Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AQTA bu sahədə heç bir iş görmür, istehlakçı hüquqları lazımi səviyyədə qorunmur"

Ucuz ətin şorbası olmasa da, dönəri, kababı, kolbasası…göydə gedir
iç səhifə xəbər başlığı altı (mobil)_31
"AQTA bu sahədə heç bir iş görmür, istehlakçı hüquqları lazımi səviyyədə qorunmur"

Ət məxbəximizin, gündəlik qidamızın əvəzolunmaz nemətidir. “Ətin yerini heç nə vermir” ifadəsi də bu məntiqdən yaranıb.

Bəs, görəsən, həyatımıza bu qədər geniş daxil olmuş ət hansı dəyərdə, key­fiyyətdədir? Axı, ət ləzzətli olduğu qədər də, zay və keyfiyyətsizliyi ilə, qorxulu və dəhşətlidir. 

Bakı məktəblilə­rinin dönərdən zəhərlənməsi hamımızda həyəcan doğuran arzuolunmaz hadisə barədə məlumat vermişdik. Bu yazını ha­zırlamağımıza da həmin dönər zəhərlən­məsi səbəb oldu.

Ölkə ərazisində ətin qiymətinin get­dikcə bahalaşdığı – bazarlarda mal əti­nin kiloqramının 14–15 manata, qoyun ətinin isə 17–20 manata satıldığı halda, bəzi yerlərdə, məsələn, “8-ci kilometr ba­zarı”nda, bəzi kəsim məntəqələrində bu məhsulun 1 kiloqramı alıcıya 8–9 manata təklif edilir. Belə əti isə, əsasən, əhalinin kasıb təbəqəsi alır. Şübhəsiz ki, mənbə­yi bəlli olmayan bu məhsuldan evlərdə, iaşə müəssisələrində, dönərxanalarda, bir sıra hallarda, hətta şadlıq evlərində istifadə olunur. Görünür, kiloqramı 8 – 9 manata olan sosiska və kolbasalar da belə – xalqın “leş” adlandırdığı ətdən hazırlanır. Bu cür keyfiyyətsiz ətlərdən qidaların hazırlanması, nəticədə, bir çox zəhərlənmələrə səbəb olur. 

Bu məqamda belə bir sual ortaya çıxır: bu ətlər haradan gətirilir, qiyməti niyə belə ucuz olur, ictimai iaşə müəssisələrində istifadəsinə kim nəzarət edir? Sualın ca­vabı aydındır, nəzarət kağız üzərindədir, əməldə isə məsuliyyətsizlik, laqeydlik ay­dın nəzərə çarpır. Çünki oktyabrın 24-də baş verən hadisə – 16 şagirdin dönərdən zəhərlənməsi ciddi narahatlıq doğuran məsələ barədə aydın təsəvvür yaradır. Belə ki, hadisəyə səbəb olması heç bir şübhə doğurmayan dönərxanada istifadə edilən ətin alındığı mənbənin, eləcə də bu iaşə obyektinin fəaliyyətinin nəzarətdən kənar qalması məlum hadisənin yaranma­sını şərtləndirir. Şübhəsiz ki, bu məsələdə ən böyük günahkar Qida Təhlükəsizliyi Agentliyi (AQTA), onun tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutudur. Çünki belə bir xoşagəlməz vəziyyət, ilk növbədə, həmin qurumların öz fəaliyyətlərində qanunun tələblərinə laqeyd yanaşılmasının nəticə­sidir. 

Ekspertlərin fikrincə, təkcə “Şah dönər” adlanan ictimai iaşə obyektinin deyil, digər dönərxanaların da nəzarət­dən kənar qalması üzündən həmin müəssisələr hər zaman real təhlükə mənbəyi kimi tanınır. Belə olan halda tam əminliklə qeyd edə bilərik ki, AQTA vəzifəsini–qida məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarətini istə­nilən səviyyədə həyata keçirmir. 

Onu da deyək ki, bəzi hallarda AQTA, hətta təqsiri özündən çox istehlakçıda görür, vətəndaşları qida məhsulu alarkən ticarət müəssisəsindən ət məhsulu ilə bağlı satıcıdan baytarlıq arayışı, şəha­dətnamə, ekspertiza aktı tələb etməmək­də, ən azı, vizual olaraq, ətin cəmdəyi üzərinə vurulan möhürə baxmamaqda günahlandırır. Əslində, bu iddianın heç bir əsası yoxdur. Çünki sirr deyil ki, məh­sulun baytar həkimin müayinəsindən keçməsi həmin ətin, necə deyərlər, key­fiyyətinə dəlalət etmir. Axı, baytar həki­min yoxlama prosesində hansı şərtlərə üstünlük verdiyi heç kəsə sirr deyil. 

Ekspertlərin sözlərinə görə, son illər cəmiyyətdə ağır bir bəlaya çevrilən 15 mindən çox dönərxanada Qida Təhlükə­sizliyi Agentliyi ictimai şuranın üzvləri ilə birlikdə monitorinq aparmır, ölkədə nümunəvi dönərxanaların yaradılması istiqamətində tədbirlər həyata keçirmir. Əhali arasında məhz belə dönərxanala­rın xidmətindən istifadə edilməsinin zəru­riliyi ilə bağlı təbliğata maraq göstərmir. 

2006-cı ildə ölkədə quş qripi tüğyan edən zaman toyuq ətindən hazırlanan dönərin satışı qadağan edildi. Həmin qa­dağa hələ də qüvvədədir. Bununla belə, hazırda, demək olar ki, bütün dönərxana­larda toyuq ətindən hazırlanmış dönərlə­rin satılması halları müşahidə olunur. Yeri gəlmişkən, toyuq dönərinin satışı, həm də ona görə qadağan edilmişdi ki, toyuq əti tez xarab olan, risk qrupuna aid bir məhsuldur. Bundan isə çox ciddi zəhər­lənmələr baş verə bilər. 

Ekspertlərin məlumatlarından bir məqam da diqqət çəkdi. Belə ki, illər öncə Azərbaycanda iki müəssisəyə həm toyuq, həm də mal ətindən lazımi stan­dartlara uyğun dönər hazırlayaraq məh­sulu şişlərə taxmaqla xüsusi avtomobil­lərdə dönərxanalara çatdırılmasına icazə verilmişdi. Lakin həmin müəssisələrdə çox bahalı, şok dondurucu aparatlar var. Bu cihazlarda dönər əti şişə taxıldıqdan sonra mənfi 40 dərəcə temperaturda dondurulur. Bununla da, ətin tərkibində ehtimal olunan heyvan xəstəlikləri və di­gər təhlükəli bakteriyaların hamısı məhv olur. Ondan sonra məhsul skoça bükül­müş xüsusi karton qablarda qablaşdırıl­mış şəkildə soyuducularda saxlanılmaq­la avtomobillər vasitəsilə dönərxanalara çatdırılır. Təəssüf ki, aparılan araşdırma­lar göstərir ki, say etibarilə dönərxana­ların heç sıfır tam onda beş faizi həmin müəssisələrdən dönər almır. 

Dönərxanalar ən yaxşı halda sertifi­kat alaraq divardan asırlar. Bununla əhali arasında, guya, həmin müəssisələrdən dönər almaları ilə bağlı fikir formalaşdır­mağa çalışırlar. Belə olan təqdirdə heç kəs sübut edə bilməz ki, bu cür məkan­larda bişən dönərin həmin kağızla nə dərəcədə aidiyyəti var.

Uzun illərdir ki, ölkənin, demək olar ki, bütün bölgələrində ölmüş heyvan, at və eşşək ətlərinin paytaxta daşınması halları müşahidə olunur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu cür hallarla mübarizə sahəsində təsirli tədbirlər görülmür. Ekspertlərin fikrincə, bu sahədə ən uğurlu işi Daxili İşlər Na­zirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İarəsi görür. Belə ki, quru­mun əməkdaşları tərəfindən ekspertiza­lar aparılır, həbslər həyata keçirilir. La­kin təəssüf ki, bu işə son qoyulmur. Çünki tələb var. Bəs bu tələb haradan qaynaq­lanır? Təbii ki, həmin tələbi dönərxanalar formalaşdırır. Hazırda dönərxanalar in­san orqanizmi üçün son dərəcə təhlükəli olan bu cür ətlərin satışının reallaşdırıl­ması üçün, belə demək mümkünsə, ən ideal məkanlardır.

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:

"Dönər ətinin insanı zəhərləmək xüsusiyyətlərindən biri odur ki, məhsul bişirilən zaman onun çölü qızardılır, lakin içərisinə isə şiş boyu yenicə isti­lik keçir. Bu zaman oradan ətdən olan plazma, yəni, su ilə qanın qarışığı olan maye axaraq aşağıdakı sininin içəri­sinə dolur. Belə olan halda bütün hey­van xəstəlikləri, heyvana aid nə qədər antibiotik, dərman qalıqları varsa, ha­mısı sininin içinə tökülür. Dönərçilər də ətin qızarmış çöl hissəsini həmin plaz­ma ilə qarışdıraraq alıcılara satırlar. 

Məlum olduğu kimi, keyfiyyətsiz ətdən hazırlanmış dönərə ətin dadını itirən ketçuplar və sair əlavələr qarış­dırılır. İstehlakçılar isə bunun mənfi təzahüründən xəbərsiz olduğundan dönəri alıb iştahla yeyirlər. Bu da xü­susilə azyaşlı uşaqların və gənclərin həyatını təhlükə altına atır. Əslində, dönərxanalar insanların tədrici zəhər­lənmə mənbəyidir.

Qeyd etmək istəyirəm ki, dönər bir çox ölkələrdə istehsal olunur. Mən özüm Mərkəzi Avropa ölkələrində, o cümlədən İsveçrədə dönər yemişəm. Həmin ölkələrdə dönər oturaq yemək­lər sırasına aiddir. Dönəri qabın içində səliqəli şəkildə sifarişçiyə təqdim edir­lər. Bu zaman müştəri onun içərisinə nələrin doldurulduğunu görür. Çox təəssüf ki, Azərbaycandakı dönərxa­nalar elə bir şəraitdə fəaliyyət göstərir­lər ki, istehlakçılar məhsulun tərkibin­dən və onun hazırlanma qaydasından tam xəbərsiz olurlar. Baxmayaraq ki, ölkəmizdə dönərxanalar üçün stan­dartlar mövcuddur. Belə ki, illər öncə keçmiş Dövlət Standartlaşdırma və Metrologiya Komitəsi tərəfindən dönərxanalar üçün standartlar, gigi­yenik tələblər müəyyənləşdirilib. Gəlin baxaq, görək həmin gigiyenik tələblərə əməl olunurmu? Dönərxanalarda çalı­şanlar tibbi müayinədən keçirilirmi? Orada olan məhsulların saxlanması üçün soyuq bir mühit varmı? Əfsuslar olsun ki, bu sualların heç birinin müs­bət cavabı yoxdur. 

Ən başlıcası, burada mühüm məsələ ətlərlə bağlıdır. Ətlərin mənbə­yi isə daim şübhə altındadır. Bu sahə­də ən təhlükəli hallardan biri də günün axırına qalan dönərlərdir. Yəni, həmin məhsul ertəsi günə saxlandıqda o, ar­tıq çirklənir. Həmin məhsulda isə bak­teriyalar kifayət qədər inkişaf edir. Ona görə bu sahədə lazımi monitorinqlər aparılmalıdır. Bununla yanaşı, dönər­çilər də işlərini elə qurmalıdırlar ki, sa­baha məhsul qalmasın. Yalnız mənfi 40 dərəcədə soyudulmuş dönəri bak­teriyaların inkişafından qorumaq olar. 

Bir məsələni də qeyd edim ki, to­yuq dönərləri təzə toyuq budundan hazırlanmalıdır. Ümumiyyətlə, toyuq əti belədir ki, o bir dəfə soyudulub açıl­malı və istifadə olunmalıdır. Yəni, tək­rar dondurulmuş toyuq əti artıq çirklən­miş məhsul sayılır. Bəzi müəssisələr var ki, təzə toyuq alır, mənfi 40 dərəcə temperaturda donduraraq dönərə çe­virir və dönərxanalara göndərir.

Fürsətdən istifadə edib bir məqamı da vurğulamaq istəyirəm. Vətəndaş­lar tez-tez Azad İstehlakçılar Birliyinə zəng edib soruşurlar ki, necə olur ki, ayranla birlikdə 1 manat 40 qəpiyə dönər satılır. Normalda isə dönərin qiyməti 2–2,5 manat olmalıdır. Eyni zamanda, istehlakçının aldığı məhsul insan orqanizmi üçün tam təhlükəsiz olmalıdır.

Təəssüf ki, ölkədə dönər satışında hegemonluq edən böyük bir şəbəkə qiyməti aşağı endirməklə heç nəyə məhəl qoymadan bu işləri görür. Bu da istehlakçıların həyatını təhlükə qarşısında qoyur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu işə birbaşa cavabdehdir. Amma qurum bu sahədə rasional ola­raq heç bir iş görmür. Əksər vaxtlarda bəzi neqativ hallarla bağlı məlumat­lar kütləvi informasiya vasitələri tərə­findən ictimaiyyətə çatdırılır. Amma mövcud sahədə vəziyyətə aydınlıq gətirilmir, məsələ tam nəzarətsiz sax­lanılır. Bu da ona dəlalət edir ki, ölkədə istehlakçı hüquqları lazımi səviyyədə qorunmur.

Azərbaycanda dövlət biznes qu­rumları üçün toxunulmaz bir şərait yaradıb. Buna bənzər şəraitə heç bir dünya ölkəsində təsadüf olunmur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ölkəmizdə əksər biznes qurumları tərəfindən bundan sui-istifadə halları­na yol verilir. İstehlakçılar dönər alan zaman mütləq ətin mənşəyi ilə bağlı sənəd tələb etmək, satıcılardan tibbi müayinədən keçib-keçmədiklərini so­ruşmaq hüququna malikdirlər. Yaxşı olardı ki, onlar bu kimi amillərə fikir versinlər. Düşünürəm ki, bu sahədə köklü dəyişikliklər etmək lazımdır. Dönərin bişirildiyi məkanlarda ciddi monitorinqlər aparılmalıdır. Ətin mən­şəyi, onun haradan gətirilməsi və han­sı şəraitdə saxlanılması ilə bağlı məlu­matlar əldə olunmalıdır. Bütün bunlar cox ciddi amillərdir.

Məlum olduğu kimi, paytaxt mək­təblərinin birində şagirdlərin dönər­dən zəhərlənmə hadisəsi baş verib. Bu məsələ bütün cəmiyyət kimi Azad İstehlakçılar Birliyini də ciddi narahat edir. Düşünürəm ki, əgər zəhərlən­mələr dönərdən baş verirsə, insanlara müəyyən kompensasiyaların verilməsi məsələsi də gündəmdə olmalıdır. 

Onu da deyim ki, uzun illərdir ölkəmizdə təkcə dönərdən deyil, di­gər məhsullardan da zəhərlənmələrin dəqiq statistikası aparılmır, bu kimi xo­şagəlməz hadisələr düzgün qeydiyya­ta alınmır. Fikrimcə, bu sahədə konk­ret dövlət siyasəti mövcud olmalıdır. Xatırladım ki, respublikamızda qida zəhərlənmələri dünya statistikasından 700 dəfə az göstərilir. Bu statistikanın gizlədilməsi kimə və nəyə xidmət edir? Bu, anormal bir haldır. Azad İstehlak­çılar Birliyi bu kimi hallarla qətiyyən razı deyil. Qurum vətəndaşları bu sahədə ictimai nəzarəti həyata keçir­məyə dəvət edir.

Vurğuladığım kimi, standartlara uyğun hazırlanmış dönərlər xüsu­si avtomobillərdə gətirilməlidir. Sko­ça bükülmüş halda karton qablarda qablaşdırılmalı və şişə taxılmaqla dönərxanalara gətirilərək oradakı apa­rata quraşdlrılmalıdlr. Yalnız bu şəkil­də hazırlanmış və mənfi 40 dərəcədə dondurulmuş dönərlər tam təhlükəsiz­dir. Lakin dönərçilər hardan və necə gəldi ət alıb məhsul hazırlayırlar ki, bu da bəzən kütləvi zəhərlənmələrə gətirib çıxarır. Bu, həm də əhalinin uzunömürlüyünə mənfi təsir edir. Tə­sadüfi deyil ki, Azərbaycan Ümumdün­ya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında 190 ölkə arasında 116-cı yerdə qərarlaşıb. Hətta bu məsələdə bəzi 3-cü dünya ölkələrindən də geri­dəyik. Bu kimi hallar bizim sağlamlığı­mıza mənfi təsir göstərməklə ömrümü­zü də qısaldır. Bu məsələyə birfəfəlik son qoyulmalıdır. Fürsətdən istifadə edərək Qida Təhlükəsizliyi Agentli­yinə səslənirəm ki, kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla əlbir çalışaraq bu kimi neqativ halların qar­şısının alınması üçün ciddi tədbirlər görsün".

© "Xalq Qəzeti", Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ

27.10.2023 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ