Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycan üçün təhdid yarada bilər"

"Mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycan üçün təhdid yarada bilər"

Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında gələn il pul siyasətinin başlıca istiqamətləri də açıqlanıb. 

Marja.az Bəyanata istinadən xəbər verir ki, 2024-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, proqnozlaşdırılan inflyasiya və inflyasiya gözləntilərinin qəbul edilmiş dəhliz daxilində sabitləşməsinə yönəldiləcəkdir. Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, bank sektorunda likvidliyin daha effektiv idarə olunması və maliyyə bazarlarının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcəkdir. 

Reklam_3_11

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% intervalında saxlamaqdan ibarət olacaqdır. Əvvəlki illərdə olduğu kimi, növbəti ilə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır. 

Mərkəzi Bankın son proqnozlarına görə, davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcəkdir. Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, inflyasiya gözləntilərinin qiymətləndirilməsi işi davam etdiriləcəkdir.   

Qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər. Qeyd edək ki, mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir.Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı, idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur.  

2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən proseslər nəzərə alınacaqdır. Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilir. İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcəkdir. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaqdır. Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcəkdir. Növbəti ildə də valyuta ehtiyatlarının beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normaları nəzərə alınmaqla idarə edilməsi diqqətdə saxlanılacaqdır.    

Növbəti ildə Mərkəzi Bankın faiz dəhlizi monetar şəraitə və bununla da məcmu tələbə təsir göstərən əsas vasitələrindən biri olacaqdır. Çünki faiz dəhlizi birbaşa və dolayı yolla maliyyə bazarlarının bütün seqmentlərinə təsir göstərir. Faiz dəhlizi parametrlərinə dair qərarlar inflyasiyanın xarici və daxili amillərinin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun müzakirəsi nəzərdə tutulur. Qərarların qrafikə uyğun olaraq verilməsi gözləntilərin effektiv idarə edilməsi baxımından önəmlidir. Bununla belə, iqtisadiyyatda və maliyyə sektorunda, habelə əməliyyat çərçivəsində əhəmiyyətli dəyişikliklərlə bağlı tələb olunduğu təqdirdə faiz dəhlizinə dair qrafikdən kənar qərarların qəbulu da istisna edilmir1. Faiz dəhlizinə dair qərar verərkən Azərbaycanda pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri və qlobal maliyyə şəraitində baş verən dəyişikliklər də nəzərə alınacaqdır. Pul siyasətinin iqtisadi proseslərə müəyyən zaman intervalı ilə təsir göstərdiyini nəzərə alaraq faiz dəhlizinə dair qərarlar inflyasiya amilləri üzrə davamlı meyillər əsasında qəbul ediləcəkdir. Yəni inflyasiyanın hədəfdən yayınması müvəqqəti amillərin təsiri ilə baş vermişdirsə və qısamüddətli dövrdə onun hədəfə qayıtması proqnozlaşdırılırsa, pul siyasətinin reaksiyası tələb olunmur. İnflyasiyanın hədəfdən yayınması davamlı  faktorlardan irəli gəldikdə Mərkəzi Bank buna reaksiya verəcəkdir.

Pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizi parametrləri ilə eyni istiqamətdə dəyişməsi üçün 2024-cü ildə də Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir. Mərkəzi Bank istifadə etdiyi alətlərin çeşidini inflyasiya mühitində və maliyyə bazarında müşahidə edilən proseslərə uyğun seçəcəkdir. Pul siyasəti alətlərinin çevik istifadəsi transmissiya mexanizminin səmərəli işləməsinə kömək edəcəkdir. Likvidliyin idarə edilməsində daimi imkan alətlərindən, açıq bazar əməliyyatlarından və məcburi ehtiyatlardan istifadə ediləcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və durasiyasına dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir. Bank sisteminin likvidlik mövqeyinin müntəzəm qiymətləndirilməsi davam etdiriləcəkdir. Fiskal əməliyyatların bank sisteminin likvidliyinə əhəmiyyətli təsirini nəzərə alaraq qurumlararası informasiya mübadiləsinin genişləndirilməsi təşəbbüsləri davam etdiriləcəkdir. 

Ölkədə maliyyə sektorunun sabitliyinin qorunması və onun daha da inkişaf etdirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillərdən biri olacaqdır. Xüsusən də qanunvericilikdə edilən son dəyişikliklərin nağdsız ödənişlərə verəcəyi töhfə pul siyasətinin təsir dairəsini genişləndirəcəkdir. Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, o cümlədən maliyyə sabitliyi üzrə siyasətlərlə uzlaşdırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Maliyyə sabitliyinin qorunması və pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi sahəsində maliyyə sektoru ictimaiyyəti ilə aktiv dialoq davam etdiriləcəkdir.  

Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına uyğun olaraq "İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması" çərçivəsində həyata keçiriləcəkdir. Yeni pul siyasəti rejiminə keçid şərtlərinin reallaşdırılması üçün Mərkəzi Bank hökumətlə sıx əməkdaşlığı davam etdirəcəkdir. İnflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin daha effektiv idarə edilməsinə imkan verəcəkdir. 

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Qısamüddətli və ortamüddətli proqnozlaşdırma modellərinin daxil olduğu proqnozlaşdırma və siyasət təhlili sistemi daha da təkmilləşdiriləcəkdir. Bu sistem cari meyilləri təhlil etməyə, bir və ya iki rüb ərzində müəyyən makroiqtisadi dəyişənlərdə ən çox ehtimal olunan dəyişikliklər haqqında fikir formalaşdırmağa imkan verəcəkdir. Qabaqcıl model aparatlarının Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətlərinə mütəmadi uyğunlaşdırılması, proqnoz göstəricilərinin spektrinin genişləndirilməsi istiqamətində səylər artırılacaqdır. 2024-cü ildə Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərdən biri də analitik təhlillər və iqtisadi modellərdə süni intellektin (AI) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir. Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat  modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı Azərbaycanın və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, eləcə də mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcəkdir. Alternativ statistik göstəricilər əldə etmək üçün real sektorla əməkdaşlıq genişləndiriləcək, mikroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcəkdir.     

İnformasiya açıqlığı növbəti ildə də yeridilən pul siyasətinin əsas prinsiplərindən biri olacaqdır. Pul siyasətinin kommunikasiyasının effektivliyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Növbəti ildə də həyata keçirilən pul siyasəti, ölkədəki makroiqtisadi vəziyyət və onun perspektivləri üzrə Mərkəzi Bankın qiymətləndirmələri barədə məlumatlar müntəzəm açıqlanacaqdır. Bu məlumatlar uçot dərəcəsi qərarlarını, inflyasiya və maliyyə bazarları üzrə analitik nəşrləri, valyuta bazarında gedən proseslər haqqında məlumatları, pul siyasəti alətlərinin təkmilləşdirilməsi haqqında məlumatları əhatə edəcəkdir. Geniş ictimaiyyətdə maliyyə savadlılığının artırılması üçün əhalinin fərqli fokus qrupları ilə layihələr genişləndiriləcəkdir. İctimaiyyətin məlumatlı olması Mərkəzi Banka imkan verəcəkdir ki, inflyasiya gözləntiləri kanalı vasitəsilə inflyasiya proseslərinə təsir mümkün olsun. 2024-cü ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə (əlavə olunur) uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri müvafiq analitik şərhlərlə dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Faiz dəhlizinin faktiki dəyişimi ilə yanaşı, onun sonrakı mümkün dəyişim istiqaməti barədə siqnalların ötürülməsi də diqqətdə saxlanılacaq. Rüblük əsasda analitik hesabatlar açıqlanacaq. Mərkəzi Bankın fəaliyyəti rəsmi internet səhifəsi, habelə sosial şəbəkələr vasitəsilə mütəmadi işıqlandırılacaqdır. Yeridilən siyasəti izah etmək və əks-əlaqənin alınması üçün maliyyə sektorunun nümayəndələri, müstəqil iqtisadçı ekspertlərlə görüşlər davam etdiriləcəkdir.  

2024-cü ildə də inflyasiya üzrə müəyyən edilmiş hədəfə nail olunması əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyadan da asılı olacaqdır. Ona görə də Mərkəzi Bank pul siyasətinin iqtisadi siyasətin müxtəlif istiqamətləri ilə koordinasiyasının gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir. 

"Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2022-ci il tarixli 109s nömrəli Sərəncamında və "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2023-cü il tarixli 565s nömrəli Sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrası növbəti ildə də inflyasiya hədəfinə nail olmağa müsbət təsir edəcəkdir. 

28.12.2023 09:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ