Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Həkim reseptə dərmanın adını yox, tərkibini yazmalıdır" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Həkim reseptə dərmanın adını yox, tərkibini yazmalıdır" - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyovun müsahibəsi

- Mərkəzin ötən il apteklərdə plan üzrə və plandankənar apardığı yoxlamalar zamanı daha çox hansı nöqsanlar aşkarlanıb?

- Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq həm plan üzrə, həm də qəbul olunan şikayət, müraciət, kütləvi informasiya vasitələrində gedən məlumatlar əsasında plandankənar yoxlamalar həyata keçirir. Keçən il ümumilikdə 363 əczaçılıq müəssisəsində həm planlı, həm də plandankənar yoxlamalar keçirilib. Bu müəssisələrdən 82-də nöqsanlar aşkarlanıb. Bu nöqsanlar əsasən aptek təşkilatlarına dair tələblərin pozulması, apteklərdə dövlət qeydiyyatında olmayan, sertifikatı olmayan dərman vasitələrinin satışı, müvafiq ixtisasa malik olmayan, həmçinin müvafiq ixtisası olsa da, sertifikasiyadan keçməyən şəxslərin də dərman vasitələrinin buraxılışında iştirakı aşkarlanıb. Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

- Bu gün ölkəmizdə dərman bazarında qıtlıq yaşandığına dair fikirlər səsləndirilir. Əksər hallarda dərman qıtlığı yaşanmır deyilsə də, bəzi dərmanları apteklərdən tapmaq mümkün deyil. Bunun səbəbi nədir, bunu qabardan faktorlar hansılardır?

- Dərman vasitələrinin aktiv və passiv fazası olur. Həm mövsümdən, həm də xəstəliklərin çoxalıb-azalmasından asılı olaraq, müəyyən dərman vasitələrinin apteklərdə azlığı və yaxud bəzi vaxtlarda olmaması müşahidə oluna bilər. İndiki vaxtda həm müharibə, həm enerji daşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına səbəb olur. Eyni zamanda, müharibə ilə əlaqədar olaraq logistik yolların dəyişməsi qlobal təchizat sistemində qırılmalara səbəb olub. COVID-19 hələ başa çatmayıb, bununla yanaşı, təkcə bizim ölkədə yox, bütün ölkələrdə eyni vaxtda respirator xəstəliklərin artması istehlakçılar tərəfindən istehsal olunan bu tip dərmanların çatdırılmasında problem yaradıb. Yəni həm istehlak dəfələrlə artdığına, həm də istehsalda yaranan axsamalara görə, bu problem yaşanır.

Digər bir məsələ də bəzən dərman vasitələrinin ticarət adı ilə reseptə yazılmasıdır. Bu zaman xəstələr hansısa ticarət adı ilə yazılmış dərmanı tapmaqda çətinlik çəkirlər. Halbuki digər ölkələrin istehsalı olan təsiredici maddələr eyni, həmçinin müxtəlif qiymətdə olan dövlət qeydiyyatından keçmiş digər dərman vasitələri olur. Bu zaman da istehlakçılar ticarət adı ilə tapa bilmədiyinə görə, elə bilirlər ki, dərman yoxdur.

- Yeri gəlmişkən, “Nurofen”, “Parasetamol” kimi dərmanlar, uşaqlar üçün qızdırmasalıcı siroplarla apteklərdə tapılmır. Bunlar niyə tapılmır?

- Son zamanlar respirator xəstəliklər artıb. Sözügedən dərmanların idxalolunma rəqəmlərinə baxdığımız zaman əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə ciddi bir fərq olmadığını görürük. Sadəcə əvvəldə qeyd etdiyimiz məsələlərə görə, bu cür hallar yaşanır. Adıçəkilən preparatlar son dəfə fevral ayında idxal olunub və hazırda apteklərdə var.

- Azərbaycan dilində markalanması olmayan dərmanlarla bağlı şikayətlərə də tez-tez rast gəlirik. Bəs siz bu istiqamətdə hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu problem dövlət qeydiyyatı olmayan dərman vasitələrində aşkarlanır. Bu zaman həmin dərmanlar Azərbaycan üçün nəzərdə tutulmuş qutuda olmur. Rəsmi yolla idxal olunan bütün dərman vasitələri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən keçir. Bu zaman ilkin olaraq həmin dərman vasitələrinin qablaşdırılması, içlik vərəqi, dövlət qeydiyyatında təsdiq olunmuş qutu formasına uyğunluğu yoxlanılır və bundan sonra laborator ekspertiza aparılaraq keyfiyyəti yoxlanılır. Yəni rəsmi idxal olunan dərman vasitələrində Azərbaycan dilində markalanma ilə bağlı problem aşkarlamırıq.

- Dərmanların keyfiyyəti ilə də bağlı narazılıqlara şahid oluruq. Belə bir fikir formalaşıb ki, Azərbaycan dərman bazarındakı məhsulların əksəriyyəti qiyməti baha və ya ucuz olmasından asılı olmayaraq, keyfiyyətcə aşağıdır. İnsanlar ölkə xaricində satılan dərmanların daha keyfiyyətli olduğu qənaətindədir. Apteklərimizdə satılan dərmanların keyfiyyətini Analitik Ekspertiza Mərkəzi necə dəyərləndirir?

- Bütün dərman vasitələri laboratoriyada yoxlanılır və yalnız keyfiyyəti təsdiqləndikdən sonra sertifikat verilərək satışına icazə verilir. İstehsal olunan dərman vasitəsi ölkələr üçün ayrı-ayrılıqda istehsal edilmir. Bütün dərmanlar bir xətt üzrə istehsal olunur və sadəcə qutu fərqi olur. Dərmanın tərkibi, təsiredici maddəsi, dozası eyni olur.

Bir məqam var ki, bəzən xəstələr dərman vasitələri ilə bioloji qida əlavələrini səhv salırlar. Bəzən həkim də səhv edərək bioloji qida əlavəsini reseptə və yaxud tövsiyə kağızına yazır. Bu zaman xəstələr də həmin bioloji qida əlavələrini dərman bilib alırlar. Müalicəvi effektini görmədikdə isə deyirlər ki, dərman vasitəsi keyfiyyətli deyil. Lakin bioloji qida əlavələri dərman vasitələri deyil, müalicəvi effekti yoxdur. Onlar ancaq orqanizmin gücləndirilməsi, qida rasionunun zənginləşdirilməsi üçün istifadə oluna bilər. Bizə gələn şikayət və müraciətlərin də əksəriyyəti bioloji qida əlavələrinin dərman vasitələri ilə səhv salınması ilə bağlı olur.

- Mərkəzə dərmanların effektsiz olması ilə bağlı müraciətlər daxil olur?

- “Qaynar xətt”imizə daxil olan şikayətləri araşdırırıq, əksər hallarda onların dərman vasitəsi olmadığını müəyyənləşdiririk və şikayətçiyə də məlumat veririk. Biz hər zaman çıxışlarımızda bildiririk ki, dərman vasitələrinin keyfiyyəti ilə bağlı şübhələri olarsa, Analitik Ekspertiza Mərkəzinin həm saytından, həm də “qaynar xətt” və bir pəncərə xidmətindən müraciət edə bilərlər. Əgər keyfiyyətsiz dərman vasitəsi aşkarlanarsa, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

- Analitik Ekspertiza Mərkəzi daha keyfiyyətli dərman istehsalı üçün istehsal müəssisələrində hər hansı yoxlamalar həyata keçirirmi, vəziyyət necədir?

- Yoxlama xarici istehsal müəssisələrində qeydiyyat prosedurunun bir mərhələsidir. Əgər hansısa istehsalçı dərman vasitəsini Azərbaycana idxal etmək istəyirsə, qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatı proseduru ixtisaslaşmış ekspertizadan asılıdır. Bu zaman risk qiymətləndirməsinə əsasən, xaricdə olan istehsalçılar da etibarlı istehsal təcrübəsinə uyğun olaraq bizim mütəxəssislər tərəfindən yoxlanılır.

Yerli istehsala qaldıqda isə bildiyiniz kimi, Azərbaycan idxaldan asılı ölkədir. Bizdə yerli istehsal çox aşağı səviyyədədir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə həm Pirallahı, həm Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələrinin yaradılması ilə bağlı işlər görülür. İnanırıq ki, yaxın zamanda Azərbaycan bəzi dərman vasitələri ilə özünü təmin etməyə nail olacaq.

- Bəs saxta dərmanları necə aşkarlamaq olar?

- İndiki dövrdə saxta dərmanı vizual olaraq istehlakçının aşkarlaması çox çətindir. Bu ancaq laborator yoxlamalar nəticəsində müəyyən oluna bilər.

Saxta dərman o demək deyil ki, onun tərkibində keyfiyyətsiz hansısa maddə var. Həmin dərmanların tərkibində keyfiyyətli təsiredici maddələr, dərman orijinala tam uyğun da ola bilər. Orijinal istehsalçının adından, brendindən istifadə edərək istehsal etdiyi üçün belə dərmanlar saxta hesab edilir.

İstehlakçılarda hansısa dərman vasitəsinə şübhə yaranırsa, ilkin olaraq qablaşdırmasına baxılmalıdırlar. Qablaşmada dərmanın adında pozuntu və yaxud tez gedən yazılar varsa, istifadə müddəti göstərilməyibsə, yaxud səhv göstərilibsə, Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.

- Ötən il üzrə saxta dərman aşkarlanıb, bunun statistikası var?

- Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalarda dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkarlanıb. Ötən il bəzi dərman vasitələrinin geri çağırılması olub. Həm istehsalçıların özlərinin müraciəti, həm də beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələri əsasında bəzi dərman vasitələri satışdan geri çağırılıb. Bütün bu məlumatlar saytımızda yerləşdirilir.

- Cəmiyyətdə belə bir fikir də var ki, bəzi həkimlər firmalarla işləyirlər. Həmin firmaların dərmanları isə baha olur. Halbuki həmin dərmanların keyfiyyətlisini və daha ucuzunu yaza bilərlər. Həkimlər isə firma dərmanları baha olsa da, bunu keyfiyyətlə əlaqələndirirlər. İstərdik, bu məsələyə aydınlıq gətirəsiniz. Bununla bağlı gerçək vəziyyət necədir?

- Bu gün ölkəmizə idxal olunan və qeydiyyata düşən dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Nəzarəti isə İqtisadiyyat Nazirliyi özü həyata keçirir. Ölkəyə gələn bütün dərman vasitələri də hamısı şirkətlərin istehsal etdiyi dərman vasitələridir. 2018-ci ildə Səhiyyə Nazirliyi kollegiya qərarı ilə dərman vasitələrinin aptek təşkilatlarına daxilolma qaydasını təsdiqləyib. Burada reseptlərin yazılması qaydası da təsdiqlənib. Həkimlər çox vaxt reseptlərə dərmanların ticarət adlarını yazırlar. Həkim, əczaçı, topdansatış müəssisə arasında sövdələşmə olmaması və belə neqativ hallar baş verməməsi üçün təsdiqlənmiş qərara əsasən, dərman vasitələrinin reseptə təsiredici maddəsinin yazılması qərara alınıb.

Dərman vasitəsinin ticarət adının yazılmasına yalnız o zaman icazə verilir ki, dərman vasitəsinin beynəlxalq patentləşdirilmiş adı yoxdur, tərkibində 3 və daha çox təsiredici maddə var, yaxud bioloji oxşar dərman vasitəsidir. Yəni həkim reseptə dərman vasitəsinin adını yox, tərkibini yazmalıdır. Bu zaman xəstə də həmin reseptlə aptekə yaxınlaşdığında aptekdə o tərkibdə olan dərman vasitələri xəstəyə bildirilir. Xəstə də həmin dərmanlardan öz maddi durumuna uyğun olaraq seçim edə bilər. Burada fərq yalnız istehsalçı ölkə və qiymətlərdə olacaq. Resept əgər bu formada yazılarsa, hesab edirəm ki, dərman vasitələrinin qiymətindən şikayətlər olmayacaq, çünki həmin ticarət adında olan dərmanın daha ucuz variantını əldə edə biləcəklər.

Bəzən həkimlər reseptə bioloji aktiv əlavə yazırlar ki, onların da qiyməti dövlət tərəfindən tənzimlənmir, ona görə də qiymətləri fərqli və baha olur.

- Bu gün Azərbaycan dərman bazarında orijinal və generik dərman məhsullarının payı nə qədərdir?

- Azərbaycan dərman bazarında orijinal dərman vasitələrinin payı 22%, generik dərman vasitələrinin payı isə 78%-dir. Dünya ölkələrinin də dərman bazarında ortalama orijinal dərman vasitələri 20-30%, generik dərman vasitələri isə 70-80% ola bilər.

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit

© APA

Pərviz Əzizbəyov
24.02.2023 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ