmayələr 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2022-ci il ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,4 milyon dollardan artıq vəsait xərcləmişlər. İl ərzində bu layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən beş layihə və ətraf mühit üzrə iki təşəbbüs daxil olub.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2022-ci il ərzində təxminən 2 milyon dollardan çox vəsait xərcləyib. Bu layihələrdən 12-si təhsili, biri yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını, üçü ətraf mühiti və daha altısı isə ölkədə mədəni irsin və idmanın inkişafını dəstəkləyən təşəbbüslər olub. Həmçinin, il ərzində bp ümumilikdə 14 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.

09.02.2023 13:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ